Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2014
18:10
Anası erməni olan polkovnik ordumuzdan uzaqlaşdırıldı
Başqa bir general-mayor barədə də mühüm qərar verilib

Deyəsən Müdafiə Nazirliyinin rəhbərliyi nəhayət ki, yavaş-yavaş mətbuatın rolunu və gücünü başa düşməyə başlayır. Bu çox sevindiricidir. Azərbaycanın sayı-hesabı bilinməyən generalları, bir gün də döyüşdə olmayıb, öz tərcümeyi halına saxtakarlıqla guya hansısa Qarabağ savaşında olmasını daxil edən "sərkərdələr" çox şükürlər olsun ki, gec də olsa anlamağa başlayıblar ki, mətbuat çox gücü silahdır. Bütün ölkələrdə olduğu kimi, Azərbaycan KİV-i də ordu mövzusunda hər hansı bir məsələni ictimailəşdirəndə, yeganə istəyi, arzusu o olur ki, başı çox işlərə qarışan ordunun "kabinet generaliteti" görmədikləri, və ya görmək istəmədikləri səhvlərdən nəticə çıxartsınlar. Dövlətimizin güclü ordusu və etibarlı müdafiəsi olsun. 

Bu qeydlərimi də ona görə diqqətinizə çatdırıram ki, MN-nin sabiq rəhbərliyinin dönəmində də belə bir əcaib-qəraib iş metodu mövcud idi ki, kim ordu sıralarında olan çatışmazlıqları, bəzi vicdansız komandir və rəislərin neqativ əməllərindən yazırdısa, dərhal ona qarşı bəzi mətbuat orqanlarından istifadə etməyə çalışırdılar. Misal, bir vaxtlar çoxlarının "S(z)əfər Qalası" kimi tanıdığı bir qəzet var idi. Onun qadın redaktoru SQ-in komandir heyətini boğaza yığmışdı. O qadının adı gələndə, bəzi komandirlər, rəislər jurnalist tayfasının "yeddi dönəni" yada salırdılar. Əlbəttə ki, bu vicdanlı və xalqına bağlı olan qələm əhlinə aid ola bilməzdi və olmurdu də. Bu daha çox reketçilik fəaliyyəti ilə məşğul olan tipajlara aid idi. Və yaxud, bu gün də fəaliyyət göstərən, "Elçi-Gəlin" adlı bir bulvar qəzeti var idi. Müdafiə Nazirliyinin ayırdığı böyük pullar hesabına bəzi paqon altında gizlənən yaramazlar, müxtəlif imzalarla guya bizə cavab yazırdılar. Biz də bunların "dahi və əcaib arqumentlərini" oxuyub xeyli sevinərdik.

İndi də, MN-nin hazırkı rəhbərliyi, canını haqlı tənqid və təhlillərdən qurtarmaq üçün çevik fəaliyyətə başlayıblar. Ancaq ilk addımları çox uğursuz olub. Adını "ölkənin aparıcı media nümayəndələrinin görüşü ilə bağlı" yaydıqları xəbərə baxanda da bir daha əmin olursan ki, hörmətli "kabinet generalları" ağıllı təklifləri də doğru-düzgün dəyərləndirə bilmirlər. Bu haqda inşəallah, üzümüzə gələn həftənin ilk iş günlərində ətraflı danışacağıq. Hələliksə, mətbuatın diqqətinə aşağıdakı uğurlarımızı çatdırmağı vacib sayıram.

Mətbuatın davamlı şəkildə işıqlandırdığı Rusiya Federasiyasının vətəndaşı, uzun müddət MN-də vacib posta sahib olan general-mayor Bağır Fətullayevlə bağlı mühüm qərar qəbul edilib. O Silahlı Qüvvələrin Akademiyasındakı tutduğu vəzifəsindən azad edilib və onunla müqavilə müddəti bitdiyi üçün yeni müqavilə bağlanmayıb. Bildiyim qədər, rus generalı və son günə kimi Rusiya vətəndaşı kimi qalan B.Fətullayev artıq Azərbaycanı tərk edib və ailəsinin yaşadığı Sankt-Peterburq şəhərinə yola düşüb. Necə deyərlər, "do svidaniya, tovariş general". 

Elə həmin SQ Hərbi Akademiyasında xidmət keçən polkovnik Seyrah Qaffarov da artıq tutduğu vəzifədən azad edilərək MN-də çalışmaq ona yasaqlanıb. 

Xatırladım ki, Seyran Qaffarovun anasının erməni millətindən olması faktı adıçəkilən zabit tərəfindən rəsmi şəkildə etiraf edilmişdi. Baxmayaraq ki, MN-nin Mətbuat Xidməti mətbuatda adları göstərilən şəxslərlə bağlı həyacan təbili çalanda, daş atıb başlarını tuturdular ki, Azərbaycan SQ-də Bagır Fətullayev, Seyran Qaffarov adlı şəxslər guya xidmət keçmir. 

Diqqətli oxucuların yaxşı yadındadır ki, mətbuat Rusiya vətəndaşlığından imtna etməyərək Azərbaycanda yüksək vəzifə tutan, həmçinin mənzil alan general Bağır Fətullayevin öz dilindən MN-nin yalanının üstünü açmışdı. 

Sonda onu qeyd etməyi vacib sayıram ki, indi 21-ci əsrdir və yüksək texnologiyalar əsridir. MN-nin hazırkı rəhbərliyi isə deyəsən, ötən əsrin 70-80 illərinin abu-havası ilə yaşayır. Bu gün internet vasitəsiylə istənilən məlumat ani dəqiqələrdə və saniyələrdə bütün dünyanı dolaşır və yayılan informasiyanın qarşısını almaq mümkün deyil. Ona görə də, bir daha fürsətdən istifadə edərək, MN-nin rəhbərliyinin diqqətinə çatdırmaq istəyirəm ki, ətalətdən uzaq olsunlar, zamanın tələbləri ilə ayaqlaşsınlar. Xidmətlərində və gündəlik işlərində ciddi dönüş yaratsınlar. Dövləti maraqları öz şəxsi maraqları kimi anlamasınlar. Dövlətini və xalqını, onun ordusunu ən müasir və güclü görmək istəyən əsl vətənpərvər şəxslərin gündəlik dövri mətbuatda yazdıqlarına diqqət etsinlər. Güzgünü sındırmaq əvəzinə, öz simalarına diqqət etsinlər.

Üzeyir Cəfərov

ehtiyatda olan polkovnik-leytenant

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-11-2018 23:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com