Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2014
22:58
“Rusiya yaxın zamanlarda “müqavimət iqtisadiyyatı”na keçə bilər”
Mayis Güləliyev: “Ukrayna ilə bağlı Azərbaycan hökumətinin tutduğu mövqe hazırkı ictimai-siyasi şəraitdə ən doğru mövqedir”

Ukrayna hadisələrindən başlayaraq ciddi böhran səviyyəsinə gəlib çatan Qərb və Rusiya münasibətləri hər ötən gün bir qədər də gərginləşir. Moskvanın Krımı işğal edərək Ukraynanın ərazi bütövlüyünü pozması Qərbi Kremlə qarşı bəzi addımlar atmaq məcburiyyətində qoyub. Hələlik iqtisadi sanksiyalar tətbiq etməklə Rusiyanı inadından geri çəkilməyə məcbur etməyə çalışan Qərbın sonrakı mərhələdə bir qədər də təsiredici qərarlar verəcəyi istisna edilmir? Bəs görəsən Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar Kremli geri addım atmağa sövq edə bilərmi? “Vətən” blokunun icraçı katibi Mayis Güləliyev verdiyi müsahibədə Rusiyaya tətbiq edilən snaksiyaların bu ölkəyə mümkün təsiri və bundan cərəyan edəcək proseslər barədə danışıb.

-Mayis bəy, sizcə Qərbin Rusiyanı iqtisadi baxımdan çökdürmək planı işə yarıyacaqmı?

-“İqtisadi cəhətdən çökdürmək”  ifadəsinə bu gün KİV-lərdə çox rast gəlinir. Amma bunun nə olduğunu kimsə açmaq istəmir. Onun bir neçə əlamətlərini sadalayaq. Məsələn, rublun sürətlə inflyasiyası, Rusiyanın zavod və fabriklərinin dayanması, ixrac mallarının rəqabətqabiliyyətliliyinin ciddi şəkildə azalması, ölkənin strateji əhəmiyyətli mallarının importdan asılılığı və sair. Gəlin görək, Qərb bu sadaladığımız əlamətlərdən hansını birtərəfli reallaşdıra bilər? Kiçik ölkələrdən fərqli olaraq, Rusiya maliyyə qurumları, beynəlxalq maliyyə institutlarından daha az asılıdır. Amma təəssüf ki, belə asılılıq var. Odur ki, rublun dollara nisbətən ucuzlaşması mümkündür və realdır. Amma rubl  dollardan və ya avrodan o dərəcədə asılı deyil ki, bu valyutalar rublu istədiklər zaman məhv edə bilsinlər. Hər halda rublun arxasında iqtisadiyyat, əmtəə və xidmət dayanır. Odur ki, rublun sürətlə inflyasiyası o halda mümkündür ki, sadaladığımız sonrakı əlamətlər də baş versin. Yəni rublun düşməsini Qərb stimullaşdıra bilsə də sürətli inflyasiyasını reallaşdıra bilməz. Digər əlamətlər, məsələn, Rusiya zavod və fabriklərinin fəaliyyətinin dayandırılmasını Qərb reallaşdıra bilməz. Çünki bu zavod və fabriklərdə istehsal olunan malların mütləq əksəriyyəti Qərb bazarları üçün yox, daha çox daxili və MDB bazarları üçün nəzərdə tutulub. Odur ki, belə müəssisələrin işi də normal davam edəcək. Başqa bir əlamət, yəni Rusiya mallarının rəqabətqabililiyyəti də aşağı düşməyəcək. Çünki, bu mal və xidmətlər Qərb bazarına yox, daha çox üçüncü dünya ölkələrinin bazarlarına istiqamətlənib. Ölkənin strateji malları ilə Rusiya özünü təmin edə bildiyindən Qərb bu sahədə də Rusiyaya təsir imkanından kənardadır. Yəni həm enerji, həm də ərzaq mallarını Rusiya öz bazarı üçün özü istehsal edir. Beləliklə deyə bilərik ki, Qərbin iddia etdiyi və KİV-lərin gündəlik mətbuatda “fırladığı” o ifadə yaxın gələcəkdə reallaşa bilməz.

-Ümumiyyətlə, bu Rusiya da hansısa mənfi fəsadlar yarada bilər?

-Əksinə əgər Rusiyada hakimiyyət və xalq bir olarsa, Rusiya yaxın zamanlarda “müqavimət iqtisadiyyatına” keçə bilər. Bu isə nəinki Rusiyanı zəifləməkdən qoruya bilər, hətta  yaxın zamanlarda iqtisadi cəhətdən sürətlə inkişaf etməyə sövq edər. Belə olarsa, Qərb ciddi şəkildə Rusiyadan asılı vəziyyətə düşə bilər. Bunun üçün Rusiya bir neçə addım atmalıdır. Birincisi, rublun qızıl ekvivalentini tətbiq etməlidir. İkincisi dolların ölkədə sərbəst dövriyyəsini dayandırmalıdır. Üçüncüsü, neft və qaz məhsullarının satışını yalnız qızılla etməlidir. Dördüncüsü, iqtisadiyyatını Şərq ölkələrinə istiqamətləndirməlidir. Beşincisi, Çin və Hindistanla iqtisadi və hərbi əməkdaşlığını genişləndirməlidir.

-Qarşıdakı müddətdə Rusiya digər regionlarla bağlı da təcavüzkar siyasətə başlaya bilərmi?

-Qətiyyən. Rusiyanın Krımı özünə birləşdirməsini “imperiya istəyi” kimi yox, “öz milli təhlükəsizliyini qorumaq hissi” kimi xarakterizə etmək daha çox həqiqətə uyğundur. Ukraynada hakimiyyət çevrilişindən sonra NATO və Qərbin Qara dəniz hövzəsinə gəlməsi ehtimalını nəzərə alaraq, Rusiya bu addımı atıb. Bu nöqteyi nəzərdən Rusiyanın digər regionlara təcavüz etməsi məntiqdən uzaqdır. Yəni guya Rusiyanın Qarabağı da özünə birləşdirəcəyini iddia etmək tamamilə yanlışdır.

-Sizcə, bundan sonra Ukraynanın taleyi necə olacaq? Parçalanmış Ukrayna iqtisadi cəhətdən hansı problemlərlə üzləşəcək?

-Ukrayna iqtisadi, siyasi, tarixi, mədəni cəhətdən Rusiya ilə ən yaxın ölkədir. Hətta may ayında demokratik seçkilər keçirilərsə, Ukraynada Qərbpərəst deyil, rusiyapərəst siyasətçi prezident seçilə bilər. Elə bu səbəbdən də Ukraynada hakimiyyətlə müxalifət arasında 21 Fevral razılaşması müxalifət tərəfindən qəflətən pozuldu və çevriliş edildi.  

-Hazırda Azərbaycan hansı mövqeyi ortaya qoymalıdır? Bir çoxları Ukraynanın yanında olmağı məqbul sayır. Siz necə düşünürsünüs?

-Ukrayna ilə bağlı Azərbaycan hökumətinin tutduğu mövqe hazırkı ictimai-siyasi şəraitdə ən doğru mövqedir. Yəni Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır. Digər tərəfdən də Ruisya ilə ən geniş mənada əməkdaşlığını saxlayır. Mən əminəm ki, əgər Qərb Rusiyaya qarşı hər hansı iqtisadi sanksiyalar tətbiq edəcəksə, Azərbaycan bu sanksiyalara qoşulmayacaq. Rusiya Azərbaycan üçün çox mühüm ölkədir. Digər tərəfdən, Ukrayna ilə də Azərbaycanın əlaqələri genişdir və bu çox mühümdür. Azərbaycan hakimiyyətinin balanslı xarici siyasətinin ən böyük dəyəri də bundan ibarətdir. Bütün qonşu ölkələrlə dinc və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin qurulması Azərbaycanın təhlükəsizliyi üçün vacibdir.

Süleyman İsmayılbəyli

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6425

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5303

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6811

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6817

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9362

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6507
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-07-2020 07:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru