Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2014
12:05
3024
Yol çəkənə lənətmi, rəhmətmi oxusam?

Bu gün yollardan yazmaq istəyirəm. Öz yurdumun yollarından. Əslində çoxdan yazmaq fikrim vardı. Ancaq hər dəfə başımız bir işə qarışdığı üçün bu məsələ bir az daha təxirə salınırdı.

Son 10 gün ərzində Xaçmaza 3 dəfə səfər etmişəm. Öz kəndimizə, Dədəliyə qədər. Bir az da Xudata sarı getmişəm. Və hər dəfə gedərkən bütün yol boyu düşündüklərimi təkrar-təkrar düşünməli olmuşam...

Bakı-Quba yolu kimi bilinən və Şabranın Gəndob kəndinə qədər uzanan magistral yol (avtoban) əvvəlki illərlə müqayisədə sürücülərin işini asanlaşdırsa da insanda xoş olmayan duyğuların da baş qaldırmasına səbəb olur. Bir neçə il öncə istifadəyə verilmiş beton yol örtüyü 30 ilə hesablansa da artıq 3 ilin içində faktiki dağım-dağımdır. Özəlliklə də üzü Bakıya doğru gələndə sadəcə bu yolu bu kökdə tikənlərə lənət oxumaya bilmirsən. Sərt beton yol az qala başdan ayağa cadar-cadar, dağım-dağım və yamaq-yamaqdır! Dövlətin milyonlarla vəsaiti hesabına tikilmiş, 30 il təminatı olacağı deyilən yol heç 3 il dözə bilməyib! Ən lüks avtomobildə belə özünü traktorla yol gedirmiş kimi hiss etməli olursan bu yolda. Və buna görə də yolun böyük bir hissəsi sökülüb təzədən tikilib. Ancaq təmir adı altında aparılan bu iş də o qədər keyfiyyətsiz olub ki, sadəcə “lənət şeytana” deməli olursan. Sözümün canı odur ki, bu yolu tikənlər Azərbaycan dövlətinə xəyanət edərək onun əmanətini – dövlətin vəsaitini mənimsəyiblər ki, belə bədbəxt və keyfiyyətsiz yol əmələ gəlib! Bunu edənlərin günahı heç cür bağışlana bilməz!

Gəndobdan üzü Xaçmaza doğru yol magistral olmasa da kefyfiyyətli sayıla bilər. Yəni asfalt örtüyü normaldır, yolun genişliyi də yetərlidir. Bu baxımdan Gəndobdan düz Xaçmaz şəhərinə qədər yolla bağlı şikayətim yoxdur. O yolu o vəziyyətdə saxlayanların atasına Allah rəhmət eyləsin.

Xaçmaz-Xudat yolu isə heç də ürəkaçan durumda deyil. Çox hörmətli ağsaqqal, bu yaxınlarda 75 yaşı tamam olmuş icra başçısı Şəmsəddin Xanbabayev, ədalət naminə deməliyəm ki, rayona gələndən Xaçmazın siması əməlli-başlı dəyişib. Hətta o qədər ki, bir dəfə Xaçmazdan yazdığım şəkilli bir yazıma xarici ölkələrdən xeyli reaksiya gəlmişdi ki, biz oranı görmək istərdik. Doğrudan da bu gün Xaçmaz bölgədə özünün inkişafı, simasının sürətlə gözəlləşməsi baxımından bütün rayonlardan seçilir və təbii ki, bunda icra başçısının rolu danılmazdır. Rayonun hər tərəfində tikinti-quruculuq, abadlıq işləri gedir, yeni iş yerləri açılır, ticarət inkişaf edir. Bu isə nəticə etibarilə əhalinin məşğulluğu üçün şərait yaradır və insanların rifah halı getdikcə yüksəlir. Kənd təsərrüfatı haqqında isə əlavə şərhə ehtiyac yoxdur. Özünün təbiətilə fərqlənən rayonda kəndlinin xoşbəxt ola bilməsi üçün hər şey var. Amma Xaçmaz-Xudat yolu heç də bu gözəllikləri tamamlayacaq durumda deyil. Həqiqətən də rayonun simasıyla tərs mütənasiblik təşkil edir bu yol. Çox kələ-kötür, yer-yer yamaqlı olan bu yolun əsaslı təmirə, hətta deyərdim ki, yenidən qurulmaya ehtiyacı var. Özü də bu ehtiyac indi yaranmayıb. Oraların insanı olduğum üçün deyirəm bunu. Həm də nəzərə almaq lazımdır ki, Xaçmazın xalq arasında “Nabran” kimi tanınan istirahət zonasına məhz o yolla gedilir, məncə, bu işi də bir an öncə həll etmək yerinə düşərdi.

Yol deyəndə, daha bir yoldan danışmaq istərdim. Bu da mənim doğma kəndim Dədəlidən keçməklə ta dənizə qədər (deyilənə görə ümumi uzunluğu 14 km-dir) uzanan yeni asfalt yoldur. Daha doğrusu, daşlı-kəsəkli kənd yollarının asfaltlanmış halıdır. Ötən il bizim kəndə ilk dəfə qaz çəkildi, ardından da bu yol məsələsi həllini tapdı. Bir neçə dəfə gedib-gəlmişəm, yolu çəkənlərin atasına rəhmət də oxumuşam. Ölkədə gedən quruculuq işlərinin bizim kəndə belə sürətlə nüfuz etməsi, əlbəttə, məni də çox sevindirir. Ancaq o yolda diqqətimi bir məsələ cəlb edir. Hər dəfə iki minik maşını qarşı-qarşıya gələndə hiss edirsən ki, yol elə bil ki, çox dardır. Yəni maşınlardan biri mütləq asfaltdan kənara çıxmalı olur. Bunu kəndçilərimə də deyəndə bildirdilər ki, o yolun enindən bir metr oğurlanıb! Bəli, məhz oğurlanıb! Bax, yolu çəkənə, çəkdirənə nə qədər alqış oxuyurumsa, o bir metri oğurlayana, oğurladana da bir o qədər lənət oxuyuram, xəbəriniz olsun! Bu da dövlətə, Prezidentə xəyanətin daha bir örnəği! Bakı-Quba yolunu çəkən, çəkdirən nə qədər haramzadalıq edibsə, mənim kəndimdən keçən yolda belə yeyintiyə, oğurluğa yol verən də bir elə haramzadalıq edib. Sadəcə daha kiçik həcmdə! Haramınız olsun!

Kənddə olarkən bir də eşitdim ki, 2012-ci ilin martında xalq ayaqlanması sonucu Prezident tərəfindən haqlı olaraq vəzifəsindən uzaqlaşdırılmış icra başçısı Rauf Həbibov Bakı-Quba yolunun inşasına cavabdeh olan Nəqliyyat Nazirliyində nəsə müfəttiş filan vəzifəsində işləyir. Və dəhşətlisi də budur ki, bu adam Qubadan olan sürücülərə qarşı xüsusi amansızlığıyla seçilir. Açığı, deyilənləri dəqiqləşdirmək imkanım olmadı. Amma hər halda xalq arasında belə söhbətlər varsa, araşdırılmalı, uyğun tədbir görülməlidir. Şəxsən mənə bu məsələ inandırıcı görünür. Çünki Nəqliyyat Nazirliyinin “nəqliyyat qoçuları” adını almış yolkəsənlər dəstəsinin əməlləri heç kimə sirr deyil və belə olan halda Rauf Həbibovun da o dəstədə yer alması ağlabatandır. Bununla belə bir daha qeyd etmək istərdim ki, bu məsələ dəqiqləşdirilməlidir. Dəqiqdirsə, ölkə Prezidentinin sildiyi məmuru vəzifəyə gətirənlər bunun hesabını mütləq verməlidir!

Yollarda diqqətimi çəkən başqa məsələlər də var ki, inşallah, başqa bir yazımda onlara da ayrıca toxunmağı düşünürəm.

Azər Həsrət

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru