Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2012
14:23
Rəsmi Bakı Yaxın Şərqdəki proseslərdən narahatdır
"Azərbaycan qardaş Fələstin xalqına suveren dövlətin yaradılması istiqamətində bir daha öz dəstəyini bildirir"

"Bu gün İslam Ümməti çoxsaylı çağırış və əngəllərlə üzləşmişdir. Yaxın Şərq regionunda son hadisələr qlobal siyasətin əsas və həlli təcili olan məsələlərdən birinə çevrilib. Təəssüflər olsun ki, davam edən münaqişələr və müharibələr insanların ağrı-acılarını daha da dərinləşdirir və nəticədə minlərlə mülki vətəndaş həlak olur və çoxsaylı insanlar öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalır".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasında çıxışı zamanı deyib. Bu haqda məlumatı XİN-in mətbuat xidməti yayıb.

Nazirin sözlərinə görə, bu istiqamətdə, rəsmi Bakı Azərbaycanda Suriyadakı vəziyyətdən dərin narahatlıq keçirir.

"BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan Suriyadakı vəziyyətə ən yüksək məsuliyyət hissi ilə yanaşıb. Beynəlxalq ictimaiyyətlə birgə Azərbaycan hazırkı böhranın suriyalıların özlərinin iştirakı ilə aparılan siyasi proses vasitəsilə həlli üçün konstruktiv yanaşmasını davam etdirməyə hazır olduğunu bildirir və Suriyanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini vermək əzmində olduğunu bir daha bəyan edir. Bundan əlavə, Suriyada zəngin tarixi mirasa malik çoxlu sayda mühüm İslam mədəni abidələri və yerləri mövcuddur. Biz həmçinin bu kimi yerlərin dağıdılmasının qarşısını almaq istiqamətində səylərimizi davam etdirməli və mədəni irsin gələcək nəsillər üçün qorunub saxlanılmasına nail olmalıyıq".

Nazir qeyd edib ki, Azərbaycanın Fələstindəki vəziyyətlə bağlı narahatlığı qalmaqdadır. "Azərbaycan qardaş Fələstin xalqına sülh və sabitliyin əldə olunması və paytaxtı Əl-Qüds şəhəri olmaqla suveren və müstəqil dövlətin yaradılması istiqamətində bir daha öz dəstəyini bildirir. Biz, Fələstin xalqının ehtiyac duyduğu yardımın çatdırılması üçün təşkilatımızı səfərbər etdiyinə görə İƏT-in Baş Katibinin fəaliyyətini yüksək qiymətləndiririk. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Qəzzadakı son hərbi toqquşmalar və vəziyyətin pisləşməsi ilə bağlı narahatlığımızı bildiririk. Məlumat vermək istərdim ki, bununla bağlı Nyu Yorkda BMT-nin Baş Qərargahında məsləhətləşmələr artıq başlamışdır".

E. Məmmədyarov bildirib ki, bundan əlavə, Azərbaycan hökuməti Mali və Sahel regionunda mövcud vəziyyətdən narahatdır.
O, Azərbaycan dost Malidə cərəyan edən hadisələri narahatlıqla müşahidə etməkdə olduğunu qeyd edib. Nazir deyib ki, bu hadisələr yerli və regional çərçivəni aşmaqla bütövlükdə qitənin sabitliyi və təhlükəsizliyinə ciddi təhdid təşkil edir. "Bu baxımdan, biz Afrika Birliyi, ECOWAS və beynəlxalq birliyin sabitliyin bərqərar olunması və Malinin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunması prosesinin uğurla yekunlaşması istiqamətində etdiyi səylərini tam dəstəkləyirik.
Biz, həmçinin son zamanlar Myanmar İttifaqının Rakhine Ştatında baş vermiş xoşagəlməz hadisələr və yuxarıda qeyd edilən regionda yaşayan Rohinghya müsəlmanlarının vəziyyətindən narahatlığımızı bildiririk. Biz, Myanmardakı Rohinghya Müsəlman İcmasının müsəlman bacı və qardaşlarımızla həmrəyik və günahsız mülki şəxslərin hüquqlarının pozulması və kütləvi qətl hallarını pisləyirik".

Onun sözlərinə görə, tarixən İslam hər zaman insanlığın zəngin mədəniyyəti və ali məqsədlərini daşıyan və yayan, dünyada tolerantlığın və sülhün tərəfdarı olmaqla, inancından asılı olmayaraq bütün dünya millətlərinin inkişafı və harmoniyasına böyük töhfələr verib.

"İslamofobiyanın qarşısını almaq məqsədilə İƏT çərçivəsində səylərimizin birləşdirilməsi olduqca zəruridir. Avropa və Asiyanın kəsişdiyi strateji coğrafi məkanda yerləşən Azərbaycan əsrlər boyu Şərq və Qərb sivilizasiyaları arasında körpü rolunu oynamışdır. Azərbaycan hər zaman dünyada İslam mədəni və mənəvi dəyərlərini təşviq etmişdir. Digər müsəlman ölkələri ilə yanaşı, Azərbaycan Parisdəki Luvr muzeyində yenicə açılmış və özündə İslam sivilizasiyasının memarlıq, incəsənət və digər mədəni nümunələrini əks etdirən "İslam incəsənəti" guşəsinə mühüm yardım etmişdir. Bir daha İƏT-ə üzv qardaş ölkələrə və İƏT Baş Katibinə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı, 1 milyondan artıq Azərbaycan əhalisinin öz doğma yurdlarından qovulması və etnik təmizləməyə məruz qalması və Azərbaycanın minlərlə mədəni və tarixi abidələrinin, o cümlədən İslam irsinə aid ərazilərin və guşələrin dağıdılması və talan edilməsi ilə nəticələnən və bu gün də davam edən Ermənistan - Azərbaycan münaqişəsində verdiyi dəyərli dəstəyə görə minnətdarlığımızı bildirmək istərdim. Sonda, bu mühüm tədbir çərçivəsində məhsuldar müzakirələrin aparılacağını və tədbirin uğurla yekunlaşacağını arzu edirəm. Biz əminik ki, İslam Ümmətinin inkişafı və rifahına xidmət edəcək bütün məqsədlərimizə nail olacağıq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
245

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
373

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
300

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
589
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 07:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru