Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2014
12:27
846
Rayonlara işləyən kiçik avtobuslar yığışdırılacaq
Sürücülər bundan narahatdırlar

Azərbaycanda şəhərlərarası sərnişindaşımada xeyli xırdatutumlu avtobuslar var. Əksəriyyət sərnişinlər "Qazel" adlanan bu avtobuslara daha çox üstünlük verirlər. Səbəbi isə digər iritutumlu avtobuslara nisbətən daha sürətli olmasıdır. Ancaq gediş haqqı iritutumlu rahat avtobuslarla eynidir. Məsələn, paytaxtdan Şəkiyə gedən iritutumlu böyük "Ford" avtobuslarında da gediş haqqı 7 manatdır, kiçik avtobuslarda da. Nəqliyyat Nazirliyi bu tipli avtobuslarda sərnişinlərin diskomfortluğunu, narahatlığını nəzərə alaraq, mikroavtobusların iritutumlu, yüksək komforta malik avtobuslarla əvəzlənməsi prosesinə başlayacaq.

Hər saatdan bir paytaxtdan müxtəlif rayonlara hərəkət edən "Qazel"lərin sürücülərindən avtobuslarının dəyişdiriləcəyi ilə bağlı gəzən söhbətlərə münasibət öyrənmək üçün Bakı Beynəlxalq Avtovağzalına yollandıq. Hər zamankı kimi sərnişin gözləyən sürücülərə yaxınlaşıb bir neçəsi ilə söhbət etdik. Onlar "Qazel" dedikləri kiçik avtobusların böyükləri ilə əvəz ediləcəyindən xəbərdardırlar və bundan bir o qədər də razı deyillər.

Sürücülərin dediyinə görə, dəyişmə üç aydan sonra baş tutacaq. Bakı-Şəki marşrutu ilə işləyən kiçik tutumlu marşrut sürücüsü Həsən Ağayev bunun sürücülərə və Nəqliyyat Nazirliyinə də sərf etməyəcəyini dedi:

"Bizə iritutumlu avtobuslardan versələr, bu nə onlara, nə də bizə sərf edəcək. Yeni avtobuslarla gündə maksimum iki dəfə rayona gedib-qayıtmaq olacaq. O avtobuslar elədir ki, gərək yavaş sürəsən. Biz "Qazel"lərlə bir saatdan bir rayona çıxırıq. Gün ərzində bəzən dörd dəfə də gedib-gələ bilirik. Həm də bu avtobusu yolda idarə etmək çox asandır. Bu gün mən artıq üçüncü dəfədir ki, rayona gedirəm".

Bakı-Balakən marşrutu ilə işləyən digər "Qazel" sürücüsü Rəvan isə deyir ki, günə 120 manat xərci çıxır. Sürücünün dediyinə görə, "Qazel"lər başqa avtobuslarla əvəzlənsə, bu məbləğ çoxala bilər: "Qazellərin hansısa bir hissəsi xarab olanda onu düzəltdirmək ucuz başa gəlir. Çünki onun ehtiyat hissələri ucuzdur. Amma yeni veriləcək orta tutumlu avtobuslarda təmir xərcləri elə də ucuz başa gəlməyəcək. Həm də yol baxımından bu avtobuslar daha dözümlüdür".

Elman adlı digər "Qazel" sürücüsü də həmkarları ilə eyni fikirdə olduğunu dedi: "Bizə deyiblər ki, bu avtobusları 3 aya kimi sürə bilərsiniz. Sonra dəyişdiriləcək. Həmin avtobusları sürmək bizə çətin olacaq. Çünki sürətli sürə bilməyəcəyik. Hamı istəyir ki, evinə tez çatsın. Bu "Qazel"ləri istənilən sürətdə sürmək mümkündür. "Qazel"lərlə gün ərzində ən azı üç dəfə sərnişin daşıyırıq. Heç olmasa bizə də bir az çörək pulu qalır. Amma yeni avtobusla bir dəfə gedib-gələ biləcəyik. Bakının avtovağzalından çıxmaq üçün hər reysə 35 manat veririk. Özümüzə nə qalacaq?! Bəzən tanış sərnişin olanda deyirəm ki, çıx avtovağzaldan, çöldə gözlə, oradan gəlib səni götürəcəyəm. Adam sayı az olanda az pul alırlar".

Qeyd edək ki, son bir neçə ay ərzində Azərbaycana 600-700 yeni avtobus gətirilib. Onların əksəriyyəti orta və iritutumlu avtobuslardır ki, onlardan ölkə daxilində ictimai nəqliyyat xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub. Yeni Müsavat

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru