Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2014
15:04
REAL hakimiyyət proqramının növbəti bölümünü açıqlayıb

Partiyaya çevrilməyə hazırlaşan REAL hərəkatı hakimiyyət proqramının növbəti bölümünü açıqlayıb. “Təhlükəsizlik” adlı bölümün əsas məqamlarını oxuculara təqdim edirik:

Silahlı qüvvələr

Respublikaçı Alternativ Hərəkatı real güvəni cümhuriyyəti və vətəndaşları qoruyacaq peşəkar və çevik Silahlı Qüvvələrin yaradılmasında görür. Orduda əsaslı islahatlar həyata keçiriləcək.

Silahlı Qüvvələr quruculuğuyla bağlı strateji sənəd qəbul ediləcək. REAL hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin aydın quruculuq strategiyası olmalı və cəmiyyət bu barədə məlumatlandırılmalıdır. Strateji Müdafiə İcmalı hazırlanacaq və cəmiyyətə təqdim olunacaq. Bu sənəddə nəzərdə tutulan müddətdə orduda həyata keçirilən islahatlar, dəyişikliklər öz əksini tapacaq.

Silahlı qüvvələrimiz tamamilə NATO standartlarına keçəcək. REAL hesab edir ki, Azərbaycanda hərbi sahəni nizamlayan bir sıra rəhbər sənədlərə, xüsusilə də Milli Təhlükəsizlik Konsepsiyasına və Hərbi Doktrinaya ciddi düzəlişlər və dəyişikliklər ediləcək.

NATO standartlarına keçid iki mərhələdən ibarət olacaq: birinci mərhələdə struktur, kadr və maddi təminat sahəsində, ikinci mərhələdə isə silahlanma və hərbi texniki təchizat sahəsində islahatlar aparılacaq. NATO ilə əməkdaşlıq sahəsində mövcud olan sənəd, plan və proqramlar yenidən işlənəcək və eyni zamanda hərbi sahədə əməkdaşlığı gücləndirəcək yeni formatlar hazırlanacaq.

Silahlı qüvvələrimiz tamamilə peşəkar olacaq. REAL Silahlı Qüvvələrin çevikliyini və professionallığını artırmaq məqsədiylə məcburi (mükəlləfiyyətli) hərbi xidmətdən imtina edərək ordumuzu müqaviləli (peşəkar) əsaslarla təşkil edəcək. Bu keçid iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə Silahlı Qüvvələr yarı peşəkar olacaq və hərbi xidmətə çağırış və səfərbərlik mexanizmi təkmilləşdiriləcək. Bu halda çağırış yaşı 20-yə qaldırılacaq. Hərbi qulluqdan imtina edən şəxslər Müdafiə Nazirliyinin tərkibində yeni yaradılacaq Silahlı Qüvvələrin Sosial Fonduna qanunla müəyyən ediləcək məbləği ödəməklə hərbi mükəlləfiyyətdən qismən və ya tamam azad olunacaq. İkinci mərhələdə hərbi çağırış tamamilə ləğv olunacaq və ordu yalnız peşəkar əsaslarla formalaşacaq. Hər iki mərhələdə ölkədə səfərbərlik ehtiyatlarının tənzimlənməsi ilə bağlı müasir standartlara uyğun tədbirlər görüləcək.

Müdafiə naziri mülki şəxs olacaq. Silahlı Qüvvələrin Baş Qərargahı Müdafiə Nazirliyinin Aparatından ayrılacaq. Hərbi əməliyyatların keçirilməsi, döyüşlərin planlaşdırılması tamamilə Baş Qərargah tərəfindən icra olunacaq. Bununla yanaşı Quru Qoşunlarının Komandanlığı yaradılacaq. Müdafiə naziri əsasən xarici əlaqələrlə ordu büdcəsinin tənzimlənməsi məsələləriylə məşğul olacaq. Güc strukturlarının bütün hərbi tərkibləri Müdafiə Nazirliyində cəmləşdiriləcək. Müdafiə Sənayesi Nazirliyi ləğv olunaraq funksiyası Müdafiə Nazirliyinə keçəcək. Eyni zamanda Sərhəd Qoşunlarının və Daxili Qoşunların hərbi tərkibləri də Müdafiə Nazirliyinə birləşdiriləcək.

Ordu üzərində parlament nəzarəti olacaq. Parlamentin və onun təhlükəsizlik və müdafiə komitəsinin Silahlı Qüvvələrə yönəlik səlahiyyətləri və məsuliyyətləri artırılacaq.

Təhlükəsizlik

Hüquq mühafizə orqanlarında geniş struktur dəyişikliyi, funksiyaların yenidən bölüşdürülməsi və iş prinsiplərinin müasirləşdirilməsi həyata keçiriləcək. İslahat hüquq mühafizə orqanlarının fəaliyyətinin hər dörd istiqamətinə (ictimai asayiş, əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq) aid olunacaq.

Milli təhlükəsizlik. Milli təhlükəsizliyi siyasi fəaliyyətdən ayıracağıq. Bu sahədə fəaliyyət göstərəcək qurum nazirlik statusu daşımayacaq. Milli Təhlükəsizlik Nazirliyinin bazasında Əks-Kəşfiyyat İdarəsi və Baş Kəşfiyyat İdarəsi yaradılacaq. Bu qurumlar birbaşa prezidentə tabe olacaq. Lakin bu qurumlar hökumətlə işgüzar əməkdaşlıq edəcək və Milli Məclis qarşısında hesabat verəcəklər.

İctimai asayiş. İctimai asayişin təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyi, Dövlət Yol Polis İdarəsi və Post Patrul Xidmətinin bazasında Daxili İşlər Nazirliyinin (DİN) yeni qurumu (Jandarma İdarəsi) yaradılacaq. İctimai etimadı bərpa etmək məqsədilə əhali ilə ən çox təmasda olacaq Jandarma İdarəsinin formalaşmasında gender məsələsinə xüsusi önəm veriləcək.

Təhqiqat və istintaq. Təhqiqat və ibtidai istintaq sahəsində fəaliyyət göstərən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi və Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bazasında vahid və müstəqil istintaq və təhqiqat orqanı və həmin orqanın regional qurumları yaradılacaq. Həmin qurum birbaşa prezidentə tabe olacaq. Bu qurum ağır və xüsusi əhəmiyyətli cinayətlərin ibtidai araşdırılması ilə məşğul olacaq.

Daxili İşlər Nazirliyinin strukturu sadələşdiriləcək. Əməliyyat-axtarış, təhqiqat və istintaq fəaliyyəti DİN-dən ayrılacaq. İnterpolun Milli Mərkəz Bürosu DİN-in tərkibindən çıxarılacaq. Cinayətkarlığın statistikasının aparılması ilə bağlı olan və informasiya dəstəyini təmin edən struktur DİN-in tərkibindən çıxarılaraq Ədliyyə Nazirliyinin tərkibinə veriləcək.

Mühafizə fəaliyyəti. Mühafizə fəaliyyəti özəl olacaq. DİN-in Baş Mühafizə İdarəsi ixtisar olunacaq. Yalnız xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi dövlət inhisarında saxlanılacaq.

Az ağır hesab edilən cinayətlərin ibtidai araşdırması yerli jandarmeriyaların səlahiyyətinə aid olunacaq.

Sərhəd və miqrasiya fəaliyyəti. Sərhəd xidməti sahəsində fəaliyyət iki hissəyə ayrılacaq. Sərhədin mühafizəsi sahəsində fəaliyyət Silahlı Qüvvələrə həvalə olunacaq. Sərhəd keçid məntəqələrində pasport nəzarəti funksiyasını isə Jandarmeriya (polis) həyata keçirəcək. Miqrasiya sahəsində fəaliyyət unifikasiya olunacaq.

REAL hərəkatı 2008-ci ildə yaradılıb. Qurumun lideri İlqar Məmmədov ötən il İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 02:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com