Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2013
16:39
1472
Azərbaycanda sürücülərin oduna avtobus sahibləri də yanacaqlar

Bundan sonra avtomobilləri, xüsusən də sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrini bilərəkdən nasaz vəziyyətdə istismara buraxan fiziki və hüquqi şəxslərə qarşı mübarizə daha da gücləndiriləcək. Xəttə buraxılan nasaz avtobuslar qəza törətdiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun olaraq sürücülərlə yanaşı, nəqliyyat vasitələrinin sahibləri də məsuliyyətə cəlb olunacaqlar.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisi nəqliyyat vasitələrinin bilərəkdən nasaz vəziyyətdə xəttə buraxılması ilə bağlı nəqliyyat vasitəsi sahibləri olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edərək, buna əməl etməyən şəxslərin ciddi şəkildə cəzalandırılacağını deyib: "Dövlət Yol Polisi olaraq ümumilikdə sürücüləri və avtomobil sahiblərini, xüsusən də sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxsləri xəbərdar edirik ki, nəqliyyat vasitələrinə vaxtında və lazımi texniki qulluq göstərsinlər, xüsusilə, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtomobilləri nasaz vəziyyətdə xəttə buraxmasınlar. Bilsinlər ki, həmin nəqliyyat vasitəsi hansısa hadisə törədəndə onun istismarına cavabdeh olan şəxslər də məsuliyyətə cəlb ediləcəklər".

K.Əliyevin sözlərinə görə, "Yol hərəkəti haqqında" qanunun 30-cu (Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi) maddəsinin 3-cü hissəsinə görə, nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan hüquqi şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində həyata keçirirlər.

Sayı 10-dan az olanlar isə bunu fərdi qaydada həyata keçirməlidirlər.

Həmin maddənin 2-ci hissəsində isə deyilir ki, Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməli, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməli, texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Bu, ümumilikdə həm fiziki, həm vəzifəli, həm də hüquqi şəxslərə aiddir.

Şöbə rəisi qeyd edib ki, bu qaydalara əməl etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin 154-cü maddəsinə əsasən cərimə olunacaqlar: "Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə fiziki şəxslər 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat miqdarında cərimə edilir".

Onun sözlərinə görə, hər hansı yol-nəqliyyat hadisəsi kiminsə ağır xəsarət alması və ya ölümü ilə nəticələndiyi hallarda isə həmin şəxslər artıq cinayət məsuliyyətinə cəlb olunurlar: "Cinayət Məcəlləsinin 265-ci (Nəqliyyat vasitələrini keyfiyyətsiz təmir etmə və ya onları texniki cəhətdən nasaz vəziyyətdə işə buraxma) maddəsinə əsasən, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi, habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda şərti maliyyə vahidi məbləğinin yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Qeyd edək ki, son zamanlar hüquq mühafizə orqanları və onların rəhbərləri Azərbaycanda yol-nəqliyyat hadisələrinin, eləcə də bu zaman baş verən ölüm və xəsarət hallarının sayının artmasından narahatlığını ifadə edərək, bununla bağlı ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayıblar.

Ali Məhkəmənin Plenumunun noyabrın 15-də keçirilən son iclasında çıxış edən ədliyyə naziri Fikrət Məmmədov bildirmişdi ki, yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin sayı 2001-ci ildə ümumi cinayətlərin 3,4 faizini, 2006-cı ildə 6, 2012-ci ildə isə 12 faizini təşkil edib. Cəzaçəkmə müəssisələrində yol-nəqliyyat hadisələri ilə bağlı törədilmiş cinayətlərə görə saxlanılan məhkumların sayı isə 7 dəfə artaraq ümumi məhkumların sayının 15 faizinə çatıb.

Həmin iclasda Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov sərt şəkildə çıxış edərək bildirmişdi ki, Azərbaycanda yol qəzalarına şərait yaradan amillər aradan qaldırılmalıdır. Ağır nəticəli yol qəzalarının artmasının artıq narahatlıq doğurduğunu qeyd edən şöbə müdiri demişdi ki, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılmasına görə son illər Cinayət Məcəlləsinin 265-ci maddəsi ilə bu vaxta qədər hər hansı şəxs məhkum edilməyib. F.Ələsgərovun fikrincə, məsul şəxslərin işlərinə hüquqi qiymətin verilməsi vacibdir.

Plenumda məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvləri aradan qaldırmaq, qanunun eyni qaydada tətbiqini təmin etmək, bu sahədə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə müvafiq qərar qəbul edilməsi, eləcə də Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Yol hərəkəti haqqında" qanunda dəyişikliklər edilməsi, həmçinin Mülki Prosessual Məcəllədə, İnzibati Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsi qərara alınmışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
569

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
413

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
432

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
476

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
506

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
483

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1077

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
876
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 06:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru