Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2014
14:33
Məktəblilər arasında şahmat festivalının açılış mərasimi olub

Aprelin 1-də Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat festivalının açılış mərasimi keçirilib. Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş festivala paytaxt rayonlarını, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, eləcə də digər şəhər və rayonları təmsil edən məktəblilərdən ibarət komandalar qatılıb. 5 gün davam edəcək yarışda iştirak üçün 66 şəhər və rayondan 396 nəfər məktəbli qeydiyyatdan keçib. Onlardan 198 nəfəri qızdır.

FaktXəbər-in məlumatına görə, yarış İsveçrə sistemi üzrə keçirilir. Hər bir komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir.

Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” ölkəmizdə bu qədim idman növünün kütləviliyinin təmin olunması, şahmat müəssisələri şəbəkəsinin genişləndirilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssis korpusunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın şahmat ölkəsi kimi nüfuzunun artırılması baxımından böyük imkanlar açıb.

Məlumat üçün qeyd edək ki, hazırda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat məktəbində on minlərlə məktəbli bu intellektual oyunun sirlərini öyrənir.

2013-cü ildə uşaq-gənclər şahmat məktəblərinin yetirmələri respublika yarışlarında 41, Avropa, dünya və beynəlxalq səviyyəli rəsmi yarışlarda 11 qızıl, 7 gümüş, 5 bürünc olmaqla, ümumilikdə, 23 medal qazanıblar. Ölkə üzrə 22 nəfər beynəlxalq qrossmeysterdən 15-i, 14 nəfər beynəlxalq dərəcəli idman ustasından 7-si, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə təhsil sistemində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələridir. Hər il ayrı-ayrı yaş qrupları üzrə keçirilən respublika birinciliklərində mükafata layiq yerlərin, Avropa və dünya miqyaslı yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələri qazanırlar.

Şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rolu nəzərə alınaraq, 2012-ci ildən etibarən pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində şahmat dərslərinin tədrisinə başlanılıb. Hazırda 500-dən çox ümumtəhsil məktəbinin 2-ci, 3-cü və 4-cü siniflərində şahmat fənni tədris olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 20:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com