Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Avqust

2013
10:37
«Mənə qarşı atılacaq istənilən addıma hazıram. Amma bilsinlər ki, bunu heç kimə bağışlamayacam»
Aslan İsmayılov: «Özünə hörmət edən hər kəs hakimiyyətin hədə-qorxusuna Milli Şuraya dəstəklə cavab verməlidir»

Seçkilər yaxınlaşdıqca hakimiyyət cəmiyyətin dəstəyini qazanmağa yönəlik addımlar atmaq əvəzinə qanunsuzların geniş vüsət almasına daha çox imkan yaradır. Vəkillik fəaliyyətinə xitam verilən tanınmış hüquqşünas Aslan Ismayılovun üzləşdiklərini də bu sıraya aid etmək olar. Bütün bunlar və ölkə gündəmini zəbt edən digər məsələlərlə bağlı tanınmış vəkilin fikirlərini öyrəndik.

- Seçkilər yaxınlaşdıqca hakimiyyətdən hansısa yumşalma görürsünüzmü?
- Xeyr, hər şey əksinə gedir. Bunları seçicilər əsla maraqlandırmır. Seçici səsi qazanmaq istəyənlər ən azı minlərin maraqlandığı Zülfüqarlı qardaşlarının əmlak problemini həll edərdilər. Bunlar məhkəmə proseslərini təxirə salmaqla seçkilərin yekunlaşmasını gözləyirlər ki, birdəfəlik mülkiyyət hüququndan danışanların nəinki əmlakını, canını alsınlar. 

- Vəkillik fəaliyyətinizə xitam verilməsi ilə məsələ nə yerdədir? 
- Vəkillikdən xaric olunmağımla bağlı işə Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə baxılır. Artıq iki məhkəmə prosesi keçirilib. Avqustun 19-da və 26-da təxminən 30-40 dəqiqəlik iclaslardan sonra işə baxış sentyabrın 6-na təxirə salındı. Məhkəmə iclasını saat 17.10-a təyin ediblər. Iş vaxtı da saat 18-də başa çatır. Yenə də 30-40 dəqiqəlik iclas olacaq. Avqustun 26-da keçirilən məhkəmədə iştirak etmədim. Çünki məhkəmə prosesi ümumilikdə insanda ikrah yaradır. Hər bir saxtakarlığın, riyakarlığın  həddi olmalıdır. Məhkəməni formal keçirirsinizsə, bir günə keçirin qurtarın, qərarı elan edin, hamı bilsin. Ağıllı-ağıllı sual verib gözlərini büzüb cavabları dinləməklə insanları adlatmağa ehtiyac yoxdur. Avqustun 26-da ona görə iştirak etmədim ki, artıq mümkün deyil. Avqustun 19-da vəkilim Rövşən Şirəliyev iki vəsatət verib. Bir vəsatət verdi ki, deyirlər mən qanunsuz içəri girib hakimi təhqir etmişəm. Məhkəmənin bütün mərtəbələrində, hər yerdə videokameralar var. O kameralara baxış keçirilsin. Bir də ki, mən demişəm qapı içəridən bağlanan olub, ora özüm girə bilməzdim. Ancaq hakim özü aça bilər. Mən bunu yazandan sonra qapı dəyişdirilib, gedib orda baxış keçirək. Məhkəmə qərar verdi ki, siz bu barədə Ədliyyə Nazirliyinə şikayət yazmısınız. Oradan sizə rədd cavabı verildiyindən bunu məhkəmədə müzakirə etməyə ehtiyac yoxdur. Ikinci vəsatəti də verdi ki, mənimlə hakim arasında söhbətin şahidi ancaq Məmmədov soyadlı bir nəfər olub. Onu məhkəmə zalına şahid kimi dəvət edin. Hakim deyir ki, siz bu barədə Vəkillər Kollegiyasında danışmısınız və buna da qiymət verilib. Bu da məhkəmə predmeti ola bilməz. Mən də soruşdum ki, hörmətli məhkəmə, anlamıram, onda siz burda nəyə baxırsınız? Sadəcə görünür hələ göstəriş verilməyib. Bunlarda da o cürət yoxdur zəng edib soruşsunlar ki, biz hansı qərar qəbul edəcəyik.  Vəkillikdən çıxarmaqla mənə heç nə etmirlər. Əgər bunlar hesab edir ki, vəkillikdən çıxarmaqla məni çörəyə möhtac edəcəklər, çox böyük səhvə yol verirlər. 1999-cu ildə məni bu hala saldılar. Ancaq onlara ağız açıb imdad diləmədim. Əksinə, daha aqressiv oldum. Eyni şey də indi olacaq. Yenə də mülki vəkilliyimlə məşğulam. Onsuz da cinayət işlərinə, demək olar, çıxmırdım. Mülki işlərlə bağlı ofisim yenə də gecə-gündüz işləyir və müştərilər də kifayət qədərdir. Sadəcə özlərini çox gülünc duruma salırlar. Bu dəqiqə çoxlu sayda beynəlxalq təşkilatlar bunu izləyir və hər gün məlumat istəyirlər...

“Zakir Qaralovu da, Ramil Usubovu da məndən pis günə salacaqlar”

- Daxili Işlər Nazirliyində başınıza gələnlərlə bağlı araşdırma aparılmadı. Hansı addımlar atmaq niyyətindəsiniz?
- Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsində fiziki təzyiqə məruz qalmağım, təhqir olunmağımla bağlı cinayət işinin başlanması 28 iyunda rədd olundu. Şikayəti yazıram Bakı şəhər prokuroru Əziz Seyidova, nədənsə mənə cavab verir Respublika Prokurorluğunda idarə rəisinin müavini. Amma mənə prosessual şəxsin cavabı lazımdır. Ya Seyidov, ya baş prokurorun müavini Rüstəm Usubov, ya baş prokuror cavab versin ki, bunların hərəkətindən məhkəməyə müraciət edim. Ancaq hamısı anlayır ki, nə vaxtsa bu qanunsuzluğa cavab verəcəklər, ona görə də başqalarına imzaladırlar. Bir daha deyirəm, nə qədər yaşayacamsa, mənə qarşı olmuş təhqirin davasını aparacam və bunu heç kimə bağışlayan deyiləm. Mənə qarşı atılacaq istənilən addıma hazıram. Amma bilsinlər ki, bunu heç kimə bağışlamayacam. Ona görə qoy tədbirlərini görsünlər. Tədbir görməzlərsə, özbaşınalıq adiləşəcək və gün gələcək ki, Z.Qaralovu da, R.Usubovu da məndən pis günə salacaqlar. Çünki nə tökərsən aşına, o da çıxar qaşığına. Yenə də deyirəm, o cür təhqir olunmağımın sifarişçisinin ya Ramil Usubov, ya da digər şəxsin olmasında əmin deyiləm. Amma əminəm ki, bu işi ört-basdır edən Zakir Qaralovla Ramil Usubovdu. Onlardan da bunun cavabını istəyirəm. Çünki həftə səkkiz mən doqquz Ramil Usubovla Zakir Qaralov çıxış edib deyirlər ki, ölkədə kriminogen durum nəzarətdədir və günü-gündən azalır. Mən isə deyirəm əksinə, elə deyil. Günü-gündən kriminogen vəziyyət pisləşir, heç bir nəzarət yoxdur. Yeganə nəzarət olan sahə insanların hüquq və azadlıqlarıdır. Hər bir insan hər gün özünü müdafiəsiz, bu hakimiyyətin əlində əsir hiss etməlidir. Mənə, uzun müddət ölkədə vəkil işləmiş bir şəxsə qarşı bir əxlaqsızların, gədaların o qanunsuz hərəkəti cəzasız qalmamalıdır. Ramil Usubov iki gündən bir çıxış edir ki, biz heç kimin qanunsuz mitinq keçirməsinə icazə verməyəcəyik. Niyə elə bir əminliklə bəyan etmir ki, biz heç kimin haqqının pozulmasına yol verməyəcəyik. Avqustun 14-də Həmkarlar Ittifaqının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı Sulutəpə qəsəbəsində qətlə yetirildi. Bu qətlin günahkarı birbaşa Daxili Işlər Nazirliyinin rəhbərliyidir. Sulutəpə qəsəbəsində dayımın bağ evi var. Bu bağ evinə üç dəfə girib oradan ümumi dəyəri 10 min manata yaxın yüzlərlə əşya aparıblar. O cümlədən özümün bağ evim olmadığına görə babamın mis samovarı, mis qablarını dayımgildə yadigar saxlayırdım. Dəfələrlə müraciət etmişəm ki, Sulutəpədə cinayətkarlıq baş alıb gedir. Buna bir tədbir görən yoxdur. O cümlədən Daxili Işlər Nazirliyi rəhbərliyinə müraciət etmişəm. Bu bir üzük deyil ki, desinlər bunu tapmaq çətindir. Yüz ədəddən artıq xüsusi nişanları olan və asan tapılan əşyalar oğurlanıb. Orda sahə müvəkkilinin, yaxud əməliyyat müvəkkilinin birinin bu işi açmağa həvəsi olsaydı, o dəqiqə tapardılar. Iki haldan biridir. Ya o cinayətə Daxili Işlər Nazirliyinin işçilərinin özü şərikdir, tapmırlar. Yaxud da onlar öz işi ilə məşğul olmurlar.

“Mənfi cəhətlərdən heç biri Cəmil Həsənliyə yapışa bilməz”

- Milli Şuradan prezidentliyə namizədi seçilən Cəmil Həsənliyə cəmiyyətdən böyük dəstək gəldi. Sizin də onunla bağlı yazınız oldu. Ümumiyyətlə, Cəmil Həsənlinin vahid namizəd seçilməsi qərarını necə qiymətləndirirsiniz?
- Cəmil Həsənliyə qədər Milli Şura ilə bağlı ümumi müdafiə xarakterli çıxış edirdim. Çünki bir vətəndaş və hüquqşünas kimi yüz faiz əminəm ki, güclü müxalifəti olmayan güclü hakimiyyət ola bilməz. Güclü müxalifət və güclü hakimiyyət yoxdursa, güclü dövlət ola bilməz. Ancaq güclü hakimiyyət, güclü müxalifət olan yerdə güclü dövlət olar. Mən də dövlətimi sevən adam kimi maraqlıydım ki, Milli Şura timsalında güclü müxalifət olsun. Yəqin fikir verdiniz ki, vahid namizəd haqqında o qədər də inamlı müdafiə nitqi söyləmədim. Bu günlərdə Rüstəm Ibrahimbəyovun özünün də dediyi kimi, çox təəssüf ki, ilk gündən Cəmil Həsənli namizəd olmadı. Hesab edirəm Cəmil Həsənli təpədən-dırnağa qədər milli, təvəzökar, əxlaqlı, təmiz, kifayət qədər təcrübəsi olan dövlət adamı, vətənini sevən bir insandır. Bu gün həm iqtidarın, həm müxalifətin belə kişilərə böyük ehtiyacı var. Kimlərsə bu gün baş verənlərdən şou düzəltmək istəyir. Indi Milli Şuranı az qala dövlət çevrilişində ittiham edənlər var. Bunu edənlərin bir ağlı çatmır başa düşə ki, müxalifət hakimiyyətə qanuni yolla gəlmək istədiyini bəyan edib. Bu mübarizəni də aparacaqlar. Bu tuthatut, hədələmək insanları qorxutmaq məqsədi güdür ki, onlara yaxın getməyin. Bəlkə də Milli Şuraya, bu günkü seçkilərə o qədər həssas yanaşmazdım. hüquqşünasam, öz işimlə məşğul olardım. Ancaq hesab edirəm özünə hörmət edən, qüruru olan, özünü əxlaqlı sayan, qorxmaz sayan hər kəs hakimiyyətin bu cür ucuz hədə-qorxusuna Milli Şuraya dəstəklə cavab verməlidir ki, biz siz fikirləşdiyiniz kölə vətəndaş deyilik. Biz qürurlu, öz haqqını bilən və ölkədə ədalətə çalışan, əzmi olan qeyrətli bir insanıq. Cəmil bəy istənilən şəxsdən, o cümlədən Rüstəm Ibrahimbəyovdan üstündür. Bəzən deyirlər ki, Cəmil bəy şanslı deyil, Milli Şuranın yeganə şansı Rüstəm Ibrahimbəyovdur. Onlar çox böyük yanlışlığa yol verir. Rüstəm Ibrahimbəyova deyilən o mənfi cəhətlərdən heç biri Cəmil Həsənliyə yapışa bilməz.

“Cəmil Həsənliyə vəkillik edərəm”

- Ehtiyac yaransa, seçkidə Cəmil Həsənlinin vəkili ola bilərsiniz?
- Hələ mənə belə bir təklif olmayıb ki, bu barədə fikirləşim. Azərbaycanda yaşadığım 24 ildə çalışmışam siyasi proseslərdən qaçam. Amma indi başqa bir dövrə daxil olmuşuq. Əgər ölkəm talan olunursa, ləyaqətli gənclərin bir hissəsi didərgin, o biri hissəsi həbsxanada çürüdülürsə, məmurlar insanlarla qul kimi davranırsa, yaşlı nəslin bir tikə çörəyə ehtiyacı olduğu halda, oğru oliqarx balaları milyonları eyş işrətə xərcləyirlərsə, normal dolanmaq üçün insanlar şəxsi ləyaqət hissini itirib yaltaqlıqla, ağa qara deməklə məşğuldurlarsa, məni, ömrünü Vətəninə həsr etmişi bu ölkənin Daxili Işlər Nazirliyinin bandit dəstəsi döydürürsə, bu  əxlaqsızlığa yol verən adamın cəzasını alması üçün əlimdən gələni edəcəm. Ola bilsin vəkillik edərəm.

“Cəmil Həsənlinin alimliyinə şübhə etmək əxlaqsızlıqdır”

- Cəmil Həsənli vahid namizəd seçiləndən sonra rəsmi mətbuatın hədəfinə çevrildi. Hətta hakimiyyət mətbuatı onun alimliyinə də şübhə ilə yanaşdı. Bu davranışa nə ad vermək olar?
- Bir balaca əxlaqı olan adam buna yol verməz. Onu deyən adamlara, yazanlara ancaq əxlaqsız demək olar. Cəmil Həsənlini dünya tanıyır. Başda Ramiz Mehdiyev olmaqla Prezident Administrasiyasında olanların heç birinin kitabı Amerikada çap olunmayıb. Cəmil Həsənlinin Amerikada Harvardda, Moskvada cildlərlə kitabları çap olunub. Ona elə bir söz demək əxlaqsızlıqdır. Ikincisi də, hakimiyyət strukturları Cəmil Həsənlini nə qədər söysə, o qədər yaxşıdır. Əgər hakimiyyət onun haqqında müsbət fikir söyləsəydi, təəssüf edərdim. Çünki müsbət fikir söyləsəydilər, Cəmil Həsənlinin hesabına özlərinə hörmət qazanardılar. Amma Cəmil Həsənlini söyməklə özlərinə nifrət qazanırlar. Onları ancaq Daanov kimi, vəzifəyə görə dədələrinə də əl qaldırmağa hazır olanlar müdafiə edə bilər.

“Seçkilərdə hiyləgərliyi bu hakimiyyət qədər bilən yoxdur”

- Hakimiyyət seçkiyə əlavə bir neçə namizəd cəlb edib. Namizədlərin sayının çoxluğu isə onlara ayrılan efir vaxtının azalması deməkdir. Müxalifət namizədinin bir neçə dəqiqəlik çıxışından çəkinən iqtidarın “cəmiyyət bizi dəstəkləyir” deməsi nə dərəcədə səmimidir?
- Nəyi-nəyi, amma seçki saxtakarlığını, seçkilərdə  hiyləgərliyi bu hakimiyyət qədər bilən yoxdur. Bütün dünya yığışsa, bu hakimiyyətə çata bilməz. Ilqar Məmmədov adlı süni ikinci namizəd peyda olub. Deyirlər ikinci Rüstəm Ibrahimbəyov tapıblar. Yəqin sabah bir Cəmil Həsənli də tapacaqlar. Bunların hamısı ancaq eyni məqsəd güdür. Yüz faiz deyirəm ki, Ilham Əliyev və Cəmil Həsənlidən başqa heç kim lazım olan imzanı toplaya bilməyəcək. Toplasalar da, bu, saxta imzalar olacaq. Demək, MSK onların hamısını saxta imza ilə seçkilərə buraxacaq. Burda da bircə məqsəd güdülür. Həqiqi seçki kampaniyası olsa, Cəmil Həsənlinin özü də, vəkilləri də üç-dörd saat çıxış etməlidir. Ilham Əliyev onsuz hər gün saatlarla çıxış edir. Belə olan halda hansı seçki prosesindən, hansı ədalətli seçkidən, bərabərlikdən danışmaq olar. Ancaq sosial şəbəkə var. Sosial şəbəkəyə hakimiyyətin müdaxilə etməsi qeyri-mümkündür. Sosial şəbəkədə onsuz da təbliğat kifayət qədər gedəcək. Bu gün sosial şəbəkəyə nəzər yetirsəniz, görərsiniz ki, son iki-üç gündə ancaq bir namizəddən söhbət gedir, o da Cəmil Həsənlidən. Başqa namizədlərin adı ara-sıra ancaq lağ obyekti kimi çəkilir.

“Öz aralarında da bir kişi hərəkəti edə bilmədilər, qadını həbs etdirdilər”

- Elşad Abdullayevin mandat alveri ilə bağlı məsələ yekunlaşmaq üzrədir. Prosesin sonunu necə görürsünüz? 
- Mandat alveri ilə bağlı video qalmaqalını birinci gün seyr edəndə dərhal təsəvvür etdim, səhəri günü bütün Azərbaycan xalqı küçələrə töküləcək ki, belə bir parlament alveri olub. Onsuz da bunu bilirdik. Ancaq bu, açıq-aşkar alver idi. Xalqın bu cür süstlüyündən sonra Sevinc Babayeva belə rəhmətə getdi, Gülər Əhmədova həbs olundu, bununla da məsələ bitdi. Gülər Əhmədovaya demişdim ki, səmimi ifadə verib həqiqəti demək istəsə, onun vəkili ola bilərəm. Çünki Gülər Əhmədova orda günahı olanlardan ən aşağı pillədədir. Əsas təşkilatçılar, MSK-nın başında duranlar, Prezident Administarsiyasında seçkiləri təşkil edib siyahını təsdiq edənlər var. Gülər Əhmədova sadəcə kuryer rolu oynayır. Hər şənbə günü onu orda görürəm, ürəyim ağrıyır. Ancaq bunlar isə öz aralarında da bir kişi hərəkəti edə bilmədilər, qadını həbs etdirdilər.

Fizzə/Azadlıq

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
342

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 15:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru