Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2014
11:51
1773
Bakı sakinləri avtoxuliqanlara qarşı daha sərt tədbirlər tələb edir

Son zamanlar insanları narahat edən problemlərdən biri də bəzi sürücülər tərəfindən yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etmələridi. Maraqlı burasıdır ki, nə qədər cəzalar sərtləşdirilsə də, bu hallar getdikcə artır. Nəticədə neçə-neçə ailələr belə macəraların, faciənin qurbanı olurlar. Gecə saatlarında həvəskar sürücülər və xüsusilə bəzi məmur övladları Bakının yollarında nömrəsiz avtomobillərlə "maşın şou”ları təşkil edirlər, qəribə siqnal səsləri ilə sakinlərin əsəblərini tarıma çəkirlər. Hətta günorta saatlarında belə bəzi tıxac olmayan yollarda maşını iki təkərlə hərəkət etdirmək, avtomobilin qabağını qaldırmaq və digər əcaib hərəkətlərlə özlərinin "məharətlərini” göstərirlər. Daha sonra isə bu görüntüləri çəkərək, sosial şəbəkələrdə paylaşaraq fəxr edirlər. Buna qarşı yol polisləri tədbir görsələr də, qanunvericilikdə cərimələr nəzərdə tutulsa da "avtoşluq” edənlər çoxalır.

Bununla bağlı keçirilən sorğuda iştirak edənlərin əksəriyyəti belə halları pisləyir və sürücülərə insan həyatı ilə oynamamağı məsləhət görürlər. Vətəndaşlar hətta həvəskar sürücülərə dövlət tərəfindən müvafiq motodrom kimi xüsusi sahələrin ayrılmasını arzulayırlar.

Plastik qapı-pəncərə sexində çalışan 24 yaşlı Roman Mustafayevin şəxsi maşını var. Onunla elə iş başında olarkən söhbətləşdik: "Maşın sürmək həvəskarı olsam da, yollarda avtoxuliqanlığa pis baxıram. Ancaq yaxşı olar ki, avtoşou həvəskarı olan sürücülər üçün yer ayrılsın, orada yarışlar keçirilsin”.

Əvvəllər şəxsi maşını olan gənc fotoqraf, 25 yaşlı Elgün avtoxuliqanlar barəsində pis fikirdədir: "Onların təhlükəsizliklərini təmin etmək lazımdır. Məsələn, məhəllələrə daxil olurlar, yüz cür oyun çıxardırlar. Yollarda təhlükəsizlik baxımından bu hərəkətlər qəbul olunan deyil. Bunun üçün xüsusi yer ayrılsa və yarışlar keçirilsə, özüm də gedib iştirak edərəm”.

"Mercedes” markalı avtomobilin sahibi, Bədən Tərbiyəsi və İdman Akademiyasının magistri Vüqar Əhmədovun dərdi daha böyükdür. O, gecə saatlarında avtoxuliqanların əcaib hərəkətlərinin səslərinə tez-tez yuxudan oyandığını bildirdi: "Ölkə ərazisinin hər yerində avoxuliqanlıqla məşğul olurlar. Bizim yaşadığımız ərazidə də rast gəlmişəm. Buna şərait yaradanlar da var. Hansı ki, tanıdığım rəis balaları bu hərəkətləri edirlər. Bu problemin qarşısını almaq çətindir. Azərbaycanda nə qədər ki, məmur özbaşınalığıdır, belə olacaq. Əgər avtoxuliqanlıqla məşğul olanın cəriməsi yüksək olsa və ya sürücülük vəsiqəsi müəyyən müddətə alınsa, o zaman qarşısını almaq olar”.

Bununla yanaşı, Vüqar, sürücülər üçün müvafiq sahələrin ayrılması təklifi ilə də razıdır: "Başa düşürəm, mən də gəncəm, hardasa maşını həzz almaq üçün sürmək istəyərəm. Onun üçün motodrom kimi yerlər ayrılsın, gənclər də gedib orada sürsün. Maşına idman gözü ilə baxan insan motodromda sürər. Şəhəriçi yollar maşını idman üslubunda sürmək yeri deyil. Belə yollarda "avtoş” kimi sürməklə özünü və kimisi də bədbəxt edir”.

Hüquq işləri üzrə kiçik mütəxəssis Emil isə məsələyə fərqli yanaşdı. Onun sözlərinə görə, maşın sürən gənclər və adrenalin həvəskarları üçün xüsusi ödənişli formada meydançalar nəzərdə tutulsa, dövlət büdcəsinə gəlir də gələr. O zaman qəzaların da sayı azalar və şəhəriçi avtoxuliqanlıq adlandırdığımız hərəkətlər baş verməz.

18 yaşlı Araz hələ ki, avtomobil yumaqla məşğul olur. Onunla elə iş başında söhbətləşdik: "Avtoşluq mənim də xoşuma gəlir. Maşınım olsa, mən də edərəm. Sürməyə yer ayırsınlar”.

25 yaşlı Natiq Məmmədov vaxtı ilə boş yollarda "avtoşluq” etsə də, avtoxuliqanlığa qarşıdır: "Təbii ki, normal qəbul olunmur və düzgün saymıram. Əsasən gecə 12-dən sonra cürbəcür siqnal səsləri gəlir, təkər qaldırırlar, qəflətən əyləci basıb, təkərin səsini çıxardırlar. Bu, gecə vaxtı insanları narahat edir. Bəzi vəzifəli şəxslərin oğullarının avtoşluq etməsinə gəlincə, o videolara baxmışam. Normal bir hal deyil”.

Şəhər sakini Zamin Əsədov avtoşluğa pis baxdığını söylədi: "Çünki bədbəxt hadisələr baş verir, problemlər artır. Çox ailə başsız qalır, analar ağlayır. Avtoxuliqanlıq etmək insanın özündən asılıdır. Deyərdim ki, kasıbın balası yox, imkanlının övladı bunu edir. Ona görə ki, görməmişdi”.

27 yaşından maşın sahibi olan 37 yaşlı Natiqin fikrincə, özünə hörmət edən şəxs ictimai yerdə avtoxuliqanlıq etməz: "Belə hallara çox rast gəlmişəm. O addımı atan gənc insan özünü düşünməsə də, valideynlərini, əzizlərini düşünməlidir. Sabah o şəxsin başına bir iş gəlsə, ilk növbədə valideynləri əziyyət çəkəcək. Valideyn övlad böyüdür, sonra oğluna maşın alıb verir, o da gedib, belə oyunlardan çıxır. Öz əzizlərinə hörmət etməyən şəxs bizə neçə hörmət edəcək?

Azərbaycanda güc strukturlarında işləyən elə vəzifəli şəxslər var. Onların övladlarını heç kim tanımır. Ona görə ki, atası yaxşı tərbiyə verərək çərçivələrdən qırağa çıxmamağı tapşırıb. Məmur balalarının avtoşluq etməyə ixtiyarı yoxdur.

Ona görə də məmur balasının etdiyi bu hərəkət sadə vətəndaşın etdiyindən ikiqat ayıbdır. Adi vətəndaşın avtoşluğu ilə bəzi məmur balalarının avtoşluğu arasında böyük fərq var. Sıravi vətəndaş hardasa çəkinir, ehtiyat edir. Ancaq məmur balası heç nədən çəkinmir. Onlar üçün hər şey pulun başındadır. Yəni nə qədər cərimə olursa olsun, məmur balası üçün fərq etməz. Gərək 100 min və ya bir milyon cərimə olunsun ki, ehtiyat etsin. Bu şəxslərə konkret cinayət işi açılaraq 3-4 ilə qədər həbs olunmalıdır. Avtomobil sürmək həvəskarları üçün də ödənişli avtobanlar salınmalıdır”.

35 yaşlı ortayaşlı nəslin nümayəndəsi Mahir Fərəcovun fikirlərinə görə, bunun günahı cəmiyyətdədir. avtoxuliqanlıq ailə tərbiyəsindən irəli gəlir: "Cavandırlar, cavanlıq edirlər. Özü ilə bərabər kimlərinsə də həyatını riskə atır. Sürdüyün yerdə başqa maşınla toqquşduğun an iki ailə məhv olur. Gənc onu başa düşməz, deyər sürəniyəm də, hadisə də bir dəfə olur. Təkər qaldırmaq "lotuluq” deyil. Gənclərə bunu izah etmək lazımdır. Buna qarşı da ailədən başlayaraq cəmiyyətə qədər mübarizə aparılmalıdır”.

Gənc olmağına baxmayaraq İlqar Məhərrəmov emosional şəkildə avtoxuliqanlara qarşı münasibətinin çox pis olduğunu dedi: "Gənclərin avtoşluq etməsini istəmirəm, onlar can alırlar. Mənfi fikirdəyəm. Dövlət tərəfindən tədbirlər görülməsini istəyirəm. Cərimə ilə yaxalarını qurtarmasınlar, həbs olunsunlar”.

Vüqar Şahinoğlu/Şərq

Məqalədə : avtoş 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
850

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
44

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
69

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
278

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
303
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 04:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru