Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2013
09:42
İbrahimbəyovdan Cəmil Həsənliyə doğru böyük addım

Azərbaycan siyasətində analoqsuz dönüş hadisəsi; Milli Şura son şansını dəyərləndirdi, professor Həsənli yeni lider və namizəddir; İsa Qəmbərin aylar öncə verdiyi təklif gerçək oldu

Azərbaycan müxalifətinin seçki ilində ən geniş koalisiyası olan Milli Şura düşdüyü çətin vəziyyətdən çıxmağı bacardı. Milli Şura vahid namizəd elan etdiyi Rüstəm İbrahimbəyovun vətəndaşlıqla bağlı hüquqi problemlər ucbatından seçkidən az qala kənarda qalacaqdı. Avqustun 23-də keçirilən son sessiyada isə bu təhlükə nisbətən sovuşdu. Müsavat Partiyasının qərargahına toplaşaraq növbədənkənar sessiya keçirən şura üzvləri, nəhayət, ehtiyat vahid namizədi seçdilər. Bununla da seçkidə iştirak şansını saxladılar.
***

Mətbuata açıq olan sessiya ilk anlardan gərgin start götürdü. Müsavat başqanı İsa Qəmbərin sədrliyi ilə keçirilən iclasda gündəliyə yeni vahid namizədin müəyyənləşməsi məsələsi salındı. İlk söz KXCP sədri Mirmahmud Mirəlioğluna verildi və o, ehtiyat vahid namizədi dəstəkləyəcəyini bəyan etdi.

Ardınca ACP sədri Sülhəddin Əkbər tribunaya çıxdı və bildirdi ki, yeni vahid namizəd Milli Şuranın konsepsiyasının üzərindən qırmızı xətt çəkməkdir: “Milli Şura sədri gördü ki, ona inanmırlar. Rüstəm bəy də yoruldu və dedi ki, namizəd seçin. Cəmil müəllimi tapdılar ki, öz simalarını qorusunlar və seçki prosesindən kənarda qalsınlar. Mən toplantıda da partiya sədrlərinə sual verdim ki, niyə siz seçkidə iştirak etmirsiniz? ACP bu gün yeni namizədlə bağlı səsvermə keçiriləcəksə, onda iştirak etməyəcək”.

***

ALP sədri Əvəz Temirxan da R.İbrahimbəyovun vahid namizədliyindən danışdı və buna baxmayaraq, yen namizədə dəstək verəcəklərini açıqladı. ALP sədrinin sözlərinə görə, yaxşı ki, Rüstəm İbrahimbəyov varmış: “Rüstəm müəllim Azərbaycanı idarə etmək iddiasında olan, lakin bir araya gələ bilməyən siyasiləri bir yerə yığdı. Qısa müddətdən sonra məlum oldu ki, sən demə, qatar başqa yerə gedirmiş. Biz bu gün ziyalılar adından namizəd olmağa kim razı olubsa ona təşəkkür edirik ki, həm Milli Şuranı, həm də bizi qoruyur. Biz onun namizədliyinin lehinə səs verəcəyik. Çünki bizim üzərimizdə məsuliyyət var. Bilənlər bilir ki, Lalə Şövkət deyirdi ki, kim axıra qədər davam edəcəksə, əzimlidirsə, onu dəstəkləyək, onunla yola davam edək. Reytinq səs verməsi ilə belə qərara gəldik ki, vahid namizədlə seçkidə iştirak edək. Siyasilərdən də kimin namizəd olacağı reytinq səsverməsi ilə seçilməlidir”.

***

Gərgin və yerdən çoxsaylı replikalarla müşayiət olunan yığıncaqda əsas tələb MŞ rəhbərliyinin tezliklə yeni namizədi elan etməsi idi. Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov qeyd etdi ki, demokratiya uğrunda mübarizə aparanlar özü demokratik qaydalara əməl etməlidir: “Vahid mövqeyə gəldik ki, sessiyanı çağıraq. Biz ona təkcə hüquqi mandat verməli deyilik. Eyni zamanda həmin şəxsə siyasi status verməliyik. Ən şanslı namizədə hamı səs versin. Hamımız birləşib onu müdafiə edək. Korporativ maraqları kənara qoyub ən çox səs toplayan adamı dəstəkləyək”.
İ.Qəmbər bu yerdə ona öz namizədliyi ilə bağlı verilən sualı cavablandırdı və Müsavat Partiyasının MŞ-nın yeni namizədi dəstəkləyəcəyini açıqladı. Başqan Cəmil Həsənliyə səs verməyə çağırdı. AXCP sədri Əli Kərimli də ən uyğun namizədin C.Həsənli olduğunu vurğuladı: “Azərbaycanı dünyada tanıdan alimlərdən biridir. Kitabları Harvardda çap olunub, dərslik kimi istifadə olunub. Milli demokratik düşərgənin içindən çıxmış, AXC tarixini, Qarabağ tarixini Azərbaycanın maraqlarını təmin edərək araşdırıb ortaya qoyub. Elçibəyin müşaviri olub. AXCP sədr müavini olub. 10 il millət vəkili olub. Kifayət qədər siyasi təcrübəsi var. Milli Şuranın vahid namizədi ətrafında səfərbər olacağımız təqdirdə Azərbaycan xalqının köməyi ilə uğur qazanmaq imkanımız var. Millətimiz, dövlətimiz üçün xeyirli-uğurlu olsun”.

***

Toplantının bu məqamında Şura üzvü Mehriban Vəzir R.İbrahimbəyovun qurum üzvlərinə ünvanlanan məktubunu oxudu. Məktubda deyilir: “Hesab edirəm ki, Milli Şuranın yeni namizədi Azərbaycan tarixini yaxşı bilən, vətənpərvər şəxs olmalıdır. Hamının yaxşı tanıdığı Cəmil Həsənli bu xüsusiyyətlərə malikdir. Milli Şura üzvlərinə üzümü tutaraq onlara Cəmil Həsənliyə səs vermələrini xahiş edirəm”.
C.Həsənli qısa danışaraq R.İbrahimbəyovun təklifi ilə razılaşdığını söylədi: “15 gün əvvəl situasiya başqa idi, indi başqadır. Milli Şuranın və Rüstəm İbrahimbəyovun təklifini nəzərə alaraq bu yükü götürməyə hazıram”.
Bundan sonra səsvermə başladı və 72 nəfər lehinə, 1 nəfər bitərəf, 2 nəfər əleyhinə olmaqla tarixçi-alim müxalifətin yeni vahid namizədi seçildi. Bu qərar Müsavatın qərargahında toplaşan yüzlərlə siyasi fəal, gənclər tərəfindən coşqu ilə qarşılandı.
Milli Şuranın bu qərarını alqışlayan müxalifətçilər qərargahın qarşısında “Cəmil bəy!” deyə şüarlar səsləndirdilər. Onu da deyək ki, C.Həsənlinin seçilməsinə qarşı çıxan Rəsul Quliyevin partiyasının üzvləri oldu.

***

C.Həsənli sessiya iştirakçılarının qarşısında çıxış edərək ona dəstək verənlərdən halallıq istədi: “Sizin köməyinizə arxalanaraq bu yolu getməyə qərarlıyam. Təbii ki, heç bir yerdə kriminallaşmış rejimlər seçki yolu ilə getmək ənənəsinə riayət etmirlər. Ancaq biz sizinlə birlikdə, çiyin-çiyinə yolumuzu gedəcəyik, nəhayət hakimiyyət anlamalıdır ki, xalqın konstitusion haqqını qaytarmalıdır. Artıq neçə aydır Rüstəm bəy xalqın bir nömrəli adamına çevrilib. Onun Azərbaycan ədəbiyyatına, kinosuna əvəzsiz xidmətləri var. Amma hüquqi problemlərinə görə onun namizədliyini vermək problemə çevrildi. Biz demokratik qüvvələrin 2003-cü ildə qazandığı qələbəni tamamlamağa çalışacağıq”.
Bu çıxışdan sonra zalda alqış sədaları və şüarlar səsləndi. Sonra İ.Qəmbər təklif etdi ki, Milli Şura liderləri, fəallar C.Həsənli ilə birlikdə xatirə şəkli çəkdirək. Sessiyadan dərhal sonra C.Həsənlinin prezidentliyə namizəd göstərilməsi üçün təşəbbüs qrupunun formalaşdırılması istiqamətində növbəti toplantı başlandı. Məlumdur ki, seçki kampaniyasının proseduru bunu tələb edir. İclasda Təşəbbüs Qrupunun sədri Müsavat liderinin müavini Gülağa Aslanlı, katibi isə AXCP sədrinin müavini Gözəl Bayramlı seçildi.

***

Yekunda qeyd edək ki, indi həyata keçən bu variantı aylar öncə Müsavat başqanı İsa Qəmbər irəli sürüb. Əvvəl aqressiv etirazlarla qarşılanan təklif, nəhayətdə Milli Şuranın xilas variantı oldu.

Vahid namizədin bioqrafiyası

Cəmil Həsənli Poladxan oğlu 1952-ci il yanvarın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tarix elmləri doktoru, professordur. Amerika Orta Şərq Araşdırmaları Cəmiyyətinin üzvüdür. 10 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1975-ci ildən Cəlilabad rayonunun Təzəkənd orta məktəbində müəllim işləyib. 1994-cü ildən Bakı Dövlət Universitetinin professorudur. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2005-ci il noyabrın 6-da 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputat seçilib.
Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Meksika, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. Həmçinin, MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür./YeniMüsavat

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
135

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 10:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru