Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2013
15:02
673
`Qarabağ münaqişəsinin həllində hələ ciddi irəliləyişə nail olunmayıb`

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

2013-cü ilin 9 ayının ölkəmiz üçün uğurlu olduğunu və qarşıda duran bütün vəzifələrin icra edildiyini deyən prezident bildirib ki, bu dövrdə bütün makroiqtisadi göstəricilər yüksək səviyyədə olub, iqtisadiyyat 5,4 faiz, qeyri-neft sektoru isə 10,4 faiz artıb və bu, dünya miqyasında ən yüksək göstəricidir. Bundan əlavə, kənd təsərrüfatında təxminən 5 faiz, əhalinin pul gəlirlərində 7,6 faiz artım olub, infilyasiya 2,3 faiz təşkil edib. Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 39-cu yerdə qərarlaşıb. Bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulub ki, bunun 10,5 milyard dolları daxili, 7,2 milyard dolları isə xarici sərmayələrdir. Bu dövrdə valyuta ehtiyatları artıb və hazırda 49,4 milyard dollar təşkil edir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünya miqyasında ön sıralardadır.

Prezident İlham Əliyev qeyd etdi ki, 9 ayda əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb, bu sahədə xeyli proqramlar icra edilib. Regionların inkişafı ilə bağlı bütün hədəflərə nail olunub və bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılıb. İndiyə qədər ölkədə açılan iş yerlərinin sayı isə 1 milyon 200 mini ötür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən Prezident İlham Əliyev bildirib ki, münaqişənin həllində hələ ki, ciddi irəliləyişə nail olunmayıb. Bununla belə, Azərbaycan uğurla inkişaf edir, işğalçı Ermənistanda isə sosial-iqtisadi və siyasi böhran getdikcə dərinləşir. Ötən dövrdə xarici siyasət sahəsində bir çox uğurların qazanıldığını deyən Prezident İlham Əliyev qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib.

Azərbaycanın bütün tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət və etimad əsasında qurduğunu deyib. “Biz öz milli maraqlarımızı müdafiə edirik” deyən dövlət başçısı bildirib ki, Azərbaycan bütün ölkələrlə əməkdaşlığa açıqdır. Ötən 9 ayda enerji sahəsində mühüm uğurların qazanıldığını, Transadriatik qaz kəməri layihəsinə start verildiyini deyən dövlət başçısı Azərbaycanın enerji ilə bağlı siyasətinin dünya üçün çox əhəmiyyətli olduğunu qeyd etdi. Sənayeləşmə istiqamətində ötən dövrdə mühüm addımların atıldığını, bir çox layihələrin icra mərhələsinə daxil olduğunu deyən prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, bu müsbət meyillər ilin sonuna qədər davam edəcək.

Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu ilin 9 ayında həyata keçirilən tədbirlərdən danışdılar.

İclasa yekun vuran prezident bu müsbət dinamikanın qorunması ilə bağlı tədbirlərin bundan sonra da davam etdirilməsinin vacib olduğunu dedi. İlin sonuna qədər dövlət investisiya proqramı icra olunmalı, makroiqtisadi sabitlik qorunmalı, süni qiymət artımına yol verilməməlidir. Gələn il regionların inkişafı ilə bağlı üçüncü dövlət proqramının qəbul ediləcəyini deyən Prezident İlham Əliyev orada bölgələrdəki bütün sosial və iqtisadi problemlərin həlli ilə bağlı məsələlərin əks olunacağını bildirdi. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərin inkişaf etdirilməsi, son 9 ayda 500 mindən çox insanın müraciət etdiyi ASAN xidmət şəbəkəsinin ölkə üzrə genişləndirilməsi ilə bağlı tapşırıqlarını verən dövlət başçısı qarşıdakı dövrdə əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinin əhəmiyyətinə toxundu.

“Artıq Azərbaycan bölgənin nəqliyyat və logistika mərkəzidir” deyən dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinin başa çatmaq üzrə olduğunu bildirdi. Bundan əlavə, kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlərin davam etdiriləcəyini, Taxtakörpü su anbarının bu sahədə mühüm rola malik olduğunu vurğuladı. Demoqrafik vəziyyətin yaxşı olmasını ölkəmizin ən böyük üstünlüklərindən biri kimi xarakterizə edən Prezident İlham Əliyev bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb.

"Bu dövrdə ölkəmizə 150 milyard dollar investisiya qoyulub, büdcə xərcləri 20 dəfə çoxalıb. Yoxsulluq 10 ildə təxminən 10 dəfə azalıb, xarici dövlət borcu cəmi 7-8 faiz təşkil edib, pensiyalar 10 dəfə, maaşlar 6 dəfə, müdafiə xərcləri isə 20 dəfədən çox artıb və hazırda Azərbaycanın müdafiə sənayesi 750 adda məhsul buraxır. Son 10 ildə Azərbaycanda 2708 məktəb, 500-ə yaxın tibb müəssisəsi tikilib və ya təmir edilib, 35 olimpiya-idman kompleksi inşa olunub. Bu dövrdə neft-qaz siyasətində Azərbaycan mühüm uğurlara imza atdı, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istismara verildi. Bu tarixi layihələr hesabına Azərbaycan mühüm enerji dəhlizi yaratdı. Azərbaycan kosmos ölkəsinə çevrildi və ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv oldu. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
10

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
87
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru