Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2013
09:37
“Elə videolar vardı ki, onları yaymaq istəmirdim, amma... yayacam”
Elşad Abdullayev: “Səlcuq Ağlayanın heç kimi ittiham etməyə haqqı yoxdur”; “Gürcülər 12 dəqiqəlik nimdaş videogörüntü ilə Saakaşvilinin nazirini istefaya göndərdi”

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Prosesdə E.Abdullayevin əleyhinə xeyli ifadələr səslənir. Həm bu məhkəmə prosesi, həm də E.Abdullayevlə bağlı gündəmdəki son olaylarla bağlı onun özü ilə danışdıq.

- Elşad bəy, istərdim ki, öncə son günlərində Sevinc Babayevanın yanında olmuş türkiyəli iş adamı Səlcuq Ağlayanın sizinlə bağlı dediklərinə münasibət bildirəsiniz. Cənab Ağlayan sizin barənizdə “bir qadını məzara, o birini türməyə göndərdi, üzə çıxsın” deyib... 

- Bilirsiz necədir? Qatili müdafiə etmək lazım deyil. Söhbət ondan gedir ki, belə məsələlərdə əsas olaraq zərərçəkənin fikri götürülməlidir. Sevinc Babayevanın ailəsi, oğlu dəfələrə deyib ki, onu Türkiyəyə Gülər sürgün edib. Sevinc Səlcuqun evində oturub, onun telefonu ilə danışıb. Siz gedib oturmusunuz qatilin yanında, onun dediklərini məndən soruşursuz.... 

- Elşad bəy, biz bir ildir sizin müsahibələrinizi, videolarınızı da yayırıq. Çünki işimiz budur. Kim danışmaq istəyirsə, ona tribuna veririk. Bugünlərdə Almaniyaya səfər etmişdim. Həmin vaxt sizinlə də görüşüb müsahibə etmək istədik, amma siz razılaşmadınız... Niyə? 

- Mən həmin vaxt İsveçrədə idim, işlərim vardı. Amma yenə də deyirəm, Sevinc Babayeva onun evində, müəmmalı şəkildə ölüb. Bu adamın başqa birini ittiham etməyə nə haqqı var axı? 

- Keçək məhkəməyə. Dilarə İsmayılovanın məhkəməsində sizin əleyhinizə də xeyli ifadələr var. Xəbərdarsız baş verənlərdən?

- Xəstəxananın bağlanmasını gizlətmək istəyirlər. 1 universitetin bağlanması 30 həbsxananın açılması deməkdir. Günün-günorta çağı xəstəxananın, universitetin bağlanması, MTN zabitinin oğurlanması bu ölkədə yaşamağın necə çətin olduğunu sübut edir. Elşad Abdullayev deyir ki, oğurlanmış qardaşımı qaytar, götürüb üstünə yeni ittihamlar əlavə edirlər. Bir qardaşımı zəhərləyib, özümü ölkədən didərgin salıblar. Vətəndaşlıqdan böyük şey yoxdur, mən ondan imtina etdim. Çünki mən bu özbaşınalığı, cinayətləri həzm edən adam deyiləm. Mən hüquq elmləri professoruyam və mənə hər yerdə iş var. Mənə də ona görə pis təsir edir ki, gedib qatilin yanında oturmaq lazım deyil, haqqın yanında oturmaq lazımdır. Cəmil Həsənli təkcə Milli Şuranın yox, bütün Azərbaycan xalqının namizədidir. 

“Qara transplantasiya” qurama işdir. Mən Bakıda idim. Sən bir dəfə gəlib mənə deməmisən ki, “qara transplantasiya” olub, ya yox.

- Qayıdaq məhkəməyə... Şahidlərin ifadəsi ilə tanışsınızmı? 

- Hamısını öyrədiblər. Bizim tibb korpusu var. İki dəfə əmr verib, Dilarə xanımı direktor təyin etmişəm. Mənim Dilarə xanımla bütün əlaqəm təsisçi-direktor əlaqəsidir. Ondan kənarda bir işim olmayıb. İndi Dilarə xanım deyir ki, hüquqşünaslar rəy verib və mən işləmişəm. Birincisi, hüquqşünas rəy verirsə, bu, problemin həlli deyil. Hüquqi şəxs danışırsa, bu ya mən olmalıyam, ya da Dilarə İsmayılova. Mən də onunla müqavilə əsasında işləmişəm. ABU-nun nəzdindəki Tibb Mərkəzi hüquqi şəxs olub. Ayrıca lisenziyası, hesabı olub. Baş həkim olub, müstəqil fəaliyyət göstərib, işə adam götürüb-çıxarıb. Dünən məhkəmədə baş mühasib deyir ki, biz pulu alıb hesabımıza keçirmişik, sonra da işləyən həkimlərin məvacibini vermişik. Bu gün isə deyir ki, yox, biz pulları alıb gizlətmişik, sonra da Elşad Abdullayevin hesabına keçirmişik. Məhkəmədə sən özün-özünü təkzib edirsən. 

- Sizin İsrail həkimləri ilə əlaqədə olmanız da bildirilir. 

- Mənim o həkimlərdən biri ilə bir telefon danışığım, əlaqəm, şəklim varsa, biri yanımda olubsa, bütün cinayətləri öz üzərimə götürürəm. Hüquqdan anlayışı olan adam bunu da başa düşməlidir. Bu isə göstərir ki, həmin məsələ də siyasi sifarişdir, məni susdurmaq istəyirlər. Mən həqiqətən də susmaq istəyirdim, amma bu gündən sonra sözümüzü də deyəcəyik, özü də daha kəskin. Xəstələr gəliblərsə, onların xəstəlik tarixçəsi açılmalıdır. Bunları aeroportda kim qarşılayıb, kim gətirib, harda oturublar? Bu gün tələb edirəm ki, bu iş axıra qədər aparılsın. Həqiqi cinayətkarlar üzə çıxmalıdır. Haradadır Fikrət Əliyev və onun oğlu? Mənim universitetimə gətirib bunları rəhbər qoymuşdular. Mən Fikrət Əliyevi məndən universitet tələb etdiyi üçün qovdum, amma o, mənim şəxsi universitetimin maşınını oğurladı. Neçə yerə şikayət etdim, ağzımdan vurub geri qaytardılar. 

Bu məsələ ilə bağlı ATƏT-in Vyana mərkəzində olduq. Orda bizə deyildi ki, bu məsələdə sizin adınız hallandırılsa da, burda sizlik heç nə yoxdur. Daha sonra biz Kiyevə müraciət etdik. Ordan da dedilər ki, “bu məsələni bağlamışıq, indiyə qədər həbs olunanları da məsuliyyətdən azad etmişik. Özü də bu işin sizə nə aidiyyəti var?” Bu iş əvvəldən “fabrikovat” olunub. Xəstələr Ukrayna vətəndaşıdır, amma davanın hər yerində mənim adım gedir. Xeyir ola? Sənin məqsədin nədir ki, adım orda olmaya-olmaya bu işə məni qarışdırırsan? Nə xəstə görmüşəm, nə xəstəlik tarixi, nə də həkim. 

Başda Əli Həsənov olmaqla, pulu olan adamlar müalicə üçün Almaniyaya gəlir. İmkansızlar isə üz tutur İrana. Azərbaycan səhiyyə tarixində Amerika, Fransa vətəndaşının müalicə üçün bura gəlməsi mümkün deyil. Yox, əgər ABU-nun klinikası dünya nüfuzludursa, onda bunu niyə bağlayırsan? Əgər burda nəsə qüsur olubsa, onda baş həkimini cəzalandır da. Klinikanı niyə bağlayırsan? Deməli, sən qərəzlisən. Gündə universitetlərdə bir müəllim cəzalandırılır. Niyə ona görə Oqtay Şirəliyev işdən azad edilmir? Amma Elşad Abdullayevin klinikasında nəsə hadisə baş verəndə özünə yönəlirlər. Çünki Elşad sizin cinayətinizi ifşa edib. 

Avropa Məhkəməsi vasitəsilə Elşad sizdən tələb edir ki, qardaşının oğurlanması üçün ondan pullar alınıb, Arzu Kazımov edib bunu. Amma cinayətkarı cəzalandırmaq əvəzinə siz götürüb Elşad Abdullayevin üzərinə daha ağır cinayətlər qoymağa çalışırsınız. Dilarə İsmayılovanı o həddə çatdırıblar ki, deyib, mən orda işləməmişəm. Dünən də hakim Ənvər Seyidov ona yaxşı deyib ki, “orda işləməmisənsə, bəs orda işin nə idi?” Dilarə İsmayılova orda müstəqil hüquqi şəxs olub. Ondan qabaq orda 3 direktor işləyib, oranı almanlar qurublar. Köln Universitetinin professorları 6 il oranı qurublar. 

- Siz bu transplantasiyanın qanunsuz olmadığını deyirsiz? 

- Bəli, qanunla qadağan olunmayan əmələ icazə var. Qanunla qadağan olunub 2011-ci ildə. Amma bu hadisə baş verib 2009-cu ildə. 

- Son vaxtlar ictimaiyyətin də sizdən gözləntiləri vardı. Seçki ərəfəsində daha təsirli videolar yayıb, hakimiyyəti ifşa edəcəyinizin anonsunu vermişdiniz. Amma bunların heç biri baş vermədi. Niyə? 

- Götürək qonşu Gürcüstanı. İvanaşvili Parisdə yaşayırdı, ordan getdi Gürcüstana. 12 dəqiqəlik nimdaş videogörüntü ilə Saakaşvilinin nazirini istefaya göndərdi. Hələ Qafqazda Saakaşvili kimi prezident olmayıb. Mən sizə o qədər videogörüntülər göndərmişəm, amma... Vallah, mən sizi başa düşə bilmirəm. 

- Yəni cəmiyyət sizdən yeni videolar gözləsinmi? 

- Vallah, elə videolar vardı ki, mən onları yaymaq istəmirdim. Amma mən qərar verdim ki, onları göstərim. Yaymazdan 2 gün qabaq da sizə bununla bağlı xəbər verəcəm. Məsələn, Rasim İldırımzadənin son videosunu youtube kanalına yerləşdirmişdik, amma çıxarıblar. Amma Azadlıq TV-də qalıb. (Bu video ilə bağlı material bugünkü sayımızda yer alıb-S.T.) Mənim üstümə gələn çoxlu sayda adamlar var e, onların əsas məqsədi cinayətkarları gizlətməkdir. Bunlar bilirlər ki, məlumatlı və hüquqşünas adamlarıq. Bunların içində ən düz danışan Rasim İldırımzadədir. Çünki o, bu adamların içində çox olub, küçədən keçən adam deyil ki... 

- Maraqlıdır, nəhayət, kiməsə pul verdiyiniz yerdə çəkilmiş hər hansı videonu ictimailəşdirəcəksiz? 

- (Gülür) Ay xanım, mən Arzu Kazımova konkret pul verdiyimi notariusda təsdiqləmişəm. Ondan qabaq ikitərəfli müqavilə imzalamışıq. Bundan böyük sübut? Pul almaq başqa nəyə deyirsiz ki? 

- Məsələn, elə video ilə sübuta... 

- Mən 14 ölkənin professoruyam, 30 il Bakı Dövlət Universitetində müəllim olmuşam. Qərəzin dərəcəsinə bax ki, mənim bütün elmi nəşrlərim google saytında var, Vikipediyaya düşmüş adamam. Amma götürüb mənim dərsliklərimi çıxarıblar BDU-nun dərslik siyahısından. Bunu niyə edirsən? Sən bunu çıxarmaqla elmə ziyan vurursan, mənə yox. 

- Belə başa düşdüm, siz mənim video ilə bağlı sualıma cavab verməyəcəksiz. Çünki mən sual verirəm, siz isə öz istədiyinizi danışırsız... 

- Bayaq dedim axı. Necə olur Gürcüstanda 12 dəqiqəlik nimdaş bir video ilə hakimiyyəti silkələyirlər, amma mən o boyda videolar göndərmişəm, heç nə edən yoxdur? Sarbonna Universitetinin professorları dəhşətə gəlir ki, Gürcüstan xalqı ilə sizin aranızda bu qədər fərq var? 

- Siz xalqdan narazısınız? 

- Gəlin səmimi olaq. Problem cəmiyyətdə yox, cəmiyyətin aparıcı qüvvələrindədir. Yenə də hesab edirəm ki, Cəmil Həsənli yerində olan adamdır, xalqın sifarişidir.

Sevinc Telmanqızı/Yeni Müsavat

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
750
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 08:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru