Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2013
15:20
`Yaxın adamlarım namizədimin kim olduğunu bilirlər`

Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov avqustun 20-də “Media forum” saytının suallarını cavablandırıb.
 
- Milli Şuranın 19 avqust sessiyasında qəbul olunan qərar sizin təklifinizə ziddir. Sessiya 9 oktyabr prezident seçkisinə ehtiyat namizədlə getməyə qərar verib. Qərarı necə qiymətləndirirsiniz?
 
- Qərarı yaxşı qiymətləndirirəm. Telefonla iclasa qatıldım və çıxış etdim. Mənim bir təklifim vardı və onu Milli Şura üzvlərinə çatdırdım. Təklifim ondan ibarət idi ki, Milli Şurada təmsil olunan partiyalar, hərəkatlar kimi istəyirsə namizəd irəli sürsün, sonda isə ən şanslı namizədin xeyrinə hamı geri çəkilsin. Çıxışımın sonunda isə dedim ki, baxmayaraq mənim təklifim var, ancaq Milli Şura nə qərar qəbul etsə, ona tabe olacam.
 
İndi də hesab edirəm ki, bu, yaxşı təklif idi. Amma mənim üçün əsas və vacib olan Milli Şuranın mövqeyi, qərarıdır. Ona görə də Milli Şuranın sessiyasının qərarını qəbul edirəm. Hesab edirəm ki, ehtiyat namizədin müəyyənləşdirilməsi də düzgün strategiyadır və bunu dəstəkləyirəm. Kimin namizədliyinin təsdiqlənəcəyini gözləyirəm.
 
- Milli Şuranın namizədi kim ola bilər? Qurumun sədri kimi dəstəklədiyiniz namizəd varmı? Kimin namizədliyini irəli sürürsünüz?
 
- Təbii ki, namizədim var. Yaxın adamlarım namizədimin kim olduğunu bilirlər. Lakin əvvəldən ad çəkmək istəmirəm. Çünki sədrin ad çəkməyi Milli Şura üzvlərinə təzyiq kimi qiymətləndirilə, qəbul oluna bilər. Yavaş-yavaş bütün məsələlər öz axarına düşür, problemlər aradan qalxır. Bu həftə namizədlə bağlı yekun qərar veriləcək, namizədin kimliyi elan olunacaq. Namizədimiz seçkidə iştirak edəcək. Mənim problemim həll olunsa, namizədliyini geri götürəcək. Əgər problemim həll olunmasa, prezident seçkisində həmin namizədlə iştirak edəcəyik.
 
- Bir neçə nəfər Milli Şuranın namizədi olmaqdan imtina edib. Sizin nəzərdə tutduğunuz namizədlə müzakirəniz olubmu? Onun özü namizəd olmağa razıdırmı?
 
- Söhbətimiz olub, namizəd olmağa razıdır. Burada problem yoxdur. Mən əvvəldən hansı namizədi seçmişəmsə, indi də onun üzərində dayanıram. İnanıram ki, o, Milli Şuranın namizədi olacaq.
 
- Daha çox professor Cəmil Həsənlinin adı çəkilir. Nəzərdə tutduğunuz namizəd Cəmil Həsənlidir?
 
- Kimi nəzərdə tutduğumu hələlik demək istəmirəm. Bunu nə təsdiq, nə də təkzib edirəm. Dəqiq olan odur ki, namizəd ziyalılardan biri olacaq. Qərar avqustun 19-da verilib, tələsməyin. Cəmil Həsənlinin namizəd olacağına gəlincə, ona böyük hörmətim var. Əgər Milli Şuranın namizədi Cəmil Həsənli olsa, çox sevinərəm.
 
- Milli Şurada narazılıqların olduğu, qurumun dağılacağı haqda fikirlər səsləndirilir. Milli Şura fəaliyyətini davam etdirəcəkmi?
 
- Bunlar hamısı əsassız, uydurma söhbətlərdir. Milli Şura niyə dağılmalıdır, nə olub ki? Bunu deyənlər, yazanlar əmrlə işləməyə öyrəşiblər. Prezident Administrasiyasından, hüquq mühafizə orqanlarından həmin insanlara əmr verilir, onlar da əmri icra edirlər, ağıllarına gələni deyirlər, yazırlar. Milli Şura azad, demokratik təşkilatdır. Şura üzvlərinin hər birinin öz mövqeyi, məsələlərə yanaşması var. Biz hər kəsin mövqeyinə hörmətlə yanaşırıq, onu dinləyirik, qiymət veririk. Müzakirələrin sonunda Milli Şura bir qərar qəbul edirsə, onunla razılaşmalıyıq. Görün şura nə qədər demokratik qurumdur ki, belə bir mühüm qərarı bir səs fərqi ilə qəbul edib. 43 nəfər lehinə, 42-si isə əleyhinə olub. Demokratik formada qəbul olunan qərarı necə qəbul etməmək olar?
 
Təşkilat işləyir, orada çox hörmətli insanlar təmsil olunur. Milli Şuranın fəaliyyətindən qorxuya düşənlər hər dəfə bir şayiə yayırlar. Təəssüflər olsun ki, insanlar bəzən buna ciddi yanaşırlar, bu haqda yazırlar. Milli Şuranın dağılması üçün heç bir əsas yoxdur. Qurum vahid namizədin irəli sürülməsi kimi mühüm və ağrılı bir məsələni həll edib. İndi bir balaca problem yaranıb. Mən inanıram ki, bu problemləri həll edəcəm. Rusiya vətəndaşlığından çıxmağımla bağlı problem həll olunmasa, sənədi ala bilməsəm, onda Milli Şura seçkidə başqa namizədlə iştirak edəcək. Mən də onun qələbə qazanması uçun əlimdən gələni edəcəm.
 
- Milli Şuranın namizədinə necə dəstək verəcəksiniz? Rusiya vətəndaşlığından çıxmaqla bağlı sənədi ala bilməsəniz belə Bakıya qayıdıb namizədin seçki kampaniyasına rəhbərlik etməyiniz mümkündürmü?
 
- Vahid namizədin seçki kampaniyasına rəhbərlik edəcəm. Hansı formada lazımdırsa dəstək verəcəm.
 
- Əvvəlki müsahibələrinizdə deyirdiniz ki, seçki ilə bağlı müəyyən addımlar atılacaq, Milli Şura yaranacaq, lakin sonda hər şey xalqdan asılıdır. İndiki mərhələdə xalqın seçkiyə, seçkiqabağı proseslərə yanaşması necədir?
 
- Hakimiyyət xalqı qorxudur, hamını təqib edir. Milli Şuranın 18 avqust mitinqi də bunu təsdiqlədi. Bizdə dəqiq məlumat var ki, bütün dövlət orqanlarında işləyənlərə bir gün əvvəldən xəbərdarlıq olunub ki, mitinqdə özünüzü, yaxud qohumlarınızı görsək, sizi də, qohumlarınızı da işdən çıxaracağıq. Avtobusların qarşısını kəsiblər. Buna baxmayaraq mitinqə insanlar gəldilər, öz sözlərini dedilər.
 
Hamı bilməlidir ki, vəziyyət çox ağırdır. Milli Şuranın təşəbbüs qrupunun sənədlərini də qəbul etməyiblər. Amma Milli Şuranın yaranması xalqda ruh yüksəkliyi doğurub. Tam ciddi deyirəm ki, biz əvvəldən necə plan qurmuşduqsa, seçkidə də o formada iştirak edəcəyik.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 06:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru