Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2014
13:05
1847
Zorlanan qız anlayır ki... Qarabağ qazisi dərk edir ki... Şəhid xanımı bilir ki...

Dünən Bakıda bir qadın özünü yandırıb. Zorlanıb, şikayətini eşidən olmayıb, biçarə gənc qadın da üstünə benzin tökərək,  özünə od vurub. Son bir ayda bu artıq beşinci özünü yandırmaq aksiyasıdır. Özünü asan, binadan atan, başqa üsullarla intihar edənlərin sayı isə  son 1 ayda fantastik dərəcədə çox olub. Sanki ölkə od tutub yanır. Belə getsə, yüzlərlə insan canlı məşələ çevriləcək.

Nədir bu? Nə baş verir? Hansı səbəbə insanlar öz canlarına qəsd edirlər? Bütün bunlar aktiv, yoxsa passiv mübarizə formasıdır? Məmur özbaşınalığı, həkimlərin savadsızlığı, maliyyə problemləri, cəmiyyət tərəfindən qəbul edilməmək insanları başqa metodlara ələ atmağa da vadar edə bilərdi. Lakin insanlar onlara bu problemi yaradanlara qarşı addım atmırlar, sadəcə, özləri intihar etməklə çıxış yolu tapmağa çalışırlar. Heç bir halda intihar, özü də “canlı məşələ” çevrilmək cəsarətsizlik kimi dəyərləndirilə bilməz. Belə bir qətiyyətli addımı atmaq qorxaq adama xas olan keyfiyyət deyil. Lakin mübarizənin hədəfini insanların özlərini öldürməklə seçmələri də mübarizlikdən xəbər vermir. 

Baş verənlər onu sübuta yetirir ki, insanların vəziyyəti çıxılmazdır. Onlar daha dözə bilmirlər. Hətta kiçik bir depressiya intihara səbəb ola bilir.

Heç kəsin heç kəsə inanmadığı, etibar etmədiyi bir cəmiyyətdə sonluq elə belə acınacaqlı olmalı idi.

Əhalisinin əksəriyyəti genetik müsəlman olan bir ölkədə bütün səmavi dinlərin əbədi cəhənnəmlə qorxutduğu intiharların baş verməsi toplumun dinə yanaşmasının da bir göstəricisi hesab oluna bilər.

Başları daxili “razborka”lara qarışan bəzi din xadimlərinin gerçək üzünü tanıyan orta statistik azərbaycanlının çıxış yolunu intiharda tapmasında da təəccüblü heç nə yoxdur. Onlar dini “cəhənnəm məmurlarına” bənzəyən ruhanilər vasitəsilə tanıyıblar, odur ki, islamın mahiyyətindən xəbərsiz qalıblar. Sayı-hesabı olmayan ruhanilər isə insanlara yaradılışın mənasını, baş verənlərin mahiyyətini, sınaq, imtahan və günahın nə olduğunu anlatmağa cəhd belə göstərmirlər. Nəticə elə belə də ağır olmalı idi.

Lakin baş verənlər daha ağır faciələrin xəbərçisidir. Kütləvi psixozun əlaməti olan intiharların ardınca cəzasızlıq mühitində linç məhkəmələrinin qurulması,  qisası ədalətsiz hüquq mühafizə orqanlarının öhdəsinə buraxmayıb, şəxsən fərdin özünün ala bilməsi perspektivi də yaşana bilər. Bunun ardınca isə sosial ədalətsizliyin, insafsız maliyyə bölgüsünün hərənin öz istəyinə görə həyata keçirilməsi halları baş verə bilər. Xalq öz dövlətinə, hakimiyyətinə, müxalifətinə, cəmiyyətə etibarını, inamını itirib. Baş verən və az qala hər gün təkrarlanan, kütləvi hala keçməkdə olan intiharların təhlili bunu deməyə tam əsas verir. Zorlanan qız anlayır ki, ona təcavüz edənlərə polis “gözün üstə qaşın var” deməyəcək, şəhid xanımı bilir ki, ona çatacaq təqaüdü almaq üçün məmurların əxlaqsız təklifini eşidib, üzünə hırıldamaqlarının şahidi olacaq. Qarabağ qazisi dərk edir ki, övladları məktəbə getmək əvəzinə dilənməli olacaq, məmurlar isə onun mülkünü də başına uçuracaq. Bir çıxış yolu qalır - intihar etmək.

Əgər toplumun qətiyyəti olsa idi, narazılar birləşər və onları belə acınacaqlı duruma gətirən məmurların kürsülərini başlarında sındırardılar. Bizim toplumun gücü isə yalnız özünü öldürməyə çatır.

Biri də öldü. Biri də özünü yandırdı. Bu sözləri gülə-gülə, bahalı restoranlarda nahar fasiləsində bir-birinə deyən məmurların umurunda da deyil, ki, intihar edən qazinin ailəsini kim himayə edəcək. “Biri də gəbərdi”, ifadəsi məmurların “nuş olsun” arzusunun tərkib hissəsinə çevrilib. 

Yaxın Şərqdə də belə idi. İnsanlar az qala kütləvi şəkildə intihar edirdilər. Sonra bundan yoruldular. Bezdilər. İnqilab elədilər. Onların qanını axıdan, namusuna təcavüz edən məmurları ölkədən qovdular. Yaxın Şərq diktatorların ailələrinin ən intim yerlərinə əl qoydular. Bu elə belə də olmalı idi. 

Məmurun öz hesabı olduğu kimi, Allahın da öz nizamı var...

Azər Rəşidoğlu

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
256

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2347
Şərhlər
Meryem tərəfindən 10-02-2014 17:04:26 tarixində yazıldı
hech
Intihar hansi sebeble olursa olsun acizlik elametidir,yawamaqa bele chaliwmayan aciz deyilse bes nedir? Qaldi ki,ruhanilere onlari chox qinamaq olmaz,ne etsin ruhani xutbesini oxuyur isteyen mescide gedib dinleyer ya diskine baxar,adam dinle maraqlanmirsa ruhani ne etsin,gedib camaatin evinde oturub din dersi kechmeyecek ki
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru