Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyul

2014
17:59
Qüds günü təcavüzkarlığa qarşı bir simvoldur...
Həmin günün başqa adları da var – “Şuşa Günü”, “Ağdam Günü”, “Kəlbəcər Günü”, “Xankəndi Günü”

Qüds sözü paklıq, saflıq, müqəddəslik mənasını ifadə edir. Hələ qədim zamanlardan Qüds şəhərinin bu adla adlandırılması buranın vəhy və Peyğəmbərlər şəhəri olması ilə bağlıdır. Bu mənada Qüds öz mahiyyəti etibarilə cahanşümul xarakter daşıyır. Yəni təkcə bir şəhərin, bir məkanın adını deyil, əslində, millətindən, dilindən, dinindən asılı olmayaraq, bütün bəşəriyyət üçün əhəmiyyət kəsb edən ilahi dəyərlərə verilən ümumi ad mənasını ehtiva edir. Qüds şəhəri də təkcə Fələstinin, yaxud Yaxın Şərqin deyil, bütün dünyanın ortaq dəyəridir. Təsadüfi deyil ki, bu şəhər ilahi dinlər tərəfindən Müqəddəs Şəhər statusunu daşıyır və səmavi dinlərin ardıcılları buranı özünə doğma şəhər sayır.

Ramazan ayının son Cümə günü bu şəhərin adı ilə, “Qüds Günü” kimi qeyd edilir. Doğrudur, həmin günün “Qüds Günü” adlandırılması bu şəhərin azad edilməsi amalı ilə bağlıdır, amma əslində yer üzündə işğal altında olan bütün ərazilərin azad edilməsi amalı kimi də qəbul edilə bilər və edilməlidir də. Belə olduqda, “Qüds Günü” – yəni Müqəddəs Gün bizlər üçün həm də Qarabağ Günüdür. 20 ildən artıqdır erməni işğalçılarının təcavüzünə məruz qalan, işğal edilən və günümüzədək işğal altında olan ərazilərimizin azadlığına çağırış edən qüdsi bir gün... Bu baxımdan, Qüds Gününü yalnız bir şəhərlə məhdudlaşdırmaq qüdsi dəyərlərin həqiqi mənasını daraltmaq olardı.

Qüds günü dedikdə, yalnız Qüds şəhəri deyil, ümumilikdə, işğal edilmiş bütün müqəddəs dəyərlər, təcavüzə məruz qalmış ərazilər nəzərdə tutulmalıdır. Bizlər üçün də Qüds günü həm də “Qarabağ Günü” deməkdir!

Ramazan ayının son Cümə günü də bütün təcavüzkarlıqlara, o cümlədən də Azərbaycanımızın 20 faizini işğal etmiş Ermənistanın işğalçı rejiminə “yox!” deyilən bir gündür.

Beləliklə, Qüds günü göz önündə təkcə Qüds şəhərini deyil, dünyanın bütün nöqtələrində olan qüdsləri, işğala məruz qalmış bütün əraziləri, təcavüzkarların tapdağı altında inildəyən bütün torpaqları, üstəlik yalnız torpaqları deyil, beyinləri, düşüncələri, qəlbləri, ruhları azad etməyi canlandırmalıdır. Çünki Qüds Günü təcavüzkarlığa qarşı bir simvoldur!

“Qüds” – həmin günün şərti adıdır. Həmin günün başqa adları da var – “Şuşa Günü”, “Ağdam Günü”, “Kəlbəcər Günü”, “Xankəndi Günü”... Qüds Gününü bütün haqsızlıqlara qarşı bir Etiraz Günü sayıb, zülmə, haqsızlığa “yox!” demək üçün bir fürsət kimi qəbul etmək olar. Yer üzündə baş verən haqsızlıqlara son qoymaq üçün! Yeni-yeni haqsızlıqların ərsəyə gəlməməsi üçün! İşğal altında olan Qarabağımızın işğaldan azad edilməsi üçün...

Elşən Mustafaoğlu
fəlsəfə doktoru

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 14:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com