Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2014
10:20
`Dedi, seç - ya butulka, ya da...`

NİDA-çıların məhkəməsində tükürpədici işgəncə faktları üzə çıxdı; Məhkəmədən istintaq təcridxanasına aparan maşına gözyaşardıcı qaz buraxılıb

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəməsi keçirildi. Proses başlayan kimi vəkil Nemət Kərimli iki vəsatət qaldırdı. Bunlardan biri təqsirləndirilənlərdən Şahin Novruzlunun MTN-də məruz qaldığı işgəncə nəticəsində dişlərinin tökülməsi ilə əlaqədar məhkəmə tibbi ekspertizasının keçirilməsi ilə bağlı idi. İkinci vəsatət isə Şahin Novruzlu ilə digər 7 təqsirləndirilən arasında telefon əlaqəsinin olub-olmadığına dair mobil operatorlardan arayış alınması ilə bağlı idi. Məhkəmə yalnız tibbi ekspertiza ilə bağlı vəsatəti təmin etdi.

Daha sonra təqsirləndirilən Məmməd Əzizov sərbəst ifadə verdi. İfadəsində bildirdi ki, NİDA-ya 2012-ci ilin iyun ayında qoşulub: “Həmin vaxt fəlsəfə klubu yeni yaradılmışdı. Mən də mütəmadi olaraq həmin seminarlarda iştirak edirdim. Avqust-sentyabr ayına qədər davam elədi. Bunu deməkdə məqsədim odur ki, guya 2013-cü ilin fevralında ”Axundov bağı"nda üzümüzdə vendetta maskası ilə seminarlar keçirməyimiz müstəntiqlərin fantaziyalarından başqa bir şey deyil. Yay və insanların çoxu rayonda olduğundan aksiyalar keçirilmirdi. Həm də ümumi olaraq bir durğunluq var idi.

 Ona görə də kompyüterdə “Təcili demokratiya tələb olunur: Tel. +994... Ünvan Azərbaycan” yazıb printerdə 30-40 ədəd çıxardım. Bir hissəsini şəhərdə universitetdə yapışdırdım. Qalanları evdə qaldı. MTN axtarışda götürdü. Bir dəfə Bəxtiyarla Xarici İşlər Nazirliyinin yaxınlığında mağazaya qalxan pilləkənin altında, divara “Bura pilləkənin altıdır - Heydər Əliyev” yazdıq. Çünki çox yerdə görmüşdük ki, Heydər Əliyevin “Mən istəyirəm xalqım çay içsin”, İlham Əliyevin Füzulidə olan “Mən istəyirəm Füzulidə olum” plakatlarından sonra bizim yazdığımız onlarla müqayisədə daha ciddi görünərdi.  Bundan sonra 2012-ci ilin noyabrında facebookda Heydər Əliyev səhifəsi yaratdıq. Fikirləşdik ki, küçələr, prospektlər, heykəllər, stadionlar, parklar, hamısı Heydər Əliyevin adınadır. Facebookda başqa adla səhifə aşmaq vətənə xəyanət olardı. Bu addımı atmaqda məqsədimiz həm də insanlarda xofu dağıtmaq idi. Adamlar çox hallarda hətta vəzifəli şəxslərin hətta adını çəkməyə qorxurlar, bu barədə pıçıltı ilə danışırlar. Biz də insanlarda yaranan bu xofu dağıtmaq üçün mümkün olan bütün addımları atırdıq. Hesab edirəm ki, məqsədimizə də çatdıq. Səhifə çox uğurlu oldu.

Səhifə noyabrın 4-də açılmışdı. Açılan gündən təhdid mesajları gəlirdi. Yanvarın ortalarından təhdidlər daha da intensivləşdi. Artıq “başın bədəninə ağırlıq edir” kimi yox, “səhifəni 24 saat ərzində bağlamasaz, MTN tərəfindən müdaxilə olunacaq və həbs olunacaqsız” tipli təhdidlərə keçildi. Fevraldan başlayaraq artıq birbaşa telefonumuza təhdid zəngləri gəlirdi. Gördüyümüz işin fərqində idik. Bunun müqabilində alacağımız hədiyyənin MTN-in “podvalı” olacağını bilirdik. Amma çox da vecimizə deyildi.

Guya fevralın 28-də Venesiya kafesində yığışıb “Molotov kokteyli” atmaq barədə müzakirələrə gəlincə, fevralın 27-də bir neçə dostumla Sumqayıtda 1972-ci ildə asılan türk inqilabçısı Deniz Gezmişin ad gününü qeyd etmişik. Həmin gün səhərə qədər içdik. Ona görə gecəni orda qaldım. Səhər duranda başım ağrıyırdı. Ona görə də Bakıya ayın 28-də, axşam 7-8-də çatdım. Yəni fevralın 28-də heç kimlə heç yerdə hansısa müzakirələr aparmamışam. Həbsimə gəlincə, martın 7-də, axşam 9-10 arası Fəvvarələr meydanında məni faktiki oğurladılar. 10-12 nəfər məni sürüyə-sürüyə, döyə-döyə aparıb maşına basdı. Bütün bunlar Fəvvarələr meydanında polisin gözü qarşısında baş verdi. Amma polis üzünü çevirib telefonla danışmağında davam elədi, maraqlanmadı. Mənə saxlanılma vaxtı heç bir sənəd göstərmədilər.

Evdə bildim ki, bunlar MTN əməkdaşlarıdır. Axtarışa mətbəxdən başladılar. O biri otaqdan “Təcili demokratiya tələb olunur” vərəqələrini, kitablar götürdülər.  Evə təxminən 10 nəfər girmişdi. Bir hissəsi hansısa otağa girib axtarış aparanda qalanları digər otaqlarda qalır, evin içində gəzişirdilər. Bütün otaqlarda axtarış aparandan sonra giriş qapısının yanında balaca şkafın siyirməsini axtarış aparan şəxs barmağı ilə göstərib, “oranı açın” dedi. İki neylon paketin içində qurudulmuş ot var idi. Mən  götürüb iylədim. Dedim, bu raziyanadır, nədir? “Gedərik ona baxarıq” deyib götürdülər. Məni MTN-ə apardılar. İzahatda da yazdım ki, narkotik mənim deyil. Onu MTN işçiləri məni həbs etmək üçün qoyublar. MTN-də məni koridorda saxlayanda Bəxtiyarı keçirirdilər. Bir nəfər soruşdu ki, bu çaqqalı tanıyırsan? Dedim ki, hə. Gecə kimisə döyürdülər, dəhşətli səslər gəlirdi. Elə bildim ki, Bəxtiyardır, dəhşətə gəldim. Ertəsi gün müstəntiqin yanına apardılar. Bir neçə nəfər növbəyə düzülmüşdülər. Guya ağıl verirdilər.

Bəxtiyarı o vəziyyətdə görmüşdüm. Gecə işgəncə səsləri də psixoloji durumumu məhv eləmişdi. Hər dəfə izolyatordan çıxarıb harasa aparanda bir-birinə deyirdilər ki, bunu “podvala” aparırıq? O birisi də deyirdi ki, “yox, bu, yaxşı oğlandır, elə eləməz ki, bunu podvala aparaq”. Psixoloji və fiziki təzyiq nəticəsində tamamilə çökmüşdüm. 10 nəfərə yaxın adam düzülmüşdü və bir kağız verdilər ki, imzala. Nə olduğunu bilmədən imzaladım. Daha sonra martın 9-da məhkəmədə həbs qərarı veriləndən sonra MTN-də bir kağız verdilər ki, kamera qarşısında bunu oxuyacaqsan.

 Çəkiliş vaxtı müstəntiq əlində kağızı tutmuşdu, ordan oxuyurdum. Martın 10-11-də hökumətyönlü bir qəzet verdilər. O qəzetdə  bir neçə hakimiyyətyönlü gəncin bizim barəmizdə dediklərini oxudum. Orda oxuduqlarımdan sonra şokdan ayıldım. Fikirləşdim ki, bayırda adam yerinə qoymadıqlarım gör mənim haqqımda nələr deyir. Fikirləşdim ki, mənə nə etsələr də, məndən istədikləri ifadəni ala bilməyəcəklər. Martın 14-də gəlib mənə dedilər ki, Rəşad Həsənovu həbs edəcəyik, burda yazılanları onunla üzləşmədə deməlisən. Dedim ki, “özünüzü yormayın. Mən Rəşadın üzünə durmayacam”.

Rəşadla üzləşmədə dedim ki, ifadədən imtina edirəm. Müstəntiq özünü itirdi, çıxıb kiminləsə telefonla danışdı. Azər adlı bir nəfər məni bir otağa apardı, döyməyə başladı. Telefonla kiməsə zəng vurub, “butulka gətir” dedi. Qapını açıb, dubinka verdilər. Sevindim, çünki butulkaya baxanda dubinkaya can qurban. Başıma, bədənimin müxtəlif yerlərinə dubinka ilə vururdu. Təxminən 15-20 dəqiqə belə davam etdi. Sonra kiməsə zəng vurub, onun otağına apardılar. Adı Mamay idi, “rəis” deyə müraciət edirdilər. Mamay yumruq və təpiklə, Azər dubinka ilə iki tərəfdən məni döyməyə başladılar. Bir saata yaxın döydülər. Qayıdıb Rəşadın üzünə durmalı olduğumu dedilər. Dedim ki, etməyəcəyəm. Sonra Mamay dedi ki, seç, ya butulka, ya da səni zorlasınlar. Dedim, heç biri. Bir az istirahət etdi, sonra başladılar döyməyə.

Dedilər, yox, seçməlisən, belə oynamaq olmaz. O an inqilabçı ruhum cuşa gəldi. Dedim ki, mən bu yola girəndə hər şeyi gözə almışam, nə istəyirsiz edin. Mamay dedi ki, elə bilirsən zarafat edirik? O dəqiqə bir butulka gətirərlər, onun üstünə otuzdurub, videoya çəkib, AzTV-yə verəcəyik. KVN-dən bir səhnə yadıma düşdü. Dedim: “AzTV? Problem yoxdur. Onsuz da AzTV-yə baxan yoxdur. 10-15 dəqiqə döydülər. Sonra yoruldular. Leşimi gətirib kameraya atdılar. Ayaqlarıma görə bir həftə yeriyə bilmədim. Sol qulağım eşitmirdi. Kürdəxanıya köçürüləndən sonra iki aylıq müalicədən sonra qulağım açıldı. MTN-də məni döyürdülər, sonra da deyirdilər ki, ”haqqını halal elə". Bəxtiyarın və mənim həbsimin səbəbi birbaşa Heydər Əliyev səhifəsidir. O səhifə böyük işlər görüb. Təbii ki, bütün baş verənlər NİDA-ya qarşı repressiyaların tərkib hissəsidir. Məqsəd də NİDA-nın fəaliyyətini zəiflətmək, insanların gözünü qorxutmaqdır. Amma plan tərsinə işlədi.

Bizim həbsimizdən sonra NİDA-nın sıraları daha da genişlənib".
Rəşad Həsənov isə ifadəsində bildirdi ki, içində “Molotov kokteyli” olduğu bildirilən butulkaları ilk dəfə 9 mart axşam saatlarında televiziyada gedən süjetlərdə görüb: “Süjetlərdə bütün butulkalar homogen idi və heç birinin üzərində əlavə bir şey yox idi. Ümumiyyətlə, butulkaların ağzı rəngli bir materialla bağlı idi və mənim əvvəllər televiziyada və ya virtual aləmdə gördüyüm xarici ölkələrdə istifadə olunanlardan fərqli idi. Çünki mənim əvvəllər gördüklərimin ağzından təqribən 10 sm. parça sallanırdı. Yəni bu butulkaların nəinki mənimlə, hətta əvvəllər TV-də virtual aləmdə gördüyüm butulkalarla heç bir əlaqəsi yox idi”.

R.Həsənov ifadəsində onu da dedi ki, 9 martda TV-də gedən süjetlərdə Bəxtiyar və Məmməd İdarə Heyəti üzvlərinin adlarını sadalayaraq sanki onların zorakılıq törətmək fikirlərinin olduğunu bildiriblər: “Bunu gördükdən sonra əleyhimizə istənilən ifadənin alına biləcəyini düşündük. Çünki süjetlərdə deyilənlər cəfəngiyyat idi. Bizə qarşı eyni cəfəngiyyatların baş verməməsi üçün və bizdən də hər hansı təzyiq altında ifadə almamaları üçün qabaqlayıcı tədbir kimi təcili brifinq keçirdik və bunu lentə aldıq. Brifinqdə  idarə heyətinin bütün üzvləri iştirak edirdi. Bütün bu olanlardan sonra əvvəlcə istintaqa cəlb olunacağımı, bir müddət sonra isə şərlənərək həbs olunacağımı gözləyirdim. Amma belə olmadı, yəni istintaqa cəlb olunmadan həbs olundum”.

NİDA üzvü vurğuladı ki, heç vaxt heç bir yerdə iğtişaş və ya hər hansı zorakılıq törətməklə bağlı fikir bildirməyib: “Nə vaxt mübarizə üsulları müzakirə olunsa, hər zaman qeyri-zorakı, dinc mübarizənin daha effektli olduğunu bildirmişəm. Daha əvvəllər dünyada aparılan və uğurla nəticələnən dinc mübarizə vasitəsilə dəyişiklik misallarını gətirmişəm. Heç kimdən bu butulkaları almamışam, heç kimə verməmişəm. Heç bir ”Molotov kokteyli" hazırlanması, əldə olunması, daşınması, istifadə olunması ilə bağlı heç bir yerdə müzakirəm, yazışmam olmayıb"

R.Həsənov ifadəsində 2013-cü ilin 15 mart tarixində digər saxlanılan hərəkat üzvləri Bəxtiyar və Məmmədlə üzləşdirilməsindən də danışdı: “Məmmədlə üzləşmə zamanı bildirdi ki, ifadəsini müstəntiq yazıb və o da təzyiq altında imzalayıb. Bunu eşidən müstəntiq Qasım Məmmədov tərtib etdiyi üzləşdirmə protokolunu cırdı. 15 martdan başlayaraq 13 sentyabra qədər mənim iştirakımla heç bir istintaq hərəkəti keçirilməyib. Ancaq 2-3 ekspertiza qərarı elan olunub. Mənim dindirməm, rəylərin elanı hamısına bir yerdə cəmi 4-5 saat sərf olunub, yəni heç bir iş günü etmir. Ancaq məni martın 14-dən həbsdə saxlayırlar. Bundan görünür ki, mənim həbsdə saxlanmağıma heç bir ehtiyac olmayıbdır, demək, bu hüquqi deyil, siyasi məsələdir.

 İstər əleyhimə ifadələrin təzyiq altında alınması, istər istintaqdan yayınmağımla bağlı yalan iddialar, istərsə də ilkin dindirməm və üzləşdirməm zamanı vəkilimin iştirakının təmin olunmaması bir daha həbsimi və mənə qarşı ittihamı qərəzli, şər, böhtan, sifariş, ictimai-siyasi fəaliyyətimi məhdudlaşdırmaq, ictimai fəaliyyətlə bağlı məni və dostlarımı qanunsuz cəzalandırmaq, digər gənc fəalları qorxutmaq və onları ictimai-siyasi fəaliyyətdən çəkindirmək kimi qiymətləndirirəm”.

Günün sonunda məlum olub ki, təqsirləndirilənləri məhkəmədən istintaq təcridxanasına aparan maşına gözyaşardıcı qaz buraxılıb. Bunu APA-ya həbsdə olan Zaur Qurbanlının vəkili Xalid Bağırov deyib.

X.Bağırov bildirib ki, təqsirləndirilən şəxsləri Bakı Ağır Cinayətlər Məhkəməsindən Bakı İstintaq Təcridxanasına apararkən avtomobildə Zaur Qurbanlının vəziyyəti pisləşib: “Maşındakı digər təqsirləndirilən şəxslər konvoylardan pəncərənin açılmasını xahiş ediblər. Lakin onların xahişinə məhəl qoyulmayıb. Bundan sonra təqsirləndirilən şəxslər maşının qapısını döyəcləməyə başlayıblar. Nəticədə konvoylar maşına gözyaşardıcı qaz buraxıblar. Təqsirləndirilən şəxslərin vəziyyəti ağırlaşıb. İlkin Rüstəmzadənin isə gözləri zədələnib”. Proses aprelin 3-də davam etdiriləcək./Yeni Müsavat

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 15:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com