Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2014
10:20
2575
Qarabağda ilk şəhidləri verməyimizdən 26 il ötür
1988-ci ilin fevralı. Əli və Bəxtiyara atılan güllələr

Fakt faktlığında qalır - bizi tanıyan, bizimlə əlaqədə olan milliyyətindən asılı olmayaraq hər kəs qısa bir müddətdə bir millət olaraq haqqımızda uydurulan yalanları anlayaraq həqiqəti qəbul edir. Hələ ötən əsrin əvvəllərində Üzeyir bəy yazırdı ki, bizi bütün dünyaya, Avropaya vəhşi kimi təqdim edən ermənilərin səylərinə baxmayaraq, ingilislərin Bakıda bir həftə qalmaları bəs etdi ki, onlar necə böyük tarixə və mədəniyyətə malik olduğumuzu, bir sözlə, kimin kim olduğunu bilsinlər, Qafqazda millətlərarası münasibətlərin özəlliklərini anlasınlar.  

Ötən əsrin əvvəllərində III Dövlət Dumasında Cənubi Qafqazdan yeganə azərbaycanlı deputat X.Xasməmmədov bildirirdi ki, millətlərarası gərginliyin səbəblərindən biri hakimiyyətin yerlərdə müvafiq sosial-siyasi tədbirləri ilə təmin edilməyən miqrasiya prosesləridir: "Son üç ildə Zaqafqaziyada rus əhalisinin sayı 10 min nəfər artmışdır. Bu, müstəmləkələşməyə rəsmən icazə verildiyi 1898-ci ildən sonra buraya gəlmiş köçkünlərin 36 faizi deməkdir... Hakim dairələr 1905-ci ildən sonra getdikcə tez-tez baş verən millətlərarası münaqişələrə heç bir münasibət bildirməmiş və bu münaqişələr genişlənərək erməni-azərbaycanlı qırğınına çevrilmişdir. Problemi yalnız xalqların qanuniləşdirilmiş hüquq bərabərliyi həll edə bilər".

Həmin iclasda deputat K.Çxeidzenin söylədikləri də diqqətəlayiqdir: "XIX əsrin ortalarından Şərqi Zaqafqaziyanın müsəlman əyalətlərində torpaqların çox geniş miqyasda qəsb edilməsi baş vermişdir... Almanların, ermənilərin, yunanların, Orenburq quberniyasından olan molokanların, rus sektant kəndlilərinin köçürülməsi regionda həm aqrar vəziyyəti, həm də millətlərarası gərginliyi artırmışdır" (Eldar Əzizov, "Difai").

"Yağış ona görə yağmır ki, biz çətirləri açmışıq"

Ermənilərin 1905-ci ilin fevralında başladığı qırğınlar 1988-ci ilin fevralında davam etdi. 1905-ci ildə olduğu kimi, bu dəfə də erməni basqılarının qarşısı alınmadı, sovet hakimiyyəti orqanları, ən yaxşı halda, bütün bu qırğınlara seyrçi qaldı. Ermənilərin mərkəzi hökumətə təzyiqləri isə özünü, yüz il əvvəl olduğu kimi, yenə də göstərdi. Yüz il əvvəl də, indiki kimi, erməni terrorçularının qarşısında davam gətirə biləcək döyüş qabiliyyətli bir müsəlman təşkilatının yaradılmasına ehtiyac vardı. 1906-cı il fevralın 20-dən martın 6-dək canişin qraf İ.İ.Vorontsov-Daşkovun sədrliyi ilə Tiflisdə keçirilmiş erməni-azərbaycanlı sülh danışıqlarından sonra qərar qətiləşdi. Həmin tədbirdə çıxış edən Ə.Ağayev bəyan etdi ki, "Qafqazda məsul şəxslərin və rəhbərlərin çoxu erməni terrorçularının qorxusundan işləri vicdansızcasına, ədalətsizcəsinə həll edirlər. Biz azərbaycanlılar daha bu vəziyyətə dözmək niyyətində deyilik..." Kərbəlayı İsrafil Hacıyevin çıxışı isə daha konkret oldu: "Biz də terrorçu ola bilərik. Biz də mauzer tüfəngləri saxlayıb, bomba ata bilərik, biz də ermənilərin ən yaxşılarını, qubernatoru da öldürə bilərik. Lakin biz bunların heç birisini etmirik, çünki bu bir alçaqlıq və hökumətə xəyanət siyasətidir... qəsbimiz ancaq hökuməti vadar etməkdir ki, öz vəzifəsini, öz işini, öz ədalətini qorxusuz, vahiməsiz, layiqincə yerinə yetirsin. Əgər elə etməsə, biz də terrora keçməyə məcbur olarıq".

Hökumət isə ondakı kimi, 1988-ci ildə də "alçaqlıq və xəyanət siyasətindən" əl çəkmədi. Zaman dəyişsə də, tarix eynən təkrar olundu. Ermənilərin əsrlik davası yenidən başlayanda əliyalın xalqımız bu savaşın önündə dayandı. Əsrlər boyu dözümlülük, tolerantlıq məkanı kimi tanınan Azərbaycan torpaqlarında yüz minlərlə insan qaçqın və köçkünə çevrildi. Yenə bu qarşıdurmalarda, 1905-ci ildə Bakının mərkəzində olduğu kimi, bu dəfə Qarabağda yenə birinci öz vətəndaşımızın qanı töküldü.

Dövlət Dumasının həmin iclasında Gürcüstandan olan deputat K.Çxeidzenin o vaxtkı münaqişələrə hökumət nümayəndələrinin izahlarına verdiyi maraqlı bir cavabı var. Bugünümüzlə səsləşən həmin fikir bundan ibarətdir - belə bir şəraitdə milli kütlələrin inqilabiliyi, onların hakimiyyətə qarşı çıxışları və millətlərarası münaqişələr yalnız dövlətin xalqa zidd siyasətinin nəticəsidir: "Sizin izahınızdan belə çıxır ki, yağış ona görə yağmışdır ki, adamlar çətirləri açmışdır".

Bu kilsə zəngləri kimin üçün çalınır

Əli və Bəxtiyar... Faktiki Qarabağ savaşının ilk şəhidləri. Ermənilərin XIX əsrdən başlayaraq təlqin etdikləri "Aralıq dənizindən Xəzərədək olan ərazidə böyük Ermənistan dövlətinin" var olması barədə sərsəm ideyanın növbəti qurbanları. Bəşərə zidd bu ideyalar bütün dövrlərdə beyinlərə erməni kilsə zəngləri ilə yeridilib - 1905 və 1918-ci illərdə olduğu kimi. 1918-ci ilin martında - Novruz bayramı günlərində erməni hərbi birlikləri Bakı, Şamaxı və Qubada on minlərlə azərbaycanlını qətlə yetirəndə hər yerdən kilsə zənglərinin səsi eşidilirdi. Bu zənglər susmaq bilmirdi və onun sədaları altında sovetlər vaxtında tarixi torpaqlarımız kəsilərək hissə-hissə Ermənistana verildi və Azərbaycan torpaqları üzərində ermənilərin çoxluq təşkil etdiyi Dağlıq Qarabağ vilayəti də yaradıldı. Ermənistandan isə yüz minlərlə azərbaycanlı həmin kilsə zənglərinin sədaları altında kütləvi qətllər, işgəncələr və dağıntılarla öz ev-eşiyindən qovulurdu və deportasiya olunan həmin insanların yaddaşında o zəng səsləri hələ də qalmaqdadır.

1985-ci il Azərbaycana yönələn erməni təcavüzünün yeni bir mərhələsi oldu. Moskvanın ermənipərəst siyasəti o yerə gətirib çıxardı ki, Qarabağdakı nifrət alovu SSRİ-nin digər respublikalarına da sirayət etdi və erməni oyunları, bir vaxtlar əxlaqsızlıq və əyyaşlıq Roma hakimiyyətini çökdürdüyü kimi, SSRİ adlı imperiyanın da dağılmasına gətirib çıxardı.

Əlverişli siyasi vəziyyətdən istifadə edərək qısa zaman ərzində - 1989-cu ildə oradan bütün azərbaycanlı əhalini - 220.000 nəfəri qovub çıxaran Ermənistan tarixi torpaqlarımızda bir nəfər belə azərbaycanlı qalmadıqdan sonra  "Qarabağ həsrəti"ni ortaya qoydu. Orada artıq xeyli vaxt idi ki, demək olar, açıq-aşkar qarşılarına tarixi Azərbaycan torpaqlarını ələ keçirmək olan millətçi "Krunk", "Qarabağ" təşkilatları fəaliyyət göstərirdi. Nəticədə 1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi barədə qeyri-qanuni qərar qəbul etdi və o dövrkü Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi ona gətirib çıxardı ki, DQMV-dən də on minlərlə azərbaycanlı deportasiya olundu və onlar öz ölkələrində qaçqın vəziyyətinə düşərək Ermənistan qaçqınlarının sıralarını daha da artırdı. Dözüm göstərib qalan əhalinin bir hissəsi isə erməni hərbi birləşmələri tərəfindən təcrid olunmuşdu. Hadisələrin belə gedişi Azərbaycanda geniş kütləvi etiraz hərəkatlarına gətirib çıxardı və 20 Yanvar qapının ağzını kəsdi - aralarında qocalar, uşaqlar, təcili yardım həkimləri olan 130-dan çox dinc vətəndaş qətlə yetirildi, 700-dən çox insan yaralandı, yüzlərlə insan itkin düşdü. Sonra 1992-ci ilin soyuq, qanlı fevralı gəldi, Xocalıda qırğınlar başladı.

İlk şəhidlər

Sonra digər şəhər və kəndlərimizin itkiləri gəldi - Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın. Ümumiyyətlə, 1992-ci il bütünlüklə aramsız hərbi toqquşmalar şəraitində keçdi. Daha sonra Təhlükəsizlik Şurası 822-ci (30.04.1993), 853-cü (29.07.1993), 874-cü (14.10.1993) və 884-cü (11.11.1993) qətnamələri qəbul etdi və Ermənistandan bu qətnamələrin qərarlarına tabe olaraq qeyd-şərtsiz bütün hərbi birliklərinin Azərbaycan torpaqlarından çıxarmasını tələb etdi. Lakin bütün bu qətnamələrə baxmayaraq, Ermənistan əvvəlki tək Azərbaycan ərazilərini işğal altında saxlayır və qəsb olunmuş torpaqları məskunlaşdırır, beynəlxalq ictimaiyyətin iradəsinə məhəl qoymur. Aradan illər keçir, beynəlxalq hüququn bütün qanunları bizim tərəfimizdə olsa da, Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmir və istənilən yolla Azərbaycanın ən başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsini sonsuzluğa qədər uzatmaq niyyətini gizlətmir.

Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizini itirib, 20.000-ə yaxın insan həlak olub, 50.000 nəfər yaralanıb, əlilə çevrilib, milyondan artıq insan öz torpağında məcburi köçkün vəziyyətinə düşüb, 5000 insan itkindir. Bundan başqa, müharibə və ərazilərin işğalı nəticəsində Azərbaycan böyük miqdarda maddi itkilərə məruz qalıb. Birbaşa və dolayı itkilərin ümumi miqdarı 300 milyard ABŞ dollardan çoxdur. Mənəviyyatımıza vurulan ziyanı isə hesablamaq çətin ki, mümkün olsun. Belə yerdə ötən əsrin əvvəllərindəki hadisələrin fəal iştirakçısı Kərbəlayı İsrafil Hacıyevin dedikləri yada düşür.

P.S. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməklə bağlı qərar qəbul etdilər. Fevralın 22-də bu qərara etiraz edərək yürüş keçirən ağdamlılara Əskəran ərazisində atəş açıldı və iki gənc - Əli Hacıyev və Bəxtiyar Quliyev qətlə yetirildi. Qarabağ münaqişəsinin növbəti mərhələsində ilk qanın tökülməsi, iki gəncin öldürülməsi faktını o zaman SSRİ baş prokurorunun birinci müavini F.Katusev Mərkəzi Televiziyada çıxış edərkən bir daha təsdiqlədi.

Bəxtiyar QARACA / "Azərbaycan"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
74

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 05:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru