Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2013
17:20
1866
Azərbaycan Silahlı Qüvvələrində 2012-ci ilin itkiləri
Bu sənəd "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Tərəfindən 2013-cü ilin 8 yanvarında keçirilmiş mətbuat konfransında təqdim olunub

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə və eyni zamanda müxtəlif mənbələrdən əldə edilən məlumatlara istinadən 2012-ci ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 97 nəfər təşkil edib, 91 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 16-i döyüş (16 nəfər erməni gülləsi), 3-ü mina, 1-i əməliyyat, 77-i isə qeyri-döyüş itkiləridir.

8 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 16 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 11 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 14 nəfər xəstəlikdən dünyasını dəyişib. 19 nəfər intihar edib. Dünyasını dəyişənlərin 84-ü Müdafiə Nazirliyinin (o cümlədən bir nəfər Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı), 6-ı Dövlət Sərhəd Xidmətinin, 4-ü Daxili Qoşunların, 2-i Milli Təhlükəsizlik Nazirliyinin, 1- isə Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularıdır.

İtkilərdən 4 nəfərini dəqiqləşdirmək mümkün olmayıb. Bununla bağlı Müdafiə Nazirliyinə (nazir Səfər Əbiyevin adına) göndərilmiş elektron sorğular cavablandırılmamış qalıb.

Yaralılara və xəsarət alanlara gəlincə (91 nəfər) onların 16-ı qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 2-i intihara cəhddən, 13-ü erməni gülləsindən, 11 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 8-i bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma, yanma), 3-ü əməliyyat tədbirlərindən, 37-si isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 84 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfər Daxili Qoşunların hərbi qulluqçusu, 1 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

2012-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin adlı siyahısı

18 yanvar. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər Hüseynzadə Asiman Niyaz oğlunun əlindəki avtomat silahdan açılan atəş nəticəsində əsgər Quliyev Şəhadət Qənaət oğlu həlak olub.
30 yanvar. Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu Əmiraslan Rüstəmov qazanxanada dəm qazından boğularaq ölüb.
30 yanvar. Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində 2011-ci ildə Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Rufin Vilayət oğlu Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.
5 fevral. Müdafiə Nazirliyinin Ağdam rayonunun N saylı hərbi hissəsində xidmətinin bitməsinə 4 ay qalan əsgər, 1992-ci il təvəllüdlü, 2011-ci il yanvar ayinda Qaradağ rayonundan həqiqi hərbi xidmətə çağırılmış Mehman Əmiraslanov öz xidməti silahından atəş açaraq, özünü öldürüb. M.Əmiraslanov 2011-ci ilin yanvarında Qaradağ Rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
11 fevral. 1993-cü il təvəllüdlü İsmayıl Ələkbər oğlu Novruzov fevralın 10-da Müdafiə Nazirliyinin hərbi hospitalında xəstəlikdən dünyasını dəyişib. İ.Novruzov 2012-ci ilin yanvarında Abşeron Rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
11 fevral. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “UAZ” markalı maşının Goranboy rayonunda qəzaya uğraması nəticəsində Milli Ordunun əsgəri, 19 yaşlı Anar Ocaqov ölüb. A.Ocaqov 2011-ci ildə Şabran Rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
13 fevral. Müdafiə Nazirliyinin Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə Milli Ordunun kiçik çavuşu, 1992-ci il təvəllüdlü Kamran Coşqun oğlu Hacıyev tabeliyindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir. Qeyd edək ki, K. Hacıyev Gəncə Şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.
27 fevral. Bakı-Qazax yolunun 137-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində Bakı-Zaqatala marşrutu üzrə işləyən, Zeynalov Akif İbadulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10 TC -167 dövlət nömrə nişanlı sərnişin avtobusu “VAZ 2107” markalı, 10 XC-157 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2107”də olan, Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissənin zabiti, 1985-ci il təvəllüdlü baş leytenant, hərbi həkim Babayev Sərxan Alim oğlu hadisə yerində dünyasını dəyişib.
3 mart. Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində əsgərlər - 1993-ci il təvəllüdlü, Balakən rayonundan hərbi xidmətə çağırılan Vüqar Bəxtiyar oğlu Dibilov və 1992-ci il təvəllüdlü, Qusar rayonundan hərbi xidmətə çağırılan Seyidəli Şıxislam oğlu Şidəliyev şəhid olublar.
4 mart. Bakı şəhərində Dövlət Sərhəd Xidmətinin zabiti müəmmalı şəraitdə ölüb. Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi 15 ünvanında 35 yaşlı İlqar Quluzadənin meyiti tapılıb. Mərhumun hansı səbəbdən ölməsi məlum deyil. İ Quluzadə Dövlət Sərhəd Xidmətinin tağım komandiri, leytenant olub.
4 mart. Müdafiə Nazirliyinin məlumatına görə, Ağstafa rayonu ərazisindəki “N” saylı hərbi hissənin əsgəri Nadir Yunus oğlu Səfərəliyev Bakıdakı hərbi hospitalda kəskin leykoz xəstəliyindən dünyasını dəyişib. N.Səfərəliyev 2011-ci il Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
19 mart. Cəbhənin Ağdam istiqamətində “N” saylı hərbi hissəsinin əsgəri Elşən Abbas oğlu Həbibov intihar edib (öz silahından başına atəş açıb). E.Həbibov Qaradağ rayonundan həqiqi hərbi xidmətə çağrılıb.
22 mart. Sərhəd Qoşunlarının Qax rayonu ərazisində yerləşən hərbi hissəsində hərbi xidmətini başa vurmasına üç ay qalmış əsgər 1992-ci ildə anadan olmuş Samit Şıxəliyev intihar edib (özünü hərbi hissədə asıb). O, 2011-ci ilin yanvarında Yardımlı rayonundan hərbi xidmətə çağırılıb.
29 mart. Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində manqa komandiri vəzifəsində xidmət edən, Lənkəran rayonundan hərbi xidmətə çağırılmış əsgər Emil Həsənovun ərazidə aparılan təmizlik işləri zamanı hərbi hissənin digər əsgəri, Bakı şəhəri Nəsimi rayonundan hərbi xidmətə çağırılmış, Məmməd Abbasova etdiyi iradlar onlar arasında mübahisəyə səbəb olub. Sonuncu əsgər Emil Həsənovdan qisas almaq məqsədi avtomat silahdan çoxsaylı atəşlər açaraq onu qəsdən öldürüb. Bundan sonra əsgər A.Abbasov avtomat silahını çənəsinin altına dirəyərək özünü də öldürüb.
1 aprel. Müdafiə Nazirliyinin Füzuli rayonundakı “N” saylı hərbi hissəsində 1992-ci il təvəllüdlü əsgər Elmir Adil oğlu Kərimov avtomat silahla özünə atəş açaraq intihar edib. İlkin məlumata əsasən əsgər ailəsində yaranmış problemdən sarsıntı keçirərək bu addımı atıb.
6 aprel. Milli Təhlükəsizlik Nazirliyi birləşmələrinin Gıəncə şəhərində bir sıra terror aksiyaları planlaşdıran silahlı birləşmənin zərərsizləşdirilməsi istiqamətində həyata keçirdiyi əməliyyatda MTN-in xüsusi təyinatlı dəstəsinin zabiti, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev həlak olub.
17 aprel. Müdafiə Nazirliyinin Göygöldə yerləşən “N” saylı hərbi hissəsində Milli Ordunun əsgəri Vüqar Məmmədov tabeliyində olan avtomatdan atəş açaraq iki əsgəri - Pünhan Nağızadə (İmişli) və Müseyib Hüseynovu (Sumqayıt) öldürüb.
18 aprel. Müdafiə Nazirliyinin Bərdədə yerləşən “N” saylı hərbi hissəsində əsgər, 19 yaşlı Yaqub Şahin oğlu Nəsrullazadə tabeliyindəki silahla özünü vuraraq intihar edib. Hadisə ilə bağlı araşdırma aparılır. Y.Nəsrullazadə Bakının Binəqədi Rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
26 aprel. Ermənistan SQ-nin atəşkəsi pozması nəticəsində cəbhənin Ağdam istiqamətində Milli ordunun leytenantı 24 yaşlı Vaqif Zakir oğlu Abdullayev düşmən gülləsinə tuş gələrək dünyasını dəyişib. V.Abdullayev Xızı rayonundan hərbi xidmətə çağırılıb.
1 may. Müdafiə Nazirliyinin Bakıdakı Mərkəzi Hərbi Hospitalında müddətdən artıq xidmət edən hərbi qulluqçu Namiq Ağasəf oğlu Abdullayev ağır vəziyyətdə hərbi hospitala gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. N. Abdullayev 2011-ci ildə Bakının Suraxanı Rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
5 may. Xəzər rayonunun Zirə qəsəbəsində, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus hərbi şəhərcikdə Milli Ordunun baş leytenantı, 1979-cu il təvəllüdlü Zaur Xəlil oğlu Xudiyev yaşadığı evin hamamında çimərkən üstü açıq elektrik naqilinə toxunması nəticəsində onu cərəyan vurub. Nəticədə o, hadisə yerindəcə keçinib.
14 may. Qazax rayonunda yerləşən N saylı hərbi hissədə ilkin araşdırmaya görə, kiçik çavuş Vüsal Nəbiyevin tabeliyində olan silahdan açılan atəş nəticəsində əsgər yoldaşı Məcnun Qarazadə dünyasını dəyişib. V.Nəbiyev isə keçirdiyi həyəcandan intihar edib. İnsident növbə dəyişilən zaman baş verib. M.Qarazadə İmişli, V. Nəbiyev isə Hacıqabul Rayonundan həqiqi hərbi xidmətə çağırılıblar.
19 may. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, 1973-cü il təvəllüdlü, mayor Həsənov İsgəndər Bəhram oğlu xəstəlikdən dünyasını dəyişib. Mərhum sirroz xəstəliyindən əziyyət çəkirmiş. İ.Həsənov Bərdə rayonundan xidmətə çağırılıb.
20 May. Tərtər-Goranboy yolunun 6-cı kilometrliyində, Tərtərin Cəmilli kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Tərtər rayonu ərazisindəki “N” saylı hərbi hissənin zabiti Balabəy Mürsəlovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Tərtər rayon Seydimli kənd sakini Fazil Şahbazovun idarə etdiyi “VAZ 21015” markalı avtomobil qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində sürücülər və “VAZ 2107”də olan sərnişin, Azərbaycan Ordusunun zabiti Sabir Hüseynov hadisə yerində dünyasını dəyişib. Tərtər rayon Polis Şöbəsinin müstəntiqi Vəli Zeynalovun verdiyi məlumata görə, hadisə yerinə baxış zamanı qəzanın “VAZ 2107”nin hərəkət zolağında baş verdiyi müəyyən edilib. Qəza nəticəsində “Jiquli”də olan zabit Vahid Məlikov müxtəlif bədən xəsarətləri alıb və o, ərazidəki hərbi hospitala yerləşdirilib.
23 may. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin İmişli rayonunun Bəhramtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisində Sərhəd Qoşunlarının əsgərləri - 1993-cü il təvəllüdlü Əliyev Rahib Nazim oğlu və 1993-cü il təvəllüdlü Kazımzadə Tural İzzət oğlunun meyitləri aşkar edilib. Onların üzərində avtomat güllələrinin izləri aşkar edilib. İlkin ehtimala görə, hadisəni əsgərlərdən biri törədib. O, əvvəlcə əsgər yoldaşını, sonra isə özünü güllələyib. Faktı DSX-dan təsdiqləyiblər. Qurumdan hadisənin əsgərlər arasında qarşılıqlı münasibətlərin pozulması nəticəsində baş verdiyi bildirilib. Hazırda faktla bağlı Lənkəran hərbi prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, əsgər R.Əliyev Şəmkir, T. Kazımzadə isə İsmayıllı Rayonundan həqiqi hərbi xidmətə çağırılıblar.
25 may. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər, 19 yaşlı Zəka Ziya oğlu Qasımov münaqişə zəminində hərbi qulluqçu Ruslan Allahverdi oğlu Məmmədovu bıçaqlayıb. R.Məmmədov aldığı bıçaq xəsarətindən dünyasını dəyişib. Hadisəni törədən əsgər isə saxlanılıb. Məlumata görə, hadisə əsgərlər arasında mübahisə zəminində baş verib. Mübahisə edən əsgərləri ayırmaq istəyən hərbi qulluqçu bıçaq xəsarəti alaraq həlak olub. Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən R. Məmmədov Yevlax, qətli törədən Z. Qasımov isə Masallı Rayonundan xidmətə çağırılıblar.
25 may. Milli Ordunun əsgəri 19 yaşlı İbrahimov Anar Malik oğlu Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, əsgəri xilas etmək mümkün olmayıb. O, hemorragik vaskulit xəstəliyindən dünyasını dəyişib.
4 iyun. Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində 1991-ci il təvəllüdlü əsgər Xəlilov Sahib Bayram oğlu aldığı güllə yarasından ölüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əsgər S. Xəlilov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
5 iyun. Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib. Şəhid olan əsgərlər aşağıdakılardır: Əliyev Amil Novruz oğlu (1988 Neftçala), Əzizov Xalid Mətləb oğlu (1993 Şəki), Bağırov Vahid İntiqam oğlu (1993 Ağsu), Ataşlı Zülfüqar Vəli oğlu (1993 Cəlilabad ), İsmayılov Elçin Əlövsət oğlu (1993 Yevlax ).
5 iyun. Ağstafa rayonunda yerləşən hərbi hissələrdən birində bədbəxt hadisə zamanı iki əsgər ölüb, biri isə xəsarət alıb. Saat 17.00 radələrində tikintidə işləyən əsgərlərin üzərinə beton lövhəsi düşüb. Hadisə baş verən andan dərhal sonra xəsarət alanlar hərbçilərin köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin onlardan ikisinin həyatını xilas emtək mümkün olmayıb. Onlar xəstəxanaya daxil olarkən artıq kecinib. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının cərrahı Teyyub Carçıyevin sözlərinə görə, xəstəxanaya gətirilən hərbçilərdən ikisinin həyatını xilas emtək mümkün olmayıb. Əsgərlərdən biri Sumqayıtdan cağırılmış Quliyev Emin, digəri isə Ağdaşdan cağırılmış hərbi qulluqcu Hüseynov Orxan idi.
7 iyun. Sabirabad rayonu Muğangəncəli kənd sakini, 1994-cü il təvəllüdlü Cəbrayılov Ramiz Dilavər oğlu Kür çayında çimərkən boğulub. Onun meyiti FHN-in xilasediciləri tərəfindən axtarılır. Qohumlarının bildirdiyinə görə, Ramiz Cəbrayılov bu ilin aprelində ordu sıralarına çağırılıb və xəstəliyi ilə əlaqədar 20 günlük evə buraxılıb. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
8 iyun. Cəbhənin Tovuz rayonu istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində, Milli Ordunun əsgəri, 19 yaşlı Səadətdin Müslüm oğlu Məmmədov şəhid olub. Qeyd edək ki, S.Məmmədov Goranboy Rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
14 iyun. Azərbaycan Silahlı Qüvvələrinin iyunun 10-da minaya düşmüş zabiti - kapitan İlqar Verdiyev Bakıdakı Mərkəzi Kliniki Hospitalda şəhid olub. Hadisə nəticəsində o, ağır yaralanmışdı, sağ qolu ambutasiya olunmuşdu. İ.Verdiyev əvvəllər Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb. Daha sonra Goranboydakı hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub. 1975-ci ildə Tovuz rayonunda anadan olub.
25 iyun. Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında xəstəliyi ilə əlaqədar hospitala yerləşdirilən, mayor Əliyev Ehtiram Seyfəddin oğlu dünyasını dəyişib. Zərdab rayonundan xidmətə çağırılan 1968-ci il təvəllüdlü hərbçinin ürək və ağciyər çatışmazlığından vəfat etdiyi bildirilib.
11 iyul. Şəmkir hərbi birləşməsinin “N” saylı hərbi hissəsində əsgər Çingiz Bədəlovun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı Saleh Valeh oğlu Qorodayevə dəyib. Nəticədə S.Qoradayev aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə zamanı dünyasını dəyişən S.Qorodayev Balakən, Ç. Bədəlov isə Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
13 iyul. Müdafiə Nazirliyinin Bakı Hərbi Birləşməsinin N saylı hərbi hissəsində təlim atəşi zamanı əsgər Nağıyev Sahil İlqar oğlunun təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində Əkbər Nəsirov həlak olub. Ə.Nəsirov Neftçala rayonundan hərbi xidmətə çağırılıb.
16 iyul. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Milli Ordunun əsgəri, 18 yaşlı Pərvin İsgəndərli xidmət etdiyi hərbi hissədə özünü asaraq intihar edib. Qeyd edək ki, P. İsgəndərli 2012-ci ildə Gədəbəy rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
16 iyul. Azərbaycan ordusunun hərbi qulluqçusu Elçin Orucov cəbhənin Tovuz istiqamətində naməlum şəraitdə vurulub (erməni gülləsi ehtimal olunur). Qeyd edək ki, vurulduğu gün (15 iyul) axşam saatlarında o atasına və qardaşına zəng edərək yaralandığını və neytral ərazidə qaldığını bildirib.Hərbi hissədən isə Elçinin ailə üzvlərinə onun hansı şəraitdə həlak olması barədə məlumat verilməyib. Atası oğlunun ölümündə müəmmalı məqamlar olduğunu iddia edir. İyulun 15-də vurulan Elçin Orucovun cənazəsi iyulun 17-də tapılıb və müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Müdafiə Nazirlyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun verdiyi məlumata görə, əsgərin qohumlarının iddia etdikləri müəmmalı məqamlara ekspertizanın nəticəsindən sonra aydınlıq gətiriləcək. Qeyd edək ki, E.Orucov Tərtər Rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
20 iyul. Ermənistan SQ-nin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun baş leytenantı Cəfər İbrahim oğlu Cəfərov düşmən gülləsinə tuş gələrək şəhid olub. C.Cəfərov Naxçıvan Muxtar Respublikasının Babək rayonundan hərbi xidmətə çağırılıb.
30 iyul. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Azərbaycan Ordusunun əsgəri, 1992-ci il təvəllüdlü Orxan Qəhrəman oğlu Abbasov hərbi hissədə aldığı güllə yarasından həlak olub. İlkin məlumata görə, əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan atəş Q. Abbasova dəyib. O.Abbasov Gədəbəy rayonundan hərbi xidmətə çağırılıb.
31 iyul. Müdafiə Nazirliyinin Goranboyda yerləşən “N” saylı hərbi hissəsində əsgər Mehdi Bahadır oğlu Sultanov vəfat edib. Əsgərin avtomat silahdan açılan atəş nəticəsində öldüyü bildirilir. İlkin ehtimala görə, M. Sultanov tabeliyindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. M.Sultanov Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
2 avqust. Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində Milli Ordunun əsgəri, 19 yaşlı İsmayıl Rafiq oğlu İbayev xidməti silahı ilə başından atəş açaraq özünü öldürüb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. İ.İbayev Cəbrayıl rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
3 avqust. Ramana qəsəbəsi, Şuşa şəhərciyində qəsəbə sakini, 1993-cü il təvəllüdlü Mahir Məhəmməd oğlu Məmmədov idarə etdiyi “Mercedes” markalı maşını aşırıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə zamanı dünyasını dəyişən M. Məmmədovun əsgər olduğu bildirilir. O, evə məzuniyyətə gəlibmiş.
3 avqust. Müdafiə Nazirliyinin Lənkəranda yerləşən “N” saylı hərbi hissəsində, əsgər, 19 yaşlı Kamal Sahib oğlu Alıyev avqustun 1-də yeməkxananın damından yıxılaraq xəsarətlə hospitala yerləşdirilib. Lakin aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb. K.Alıyev avqustun 3-də dünyasını dəyişib. S.Alıyev Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
5 avqust. Azərbaycan Ordusunun giziri yol qəzasında ölüb. Bir neçə gün əvvəl Gəncə şəhərində Astara rayon sakini Kamran Səfərov idarə etdiyi maşınla qəza törədib. Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən K. Səfərov ötən gün orada dünyasını dəyişib. Hadisə zamanı dünyasını dəyişən K. Səfərov Müdafiə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsinin giziri olub.
7 avqust. Müdafiə Nazirliyinin Naxçıvandakı N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmətdə olan əsgəri Bəyov Teyfur Hacıkərim oğlu “hemorragik vaskulit, qarışıq (dəri və böyrək) forma, ildırımsürətli gediş ekimoz səpkili dəri səpkiləri, kəskin böyrək və III dərəcəli kəskin tənəffüs çatışmazlığı ilə fəsadlaşma, kəskin ağ ciyər və ürək çatışmazlığı”ndan dünyasını dəyişib.
8 avqust. Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissəsində 18 yaşlı əsgər Murad Qurban oğlu Ağakərimli posta olarkən xidməti silahı ilə özünü vurub. Nəticədə o, aldığı güllə yarasından vəfat edib. M.Ağakərimli 2012-ci ilin aprelində Xətai rayonundan hərbi xidmətə çağırılıb.
9 avqust. Müdafiə Nazirliyinin Qazax rayonundakı hərbi hissəsində əsgər Bəhruz Seydulla oğlu Rəhimov hərbçi yoldaşının əlindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.Məlumata görə, hadisə avtomat silahı təmizləyərkən baş verib. Ehtiyatsızlıqdan açılan güllə B. Rəhimova dəyib və o aldığı güllə yarasından vəfat edib. Qeyd edək ki, B. Rəhimov Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
13 avqust. Ermənistan silahlı qüvvələrinin Ağdamın Yusifcanlı kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri Ruşanov Mirzəməhəmməd Faiq oğlu şəhid olub. Əsgər 2012-ci ilin yanvar ayında Bakının Yasamal rayonundan hərbi xidmətə çağırılıb.
14 avqust. Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü, 5 nəfərin xəsarət alması nəticələnən ağır avtomobil qəzası baş verib. Bakı sakini, 1941-ci il təvəllüdlü Adıgözəlov Abdürrəhman Mehdi oğlunun idarə etdiyi 99 CX 604 dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı minik maşını qarşı tərəfdən gələn, Şəki rayonunda qeydiyyatda olan və Yasamal rayonunda yaşayan, Müdafiə Nazirliyinin hərbçisi, 1972-ci il təvəllüdlü mayor Musayev Nizaməddin Ziyəddin oğlunun idarə etdiyi 10 HF 464 dövlət nömrə nişanlı, “VAZ 21099” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində mayor Nizaməddin Musayev, sərnişinləri - 1940-cı il təvəllüdlü Talıbov Qürbət Talıb oğlu və 1941-ci il təvəllüdlü Talıbova Sürayə Hüseyn qızı dünyasını dəyişib.
22 avqust. Azərbaycan Ordusunun əsgəri 24 yaşlı Samir Malik oğlu Adıgözəlov Mərkəzi Hərbi Hospitalda dünyasını dəyişib. Qeyd edək ki, o, avqustun 17-də Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qayadan sürüşərək yıxılıb. ağır xəsarət alan əsgər hospitala yerləşdirilib. Qeyd edək ki, S. Adıgözəlov Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.
28 avqust. Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində əsgərlər - Sarbalayev Sevmət Sarbala oğlu və Alıyev Orxan Rövşən oğlu arasında mübahisə düşüb, mübahisə sonradan davaya çevrilib. Nəticədə S.Sarbalayev O.Alıyevə bıçaqla xəsarət yetirib. Bıçaq xəsarəti alan əsgər təcilli olaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən O.Alıyev Kürdəmir rayonundan, S. Sarbalayev isə Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb. O. Alıyevin xidməti başa vurmasına iki ayı qalıbmış.
29 avqust. Cəbhənin Tərtər istiqamətində gizir Müşfiq İlham oğlu Bayramov düşmən gülləsinə tuş gəlib. M. Bayramov aldığı güllə yarasından şəhid olub.
29 avqust. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 2012-ci ilin iyul ayında Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılan, 1994-cü il təvəllüdlü Novruzov Elşən Nəriman oğlu avqustun 29-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölümə səbəb kəskin ensefalit, fulminant gedişli (ildırım sürətli) serebral koma, (4-cü dərəcə) pərçim simptomu, (beyin kötüyü və beyincik badamcıqlarının böyük ənsə dəliyinə pərçim) toksiki nefrit, reaktiv pankreatit, infeksion – toksiki miokardit, kəskin ürək-damar və tənəffüs çatışmazlığı olub.
30 avqust. Azərbaycanın Füzuli rayonunda ağır yol qəzası baş verib. “VAZ-2106” və “VAZ-2107” markalı iki avtomobilin toqquşması nəticəsində iki hərbçi ölüb. Ölən hərbçilər “N” saylı hərbi hissənin gizirləri – 1976-cı il təvəllüdlü Mərdan Mübariz oğlu Gözəlov və 1978-ci il təvəllüdlü Tural Telman oğlu Həsənovdur. Onların hər ikisi qəza zamanı “VAZ-2106”-da olub. Digər avtomobildə olan iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
31 avqust. Müdafiə Nazirliyinin Ağdamda yerləşən “N” saylı hərbi hissəsində 1993-cü il təvəllüdlü Xudaverdiyev Novruz Rasim oğlunun tabeliyində olan silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun əsgər yoldaşı, 1993-cü il təvəllüdlü Dadaşov Pərvin İbadulla oğluna dəyib. Yaralanan əsgər Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. P.Dadaşov 2011-ci ilin aprel ayında Quba, N. Xudaverdiyev 2011-ci ilin aprel ayında Bakının Xəzər rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
5 sentyabr. Azərbaycan Daxili Qoşunların polkovnik-leytenantı faciəli şəkildə ölüb. Kəllə-beyin travması ilə Daxili Qoşunların hospitalına yerləşdirilən Daxili Qoşunların Baş İdarəsinin sanitar-epidemioloji dəstəsinin rəisi Xanımzər Nabatəliyeva dünyasını dəyişib. Aparılan araşdırmalar zamanı X. Nabatəliyevanın bir neçə gün əvvəl 165 saylı xətt avtobusundan yıxılaraq xəsarət aldığı məlum olub. Aldığı xəsarətlər ağır olduğundan onu xilas etmək mümkün olmayıb.
7 sentyabr. Naxçıvandakı “N” saylı hərbi hissədə qulluq edən, 1993-cü il təvəllüdlü əsgər Cəfərov Rəbbi Elsevər oğlu iyul ayının 13-də düşmən snayperindən açılan atəş nəticəsində başından ağır yaralanmış və Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına yerləşdirilmişdi. Aparılan intensiv müalicəyə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb və o, şəhid olub.
22 sentyabr. Müdafiə Nazirliyinin Füzulidə yerləşən “N” saylı hərbi hissəsində Milli Ordunun əsgəri, 19 yaşlı Qasımzadə Mais Təhməz oğlunun meyiti asılmış vəziyyətdə tapılıb.
27 sentyabr. Azərbaycanda bir neçə gün əvvəl yol qəzasına düşən hərbçilərdən biri dünyasını dəyişib. Məlumata görə, Şəki rayonundan həqiqi hərbi xidmətə çağırılan Kənan Abdullazadə aldığı xəsarətdən hərbi hospitalda dünyasını dəyişib. Qeyd edək ki, yol qəzası sentyabrın 17-dən 18-ə keçən gecə paytaxtın Şəfayət Mehdiyev küçəsində baş verib. Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsinə məxsus “UAZ” markalı maşın obyektlərin mühafizəsini dəyişmək məqsədilə hərəkətdə olarkən Elçin Qəmbərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “N” saylı hərbi hissənin tibb xidməti rəisi, mayor Qədir İsayev və əsgərlər - Emil Tağıyev, Fəxrəddin Şıxıyev, Xəlil Rzayev, Hüseyn Həsənov, Coşqun Ramazanov, İntizar Rəcəbov və Kənan Abdullazadə xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
1 oktyabr. Azərbaycan Ordusunun giziri dünyasını dəyişib. Hadisə Ağdam rayonunda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” hərbi hissəsində xidmət edən, 1978-ci il təvəllüdlü Əkrəm Ağabəy oğlu Sadıqov kirayə qaldığı evdə vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir. Qeyd edək ki, Ə.Sadıqov Yardımlı rayonundan hərbi xidmətə çağırılıb.
6 oktyabr. Bakı-Sumqayıt yolunda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, baş-leytenant Şahmar Ramazan oğlu Qasımov idarə etdiyi “VAZ-2107” markalı maşını yol kənarındakı maneəyə çırpıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
12 oktyabr. Daxili Qoşunların əsgəri intihar edib. Hadisə Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Əsgər, 1984-cü il təvəllüdlü Azər Amil oğlu Həsənov xidməti silahı ilə özünü vurub. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.
19 oktyabr. Azərbaycan Ordusunun Ağdam rayonunda yerləşən hərbi hissəsində 1994-cü il təvəllüdlü əsgər Əliyar Arif oğlu Zülfüqarov tabeliyində olan silahdan açılan atəş nəticəsində ölüb. Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır. Mərhumun 2012-ci ilin aprelində İsmayıllı rayonundan hərbi xidmətə çağırıldığı bildirilir.
22 oktyabr. Şəki rayonunun Çeşməli kəndi ərazisində baş verən avtomobil qəzası nəticəsində avtomobildə olan sərnişin - Sərhəd Qoşunlarının Şəkidə yerləşən Sərhəd Dəstəsinin giziri Rüfət Səmədli aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
29 oktyabr. Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində əsgər, 1993-cü il təvəllüdlü Pərvin Tofiq oğlu Babayev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. P.Babayev Şərur rayonundan hərbi xidmətə çağırılıb.
31 oktyabr. Şirvan şəhərində qeydə alınıb. Şəhər sakini, 49 yaşlı Məharət Əbülfəz oğlu Abdullayev tanışı, 32 yaşlı Fərid İnqilad oğlu Kakavanı güllələyib. F.Kakavan hadisə yerindəcə keçinib. İlkin məlumata görə, hadisə borc üstündə baş verib. Qətlə yetirilən F.Kakavanın orduda kapitan rütbəsində olub.
2 noyabr. Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq xidmət edən, baş çavuş, 22 yaşlı Tural Hümbət oğlu Məmmədov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
3 noyabr. Bərdədə 2 avtomobilin tooqquşması 1 nəfərin ölümü ilə nəticələnib. Yevlax istiqamətində hərəkət edən ZİL markalı yük avtomobili ilə əks istiqamətdə hərəkət edən Babək Abdullayevin idarə etdiyi VAZ-21 05 markalı yük avtomobili yolun ortasında toqquşub. Nəticədə Azərbaycan ordusunun çavuşu Babək Abdullayev hadisə yerində dünyasını dəyişib.
7 noyabr. Bakıda intihar hadisəsi baş verib. Mustafa Sübhi küçəsi 94 ünvanında, mənzilin hamam otağından 1965-ci il təvəllüdlü Seyidov Vüqar Şahin oğlunun üzərində xəsarətləri olan meyiti tapılıb. V.Seyidovun üzərində çoxsaylı kəsilmiş yaralar müəyyən edilib. İlkin məlumata görə, o, intihar məqsədi ilə özü-özünə xəsarətlər yetirib. Meyiti aşkarlanmış şəxs hərbçidir. Fakt üzrə müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır.
10 noyabr. Müdafiə Nazirliyinin Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsində 2012-ci ilin oktyabrında Yevlax rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər İbrahimov Bəylər Elman oğlu xəstəlikdən dünyasını dəyişib.
19 noyabr. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Paşa Nemət oğlu Mürsəlov minaya düşərək həlak olub. P.Mürsəlov Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
26 noyabr. Tərtərdə xidmət edən əsgər, 19 yaşlı Fəhmin Ceyhun oğlu İsgəndərov ağır vəziyyətdə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. F.İsgəndərov hospitalda ürək-damar, tənəffüs çatışmazlığından dünyasını dəyişib. Mərhum F.İsgəndərov 2012-ci ildə Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
27 noyabr. 18 yaşlı İlham Elməddin oğlu Nağızadə ağır vəziyyətdə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyinin mətbuat xidməti qeyd edib ki, əsgər ağciyər və ürək-damar çatışmazlığından vəfat edib. F.İsgəndərov Sabirabad rayonundan 2012-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.
3 dekabr. Bakının Xətai rayonu ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı faciəvi şəkildə dünyasını dəyişib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Rayon Polis İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, dünən 51 yaşlı polkovnik-leytenant Məhərrəm İzzətov lift şaxtasına düşüb. Hadisə dünən saat 20 radələrində Mehmandarov küçəsində yerləşən 16 mərtəbəli binada baş verib. Həmin binada yaşayan M.İzzətov binanın 13-cü mərtəbəsində liftin açıq şaxtasından aşağı düşüb. M.İzzətov aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
7 dekabr. Qaraməryəm-İsmayıllı-Balakən magistral yolunun I km-də Mais Mərhəmət oğlu Məcidovun idarə etdiyi “VAZ-2106” markalı 85-BK-983 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü ağır yaralanıb. Onun sərnişini, 1966-cı il təvəllüdlü Natiq Rəmzi oğlu Şərifov isə dünyasını dəyişib. Qəzada ölən Natiq Şərifov Oğuz rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini bölməsinin əməkdaşı olub.
10 dekabr. 1990-cı il təvəllüdlü Rəşad Mirzəliyev xəstəlikdən Müdafiə Nazirliyinin hərbi hospitalında dünyasını dəyişib. R.Mirzəliyev Sabunçu rayonundan 2012-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.
10 dekabr. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər Zeynalov Zeynal Qalib oğlu tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
11 dekabr. Dövlət Sərhəd Xidmətətinin hərbi hissələrindən birində əsgər Həsənov Sirəddin Əlif oğlu bıçaqlanıb. Məlumatda bildirilir ki, Sirəddin Həsənov həqiqi hərbi xidmətini gələn ay başa vurmalı imiş. Bir neçə gün əvvəl komandiri tərəfindən döyülən əsgər iki gün əvvəl isə hərbi hissə yoldaşlarından biri tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq yarası alan əsgərin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Ağdam Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılan əsgərin meyidi dunən Mingəçevir şəhərinə gətirilib. Baş verən hadisədən şoka düsən əsəgərin yaxınları meyidi gətirən hərbcilərə hücum edib. Nəticədə Dövlər Sərhəd Xidmətinin 10 nəfərə yaxın əməkdaşı xəsarət alıb. Polis hərbçiləri vətəndaşların əlindən ala bilib.
13 dekabr. Azərbaycanın Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Masallı-Boradigah şosesinin rayonun Qızılavar kəndindən keçən hissəsində “Hyundai” markalı, 90 RG 816 dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılması nəticəsində avtomobildəki zabitlərdən biri - N saylı hərbi hissəsinin komandiri, polkovnik Vasif Şükür oğlu İmanov hadisə yerindəcə dünyasını dəyişib.
26 dekabr. Azərbaycan Silahlı Qüvvələrinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantı xəstəlikdən dünyasını dəyişib. Kursant Sərxan Muradov dekabrın 25-də xərçəng xəstəliyindən müalicə aldığı Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda vəfat edib. S.Muradov 1994-cü ildə Balakən rayonunda anadan olub.

DƏQİQLƏŞDİRİLMƏSİ MÜMKÜN OLMAYAN İTKİLƏR:

21 may. Erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun 2 hərbi qulluqçusunun şəhid olduğu bildirilir. Məlumatda bildirilir ki, hadisə günorta saatlarında baş verib və dünyasını dəyişənlərdən biri mayor rütbəli hərbi qulluçu, dogəri isə əsgərdir. Zabitin Qusar rayonundan olduğu bildirilir.
5 iyul. Füzuli istiqamətində Milli Ordunun əsgəri Elmir Kərimovun erməni snayperinin gülləsindən şəhid olduğu bildirilib. Onun Əmircandan çağırıldığı bildirilir.
9 avqust. Müdafiə Nazirliyinin Lənkəran rayonundakı hərbi hissədə ehtiyatsızlıqdan açılan güllə nəticəsində bir əsgərin dünyasını dəyişdiyi barədə məlumat əldə olunub.

Məlumatlarla əlaqədar “Doktrina” JHAM tərəfindən müxtəlif dövrlərdə, o cümlədən dünən (7 yanvar 2013) Müdafiə Nazirliyinin elektron ünvanına, Müdafiə naziri Səfər Əbiyevin və MN mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun adına rəsmi qaydada müraciət göndərilmiş, amma təəssüf ki bu günə, bu saatlara qədər cavab alınmamışdır.

2012-ci ildə Təhlükəsizlik və müdafiə sektorunda yaralıların və ya xəsarət alanların adlı siyahısı



18 yanvar. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər Hüseynzadə Asiman Niyaz oğlunun əlindəki avtomat silahdan açılan atəş nəticəsində iki əsgər müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
11 fevral. Goranboy rayonunda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “UAZ” markalı maşının qəzaya uğraması nəticəsində Milli Ordunun bir neçə əsgəri (bir sıra məlumatlara görə 4 əsgər) müxtəlif xəsarətlərlə hospitala yerləşdirilib.
18 fevral. Cəbhə bölgəsində Milli Ordunun əsgəri, 1989-cu il təvəllüdlü Elnur Dadaşovun əlindəki xidməti silahdan təsadüfən açılan atəş nəticəsində güllə onun hərbçi yoldaşı, 1992-ci il təvəllüdlü Sakit Abdullayevin ayağına dəyib. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir. Qeyd edək ki, S.Abdullayev Qusar, E.Dadaşov isə Salyan Rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
24 fevral. Cəbhə bölgəsində qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus, əsgərləri daşıyan “Zil” markalı yük maşını dağlıq ərazidə yoldan çıxaraq aşıb. Nəticədə 7 hərbi qulluqçu xəsarət alıb.
27 fevral. Azərbaycan Ordusunun hərbçiləri Samux rayonunda yol qəzasına düşüblər. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri, 1982-ci il təvəllüdlü Nizaməddin Məzahir oğlu Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. N.Abdullayev və maşında olan digər sərnişin, gizir, 1980-ci il təvəllüdlü Şaiq Əliheydər oğlu Seyidov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
27 fevral. Bakı-Qazax yolunun 137-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində Bakı-Zaqatala marşrutu üzrə işləyən, Zeynalov Akif İbadulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10 TC -167 dövlət nömrə nişanlı sərnişin avtobusu “VAZ 2107” markalı, 10 XC-157 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2107”də olan, Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissənin zabiti, 1987-ci il təvəllüdlü leytenant, Əliyev Pərviz Alı oğlu, 1988-ci il təvəllüdlü leytenant Həsənov Ehtiram Elxan oğlu ağır xəsarət alaraq Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
28 fevral. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının müdavimi 20 yaşlı Əkbər Məmmədov münaqişə zəminində digər müdavim 19 yaşlı Şəhriyar Hacıyevə bıçaqla xəsarət yetirib. Əkbər Məmmədov tutulub. İlkin yoxlama aparılır.
29 fevral. Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti - leytenant, 1988-ci il təvəllüdlü Pərvin Şahin oğlu Əliyev düşmən gülləsinə tuş gəlib. O, həkim nəzarəti altındadır.
2 mart. Azərbaycanın Goranboy rayonunun cəbhə xəttində yerləşən Gülüstan kəndi ərazisində 23 yaşlı leytenant Qurban Mahmud oğlu Hüseynov minaya düşüb. O, partlayış nəticəsində ayağını itirib.
3 mart. Göygöl rayonunun Toğana kəndi ərazisində yerləşən “N” saylı hərbi hissənin 4 əsgəri donvurma diaqnozu ilə Gəncədəki hospitala gətirilib. Əsgərlərdən ikisinin qulağını, digərlərinin isə ayaqlarını don vurduğu bildirilir. Don vurmuş əsgərlərdən biri Ağdam rayonundan həqiqi hərbi xidmətə çağırılmış 1993-cü il təvəllüdlü Həsənov Nəsir Məhərrəm oğludur.
4 mart. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə kursantlar arasında qanlı mübahisə olub (“Musavat” qəzeti). Hərbi Hospitaldan kursant Müşfiq Mikayıl oğlu Nurməmmədov döş qəfəsindən aldığı çoxsaylı yaralarla reanimasiya şöbəsinə qəbul edildiyini təsdiqləyiblər.
5 mart. Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus yük avtomobilinin minaya düşməsi nəticəsində əsgər, Balakən Rayonundan həqiqi hərbi xidmətə çağırılan Raduqa Abduləzimov ağır yaralanıb.
15 mart. Cəbhənin Qazax rayonu istiqamətində Ermənistan SQ-nin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri 19 yaşlı Elşən Tərlan oğlu İsayev yaralanıb, hospitala yerləşdirilib. E.İsayev Quba Rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
25 mart. Bakı-Qazax magistral avtomobil yolunda (Ağdaşın Qaradeyin kəndi ərazisində) zəncirvari avtomobil qəzasının baş verməsi nəticəsində
Kürdəmir rayonundakı “N” saylı hərbi hissənin zabitləri, 1988-ci il təvəllüdlü Emin Abbasov, 1987-ci il təvəllüdlü Hafiz İsmayılov, əsgər, 1992-ci il təvəllüdlü Əziz Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
29 mart. Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgəri, Bakı şəhəri Nəsimi rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, Məmməd Abbasovun əlindəki avtomat silahdan açılan atəş nəticəsində əsgərlər Teymur Teymurov və Babək İbişov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
1 aprel. Cəbhənin Goranboy istiqamətində qeydə alınıb. Ermənistan SQ-nin atəşkəsi pozması nəticəsində Milli ordunun əsgəri Ağarza Mirməhəmməd oğlu Əmirov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib. A.Əmirov Bakının Yasamal rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
6 aprel. Milli Təhlükəsizlik Nazirliyi birləşmələrinin Gıəncə şəhərində bir sıra terror aksiyaları planlaşdıran silahlı birləşmənin zərərsizləşdirilməsi istiqamətində həyata keçirdiyi əməliyyatda MTN-in xüsusi təyinatlı dəstəsinin 3 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
11 aprel. Ermənistan SQ-nin cəbhənin Füzuli istiqamətində atəşkəsi pozması nəticəsində Milli Ordunun əsgəri, 18 yaşlı Ayxan Nizami oğlu Mustafayev döyüş postunda olarkən düşmən gülləsinə tuş gəlib. Nəticədə ağır güllə yarası alan əsgər hospitala yerləşdirilib. A.Mustafayev 2012-ci ilin yanvarında Goranboy Rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
11 aprel. Cəbhənin Tərtər istiqamətində atəşkəsin pozulması nəticəsində 2 əsgər - Göyçay rayonundan hərbi xidmətə çağırılan Məmmədli Əzizxan Azad oğlu və Bakının Suraxanı rayonundan hərbi xidmətə çağırılan Hacıvev Ramiz Məhəmməd oğlu yaralanıb.
13 aprel. Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində əsgər, 19 yaşlı Hacı Məzahir oğlu Hacıyev xidməti silahı ilə əsgər yoldaşı, 19 yaşlı Yunis Ramiz oğlu Məmmədliyə atəş açıb. Nəticədə Y.Məmmədli xəsarət alaraq hospitala yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Xəsarət alan əsgərin vəziyyətinin kafi olduğu bildirilir. Qeyd edək ki, hadisəni törədən H.Hacıyev Xətai, yaralanan Y. Məmmədli isə Bərdə Rayonundan həqiqi hərbi xidmətə çağırılıblar.
16 aprel. Müdafiə Nazirliyinin Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsinin baş leytenantı, 1985-ci il təvəllüdlü Məmməd Səfərxan oğlu Həsənov idarə etdiyi “VAZ-2107” markalı, 10 LA 917 dövlət nömrə nişanlı maşınla yol kənarında dayanan piyada, 28 yaşlı Namiq Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən yerindəcə ölüb. Hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb. Piyadanı vuran M.Həsənov daha sonra idarəetməni itirərək qarşıdan gələn, Elşən Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub. Nəticədə hər iki sürücü və ikinci maşında olan sərnişin, 23 yaşlı Məhərrəm Ağaməhərrəmov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
17 aprel. Müdafiə Nazirliyinin Göygöldə yerləşən “N” saylı hərbi hissəsində Milli Ordunun əsgəri Vüqar Məmmədov tabeliyində olan avtomatdan atəş açaraq iki əsgəri - Elçin Rəhimov (Suraxanı) və Məlik Məlikovu (Sabirabad) yaralayıb.
2 May. Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin əsgəri, Bərdə rayonunun Gərənə kənd sakini Nəsirzadə Rafil Duman oğlu "qanqrena" təhlükəsi ilə üz-üzə qalıb. Rafil "N" saylı hərbi hissədə "Zil" maşının təkərinə hava vuranda, onun bir hissəsi çıxaraq əsgərin qolu və ayağını sındırıb. Mətbuatın məlumatına görə, əsgəri beş gün kazarmada gizlədəndən sonra onun vəziyyətinin ağırlaşdığını görüb hərbi hospitala aparıblar. Orada isə 16 gün qalandan sonra onu evə göndəriblər.
17 may. Cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan SQ-nin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Nurəli Əli oğlu Əliyev düşmən gülləsinə tuş gəlib. Başından yaralanan əsgər hospitala yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilib. N.Əliyev 2011-ci il Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
20 May. Tərtər-Goranboy yolunun 6-cı kilometrliyində, Tərtərin Cəmilli kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Tərtər rayonu ərazisindəki “N” saylı hərbi hissənin zabiti Balabəy Mürsəlovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Tərtər rayon Seydimli kənd sakini Fazil Şahbazovun idarə etdiyi “VAZ 21015” markalı avtomobil qarşı-qarşıya toqquşub. Tərtər rayon Polis Şöbəsinin müstəntiqi Vəli Zeynalovun verdiyi məlumata görə, qəza nəticəsində “Jiquli”də olan zabit Vahid Məlikov müxtəlif bədən xəsarətləri alıb və o, ərazidəki hərbi hospitala yerləşdirilib.
28 may. Yasamal Rayon Polis İdarəsindən verilən xəbərə görə, Yasamal rayon sakini, Sərxan Xıdır oğlu Səfərov qonşusu, Əhmədağa İsmixanov tərəfindən bıçaqlanıb. S.Səfərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törədən Ə. İsmixanov saxlanılıb.İlkin məlumata görə, hadisəyə qonşular arasında baş verən mübahisə səbəb olub. Polisdən həmçinin bildirilib ki, hadisə zamanı bıçaqlanan S. Səfərov MTN-in polkovnik-leytenantıdır.
5 iyun. Ağstafa rayonunda yerləşən hərbi hissələrdən birində bədbəxt hadisə zamanı iki əsgər ölüb, biri isə xəsarət alıb. Saat 17.00 radələrində tikintidə işləyən əsgərlərin üzərinə beton lövhəsi düşüb. Zərərcəkmiş Keçəlov Elnur sağ aşağı ətrafın cırılmış-deşilmiş yaraları ılə xəstəxanada müalicə alıb.
6 iyun. Cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində Milli Ordunun əsgəri, 19 yaşlı Niyaməddin Şaləddin oğlu Mehdiyev yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Yaralı əsgərin vəziyyəti orta-ağır qiymətləndirilib.
10 iyun. Azərbaycan SQ-nin hərbi hissəsinin mühəndis-istehhkam xidmətinin rəisi, mayor Zahir Məmmədov Goranboyda minaya düşüb. Hadisə nəticəsində onun ayağı amputasiya olunub.
18 iyun. Ermənistan SQ-nin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri Əfəndiyev Rəcəb Surxay oğlu yaralanıb. R.Əfəndiyev Ağstafa rayonundan hərbi xidmətə çağırılıb.
2 iyul. Ağdamın Yusifcanlı kəndi ərazisində təmas xəttində minanın partlaması nəticəsində, Milli Ordunun əsgərləri – Sabir Turab oğlu Kərimli və İsmayıl Şahvələd oğlu Hüseynov yaralanıb. Yaralı əsgərlər hospitala yerləşdirilib. Onların vəziyyəti kafi qiymətləndirilir. S.Kərimli Bakının Xəzər, İ.Hüseynov isə Səbail rayonundan həqiqi hərbi xidmətə çağırılıblar.
9 iyul. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Ağstafa rayonu istiqamətində tərəflər arasında baş verən intensiv atışma nəticəsində Azərbaycan Ordusunun iki hərbçisi – Cəlal Alıyev və Urfan Vəliyev güllə yarası alıblar. Yaralı hərbçilər hospitala yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
13 iyul. Müdafiə Nazirliyinin Bakı Hərbi Birləşməsinin N saylı hərbi hissəsində təlim atəşi zamanı əsgər Nağıyev Sahil İlqar oğlunun təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində əsgər Surət Məmmədov yüngül yaralanıb. Yaralı hospitala yerləşdirilib.
25 iyul. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə bıçaqlanma hadisəsi olub. Hərbi məktəbdə xidmət edən əsgərlər arasında düşən davada əsgər Rəşad Hacıbəyli əsgər yoldaşı Natiq Sadıqova bıçaqla xəsarət yetirib. Yaralı əsgər hospitala yerləşdirilib.
25 iyul. Cəbhənin Gədəbəy rayonu istiqamətində Milli Ordunun əsgəri, 19 yaşlı Elmir İman oğlu Mirzəyev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib. E.Mirzəyev Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
15 avqust. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın verdiyi məlumata görə,
Xəzər rayonu Şüvəlan qəsəbəsində N saylı hərbi hissədə 20 yaşlı əsgəri əqrəb sancıb. Həkimlər ona ilkin tibbi yardım göstəriblər və əsgər xəstəxanaya yerləşdirilib.
16 avqust. Cəbhənin Gədəbəy istiqamətində Murovdağda xidmət edən Azərbaycan əsgəri, 1993-cü il Almazov Orxan Ələddin oğlu düşmən gülləsinə tuş gəlib. O, ayağından yaralanıb. Yaralı əsgərin vəziyyəti kafi qiymətləndirilir.
30 avqust. Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı birləşmələrinin açdığı atəş ordumuzun əsgəri İlkin Kamal oğlu Petiyevə dəyib. Yaralanan əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.
18 sentyabr. Bakıda hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb. Qəza Şəfaət Mehdiyev və Akim Abbasov küçələrinin kəsişməsində qeydə alınıb. Əsgər və zabitlərin olduğu “UAZ” markalı avtomaşın Müdafiə Nazirliyinə məxsus təlim tədris mərkəzinə növbə dəyişməyə gedən vaxt həmin küçə ilə hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə toqquşub. Toqquşmadan sonra yoldan çıxan “Mersedes” markalı avtomaşın həmin vaxt yolun kənarında dayanmış "Jiquli"yə də dəyib. Ancaq ən böyük ziyanı “UAZ” görüb. Zərbədən avtomobil aşıb və onun içərisində olan bir neçə nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində biri zabit olmaqla 8 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri “N” saylı hərbi hissənin tibb xidməti rəisi, mayor Qədir İsayevdir. Digər yaralananlar isə əsgərlər - Emil Tağıyev, Fəxrəddin Şıxıyev, Xəlil Rzayev, Hüseyn Həsənov, Coşqun Ramazanov, İntizar Rəcəbov və Kənan Abdullazadədir (sonradan dünyasını dəyişib).
21 sentyabr. Müdafiə Nazirliyinin Goranboy rayonunda yerləşən "N saylı" hərbi hissəsində bədbəxt hadisə baş verib. Müddətdən artıq hərbi qulluqçu Əkbər Dadaşov silahla ehtiyatsız davrandığına görə ağır xəsarət alıb. Məlumata görə, manqa komandiri olan Ə.Dadaşov silahı döyüş vəziyyətinə gətirərkən atəş açılıb. O təcili olaraq hərbi hospitala yerləşdirilib.
5 oktyabr. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Ordusunun əsgəri, 1993-cü il təvəllüdlü Toğrul Ələşrəf oğlu Quliyev tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində ağır yaralanıb. Yaralı hospitala yerləşdirilib.
15 oktyabr. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Bakının Xətai rayonu, Naximov küçəsində İbrahim Rüstəmov idarə etdiyi “Nissan Qashqai” markalı avtomobili yol kənarındakı maneəyə çırpıb. Nəticədə o, aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Polisdən həmçinin bildirilib ki, qəza törədən sürücü İ.Rüstəmov “Azərbaycan Ordusu” qəzetində baş redaktor müavinidir. O, mayor hərbi rütbəsi daşıyır.
22 oktyabr. Şəki rayonunun Çeşməli kəndi ərazisində Sərhəd Qoşunlarının Şəkidə yerləşən Sərhəd Dəstəsinin giziri Bakı şəhər sakini Elnur Yusifovun idarə etdiyi "Mercedes" markalı maşını yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
24 oktyabr. Daxili Qoşunların Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində əsgər intihara cəhd edib. Daşkəsən rayonundan hərbi xidmətə çağırılan, 18 yaşlı Elnur Əvəz oğlu Hacıyev yataqxana binasının 3-cü mərtəbəsindən özünü atıb. Nəticədə ağır xəsarətlər alan əsgər Bakıya gətirilib.
31 oktyabr. Şərifzadə küçəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah rəisinin müavini, polkovnik-leytenant İslam Abdullayev yolu keçmək istəyərkən “Tofaş” markalı avtomobil onu vurub. Ağır bədən xəsarətləri alan zabit ilkin olaraq Klinik Tibbi Mərkəzə, oradan da hərbi hospitala yerləşdirilib. Zabitin vəziyyəti ağır qiymətləndirilib.
2 noyabr. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin Zirədə yerləşən şəhərciyində leytenant Xudatov Arif Yusif oğlu yaşadığı yerdə qəza nəticəsində baş verən yanğın zamanı bədən xəsarətləri alıb. Zabit Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib. A.Xudatov Gəncə şəhərindən xidmətə çağırılıb.
5 noyabr. Abşeron rayonunun Hökməli kəndi ərazisində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbçiləri – zabit Elnur Telman oğlu Əliyev və gizir Salam Akif oğlu Abdullayev avtomobil qəzasına düşüblər. Hər iki hərbçi hərbi hospitala yerləşdirilib.
14 noyabr. Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Milli Ordunun əsgəri, 19 yaşlı Mahir Tahir oğlu Zərbiyev minanın partlaması nəticəsində ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Yaralanmış əsgərin vəziyyəti stabil ağırdır. M.Zərbiyev 2011-ci ildə Yardımlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
19 noyabr. Bakının Heydər Əliyev prospektində yol qəzası baş verib. “VAZ-2107” markalı maşının “Hyundai” markalı avtomobillə toqquşması nəticəsində “VAZ-2107”in sürücüsü və sərnişini xəsarət alıb. Xəsarət alanlar – sürücü Əli Xəlilov və sərnişini Elşən Adıgözəlov olublar. Onların hərbçi olduğu bildirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
21 noyabr. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Goranboy istiqamətində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Cəmil Veysəl oğlu Məmmədov və 19 yaşlı Çingizxan Sevgixan oğlu Cərrasov minaya düşüblər. Hər iki əsgər ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib. Hər iki əsgərin bir ayağı amputasiya edilib. C.Məmmədov Şuşa, Ç. Cərrasov isə Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
22 noyabr. Ağdam rayonundakı N saylı hərbi hissədə hərbi xidmətdə olan Əliyev Rüfət İsgəndər oğlu özünə ağır xəsarət yetirib. Damarlarını doğrayan əsgər təcili olaraq Müdafiə Nazirliyinin Kliniki Hərbi Hospitalına gətirilib. AzNews.az-a daxil olan məlumata görə, hadisə komandirlə yaranan mübahisə nəticəsində baş verib. Mübahisəyə səbəb isə əsgərin ailəsinə onunla görüşünə icazə verilməməsi olub. Müdafiə Nazirliyi əsgərin özünə xəsarət yetiməsi ilə bağlı məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev AzNews.az-a həmin əsgərin dünən hospitala daxil olduğunu deyib: “O, qoluna xəsarət yetirib: “Əsgərin hospitala qəbulu heç də yarası ilə bağlı deyil. Əsgər pisixi durumunun yoxlanması üçün hospitala yerləşdirilib”. Valideyinlərinin əsgərlə görüşünə imkan yaradılmamasının səbəbinə gəlincə, nazirlik rəsmisi hospitala yerləşdiriləndən 10 dəqiqə sonra görüş imkanı yaradıldığını vurğulayıb.
28 noyabr. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Ağdam istiqamətində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Məmmədəli Tərlan oğlu Allahverdiyev minaya düşərək ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. M.Allahverdiyev Şabran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
4 dekabr. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Ağdam istiqamətində Milli Ordunun zabiti, kapitan Pərviz İsmayılov minaya düşərək yaralanıb. Yaralı zabit hospitala yerləşdirilib.
13 dekabr. Azərbaycanın Masallı rayonunda - Masallı-Boradigah şosesinin rayonun Qızılavar kəndindən keçən hissəsində “Hyundai” markalı, 90 RG 816 dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılması nəticəsində avtomobildəki zabitlərdən biri - N saylı hərbi hissəsinin hərbi qulluqçusu - polkovnik Əkrəm Hümmət oğlu Gözəlov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Səhiyyə Nazirliyinin Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib.
14 dekabr. Qala qəsəbəsi ərazisində Müdafiə Nazirliyinin Aviasiya Dəstəsinin zabiti, kapitan Məhərrəm Həsənovun idarə etdiyi minik maşını “QAZel” markalı yük maşını ilə toqquşub. Nəticədə M. Həsənov ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib.
22 dekabr. Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində Göyçay rayonundan hərbi xidmətə çağırılan, 19 yaşlı Orxan İlqar oğlu İsmayılov silahı boşaldan zaman ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı, 19 yaşlı Fərid Sadıqova dəyib. Yaralı əsgər hospitala yerləşdirilib. Qeyd edək ki, F.Sadıqov Goranboy rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
25 dekabr. Bakıda əsgər bıçaqlanıb. Xətai Rayon Polis İdarəsindən APA - ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən Heydər Parkında qeydə alınıb. “N” saylı Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Elnur İbrahimov naməlum şəxslər tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

2003-2012-ci illərin itkiləri

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin Azərbaycanda KİV və EİV üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə görə, 2003-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 647 hərbi qulluqçusunu itirib. Onun 175 nəfəri döyüş (147 nəfəri erməni gülləsi, 28 nəfər mina və sursat partlayışı), 472 nəfəri isə qeyri-döyüş (7 nəfər əməliyyat tədbirləri, 90 nəfər intihar, 83 nəfər qəza, 125 nəfər qeyri-nizamnamə hərəkətləri, 79 nəfər bədbəxt hadisələr, 30 nəfər müəmmalı və naməlum hadisələr, 57 nəfər müxtəlif xəstəliklər və s.) itkiləridir. Ümumilikdə, 2003-2012-ci illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 571 nəfərdən çoxdur. Qeyd edək ki, itkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində apardığı monitorinq nəticəsində ortaya çıxıb. Lakin araşdırmalar göstərir ki, Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin bir çoxu mətbuata sızmır və məlumatlara görə, bu rəqəm itkilərin ümumi sayının təxminən 25-30 faizini təşkil edir. Beləliklə, təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3700 nəfərdən artıqdır.

İtkilər niyə artır?

Araşdırmalar göstərir Azərbaycan Silahlı Qüvvələrində itkilərin artım tendensiyası son illərdə daha da sürətlənib. Bunun bir sıra səbəbləri mövcuddur:

Ordudaxili problemlər:

- Müdafiə Nazirliyinin rəhbərliyinin orta hesabla 20 il müddətində eyni vəzifədə olması səbəbindən hərbi idarəetmədə problemlərin ortaya çıxması;
- Silahlı Qüvvələrdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin lazımi səviyyədə aparılmaması;
- hərbi qulluqçuların karyeralarının qeyri-qanuni olaraq məhdudlaşdırılması və qeyri-düzgün idarəçilik;
- Hərbi qulluqçular arasında tabeçilik münasibətlərində problemlərin ortaya çıxması. Hərbi qulluqçular arasında münaqişəyə, “dedovşinalığa”, eyni zamanda əsgərlərin intiharına gətirib çıxaran halların öyrənilib aradan qaldırılmaması, ordunun mənəvi-psixoloji durumunu araşdıran real qurumun olmaması;
- Baş vermiş cinayət hadisələrinin bir çox hallarda dərindən araşdırılmaması. Müdafiə Nazirliyinin və Hərbi Prokurorluq orqanlarının fəaliyyətində aşkar olunan ziddiyətlər, hərbi cinayətlərə görə ciddi və səmərəli cəzalandırma sisteminin olmaması;
- Hərbi qulluqçuların sosial təminatının aşağı olması və son illər müdafiə xərclərinin kəskin artımına baxmayaraq bu istiqamətdə diqqət çəkən işlərin görülməməsi. Hərbi qulluqçuların məvacibləri aşağı olaraq qalır. Müdafiə xərcləri sosial yönümlü deyil, yəni çox cüzi şəkildə məvaciblərə, mənzil təminatına, güzəşt və imtiyazlara sərf olunur;
- Orduda xidmət yükünün bərabər paylaşdırılmaması, qeyr-hərbi işlərin əsgərlərin boynuna qoyulması;
- Silahlı Qüvvələrin müasirləşdirilməsi və NATO standartlarına keçidi istiqamətdə qarşıya qoyulan hədəflərin qeyri-müəyyən olması.

Ümumi səbəblər:

- Ermənistan – Azərbaycan arasında mövcud müharibənin davam etməsi və bu istiqamətdə qeyri-müəyyən perspektivlərin mövcud olması;
- “Səngər xəstəliyi”, cəbhə xəttində xidmət edən hərbi qulluqçularda ehtiyatsızlıq hallarının artması;
- Cəbhə xəttinin uzun olması səbəbindən şəxsi heyətin paylaşdırılmasına problemlərin ortaya çıxması;
- Mühəndis-istehkam işlərinin zəifliyi;
- Azərbaycan Silahlı Qüvvələrinin peşəkar – müqaviləli sistemə keçidinin ləngiməsi;
- Cəmiyyət və hərbi-siyasi rəhbərlik tərəfindən müdafiə və təhlükəsizlik sektorunun qayğılarına laqeydlik göstərilməsi, ordu ilə cəmiyyət arasında qarşılıqlı əlaqənin səmərəli qurulmaması.

İtkiləri aradan qaldırmaq üçün vacib hansı addımlar atılmalıdır?

Araşdırmalar göstərir ki, Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda itkilərin sayını azaltmaq üçün bir sıra təxirəsalınmaz addımların atılmasına ehtiyac var. Konkret olaraq aşağıdakılar vacib görünür:

1. Islahatlar proqramı açıq olmalıdır, İPAP sənədinin mətni elan olunmalıdır;
2. Müdafiə xərclərinin sosial yönümlü olması, hərbçilərin məvaciblərinin artırılması, güzəşt və imtiyazların bərpa olunması, mənzil təminatı;
3. Müdafiə Nazirliyin və Hərbi Prokurorluğun orduda cinayət hallarının aradan qaldırılmasına şəffaf fəaliyyəti;
4. Baş verən neqativ və cinayət hadisələri ilə əlaqədar təxirəsalınmaz araşdırmaların aparılması və nəticələrin ictimaiyyətə açıqlanması;
5. Hərbi xidmət sistemində tərbiyəvi işlərin gücləndirilməsi, orduda din və psixoloq təsisatlarının tətbiq olunması;
6. Cəbhə xəttində xidmət edən şəxsi heyətin qısa zaman kəsiyində müqaviləli xidmət sisteminə keçidini nəzərdə tutan mexanizmin hazırlanması və tətbiq olunması;
7. Hərbi xidmətə çağırılan vətəndaşların xidmətdən öncə məktəblərdə, cəmiyyətdə nizam-intizamlı şəxs kimi yetişdirilməsini nəzərdə tutan kompleks tədbirlərin görülməsi;
8. Hərbi xidmətə çağırış yaşının 18-dən 20-yə qaldırılması və son həddinin 35-dən 28-ə endirilməsi;
9. Cəmiyyətdə ordunun nüfuzunun qaldırılması istiqamətində tədbirlərin görülməsi və s.

Güc strukturlarının cəmiyyət qarşısında hesabatlılığı təmin edilməli, ordu üzərində mülki nəzarət mexanizmləri tətbiq olunmalıdır. Güc strukturları rəhbərliyinin parlament qarşısında hesabatlılığı təmin olunmalıdır. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin Silahlı Qüvvələrdə baş verən proseslərin aydınlaşdırılmasına yönəlik səlahiyyətləri, orduda nizam-intizam qaydalarının, hərbi qanunvericilyin müasirləşdirilməsi, NATO standartlarına uyğunlaşdırlması istiqamətində fəallığı artırılmalıdır. Qanun yaradıcılığı prosesində hərbi qulluqçuların sosial rifah məsələləri diqqətdə saxlanılmalıdır.

Güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin informasiya siyasətində dəyişiklik edilməli, KİV əməkdaşlarının və cəmiyyətin informasiya təminatında irəliləyişə nail olunması üçün islahatlar həyata keçirilməlidir. Bu baxımdan Güc strukturlarında baş vermiş insan itkiləri, onların əsl səbəbləri və nəticəsində cəzalandırılanların siyahısı informasiya siyasətinə məsul məmurlar tərəfindən aydın şəkildə ictimaiyyətə təqdim olunmalıdır.

Güc strukturlarının rəhbərləri əsgərləri bir-birinə qarşı silah qaldırmağa məcbur edən səbəbləri aşkar etməli, problemin kökündən həlli üçün addımlar atmalıdırlar. Xüsusilə də “dedovşinalığ”ın kökünün kəsilməsi istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır.

Müdafiə Nazirliyinin rəhbərliyinin və SQ-də mümkün vəzifələrin mülkiləşdirilməsinə başlanılmalıdır, ordu idarəetməsi təkmilləşdirilməli, SQ Baş Qərargahı ilə MN aparatı arasında səlahiyyət bölgüləri dəqiqləşdirilməlidir.

Orduda hərbçilər arasında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir. İlk növbədə hərbi qulluqçuların (gizir və zabitlərin) məvacibləri artırılmalıdır. Ordu leytenentının məvacibi 400-450 manatdan deyil 1000-1500 manatdan başlamalıdır;

Silahlı Qüvvələrdə şəxsi heyətin rotasiyası, yerdəyişməsi məsələləri diqqətdə saxlanılmalıdır. Hərbi çağırış sisteminin dərindən öyrənilməsinə başlanılmalıdır, şəxsi heyətin hərbi xidmətin ağırlıqları üzrə bərabər bölgüsü vacibdir.

Rəhbərlik Silahlı Qüvvələrdə mənəvi ruhun artırılması istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır. İldən-ilə orduda qeyri-nizamnamə hadisələrindən həyatını itirənlərin sayının artması qeyd edilən istiqamətdə vəziyyətin gərgin olduğunu göstərən ciddi siqnaldır. Araşdırmalar göstərir ki, Azərbaycan Ordusunda kütləvi qırğına səbəb olacaq qeyri-nizamnamə hallarının sayı getdikcə çoxalır və təəssüf ki, bu vəziyyət getdikcə adiləşir.

Son illər orduda baş verən kütləvi ölüm hadisələri Sülahlı Qüvvələrdə şəxsi heyətlə tərbiyə işinin pis vəziyyətdə olduğunu göstərir. Silahlı Qüvvələrdə mənəvi ruh düşkünlüyü yaranıb, şəxsi heyətin mənəvi, tərbiyəvi hazırlığı məsələsində ciddi problemlər var. Vəziyyətin belə olmasında Müdafiə Nazirliyinin rəhbər vəzifəlilərinin, eyni zamanda Tərbiyə İşlər İdarəsinin də məsuliyyəti var. Dövlət rəhbərliyi bunu ilk növbədə diqqətdə saxlamalıdır.

Silahlı Qüvvələrdə həm psixoloji, həm mənəvi, həm də dini baxımdan ciddi araşdırmalara ehtiyac var: Konkret mexanizmlər yaradılmalıdır. Yeni “zampolit” institutu, yaxud psixoloq təsisatı, dini şöbə yaradıla bilər.

2010-cu ildə təhlükəsizlik və müdafiə sektoru ilə əlaqədar şəkildə baş vermiş avtomobil qəzalarının sayının kəskin artması bu problemin müdafiə və təhlükəsizliyimiz üçün əsas "düşmən"lərdən birinə çevrildiyini göstərir. Orduda avtoxidmət peşəkar əsaslara keçirilməli, orduya ixtisaslaşmış sürücülər dəvət olunmalıdır. Ümumilikdə hərbi sektorda texniki vəzifələr mülkilərə həvalə olunmalıdır.

“Doktrina” JHAM bir qrup hərbi jurnalist və hərbi ekspert tərəfindən 2005-ci ilin mayında Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (İPAP) sənədinin imzalaması dövründə yaradılıb.Təşkilat 2007-ci ilin dekabrında ictimai birlik kimi dövlət qeydiyyatına alınıb. “Doktrina” JHAM hərbi jurnalistika sahəsində araşdırma aparır, bu sahənin inkişafına dəstək verir, jurnalist fəaliyyəti ilə əlaqədar əldə edilmiş məlumatları araşdırır və təhlil edir, ictimaiyyətdə müdafiə və vətənpərvərlik sahəsində maarifləndirmə işi aparır. “Doktrina” JHAM-ın fəaliyyət fokusuna Azərbbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin statistikasının, Azərbaycanın NATO ilə razılaşdırdığı “Sülh Naminə Tərəfdaşlıq” proqramı (PfP), bu sənəddən irəli gələn İPAP, PARP, İPP, PAP-T, OCC və s. sənədlər çərçivəsində orduda həyata keçirilən islahatların monitorinqinin aparılması və s. işlər daxildir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
295

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
227

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
161

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
150

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
377

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
289

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
230

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
183
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 00:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru