Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2014
15:37
5322
Bunun adı nədir? Anarxiya? Qanunlara sayğısızlıq? Qorxaqlıq? Ayrıseçkilik?

Ölkəmiz ətrafda baş verənlər fonunda yetərincə sabit və sakit təsir bağışlayır. Hər kəs öz işində-gücündə, həyat sabit bir axarda, ciddi kataklizmlər üçün də heç bir səbəb yox. Yəni Azərbaycan hazırda bir çox ölkələrin qibtə və arzu etdiyi bir sabitlik zolağındadır. Hələ nəzərə alsaq ki, bir tərəfdə Orta Şərqdə baş verənlər, digər tərəfdə Ukrayna ətrafında cərəyan edənlərin ölkəmizə birbaşa dəxli var və buna baxmayaraq sabitliyi qoruya bilirik, doğrudan da bəxtimizdən şikayət etmə haqqımız yoxdur. Təbiidir ki, ölkəmizdəki bu durum birbaşa prezident İlham Əliyevin əsəridir. Yəni öz təcrübəsi, dünyagörüşü, uzaqgörənliyi, proqnoz qabiliyyəti ölkə Prezidentinin sakit bir şəkildə işləyə bilməsi üçün imkan yaradır. Bu, yaxşıdır əlbəttə. Çünki istənilən ölkənin istər rəhbəri, istərsə də insanları sabit bir ortamda, əmin-amanlıq içində yaşamağı hər cür qarşıdurmadan üstün tutar. Elə biz də. Ancaq anlaşılan odur ki, bəzi şəxslər bunu yetərincə dərk etmirlər. Bəzi şəxslər deyəndə, bəzi yüksək vəzifəlilər demək istədim.

Dünən mediada oxudum ki, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rəşadət Babayev şəxsən Bakı şəhər sakini Natiq Əhmədovu döyüb, təhqir edib və ümumiyyətlə bir polisə yaraşmayacaq davranış sərgiləyib. Düzdür, hələlik Rəşadət Babayevin məsələyə münasibəti açıqlanmadığından özünü təmizə çıxarmaq üçün nə deyəcəyini bilmirik. Amma istənilən halda bir polis zabitinin bir vətəndaşla bu cür davranması bu ölkədə birilərinin yerində olmadığını göstərir. Onu da əlavə edim ki, vətəndaşın durub durduğu yerdə yüksək rütbəli bir polis haqda bu qədər ayrıntılı açıqlama verərək üstəlik də ölkə prezidentinə müraciət etməsi, hər halda, onun haqlı olmasına əminliyindən irəli gəlir.

Polisdən, yoldan söz düşmüşkən, uzun zamandır yazmaq istəyib də yaza bilmədiyim bir məsələnin üzərinə gəlmək istərdim. Xalq arasında artıq “nəqliyyat qoçuları” adını almış nəqliyyat müfəttişləri haqqında bəzi fikirlərimi paylaşıram.

Həftə səkkiz, mən doqquz bu şəxslərin hansısa taksi sürücüsünü, yaxud da yük maşını idarə edən şəxsi döydüyü, incitdiyi və hətta infarkt həddinə çatdırıb öldürdüyü haqqında xəbərlər gəlir. Özü də bu xəbərlər sadəcə sözdən ibarət deyil, arxasında video, foto görüntüləri də yer alır. Yəni lazım olduğu anda bu “qoçular”ın nə əməllər törətdiyini sübut etmək heç də çətin olmayacaq. Üstəlik, Lider TV-də dəfələrlə onların əməlləri haqqında reportajları şəxsən özüm izləmişəm. Deməli, xalq arasında gəzən söhbətlər yalan deyil. Ancaq maraqlıdır ki, bu qoçular bu qədər tənqid və ifşadan sonra da əməllərindən əl çəkmirlər və daha da sərt bir şəkildə vətəndaş sürücüləri incidirlər. Hətta o yerə qədər ki, ailəsini belə harasa aparanların maşınını saxlayıb sürücüsünü arvad-uşağının qarşısında təhqir də edirlər.

Yollarda şəxsən diqqətimi çəkən başqa bir məqam da DYP nişanlı maşınların tez-tez yol hərəkəti qaydalarını pozmasıdır. Özü də o qədər kobud pozuntulara yol verirlər ki, qanun-qayda bir yana, öz həyatlarını da təhlükə altına atırlar. Yəni qanunlara əməl edilməsinə nəzarəti həyata keçirməli olan bu polislər nədən bu qədər bivec ola bilirlər?

Hər gün H.Əliyev prospektilə işə gedib-gəlirəm. Evə dönərkən diqqətimi daim bir məsələ çəkir: Prospektlə üzü şəhərə doğru gələndə irəli sola Babək prospektinə doğru körpünün üstündən hərəkət edirəm. Hər gün müşahidə edirəm ki, o mürəkkəb yol qovşağında yol polisləri hansısa maşını saxlayıb nəyisə sübut etməyə çalışırlar. Bura elə bir yerdir ki, orda xüsusi hallar istisna olmaqla ümumiyyətlə maşın saxlamaq qadağandır! Çünki bu hal sadəcə hərəkətə maneçilik törətmir, həm də qəza şəraitinə səbəb olur. Şəxsən özüm buranı yaxşı tanıdığım üçün başıma bir iş gəlmir. Ancaq dəfələrlə görmüşəm ki, bəzi sürücülər qarşılarında qəfildən polis maşını və əlavə bir maşın görəndə özlərini itirirlər. Onları da qınamıram. Çünki yol hərəkəti qaydalarını bildikləri üçün düşünürlər ki, burda maşın dayanmaz. Ancaq dayanır! Elə bu gün (14 aprel 2014) saat 12.20-dən sonra həmin yerdən keçəndə düz 3 yerdə polis maşınının nəqliyyat vasitələrini saxladığını gördüm.

Başqa bir məqam da odur ki, prezident İlham Əliyev dəfələrlə yüksək rütbəli məmurlara üzünü tutaraq harınlıqdan əl çəkməyə çağırıb. Ancaq anlaşılır ki, bəzilərinə bu, hələ də çatmır. Çatsaydı onlar ölkə Prezidentinin bu çağırışını qulaq ardına vurmazdılar. Elə son bir həftə ərzində məmur-oliqarx uşaqlarının haram pullarla əldə edilən gəlir hesabına aldığı maşınlarla aeroport yolunda yarış təşkil etməsi, başqa bir qrup harın gəncin isə maşınlarını Fəvvarələr bağında düz Azərbaycan kinoteatrının qarşısında park etməsi heç də diqqətimizdən qaçmadı. Və ən maraqlısı da odur ki, nə adi bir sürücünü təhqir edib döyən Rəşadət Babayev, nə də başqa bir polisin cürəti çatmadı ki, onlara bir söz desin! Bunun adı nədir? Anarxiya? Qanunlara sayğısızlıq? Qorxaqlıq? Ayrıseçkilik? Buyurun, hörmətli poqonlular, video və foto görüntüləri əldə olan həmin halları araşdırın və qanun-qaydanı pozanları cəzalandırın! Cəzalandıra bilmirsinizsə, buna cürətiniz çatmırsa, onda küçədə kasıbın, yetimin üstünə də şığımayın!

Bu yazıda toxunduğum hallar haqqında örnəklər çox ola bilər. Ancaq məqsəd örnəkləri çoxaltmaq deyil. Mənim diqqət çəkmək istədiyim məqam bu adamların bu əməllərilə prezidentin ayağının altını qazmasıdır. Bəli, bunlar – bu harın məmurların görməmiş, meşşan uşaqları; sadə, adi bir sürücünü təhqir edib döyən poqonlu; yollarda 3-5 manatdan ötrü taksi sürən çox hörmətli şəxsləri belə iki qəpiklik edən “nəqliyyat qoçuları”nın əməlləri yalnız və yalnız prezidentin ayağının altını qazmaq kimi yozula bilər! Çünki prezident hər zaman göz önündədir, daim mənfi hallara qarşı dözümsüzlüyünü ifadə edir və bu ünsürlər də onun arxasında belə işlər çevirir! İctimai rəy də birmənalı deyil və bəzən ortalığı qarışdırmaq istəyənlər də bu hallarla manipulyasiya edərək vətəndaşı Prezidentdən narazı salmağa çalışır. Bizcə, artıq bu ünsürlərə yerini daha sərt şəkildə göstərmək lazımdır. Necə ki, cənab Prezident çox hörmətli sənətçi Ağasəlim Abdullayevin ailəsinin başına gətirilən faciədən dərhal sonra qəti sözünü dedi, heç şübhəsiz onun ayağının altını qazmaqda israrlı olan yuxarıda qeyd etdiklərimlə bağlı da tədbir görüləcək. Görülməsə bunlar ayaq altı qazmağa davam edəcəklər. Çünki ağılları bu qədərini kəsə bilir...

Azər Həsrət

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 23:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com