Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2014
12:28
Mehman Əliyev: ”Əvvəllər iqtidar meyli adi saytlar və media orqanları var idisə, hazırda media holdinqlər yaradılır. Bu holdinqlər də öz növbələrində bir-birilərinə qarşı informasiya toplamaq və təbliğat aparmaqla məşğuldurlar”

“Əgər Leyla Yunusla bağlı baş verənlər xarici qüvvələr tərəfindən meydana atılıbsa, onda belə çıxır ki, prokurorluq orqanında xaricə işləyən şəxslər var. Leyla xanım sıradan bir vətəndaş deyil və eyni halda adi inzibati qaydanı pozmayıb. Sadəcə olaraq onunla bağlı baş verənlərin hamısı siyasi qərarların nəticəsidir. Ona görə ki, o siyasi fəaliyyətlə məşğuldur və hakimiyyətlə prinsipial mövqedədir.” 

Bu sözləri FaktXeber.com-a Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, Azərbaycanın 2014-cü ilin may ayında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, Fransa Prezidenti Fransua Ollandın may ayının 17-də Azərbaycana nəzərdə tutulan səfəri, Avropa Şurası Baş katibi Tyorborn Yanqlandın Bakıya səfəri ərəfəsində hüquq müdafiəçisi  Leyla Yunusla bağlı baş verənlərin hansısa qüvvələr tərəfindən məqsədyönlü şəkildə ortalığa atılma ehtimalı ilə bağlı açıqlama verərkən qeyd edib. 

Müsahibin sözlərinə görə, Azərbaycanın 2014-cü ilin may ayında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə siyasi məhbus məsələsi növbəti dəfə hakimiyyətin baş ağrısına çevriləcək: “Ona görə də Leyla Yunusla bağlı verilən hər hansı bir qərar yalnız siyasi xarakterli ola bilər. Digər tərəfdən Azərbaycan hüquq mühafizə orqanları müstəqil deyillər və xüsusilə siyasi şəxslərlə bağlı yalnız hakimiyyətin tapşırığına uyğun qərar verirlər. Bu istiqamətdə heç bir xarici dövlət bu məsələyə müdaxilə edə bilmir. Məndə olan məlumata görə Yunusovların ölkədən çıxması ilə bağlı öncədən icazə verilmişdi. Sadəcə olaraq aeroportda kimlərsə tərəfindən qərar dəyişdi. Çünki Leyla Yunusla, Arif Yunusa aeroportda əvvəlcədən bildirdilər ki, sizin ölkədən çıxmanız qadağandır. Kompüterdə belə bir göstəriş var idi. Lakin sonradan icra aparatına zəng vurulduqdan sonra, pasportlarına və biletinə ştamp vuruldu. Amma təyyarəyə minəndə yenidən geriyə qaytardılar. Bütün bu proseslərin hamısı daxildə hazırlanmış bir ssenari idi və burada hansısa xarici qüvvələrin təsirindən danışmaq doğru deyil.” 

Leyla Yunusla bağlı hadisələrin Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərindən öncə baş vermə səbəblərindən də danışan Mehman bəy bunları söylədi:

“Fransu Olland Azərbaycandakı durumu kifayət qədər yaxşı bilir və gəlməmişdən öncə ölkə ilə bağlı bütün informasiyaları əldə edir. Leyla Yunusla bağlı baş verənlərin Ollandın səfərindən öncəyə salınmasının hansı məqsədlər üçün edilməsi isə tamamilə başqa bir məsələdir. Bu gərginlik sırf hakimiyyət tərəfindən ortalığa atılıb.”

Hazırda hakimiyyət daxilində kifayət qədər ziddiyyətlərin olduğunu söyləyən Mehman bəy, məlum Leyla Yunus olayının bu ziddiyyətdən doğa biləcəyini ehtimal etdi: 

“Hakimiyyət daxilində ziddiyyətlərin olması ilə bağlı məndə kifayət qədər ciddi faktlar var. Hətta 2-3 tirəliyin olmasını da demək mümkündür. Əgər Azərbaycanda əvvəllər müstəqil, müxalifət və iqtidar mediası var idisə, indi artıq iqtidar yönümlü medianın daxilində yeni proseslər başlayıb. Belə ki, hakimiyyət daxili qüvvələr iqtidar mediasında bir-birilərinə qarşı kampaniyaya start veriblər. Əgər əvvəllər iqtidar meyli adi saytlar və media orqanları var idisə, hazırda media holdinqlər yaradılır. Bu holdinqlər də öz növbələrində bir-birilərinə qarşı informasiya toplamaq və təbliğat aparmaqla məşğuldurlar.”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-11-2018 23:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com