Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2014
21:08
2651
İşdən uzaqlaşdırılan müəllim qanunsuzluqdan danışıb
“Şücayət Nağdəliyevi xalqın balalarının sağlamlığı deyil, maddiyyat maraqlandırır”

Bu günlərdə Qazax rayon Ürkməzli sakini Vəliyev Aydın redaksiyamıza müraciət edərək Qazax Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbindən qeyri-qanuni şəkildə çıxarıldığını bildirib. Şikayəti yaxından araşdırmaq üçün əməkdaşımız onunla görüşüb.

A.Vəliyev bildirib ki, 2-3 il bundan öncə gedən ixtisarlar zamanı adı çəkilən məktəbə pedaqoji təhsili olmayan bir adamı müdir qoyublar: "2012-ci ildə əllərinə bir əsas düşdü. Qeyri-qanuni ixtisarlar apardılar. Əslində mən həmin məktəbdə ixtisarlar olmasının tərəfdarıydım, orada heç bir təhsili olmayan adamlar da işləyirdilər. Amma bu cür ixtisar məni heç cür qane edə bilməz. Belə ki, ixtisarlar zamanı işdən azad olunan müdirimizin yerinə heç bir pedaqoji təhsili olmayan birini -Nağdəliyev Şücaəti təyin etdilər. Hər şey də bundan sonra başladı..."

İdman məktəbinin keçmiş müəllimi deyib ki, Ş.Nağdəliyev müdir olandan dərhal sonra onu heç bir əsas göstərmədən işdən azad edib: "Aparılan ixtisarlarda əsas məqsəd ixtisaslı kadrların işə qəbul edilməsi idi. Amma Nağdəliyev başına heç bir savadı, özü kimi pedaqoji təhsili olmayan adamları yığdı, savadlı kadrlar isə məktəbdən uzaqlaşdırdı. O cümlədən də məni..."

O, həmin məktəbdə uzun illərdən bəri çəkdiyi əziyyətlərə qiymət verilmədiyinə təəssüfləndiyini dedi: "1981-ci ilə kimi yeniyetmələr arasında yığma komandanın üzvü olmuşam, gənclər arasında SSRİ idman ustasıyam, Bədən Tərbiyəsi Akademiyasının məşqçi-müəllim fakültəsini bitirmişəm. Bütün bu göstəricilərimə baxmayaraq, müdir olduğunun 3 günü tamamlanmamış məni  qeyri-qanuni şəkildə işdən azad etdi".

O iddia etdi ki, Ş.Nağdəliyevi idmanın inkişaf etməsi, xalqın balalarının sağlamlığı deyil, maddiyyat maraqlandırır: "O adama yarışların təşkilatçılığında ancaq və ancaq korrupsioner müəllimlər lazım idi. İşə qəbul olunduğu gündən bu yana bütün fəaliyyəti göstərir ki, mən dediklərimdə yanılmıram. Yarışlara, tədbirlərə ancaq sənədlər getdi, sənədlər gəldi... 

Bu günə kimi də idman məktəbinin heç bir uğurlu nəticəsi yoxdur. Halbuki təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev mənə ünvanladığı məktubda yazır ki, XX Spartagiyadada 3-cü yeri tutmuşuq. Amma mən dəqiq bilirəm, o adamlar həmin yarışda ümumiyyətlə, iştirak etməyiblər. O yarışa ayrılan pul da mənimsənilib. Daha doğrusu, icra hakimiyyətinin keçmiş binasının təmirinə sərf olunub. Tam məsuliyyətimlə deyə bilərəm ki, idman məktəbinə ayrılan bütün vəsait ancaq və ancaq ora xərclənib."

O daha sonra qeyd etdi ki, etdikləri şikayətlərə, yazdıqları məktublara ya baxılmır, ya da birbaşa təhsil şöbəsinə ünvanlanır: "Bu yaxınlarda Prezident Administrasiyasına məktub yazmışdım. Onlar məktubu Təhsil Nazirliyinə, təhsil nazirliyi isə Qazax Rayon Təhsil Şöbəsinə, şəxsən Əhməd Dərgahquliyevin ünvanına yönləndirilib. O da mənə və digər şikayətçilərə yazıb ki, bu barədə əsaslanmış surətdə cavab yazın. Ümumiyyətə, mənim ciddi əsaslarla, faktlarla yazdığım məktuba orada cavab yoxdur".

Sonda A.Vəliyev bütün əlaqədar şəxslərə, Təhsil Nazirliyinə, ölkə başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət edib və bu işə birbaşa diqqət göstərmələrini xahiş edib.

Hikmət Carçılı Orhun, Qazax

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 16:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com