
“Azərbaycanın seçim etməsi o demək deyil ki, hansısa qütb seçdikdən sonra digəri ilə qarşıdurmaya qalxmalıdır. Hazırda Azərbaycan iki tərəfdən müəyyən təzyiqlər altındadır. Belə ki, Rəsmi Bakı Avropa Birliyi ilə Assosiativ anlaşmanı imzalamamaqla yanaşı, Rusiya tərəfindən təklif edilən Gömrük İttifaqına da qoşulmur. Lakin burada iki tərəfdən birini seçmək zərurəti var.”
Bu sözləri FaktXeber.com-a politoloq Elxan Şahinoğlu, Azərbaycanın Rusiya ilə Qərb arasındakı seçimsizliyinə aydınlıq gətirərkən söyləyib.
Müsahib bildirdi ki, Ermənistanın da təmsil edildiyi Gömrük İttifaqında Azərbaycanın iştirakı yolverilməzdir: ”Çox güman ki, yaxın aylarda Azərbaycan müəyyən təzyiqlərlə üzləşəcəkdir. Eyni siyasəti davam etdirəcəyimiz halda rəsmi Bakının seçim məsələsi yenidən gündəmə gələcək. Lakin hələ ki, bu istiqamətdə konkret addımlar görsənmir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın həyata keçirdiyi neytral siyasət kifayət qədər çətin bir siyasətdir. Ona görə də yaxın zamanlarda seçim etmək məcburiyyətində qalacağıq.”
Müsahib onu da bildirdi ki, Azərbaycan Avropa ilə Assosiativ sazişi imzalamadıqca Rusiya tərəfində yanlış təsəvvürlər yaranır: “Rusiya tərəfi fikirləşir ki, Azərbaycan sazişi imzalamırsa deməli nədənsə ehtiyat edir və buna görə də təzyiqi gücləndirmək lazımdır. Lakin Azərbaycan Avropa istiqamətində seçim edəcəyi halda isə Rusiya təzyiqləri azaltmaq məcburiyyətində qalacaq. Eyni proseduru Ukrayna və Moldova da keçib. Belə ki, ilk öncə Rusiya sözügedən dövlətlərə təzyiq göstərməsinə baxmayaraq, saziş imzalandıqdan sonra geri çəkilmək məcburiyyətində qaldı. Azərbaycan da eyni addımları atsa Rusiya geri çəkiləcək. Əks halda qarşısında Avropa Birliyini görməli olacaq ki, bu da Rusiyanın maraqlarına ziddir.”

Bakıda bağçalarda uşaqlara geyim və kakao alınması adıyla 2 mln. manata qədər pul qanunsuz xərclənib