Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2014
12:10
765
Müharibə əlilləri və şəhid ailələri yeni mənzillərlə təmin olunub

Aprelin 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Ağdam rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların istifadəsinə verilib.

Nazirliyin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, yeni mənzillə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edərək xoş arzularını ifadə edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ötən ay 86 452 nəfər şəxsin müavinəti və təqaüdü əhəmiyyətli dərəcədə artırılıb və bu artımların maliyyələşdirilməsinə aylıq olaraq 2,1 mln. manat vəsait sərf olunacaq. İlin sonuna kimi qeyd olunan artımlara 19,0 mln. manat vəsait sərf ediləcəkdir.

Nazir bildirib ki, bu qayğının davamı kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların və şəhid ailələrinin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə qanunvericiliyə edilən dəyişikliklərlə belə şəxslərin ödənişli təhsil alan uşaqları 2014/2015-ci tədris ilindən etibarən ödənişli təhsil haqqından azad ediliblər. Bu kateqoriyadan olan şəxslərin övladlarının təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.

S.Müslümov bununla yanaşı, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin minik avtomobilləri ilə təmin olunması istiqamətində tədbirlərin görüldüyünü bildirib. Belə ki, Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli Sərəncamının yüksək səviyyədə icrası olaraq, son üç həftə ərzində bu ilin əvvəlinədək növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən artıq 300 nəfəri avtomobillə təmin edilib, digər növbədə olanların isə avtomobilə təminatının gələn ayın sonunadək başa çatdırılacaq. Eyni zamanda, növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusi avtonəqliyyatla tam təminatı üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Nazir vurğulayıb ki, indiyədək artıq 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Ağdam rayonu ilə yanaşı, cari ildə Bərdə, Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evləri nazirliyin saytında ictimaiyyətə aşıqlanan növbəlilik əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcək: "Respublika hökumətinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz bəyan etmişdir ki, müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri üçün daha da yaxşı şərait yaradılacaqdır".

S.Müslümov bu sahədə ölkə rəhbəri tərəfindən müəyyən edilən vəzifələrin yüksək səviyyədə yerinə yetiriləcəyini vurğulayıb.


Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru