Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

04 Fevral

2019
2107
Əgər Allah istəsə...

Avtobusda gedirdim. Oturacaqda əyləşən ana-balanın söhbəti diqqətimi çəkdi. Uşaq anasından nə isə almasını istəyirdi. Ana isə, “inşallah” deyərək üzünü çevirdi. Nə oldusa, bu anda oldu. Uşaq birdən qayıtdı ki, ""inşallah" demə, də mama. İnşallah deyəndə almırsan…"

Bu söz mənə şillə kimi dəydi. Belə baxanda, biz özümüz yerinə yetirməyəcəyimiz nə qədər işə "inşallah" demişik. Və əslində bununla da övladlarımızın Allahın izninə olan inamını öldürmüşük.

İlk əvvəl bu sözün mənası və mənşəyi barədə qısaca xatırlatma etmək istərdim.

İnşallah – “İn” (əgər) “şəa” (istəsə) və “Allah” sözlərindən əmələ gəlib, “Əgər Allah istəsə”, “Allah icazə versə” deməkdir. Onun tarixçəsinə gəlincə isə hədislərə görə, bir qrup yəhudi, Həzrət Məhəmməd  Peyğəmbəri (s) imtahan məqsədi ilə ona müxtəlif suallar ünvanlayıblar. Peyğəmbər, “sabah gəlin”, -  deyir. Bundan sonra 40 gün Həzrət  Cəbrayıl (ə) nazil olmur və vəhy gəlmir.

Qurani-Kərimdə bu barədə buyurulur:  “(Vəhy mələyi bir müddət yubandı. Peyğəmbər səbəbini soruşdu. Mələk dedi: “Biz peyğəmbərə tədrici vəhy gətirmək üçün) yalnız Rəbbinin əmri ilə nazil oluruq. Bizim gələcək və keçmiş işlərimiz və o ikisinin arasında olan hal-hazır Allaha məxsusdur. (Allah üçün keçmiş, gələcək və indiki zaman birdir və vəhyin gecikməsi məsləhətdir). Sənin Rəbbin əsla unutqan deyil.” (Məryəm 64)

Daha sonra Kəhf 23-24 nazil oldu.

“Ancaq: “İnşallah (əgər Allah istəsə; Allah qoysa) edəcəyəm!” – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə versin!)” – de.” (Kəhf surəsi, 24)

Bundan sonra Cəbrayıl (ə) Allah tərəfindən həmin cavabları verdi, “Kəhf” surəsini və ruh haqqında olan ayəni Peyğəmbərə nazil etdi.

Vəhyin gecikməsi ilə əslində bir sıra məsələlər həllini tapdı. Hələ də bəziləri Quranın Allah sözü olmasına şəkk edirdi. Bu hadisədən sonra bəhanələri az da olsa kəsildi. Vəhy gecikdi deyə, Allah Rəsuluna bəzi töhmətlər vuruldu, haqqında xoşagəlməz sözlər söyləndi. Amma, o səbirlə ilahi vəhyi gözlədi. Hamı bir daha gördü ki, Allah Rəsulunun (s) onlara dediyi hər söz ilahi vəhydir, onların düşündüyü kimi öz sözləri deyildir. Hətta Cəbrayıl (ə) da Allahın izni olmadan nazil ola bilmir. Vəhyin gecikməsi Qiyamətəcən bütün insanlığa bunu öyrətdi ki, Quran nə Həzrət Cəbrayılın sözüdür və nə də peyğəmbərin (s). Bu Allah tərəfindən nazil olan ilahi kəlamlardır. Allah Rəsulunun "inşallah" deməməsi, əslində bütün bu hadisələrin baş verməsi üçün gözəl zəmin yaratdı.

Bu barədə çox danışmaq olar, lakin mövzu fərqlidir. “İnşallah” əhd bağlamaqdır, yəni mən Allahın izni ilə həmin işi həyata keçirmək üçün səy edəcəm, çalışacağam və əgər Allah istəsə, söz verdiyim şeyi həyata keçirəcəm.

Bu gün isə Allahın Peyğəmbərimizə vəhy etdiyi bu kəlamın ilkin mənasını artıq dəyişdirmişik, olması üçün çalışmadığımız, həyata keçirmək fikrində olmadığımız işlər üçün istifadə edirik.  Beləliklə də, dildə deməyimizə baxmayaraq, əməlimizlə bu əhdi sındıraraq balalarımızın, hətta ətrafımızdakıların bu kəlama inamını itiririk.

Qeyd edim ki, məsələ təkcə "İnşallah" sözü ilə bağlı deyil. Gün ərzində neçə dəfə “maşallah”, “Allah razı olsun”, “xeyirlisi” deyirik? Bundan başqa, biri xəstələnəndə “Allah şəfa versin”, səfərə çıxana "Allah yolunu açıq etsin”, “Allah uğur versin”, qərarsız məsələlərdə “Allah bilir” və sair kimi ifadələr işlədirik. Sözsüz ki, bu kəlmələr yaxşı niyyətlə deyilir. Ancaq çox vaxt bu ifadələri mənasına varmadan, sadəcə etika xətrinə istifadə edirik. Əlbəttə, bu kəlmələrin mənasının fərqinə varmasaq da, ruhumuzda, mənəviyyatımızda öz  müsbət təsirini qoyur. Lakin əsl müsəlman nə etdiyinin fərqində olan, əməllərinə, hərəkətlərinə diqqət edən və bunun hesabatını Allaha və özünə verən şəxsdir. O anlamalıdır ki, daim dilində istifadə etdiyi bu ifadələri fərqində olmadan desə, bəzən küfrlə nəticələnə bilər. Məsələn, biri bizdən bir şey xahiş edəndə başımızdan etmək üçün “İnşallah” desək, qarşı tərəf “bu iş “İnşallah”, “Maşallah”la düzəlməz, sən söz ver” kimi ifadələr işlədə bilər. Belə çıxır ki, bu məsələnin həlli Allahdan deyil, bizim istəyimizdən asılıdır…

Beləliklə, düşünmədən etdiyimiz hərəkətlə həm qarşı tərəfi, həm də özümüzü günaha salırıq. Bəzən isə özümüz elə aludə oluruq ki, çətinlikdə olan biri haqqında danışanda, “onu Allah da unudub” kimi ifadələr də işlədirik. Bu isə bizim mənəviyyatımız, imanımız üçün təsirsiz ötüşməz.

“İnşallah" demək hər bir müsəlmanın şüarı olmalı və heç bir halda, “bu işi mütləq görəcəyəm” deməməlidir. Lakin bu kəlmənin hörmətini qorumaq da vəzifəmizdir. İslam dinində əhdin məsuliyyəti böyükdür və Məhəmməd Peyğəmbərin (s) bu sözlərini buna sübut hesab etmək olar: “Əmanətə xəyanət edənin imanı, əhdinə vəfa etməyənin isə dini yoxdur.”

Məqaləmin sonunu Qurani-Kərimdən bir ayə ilə bitirmək istəyirəm: “…Əgər Allah istəsə, əlbəttə, düz yolda olarıq.” (Bəqərə, 70).

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 02:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru