Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2014
11:43
Zərdüşt Əlizadə: ”Rusiyanın Azərbaycanla bağlı əsas hədəfi budur ki, Qarabağ münaqişəsi öz həllini tapmasın. Çünki Qarabağ qarmağı Rusiya tərəfindən həm Azərbaycanın, həm də ki, Ermənistanın qabırğasına keçirilib`

Rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin rəsmi Bakının BMT-də Ukraynanın ərazi bütövlüyünə dair səs verməsindən sonra hədə xarakterli açıqlama ilə çıxış edib. Rəsmi Moskvanın əsas sözçülərindən hesab edilən Duqin açıqlaması zamanı bildirib ki, Rusiya özü ilə dost, ya da heç olmasa neytral olan Azərbaycanı istəyir. 

 

“Rusiya ilə düşmən olan Azərbaycanın sonu çox tez çatar. Eyni fikirlər Ermənistana, Qazaxıstana, Belorusa, istənilən postsovet ölkəsinə də aiddir. Rusiya ilə qarşıdurmaya gedən heç bir postsovet ölkəsi indiki sərhədləri daxilində mövcudluğunu davam etdirə bilməyəcək. İndikindən kiçik sərhədlər daxilində qalacaq. Həm de-yure, həm də de-fakto. Bu, geosiyasi qanundur. Kim bu qanuna qarşı çıxmaq istəyirsə, qoy, yoxlasın”.

 

Rusiyalı ideoloqun fikirləri ilə bağlı FaktXeber.com-a açıqlama verən politoloq Zərdüşt Əlizadə maraqlı fikirlər səsləndirdi. Politoloq bildirdi ki, Avrasiya İttifaqının əsas ideoloqlarından biri hesab edilən Duqinin səsləndirdiyi fikirlər tamamilə mənasızdır. 

 

Malı-mala qatmağın doğru olmadığını söyləyən ekspert, “ona görə ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər çox geniş və hər tərəflidir. Eyni halda Azərbaycan prezidenti İlham Əliyevlə Vladimir Putin arasındakı əlaqələr çox şəffafdır“, - deyə qeyd etdi:  

 

”Rusiyanın Azərbaycanla bağlı əsas hədəfi budur ki, Qarabağ münaqişəsi öz həllini tapmasın. Çünki Qarabağ qarmağı Rusiya tərəfindən həm Azərbaycanın, həm də ki, Ermənistanın qabırğasına keçirilib və hər iki dövlət Kremlin divarından asılıb. Bu məsələnin əsas şərti də mövcud hakimiyyətlər tərəfindən həyata keçirilir. Sözügedən sxemin işləməsi üçün ilk öncə Ermənistanda erməni, Azərbaycanda da bizim xalq düşünməlidir ki, hakimiyyətləri doğrudan da Qarabağ uğrunda mübarizə aparır. Ümumiyyətlə Ermənistanda xalqın Qarabağ ilhaqına ümidləri olduqca azdır. Orada əsas məsələ Ermənistanın qalıb-qalmamasından gedir. Azərbaycan hakimiyyəti isə xalqı inandırmaq üçün istər beynəlxalq, istərsə də ölkə səviyyəsində Qarabağla bağlı özünü müstəqil və aktiv göstərməyə çalışır.“ 

 

Zərdüşt bəy sonda bildirdi ki, Azərbaycan Ukrayna məsələsində məntiqi olaraq rəsmi Kiyevin lehinə səs verib: 

 

“Çünki ərazi bütövlüyü müddəası Azərbaycanın Qarabağ uğrunda mübarizədə müraciət etdiyi əsas müddəalardan biridir. Rusiya da çox gözəl bilir ki, Azərbaycan öz növbəsində bu müddəadan imtina edib, Ukraynanın əleyhinə səs vermə bilməzdi. Digər tərəfdən həyata keçiriləcək bu səs vermənin o qədər də əhəmiyyəti yoxdur. Ona görə ki, BMT-nin Baş Assambleyasının qərarları, Təhlükəsizlik Şurasının qərarlarından fərqli olaraq icbari yox, məsləhət xarakteri daşıyır.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 03:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com