Vətən Bloku xalqı düşmənə qarşı birliyə çağırdı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2014
17:32
2039
Vətən Bloku xalqı düşmənə qarşı birliyə çağırdı

“Vətən” siyasi partiyalar blokunun toplantısı keçirilib. Tədbiri qurumun icra katibi Mais Güləliyev açaraq ölkədə və beynəlxalq aləmdə baş verən son hadisələr barədə ətraflı məlumat verib. M.Güləliyev toplantı iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan münaqişəsinin indiki vəziyyətinə, xüsusən də son günlərdə qoşunların təmas xəttində erməni diversiya-təxribat qrupunun törətdiyi cinayətlərə, düşmənin beynəlxalq konvensiyaları, münaqişə zonasında atəşkəs rejimini kobudcasına pozaraq Milli Ordumuzun canlı qüvvəsinə vurduğu itkilərə yönəldib.

Toplantıda çıxış edən AİP siyasi şöbəsinin rəhbəri Akif Heydərli Ermənistanın son günlərdəki addımlarını münaqişə tərəfinin qeyri-konstruktivliyini sübut edən fakt kimi beynəlxalq təşkilatların diqqətinə çatdırmağın zəruriliyinı vurğulayıb və ordumuzun gücünün səfərbər olunaraq, düşmən tərəfə layiqli cavab verilməsinin, heç bir güzəştə gedilməməsinin vacibliyini irəli sürüb.

Toplantıda söz alan digər natiqlər Müdafiə Nazirliyinin, Ali Baş Komandanın ordumuzun düşmənlə təmas xəttində olmalarını təqdirəlayiq hal kimi qiymətləndiriblər.

Toplantının sonunda işğalçı Ermənistanın münaqişədə həmişə qeyri-kostruktiv mövqe nümayiş etdirən addımlarına baxmayaraq, beynəlxalq təşkilatların, o cümlədən, ATƏT və BMT kimi qurumların məsələyə ikili standartlarla yanaşaraq, işğalçı Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etməməsinə, dünyanın güc mərkəzlərinin problemin həlli yolunda ədalətli mövqe tutmamasına etiraz bildirilib.

Avropa üçün və ümumən bölgə üçün, Ermənistandan fərqli olaraq mühüm strateji əhəmiyyət kəsb edən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, dünyanın aparıcı dövlətlərinin xüsusi diqqət ayırmamaları ikili yanaşmanın tərkib hissəsi hesab edilməklə, bu halı kəskin pisləyən bəyanat qəbul olunub.

Bəyanatda bildirilib ki, bundan sonra Azərbaycan öz ərazi bütövlüyünün bərpa olunması ilə bağlı bütün hüquqlardan istifadə etməli, münaqişənin həllində heç bir əhəmiyyətli addım ata bilməyən ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina edilməsi barədə məsələnin həllinə nail olmalıdır.

Həmçinin, vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün qısa müddətdə bərpa edilməsi ölkədə ümumxalq birliyinə nail olmaqdan, hər bir vətəndaşın bu istiqamətdə şəxsi töhfə vermək səyindən, hakimiyyət-xalq birliyindən və  hakimiyyətin bu birliyə aparan möhkəm inamlı siyasi iradəsindən asılıdır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 23:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com