Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2014
09:21
Siyasi məhbuslarla bağlı Milli Şura müraciət etdi

Demokratik Qüvvələrin Milli Şurası son günlər ölkədə genişlənən qanunsuz həbslər, siyasi məhbus problemi və bir neçə gün öncə hazırlanmış siyasi məhbusların vahid siyahısı ilə bağlı müraciət qəbul edib. Müraciətdə deyilir; “Azərbaycan öz tarixinin növbəti ağır mərhələsini yaşayır. Cəmiyyətimiz yenidən siyasi hakimiyyətin total repressiyası ilə üz-üzədir. Artıq hüquq müdafiəçiləri və vəkillər belə həbs olunur, ictimai təşkilatlar fəaliyyətlərini dayandırmağa məcbur ediləcək həddə basqı altına alınır. Avtoritar üsul-idarədən imtina etmək istəməyən Azərbaycan hakimiyyəti ölkədə demokratiya tərəfdarlarının və demokratik təsisatların axırına çıxmaq niyyətindədir. Belə bir vaxtda ölkənin demokratik gələcəyini arzulayan, insan hüquq və azadlıqlarına həqiqətən hörmət bəsləyən bütün ictimai və siyasi qüvvələrin vahid mövqedən çıxış etməsi olduqca zəruridir. Milli Şuranın bu müraciəti də məhz həmin zərurətdən irəli gəlir.

Ölkəmizin ən populyar hüquq müdafiəçilərindən biri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Leyla Yunusun həbsindən sonra Milli Şuranın təşəbbüsü ilə bütün siyasi məbhusların hüquqlarını müdafiə edəcək Komitə yaradıldı. Elə həmin Müdafiə Komitəsinin elan edildiyi toplantıda vahid siyasi məhbus siyahısının hazırlanması üçün İşçi Qrup formalaşdırıldı. Qrup yüksək işgüzarlıq göstərərək Leyla Yunus və ondan bir neçə gün sonra həbs edilən daha bir tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərovun birgə hazırlamağa başladıqları vahid siyasi məhbus siyahısını qısa zamanda tamamladı və sənəd 28 nəfər hüquq müdafiəçisi və vəkilin adından ictimaiyyətə təqdim olundu.

Milli Şura İşçi Qrupun bu fəaliyyətini yüksək qiymətləndirir və göstərilən fədakarlığı təqdir edir. Artıq tanınmış hüquq müdafiəçilərini hədəf alan həbslərin bir məqsədi də həmin vahid siyasi məhbus siyahısının hazırlanıb yayılmasına imkan verməmək idi. Diqqətəlayiq haldır ki, siyahının hazırlanmasına məsul olan İşçi Qrup vəzifəsinin öhdəsindən layiqincə gəldi. Milli Şura açıqlanan vahid siyasi məhbus siyahısını müdafiə edir və ölkənin bütün ictimai, siyasi qüvvələrinə səslənir: əgər aparılan siyasi motivli həbslərə görə hakimiyyətə haqq qazandırmırsınızsa, bu həbslərin dayandırılmasını, insan hüquq və azadlıqlarının təmin olunmasın istəyirsinizsə, artıq elan edilmiş vahid siyasi məhbus siyahısına dəstək verin. Milli Şura ölkənin hüquq müdafiəçilərini və bu ad altında fəaliyyət göstərən hər kəsi həmin vahid siyahıya öz imzasını qoymağa çağırır.

 Milli Şura ölkədə siyasi məhbus probleminin həllinə həqiqətən də maraqlı olan hər kəsdən umur ki, artıq elan edilmiş vahid siyahıya alternativ siyahıların hazırlana biləcəyi kimi ziyanlı təşəbbüslərdən çəkinsinlər. Belə mümkün təşəbbüslər yalnız ölkəmizdə insan haqlarına qənim kəsilmiş avtoritar hakimiyyətin mövqeyini gücləndirər, ona manevr imkanları yaradar və siyasi məhbusların həbsxanada qalma müddətlərini və onların sayını artırar.

Milli Şura bəyan edir ki, vahid siyahidə yer alan və ora əlavə ediləcək bütün siyasi məhbusların taleyi onun daimi diqqət mərkəzindədir. Qurum Azərbaycan hökumətindən onları dərhal azadlığa buraxmağı tələb edir və onların azadlığına nail olmaq üçün həm daxildə, həm də beynəlxalq səviyyədə bütün qanunu fəaliyyət imkanlarını səfərbər edəcək. Bu həbslərin əsas məqsədi xalqı qorxu altında saxlamaq, vətəndaş cəmiyyəti institutlarını və müxalif mövqeli  siyasi qüvvələri ölkənin həyatından sıxışdırıb çıxarmaqdır. Milli Şura bu çirkin niyyətin baş tutmaması üçün əlindən gələni edəcəyini bəyan edir.

Hakimiyyətin repressiya siyasətini qəbul etməyən bütün həmvətənlərimizi ölkədə hamının qorxudulduğu və susdurulduğu, idbar reallıqla barışmaq zorunda qaldığı alçaldıcı mühitin yaranmasına imkan verməmək üçün səfərbər olmağa çağırırıq. Ruhdan düşməyə, ümidsizliyə qapılmağa haqqımız yoxdur. İndiki və gələcək nəsillərimizin azad, ədalətli, demokratik bir ölkədə yaşamasını təmin etmək üçün bircə yolumuz var: mübarizəni davam etdirmək.

Milli Şura məqsədi həqiqətən də xalqımızın xoş gələcəyi üçün çalışmaq olan bütün ictimai və siyasi qüvvələri bir daha bu mərhələdə eyni mövqedən çıxış etməyə, artıq hazırlanmış vahid siyasi məhbus siyahısına birmənalı dəstək verməyə çağırır.

Əmin olun ki, siyasi məhbuslarsız, azad və insan haqlarının uca tutulduğu Azərbaycan tarixin reallığına çevriləcək. Mübarizəmizin kəsəri o günlərə qədər bir zərrə də azalmayacaq”. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Şərhlər
Xamaya Qayası tərəfindən 15-08-2014 19:25:12 tarixində yazıldı
Siyasi məhbuslarla bağlı Milli Şura müraciət etdi.
Erməni,rus və digər kommunistlərlə birləşərək ADR-nı devirənlərin bəzilərinin nəvələri,nəticələri və özlərini demokrat adlandıranlar Vətənə xəyanətdə şübhəli bilinərək həbs olunmuş erməni əslli L.Yunusova və siyasətçi adlandırdıqları digərlərinin də hüquqlarının müdafiəsi üçün Komitə yaradaraq başqalarını da özlərinə qoşmaq istəyirlər. Lakin Vətənini sevərək şəhidlərinin ruhuna hörmət edənlər belələrinə qoşulmayıb,qoşulmur və qoşulmayacaqlarda.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 10:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com