Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2014
11:38
534
Hakimin tutdurduğu sürücüyə dəhşətli işgəncələr verilib
"Rauf Əliyevin polis oğlu dişlərini qıcayaraq anama dedi ki, İlqarı səhərə qədər əllərimlə döymüşəm"

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevin küçənin ortasında döydüyü "Azpetrol" Şirəktlər Qrupunun sürücüsü İlqar Paşayevin ailəsi Bizimyol.info-a danışdı.

İlqar Paşayevin qardaşı Sirac Paşayev sözlərinə qardaşının 4 ildən çoxdur ki, "Azpetrol"da çalışması ilə başladı: "Bu illər ərzində iş yerində belə heç vaxt İlqardan narazı qalmayıblar. Hamı onu yaxşı insan kimi tanıyır. Küçənin ortasında kimisə döymək ona xas olan bir xüsusiyyət deyil. Kim nə deyir desin, İlqar belə iş etməz. Təbii Rauf Əliyev hakim, oğlu da polisdir. Ancaq mənim qardaşım sadə sürücü. Əlbəttə olayı onun üzərinə yönləndirəcəkdilər, həqiqəti deyib, insanların həyatında önəmli qərarlar qəbul edən hakimin adam döydüyünü deyəsi deyildilər ki...".

Sirac Paşayev mart ayında baş verən olaya da aydınlıq gətirdi. Deyir ki, qardaşı "Azpetrol"un 35 tonluq, böyük benzin avtomobilini idarə edirmiş. Ayda da cəmi bircə gün istirahət günü var imiş. Martın 20-də də bayrama görə evinə gedərkən baş verib olay: "Bütün hadisənin görüntüsü var. Vəkilimiz kamera görüntülərinə baxaraq bizə bunları danışıb ki, qardaşım Binəqədi qayısına çatmamış, Poladtökmə Zavodunun qarşısındakı işıqforda dayanıb. Bu zaman bir NİVA markalı avtomobil onun qarşısına keçib. Qəza vəziyyətində dayanıblar. Bir-birinə nə isə deyiblər. Qardaşım məhəl qoymadan keçib gedib. İkinci işıqforda NİVA yenə qoşa xətdən keçərək qardaşımın avtomobilinin qarşısa keçib, dayanıb. Yenə əlini çxarıb başlayıb söyməyə. İnanın qardaşımdır deyə tərəfinə keçmirəm. Öldürsəydi heç vaxt arxasınca getməzdim. Fikirləşərdim ki, öldürüb də artıq əlimi üzüm ondan. Bundan sonra onun balaları haqqında düşünüm ki, onlara necə baxacağam. Amma yox, vəkil nə deyib onu da deyirəm. Qardaşımın burada yeganə səhvi şirkət maşınını tərk edib enməsidir. Maşından düşüb ki, "ay kişi məni tanıyırsanmı, niyə mənə söyürsən?" Bu zaman NİVA-nın sürücüsü qardaşımın qulağının dibinə bir sillə vurub. Söyüş, üstəgəl əl qaldırıb. Qardaşım da özünün müdafiə edib. Yolun ortasında əlbəyaxa olublar.  Qardaşımın 3 iş yoldaşı da orada imiş. Bunları ayırıblar. Qardaşımgili aparıblar 4-cü polis bölməsinə. Bu zaman NİVA-nın sürücüsü oğluna zəng edib. Oğlu da 7-ci polis bölməsinin polis rəisinin müavinidir. Oğlu 3-4 nəfərlə gəlib qardaşımı 7-ci polis bölməsinin ərazisindən götürüb aparıb".
İlqar Paşayevin bölmədə olan iş yoldaşları deyirlər ki, gözlərinin önündə olub hadisə. 3-4 nəfər mülki geyimli gəlib İlqarı maşına mindirib aparıblar: "Qardaşımın iş yoldaşları onları ayırmaq istəyib. Adamlara yaxınlaşanda görüblər ki, hər birinin belində tapançaları var. Ona görə çəkilib durublar kənarda. İlqarı tutub, döyə-döyə maşına basıb aparıblar. Dişinı qırıb, ağzını partladıblar. Bunu heç ekspertizaya filana da verməyiblər. Bütün gecəni qardaşımı döyüblər. Sizcə bu qədər özbaşınalıq olarmı? Sonra da aparıb təhvil veriblər 4-cü polis bölməsinə. Ayın 22-də də köçürüblər Kürdəxanı Təcridxanasına".
Sirac Paşayev qardaşının şərləndiyini, məhkəmənin işi obyektiv araşdırmadığını deyir: "Siz buradakı şərə bir baxın. Onlar qardaşımı məhkəməyə veriblər. Guya həmin günü işıqforda saxlayanda qardaşım əlində maşının açarı ilə aşağıya enib və NİVA-nın sürücüsünü açarla vurub. Hələ bununla bitməyib, məhkəmə məsələyə aydınlıq gətirmək üçün kamera görüntülərini araşdırmayıb. Məhkəmə sənədlərində qardaşımın 3 azyaşlı uşağı olması ilə bağlı heç nə yazılmayıb. Bütün araşdırma başdangetdi aparılıb. Hətta məhkəmə qətnaməsində yazılıb ki, guya qardaşım daha öncə məhkum olunub. Bu absurddur. Bizim indiyə qədər məhkəməylə, polislə işimiz olmayıb. Biz öz halımızda yaşayan sürücü insanlarıq. O benzin maşını sürür, mən də taksi. Beləcə dolandırırıq ailəmizi. Başımıza gələnlər deyiləsi dərd deyil. İndiyə qədər həmişə polisin şərləyib insanları həbsə salmasını ancaq ordan-burdan eşitmişdim. Heç vaxt insanları bu cür şərləyəcəkləri ağlıma da gəlməzdi".
Sirac Paşayev deyir ki, ilk başda nə olub-keçməsindən asılı olmayaraq barışıq etmək niyyətində olublar. Hətta anası Rauf Əliyevin qəbuluna da gedib. Ancaq sonradan iş başqa məcraya yönəlib: "Hələ saf kimi onlarla barışıq etmək niyyətindəydik. İlk başda vəkil də tutmadıq. Anam rayondan gəldi ki, gedib Rauf Əliyevlə görüşüb, danışacaq. Özü də xəstə insandı, bu xəbəri eşidəndən isə şəkəri lap yüksəyə qalxıb. Yazıq qadın gəldi, getdi Raufun yanına ki, "bəs, nə olub-olub, keçib. Xahiş edirəm oğlumu məhkəməyə verməyin. Sizin əliniz hər yerə uzanır. Yazıqdı balam, 3 azyaşlı övladı var, tutub basarlar içəriyə. Etməyin-eləməyin". Raufun polis oğlu utanmadan anama deyib ki, "oğlunu bir gün səhərəcən əllərimlə döymüşəm. Ağzını, burnunu qanatmışam". Bu sözləri hansı ana götürər? Yazıq qadın ürəyi ağrıya-ağrıya hələ bir də deyib ki, "eybi yox, ay oğul, döymüsən, döymüsən də. Yəqin əsəbi olmusan. Barışın". Oğlan bildirib ki, məhkəməyə nə özü, nə də atası getməyəcəklər. Ancaq nümayəndələri məhkəmədə iştirak edəcək. Ona tapşırarlar şikayətçi olamdıqlarını söyləsin. Dünən də gedib məhkəmənin qərarını almışam. Yazılıb ki, İlqar Paşayev orta təhsilli, evlidir. Əvvəllər məhkum olub, soyuq silahla hücum edib və s. Anladım ki, işi başqa məcraya yönəldirlər. Odur ki, biz də məsələni belə qoymaq niyyətində deyilik. Faktiki videogörüntü var, ancaq üzə çıxarmırlar. Bizim vəkilimiz də deyir ki, görüntüləri görüb. Və həmin görüntüdə avtomobildən düşərkən ilk əl qaldıran Rauf olub. Bunu üzə çıxarırlarmı? Məhkəmə qətnaməsində deyilir ki, guya İlqar əlində açarla düşüb, heç bir səbəbi olmadan Raufu döyməyə başlayıb. Əslində isə belə olmayıb. İnsafsızlıq. vicdansızlıq edirlər. Adam hakimdir, yəqin ekspertizadan döyülmə ilə bağlı sənəd-sübut da əldə edib. Onların əlində nə var ki?".
Sirac Paşayev bəzi KİV-lərin qardaşını günahkar kimi təqdim etməsindən də narahat olduğunu deyir: "Hələ bəzi hökumətyönlü televiziyalar məsələni işıqlandıranda deyirdilər ki, 35 yaşlı gənc oğlan səbəbsiz yerə küçənin ortasında hakimi döyüb. Halbuki qardaşımın 47, digər sürücünün isə 60 yaşı var. Bu ki gülməlidir. Bəs, o oğlanın ailəsini niyə tapmayıblar? Niyə birtərəfli veriblər? Biz indiyə qədər elə bilirdik ki, media, jurnalistlər vətəndaşların tərəfində olurlar, onların halına acıyır, problemlərini işıqlandırırlar. Ancaq bizdəki telekanallar hökumət nümayəndələrinin müdafiəçisinə çevriliblər. Bu necə ölkədir? Rauf Əliyev hələ bir utanmadan televiziyaya açılqlama da verir ki, "oğlunun bu məsələdən sonradan xəbəri olub". Bəs, dişlərini qıcaya-qıcaya anama oğlunu gecə səhərə qədər döymüşəm deyən kim idi? Faktiki adam yaraqlı kimi polis bölməsini basıb və qardaşımı oradan apararaq döyüb".
Sirac Paşayev deyir ki, qardaşı doğurdan da orada Rauf Əliyevə əl qaldırsaydı deyərdi ki, "hə də adama əl qaldırıb qoy gedib bir il yatsın, çəksin cəzasını. Anacq 7 il iş kəsirlər e, soyuq silahla. Belə dərd olar? Bir cavanın ömrüdür. Bəs, balaları başsızmı qalsın? Çətindi, inanın ki çətindir...".
İlqar Paşayev 3 övlad atasıdır. İki qızı bu il 5-ci sinfə keçirlər, bir qızı da 11-ci sinfi bu il bitirəcək. Ailəsi Şəkidə yaşayır: "Siz deyən imkanlı insanlar da deyillər. Bax belə, 1 aydır ki, gecəmiz-gündüzümüz yoxdur. Heç qardaşımın görüşünə də buraxmırlar bizi. Ancaq gedib yemək ötürə bilirik içəriyə. Başqa heç nə. Biz rayondaydıq, gözləyirdik ki, bu da gələcək evə, bayramı birlikdə keçirəcəyik. Axşamı gözlədik gəlmədi. Səhərisi gün iş yoldaşı gəldi ki, bəs, vəziyyət belədir. İnanın, qardaşım bu məsələ olan zaman 102 polis xidmətini də arayıb. Ancaq onunla maraqlanan olmayıb. Martın 20-dən həbsdədir. Elə bir yerə ilişmişik ki, heç deyiləsi deyil. Burnumuza qədər haqsızlığın içindəyik və dərdimizi kimsə eşitmir, səsimizi duyan yoxdur. Məmur özbaşınalığının qurbanlarıyıq. Başqa adı yoxdur. Bizi kimsə eşidəcəkmi?".
Sirac Paşayev deyir ki, başlarına gələnlərlə bağlı bu günə qədər ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Nazirlər Kabinetinə, Milli Məclisə məktub göndərib. Ancaq heç bir cavab almayıb: "Heç məktublarımızın çatıb-çatmadığını da bilmirik. Ancaq onu bilirik ki, prezidentimiz gündəlik medianı izləyir, ziyalı insandır. Odur ki, "Bizim Yol" qəzeti vasitəsilə prezidentimiz İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edərək bildirmək istəyirik ki, haqsızlığa uğramışıq, ölkədə məmur özbaşınalığı var. Bizə yardım etdinlər. Ən azından həmin gün qeydə alınmış videogörüntülərin məhkəməyə təqdim olunmasında bizə kömək etsinlər. Sizdən başqa kimə inanaq? Əgər belə birini tanıyırsınızsa, bizə kimin kömək edəcəyini bilirsinizsə, sizdən savayı biri varsa, deyin, ondan kömək umaq".

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevlə “Azpetrol” şirkətinin sürücüsü arasında yaranmış insidentlə bağlı araşdırma polisdən alınaraq prokurorluğa verilib.
Bizimyol.info saytına daxil olan məlumatda bildirilir ki Prokurorluq bunu Rauf Əliyevin oğlunun polis orqanında işləməsinə görə edib.  İbtidai istintaqa prosessual nəzarət funksiyasını yerinə yetirən qurum hesab edib ki, işin obyektiv və hərtərəfli araşdırlması üçün  prokurorluğun istintaq aparması daha məqsədəuyğundur.
Qeyd edək ki, martın 20-də Rəsulzadə-Novxanı şossesində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevlə «Azpetrol» Şirəktlər Qrupunun sürücüsü İlqar Paşayev arasında yaranan mübahisə sonradan dava-dalaşa çevrilib. Nəticədə hadisə yerinə bir qrup polis əməkdaşları gəlib, sürücü həbs edilib.
İ.Paşayev barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi (Xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə olunmaqla törədildikdə) ilə cinayət işi açılıb. Sürücünün günahı təsdiqlənərsə onu 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
115

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
72

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
150

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
93

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
104

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
92

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
110
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 17:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru