Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2014
10:15
1065
Azərbaycanın “Putin ittifaqına” üzvlük şərti: Qarabağ qayıda bilər

Avrasiya İttifaqı yeni rus-türk birliyinə çevrilə bilər – sensasiya!; Putin tələsir və indi Qarabağın Ermənistana necə verilibsə elə də geri alınması onun üçün bir o qədər əhəmiyyətli deyil; Türkiyənin də Avrasiya İttifaqına assosiativ üzvlüyə razılaşdığı iddia edilir

“Rusiya prezidenti Ukraynanı birdəfəlik itirdikdən sonra Azərbaycanın bu quruma üzvlüyü üçün kobud səslənsə də, Sərkisyanı nümayişkaranə yumruqlamağa da razı olar”

Amma indi daha bir taleyüklü sual da Azərbaycanı gözləyir. Bəs bundan sonra nə olacaq? Azərbaycan “yeni SSRİ” adlandırılan, Qərbdə ciddi qıcıqla qarşılanan ittifaqa üzv olacaqmı? Ukraynanın bu ittifaqa üzvlükdən imtinası ilə başlayan fəlakət Azərbaycanı da gözləyə bilərmi?

***

Rəsmi Bakının bu ittifaqa üzvlüklə bağlı rəsmi şərti olmayıb. Yəni açıq şəkildə deyilməyib ki, Ermənistan Qarabağsız ittifaqa üzv olarsa, Bakı da Avrasiya İttifaqına daxil ola bilər. Amma aylardır ki, bu qurumun təsisçisi olan iki ölkə - Belarus və Qazaxıstan rəhbərləri hər toplantında Azərbaycanın bu şərtini xatırladırdı və bunu Ermənistanın quruma üzvlüyündə ən böyük əngəl hesab edirdi. Prinsipcə, Sərkisyan gedib lap İŞİD-ə də  qoşula bilər və bunun üçün Azərbaycanın hansısa məsələdə razılığını alması şərt deyil. Amma niyə məhz Ermənistanın bu quruma üzvlüyündə Azərbaycanın mövqeyinə bu dərəcədə önəm verməsi səbəbsiz deyildi. Azərbaycan Ermənistanla MDB-də üzv ölkədir və bu birlik “donuzu darıdan çıxarmaq” üçün indiyədək ciddi bir addım atmayıb. Bəs nə dəyişdi ki, indi Ermənistana “Qarabağdan imtina” şərti qoyuldu və Sərkisyan onu bəlkə bitirə biləcək bir addımı atmağa məcbur oldu?

Nazarbayev və Lukaşenko bu mövzudan danışarkən “Azərbaycanı incitmək olmaz” terminlərini işlədirdilər.  Ermənilərə görə, nə Qazaxıstan, nə Belarus Azərbaycanı doğrudan da incitmək istəməz. Amma yəni məsələ yalnız könül-qəlbdirmi? Siyasət romantizmdən uzaq peşədir və bunu illərdi Qarabağ məsələsində dünyanın riyakar mövqeyi ilə üzləşən Azərbaycanda daha yaxşı bilirlər.

Ermənistanın “Putin ittifaqına” üzvlüyünün BMT-nin tanıdığı sərhədlər çərçivəsində qəbulu əslində fövqəladə hadisə deyil, çoxdan baş vermiş faktın təsdiqidir. Amma bunun əvəzində Azərbaycandan nə istəyəcəklər, Qarabağ mövqeyini ciddiyə aldığımız bəzi ekspertlərin iddia etdiyi kimi, “bir güllə atılmadan” işğalçılardan boşaldılacaqmı?

***

Azərbaycan rəhbərliyi Avrasiya İttifaqına qoşulmayacağı barədə heç vaxt birmənalı fikir bildirməyib. Bu ideya hələ yeni yarananda prezident İlham Əliyev Rusiya telekanallarından birinə bu mövzudan danışarkən “ hər hansı quruma üzvlüyü istisna etmirik” ifadəsini işlədib. Bundan sonra Prezident Administrasiyasında xarici siyasət məsələlərini kurasiya edən Novruz Məmmədov “biz  bu ittifaqa qoşulmaq barədə düşünmürük” deyərək, araya “hələlik” ifadəsini də əlavə edib. Hələ o zaman siyasi ekspertlər qeyd edirdilər ki, rəsmi Bakının ehtiyatlı ifadələrinin arxasında rusiyanın təzyiqlərini səngitmək məqsədi durur. Amma zaman keçdikcə Avrasiya İttifaqına üzvlük məsələsində Ermənistanın sıxışdırılması ortada daha ciddi razılaşmaların olduğuna işarə etdi. Ermənistanın “hə”sini alandan sonra, xüsusilə Rusiyalı politoloqlar və orta ranqlı Kreml təbəələri Azərbaycanı bu ittifaqa üzvlüyə səsləyən bəyanatların sırasını genişləndirdilər. Son aylar Bakıya səfər edən Rusiyanın iqtisadi sektorunu kurasiya edən məmurlar və “yeni SSRİ”nin əsas ideoloqlarından sayılan Dmirti Roqozinin Bakıdakı bəyanatları da Azərbaycanla bağlı ciddi bir prosesin olduğunu göstərirdi.

Regionda ciddi iqtisadi gücə çevrilən Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünün bu quruma yeni bir nəfəs və hərəkət verəcəyi aydındır. Rusiya prezidenti Ukraynanı birdəfəlik itirdikdən sonra Azərbaycanın bu quruma üzvlüyü üçün kobud səslənsə də, Sərkisyanı nümayişkaranə yumruqlamağa da razı olar.

***

Xəbərlərə görə, Putin Azərbaycan prezidentinə onun şərtini (belə bir şərtin olduğu ortadadır) Sərkisyana qəbul etdirəcəyinə söz veribmiş və Rusiya prezidenti sözünü tutub. Azərbaycanın bu şərtin müqabilində “Putin ittifaqına” üzvlüyə söz verdiyi barədə isə heç kim heç nə bilmir. Amma bu da illərlə gizli qala bilməz. Siyasətdə bəzən bir söz bir qovluq sənəddən daha üstündür. Azərbaycan rəhbəri belə söz veribmi?

Bu barədə danışan hakimiyyətə yaxın mənbə deyib ki, Azərbaycan Avrasiya İttifaqına üzvlüyə söz verib. Amma Ermənistanın sənədi Qarabağsız imzalaması bu şərtlərdən birincisidir. Azərbaycan da Avrasiya İttifaqına üzvlüyə BMT-nin tanıdığı sərhədlər çərçivəsində üzvlük şərti qoyur. Azərbaycanın BMT-nin tanıdığı sərhədlərində isə Qarabağ onun ərazisidir. İndi bunu da fakta çevirmək lazımdır. Yəni Azərbaycan da Qarabağsız Avrasiya İttifaqına üzv olmaq istəmir! Bu qədər aydın və Azərbaycanın doğal haqqı olan bir şərt!

Ermənistanın şərtlər çərçivəsində üzvlüyündən sonra 7 rayonun qaytarılması ilə bağlı xəbərlərin yenidən dövriyyəyə buraxılması bu prosesin davam etdiyini göstərir. Azərbaycanın da Qarabağda qanuni hakimiyyətini bərpa etməyə kömək edəcək Avrasiya İttifaqına töhfəsi var.

Qeyri-rəsmi xəbərlərə görə, Azərbaycan prezidenti Minskdə Putinlə özəl görüşündə Türkiyənin də Avrasiya İttifaqına assosiativ üzvlüyə razılaşdığını (bəlkə də Azərbaycanın səyləri nəticəsində razı salındığını) deyib. Türkiyənin Avrasiya İttifaqına üzvlülüyü barədə Minsk sammitinədək də təkliflər səsləndirilib. Amma məlumatı verən qaynağımız deyib ki, bu artıq təklifi aşan bir məsələdir və bölgədə yeni bir rus -türk birliyi yaradılmasına doğru ciddi addımdır. Perspektivə baxsaq, birliyin mümkün ola biləcək komponentləri bu ölkələr olacaq- Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan. Və üstəlik, Türkiyə də Nazarbayevin irəli sürdüyü təklif -mexanizmlə, assosiativ üzv olur. Etiraf etmək lazımdır ki, Türkiyəni də içərisinə alacaq məhz bu model kifayət qədər cəlbedici görünür. Həm də bəribaşdan məlumdur ki, bu model Ermənistana heç cür sərf etmir...

Minsk sammitindən bir neçə saat sonra Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı bu informasiyaya diqqəti daha da artırır. Rəsmi məlumatlarda prezidentlərin İŞİD təhlükəsini müzakirə etdiyi bildirilsə də, şübhəsiz ki, digər aktual məsələlər də gündəmə gəlib. Yeri gəlmişkən, prezident İlham Əliyev oktyabrın 26-da Türkiyəyə gedir. İsparta şəhərində keçmiş prezident Süleyman Dəmirəlin adını daşıyan muzeyin açılışında iştirak edəcək. Böyük ehtimalla, onun arada rəsmi görüşləri də olacaq və bu zaman Avrasiya İttifaqı ilə bağlı məsələlər də ciddi müzakirə olunacaq. “Yeni Müsavat”a çatan bilgilərdə bir məqam da xüsusi vurğulanır ki, rəsmi Bakı Avrasiya İttifaqı layihəsinə girəcəyi halda bunun bütün detallarını Türkiyə ilə razılaşdırmağı və Azərbaycanın işğaldakı torpaqlarının geri qaytarılması şərtinin sonuna qədər işləməzinə dəstək verilməsini istəyir. Ən əsası da, əgər işğaldakı ərazilərin geri qaytarılması sürəcinə başlanarsa, Türkiyənin Avrasiya İttifaqına hələlik assosiativ üzv kimi qoşulacağı barədə yekun və qəti söz almaq Azərbaycan prezidentinin əsas hədəfidir. Yəni yalnız işğalçı erməniləri narazı salacaq, bunun qarşılığında dünyada təklənmiş durumda qalmış Putini vəziyyətdən çıxaracaq bir kart-blanş Azərbaycanın əlinə keçmiş durumdadır. Burada da əsas nöqtə Türkiyə dövlətinin mövqeyidir.  

Qərbin sanksiyaları ilə zəiflədilən, təklənən Putin özünü və ölkəsini xilas edəcək bir perspektiv qarşısındadır. Azərbaycanı və Türkiyəni razı sala bilsə, vaxtilə Rusiyanın köməyi ilə ermənilərin işğal etdiyi Dağlıq Qarabağ və digər torpaqları Azərbaycana qaytarmaq iradəsi göstərsə, onun Avrasiya İttifaqı layihəsi gözləmədiyi halda, baş tutacaq. Görünən də budur ki, Putin tələsir və indi Qarabağın Ermənistana necə verilibsə elə də geri alınması da onun üçün bir o qədər əhəmiyyətli deyil...

Təki onu tək qoymasınlar...

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
120

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
253

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2343
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru