Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2014
09:35
1647
Payız-qış aylarında sürücülər ən çox bu qaydaları pozur: 40 MANAT

Yağış və palçıqlı yollar sürücülər üçün bir sıra özünəməxsus problemlər yaradır. Yağış səbəbindən həm hərəkət şəraiti çətinləşir, həm də sürücülərin bir neçə özünəməxsus qayda pozuntusu törədərək cərimələnməsi riski yaranır. Odur ki, Avtosfer.az saytı yağışın doğurduğu problemləri iki istiqamətdə nəzərdən keçirir.

Yağışın hərəkət şəraitini çətinləşdirməsi heç kim üçün sirr deyil. Yağışlı havada avtomobil idarə etməyin özəllikləri və bu zaman yarana biləcək təhlükələrlə sürücülərimizi bir müddət əvvəl tanış etmişdik. Həmin təhlükələri nəzərə almayan sürücü ciddi qəzalara düşə bilər. 

Yağışın Azərbaycan yollarındakı fərqli özəlliyi yollarımızın əksər yerlərinin palçıq gölməçəsinə çevrilməsi ilə bağlıdır. Belə gölməçələr avtomobillərin qısa məsafədə çirklənməsi ilə nəticələnir. Yağıntılı havada avtomobilini təmiz saxlamağa çalışan sürücü bəzən gündə bir neçə dəfə onu yumağa və ya yudurtmağa məcbur olur. Yəqin ki, həmin gölməçələr olmasa, sürücülər avtomobillərini təmiz saxlamaq üçün o qədər əziyyətə və ya pul xərcləməyə məcbur olmazlar. 

Çirkli-gölməçəli yolların başqa bir fəsadı tıxaclardır. Diqqətli sürücülər yaxşı bilir ki, Bakıda babat yağış yağan kimi küçələrdə tıxaclar artır. Bunun səbəbi sadədir: gölməçənin hansı sürpriz edəcəyini bilməyən sürücü hətta daimi istifadə etdiyi yolda da ən aşağı sürətlə hərəkət etməyə məcbur olur. Nəticədə tıxaclar yaranır. 

Gölməçəli yolların ən ciddi təhlükələrindən biri sürücülərin tez-tez manevr etməyə məcbur olmasıdır. Getdiyi istiqamətdə gölməçəni görən sürücü əyləclə bərabər sükanı da yada salır. Nəticədə tez-tez istiqamətini dəyişir, zolaqlar üzrə yerdəyişmələr edir. Bu zaman isə bəzən qonşu zolaqdakı avtomobillərlə toqquşmalar baş verir, yaxud qəza şəraiti yarandığından əsəblər bir az da gərginləşir. 

Gölməçəli-palçıqlı yollar sürücülərin bəzi qayda pozuntularını törətməsinə də şərait yaradır. İnzibati Xətalar Məcəlləsində (İXM) sürücülərin başlıca olaraq palçıqlı, çirkli yollarda törədə biləcəyi bir neçə xəta var. Onlardan ən məşhuru və daha tez-tez tətbiq olunanı İXM-in 155.1.7-ci maddəsində göstərilən xətadır (hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmaması). Bu xətaya görə 40 manat cərimə nəzərdə tutulur. Palçıqlı-gölməçəli yolda müəyyən məsafə qət edən sürücü bəzən özü də bilmədən bu xətanı törətmiş olur. Nəzərə almaq lazımdır ki, mövcud standartlara əsasən, palçıq və çirkli su sıçraması nəticəsində dayanmış avtomobilin dövlət qeydiyyat nişanında olan rəqəm və ya hərflərin hamısı 40 metrlik məsafədə görünmədikdə sürücü bu xətaya görə məsuliyyətə cəlb oluna bilər. Ona görə də sürücülərə tövsiyə edirik ki, yağışlı havada uzaq məsafəyə gedərkən hərdən avtomobillərinin nömrələrinə baxmağı unutmasınlar. 

Palçıqlı, çirkli yolda sürücülərin törədə biləcəyi başqa bir qayda pozuntusu  İXM-in 155.1.5-ci maddəsində göstərilib (su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması). Bu xətanın da cəriməsi 40 manatdır. Amma onun bir özəlliyi var ki, palçıq və ya su qəsdən, yəni bilərəkdən sıçradıldıqda məsuliyyət yaradır. Sürücünün bunu qəsdən etmədiyi, yəni sadəcə yol şəraitinə görə palçığın və ya suyun sıçradığı hallarda məsuliyyət istisna olunur. Elə bu səbəbdən həmin qayda pozuntusuna görə sürücülərin məsuliyyətə cəlb olunma təcrübəsi yox dərəcəsindədir. Çünki bu məsələ ciddi araşdırma tələb edir.

Yağışlı havada sürücülərin törədə biləcəyi başqa bir özünəməxsus xəta İXM-in 155.1.6-cı maddəsində göstərilib (nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq varsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etmə). Bu xətanın da cəriməsi 40 manatdır. Özü də mahiyyətindən aydın olur ki, bu xətanı yolətrafı ərazilərdən, torpaq yoldan, çöllükdən və s. bu kimi yerdən asfalt yola çıxan avtomobillə törətmək olar. Minik avtomobilinin təkərində və yaxud da banında yolu çirkləndirəcək dərəcədə palçıq gətirmək nadir hadisə ola bilər. Ona görə də bu qayda pozuntusunu daha çox yük avtomobillərinin, traktorların və başqa bu kimi iri nəqliyyat vasitələrinin sürücüləri törədəcək. Həqiqətən də, ölkəmizin yollarının bəzi yerlərində, hətta Bakı şəhərində tikinti işlərinin getdiyi və bəzi başqa obyektlərin yaxınlığında iri avtomobillər yolları bərbad vəziyyətə salır. Xüsusən oxlarında təkərləri cüt olan avtomobillər xeyli miqdarda palçığı gətirərək yola tökürlər. Nəticədə həmin yerdə çox təhlükəli palçıqlı sahə əmələ gəlir. Yollarımızın çirklənməsində bu qaydanı pozanların böyük payı olsa da, təkərlərində yola palçıq gətirən avtomobillərin sürücülərinin məsuliyyətə cəlb edilməsi də nadir hadisələrdəndir. Özü də qanun imkan verir ki, yolu çirkləndirən sürücü məsuliyyətə cəlb edildikdən sonra ondan həmin yolun təmizlənməsi də tələb olunsun.

Beləliklə, palçıqlı, gölməçəli yollar həm təhlükəlidir, həm avtomobillərimizin çirklənməsinə və zədələnməsinə səbəb olmaqla bizə ziyan vurur, həm də sürücülərin özünəməxsus qayda pozuntularına görə cərimələnərək ziyana düşməsinə səbəb ola bilər. Odur ki, yağışda bu məqamları da unutmayın.

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert/avtosfer.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
40

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
301

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
132

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
60

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
123

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
52
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 22:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru