Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2013
10:26
2345
Ermənistanda yeni Qarabağ narahatlığı...
İşğalçı ölkənin Gömrük İttifaqına qoşulması ölkədə pessimizm dalğası doğurub

Ermənistanın Rusiyanın təklif etdiyi Gömrük İttifaqına qoşulmasından sonra bunun Dağlıq Qarabağ münaqişəsinə hansı formada təsir edəcəyi xüsusi müzakirə predmeti olaraq qalmaqdadır.

   Erməni ekspertlərin bu xüsusda səsləndirdiyi fikirlərdən belə aydın olur ki, əslində Ermənistan bununla heç nə qazanmayacaq. Əksinə, MDB məkanında Rusiyanın təzyiqlərinə tab gətirməyərək xarici siyasətini köklü şəkildə dəyişmiş bir dövlət imici qazanmaqdan savayı İrəvanın heç nə əldə edə bilmədiyi xüsusi olaraq qabardılır. Misal kimi Moldovaya nəzər salınır. Xatırlanır ki, Moldova hakimiyyəti Kişinyov aeroportunun Rusiyanın konsessiyasına verilməsi ilə bağlı qərarı ləğv edib. Bu isə Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqda israrlı olan Moldovaya "şərab müharibəsi" elan edən Moskvaya cavab kimi qiymətləndirilir. Beləliklə də, rəsmi Kişinyov Moskvanın iqtisadi sanksiyaları qarşısında geri çəkilməyəcəyini göstərmiş oldu.

   Ermənistanın "Lragir" qəzeti yazır ki, Rusiyanın təzyiqləri qarşısında dura bilməyən yeganə ölkə Ermənistan olub: "Avropa İttifaqı ilə assosiativ razılaşma imzalamaq fikrində olan altı ölkədən üçü - Ukrayna, Gürcüstan və Moldova Rusiyanın təzyiqləri qarşısında dayandı. Belarus və Azərbaycanla bağlı isə şərtlər bir qədər başqadır. Faktiki olaraq, yalnız Ermənistan təzyiqlərə dözmədi". Ermənistanın bu ölkələrdən təhlükəsizlik probleminin mövcudluğuna görə fərqləndiyini vurğulayan "Lragir" Dnestryanı, həmçinin Krım, Abxaziya və Cənubi Osetiya problemlərinin Dağlıq Qarabağla müqayisə edilməsinin düzgün olmadığını bildirib: "Çoxları deyir ki, Abxaziya və Cənubi Osetiya Gürcüstanın Rusiyaya qarşı çıxmasının nəticəsi oldu. Və xəbərdarlıq edirlər ki, Rusiyaya müqavimət göstəriləcəyi halda Ermənistan Qarabağı itirə bilər. Amma Gürcüstan müharibədə məğlub olaraq bu regionları itirib. Qarabağın təhlükəsizliyi Rusiya miflərindən və şantajından asılıdırsa, onda bu heç də təhlükəsizlik deyil. Bu o deməkdir ki, Qarabağı çoxdan Rusiyaya veriblər".

   Erməni siyasətşünas Sergey Minasyan isə qeyd edir ki, əslində, Ermənistan Rusiyanın təklif etdiyi Gömrük İttifaqına qoşulmaqla Dağlıq Qarabağ münaqişəsilə bağlı ümid etdiyi bütün perspektivləri itirib: "Rusiya Ermənistanın təhlükəsizliyinə zəmanət adı altında öz istəyinə nail oldu. Moskva bundan sonra özünü daha əmin hiss edəcək. Bu baxımdan Rusiyanın Dağlıq Qarabağ münaqişəsilə bağlı İrəvanın xeyrinə addım atacağı inandırıcı deyil". Onun sözlərinə görə, mövcud vəziyyət Azərbaycanın xeyrinədir. Amma Ermənistanda ümid edirlər ki, Rusiya rəsmi Bakını müharibə istəyindən çəkindirə bilər. Sergey Minasyan bu xüsusda bildirir: "Kreml bundan sonra yalnız hərbi əməliyyatların başlamaması istiqamətində işləyə bilər. Bu isə prosesin İrəvanın xeyrinə dəyişməsi demək deyil".

   Erməni politoloqların qənaətincə, Moskvanın bundan sonra münaqişənin həllində İrəvanın xeyrinə hər hansı addım atacağına ümid etmək sadəlövhlük olar. Münaqişənin həllinin uzanmasının real səbəblərindən danışan erməni politoloqlar onu da bildirir ki, münaqişəni həll etmək üçün razılaşdırılması vacib olan detalların müzakirəsini uzatmaq düzgün deyil. İrəvanda isə bu fonda Minsk Qrupu həmsədrlərinin xarici işlər nazirlərilə Nyu-Yorkda keçirilən görüşünü formal qiymətləndirirlər.

   İşğalçı ölkə isə BMT-dən münaqişənin həllilə bağlı konkret addımlar atılmasını istəyir. Təcavüzkar ölkənin xarici işlər naziri Edvard Nalbandyan BMT-nin baş katibi Ban Ki Munla görüş zamanı ölkəsinin sühə tərəfdar olduğunu və bütün münaqişələrin dinc yolla həll edilməsini istədiklərini bildirib. Baş katib isə, öz növbəsində, BMT-nin bütün dünyada sülhün bərqərar olmasına çalışdığını vurğulayıb. Hazırda Ermənistanı narahat edən Rusiya ilə daha sıx birləşməsindən sonra Qərbin, xüsusən də ABŞ-ın Qarabağ münaqişəsinin həllində Azərbaycanın lehinə addımlar ata biləcəyidir. "Lragir"in yazdığına görə, sentyabrın 3-dən sonra ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində fəallıq göstərməyə başlaması da təsadüfi deyildi. "Lragir" ABŞ tərəfindən Ceyms Uorlikin ATƏT-in Minsk Qrupuna həmsədr təyin edilməsini, onun bölgəyə gələrək Ermənistan və Azərbaycan prezidentləri ilə görüşünü xatırladır. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri isə münaqişə barədə nikbin danışır: "Dağlıq Qarabağ münaqişəsinin konstruktiv həll yolunu tapacağımıza əminəm. Hər iki tərəf - həm Azərbaycan, həm də Ermənistan sülhün əldə olunmasında maraqlıdır". Ceyms Uorlik müsahibəsində xalqların da sülhə hazır olmalarının vacibliyini vurğulayıb.

Tahir Tağıyev

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
28

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru