Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

12 Sentyabr

2018
214
Lənət olsun içinizdəki terrorçu sevgisinə

15 mart 2011-ci il.

Bu tarix bir çoxları üçün əhəmiyyət kəsb etmir. Amma dünyada baş verən hadisələri izləyənlər tarixin Suriya müharibəsinin başladığı günə təsadüf etdiyini yaxşı bilirlər.

Suriyada 2011-ci ilin mart ayından bəri davam edən, hökümət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmalar ilk günlər xalq hərəkatı kimi təqdim edilməyə başlandı. Yuxarıda adı çəkilən ölkələrin media orqanları da bunu belə təqdim etdilər, dünyada, elə Azərbaycanda çoxları buna inandı. O zamana kimi ki, birinin yaxını, biri tanıdığı, birinin tanıdığının tanıdığının səsi Suriyadan gələnə kimi. Ölkəmizdəki vəhhabi terrorçularının da Türkiyəyə iş adı ilə gedib, səslərinin və ya meyidlərinin görüntülərinin Suriyadan gəldiyini gördük. 

Ağılı başında olan düşündü ki, Suriyada müxalifət ayağa qalxıb hökumətdən haqlarını tələb edirsə, Azərbaycan və ya dünyanın təxminən 80 ölkəsinin vətəndaşının orada nə işi var? Və ya bunlar doğrudan da Suriya hökumətinin müxalifləridirsə, niyə xalqı qırırlar, toplarla, tanklarla kəndləri, şəhərləri xarabazara çevirirlər? Ya da ona tabe olmayanların kütləvi surətdə başlarını kəsirlər?

Ağlı başında olmayanlar isə dedilər ki, Bəşşar Əsəd diktatordur, xalq onu devirmək üçün ayağa qalxıb. Terrorçuların kəsdiyi başları, qətliamlarını çəkib dünyaya, “Əsəd rejimi dinc xalqı qırır” xəbərləri kimi ötürdülər. Hətta 7 il bundan qabaq, "yaxın vaxtlarda Şamdakı Əməvi məscidində namaz qılıb, Səlahəddin Əyyubinin qəbrini ziyarət edəcəyik", söyləyənlər də var idi.

İlk vaxtlar hər şey onların istədiyi kimi gedirdi.

Terrorçular, sonradan aldadıldıqlarını başa düşən bir qism xalqın da dəstəyi ilə Suriyada hökumət əleyhinə etiraz aksiyaları keçirməyə başlamışdılar. Ən geniş aksiyalar ölkənin cənubundakı Deraa şəhərində keçirilirdi. Hər zaman olduğu kimi öz məqsədlərinə çatmaq niyyətində olan aktorların nümayəndələri polisə və nümayişçilərə atəş açdılar. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş verən toqquşmalar zamanı 100-ə yaxın ölən oldu.

Hadisələri planlaşdıranların media orqanları, o cümlədən başda ABŞ və Avropa olmaqla bəzi ölkələr dinc aksiyaçılara qarşı silah işlədildiyini dedilər və dünya birliyinin buna səssiz qalmaması çağırışını səsləndirdilər.

Davam edən aksiyalar zamanı martın 21-də dövlətin əsas simvollarından sayılan keçmiş prezident, hazırkı prezident Bəşşar Əsədin atası Hafiz Əsədin heykəlini dağıtdılar. Aksiyaçılar şəhərdə qubernatorun iqamətgahını, hakim partiyanın mənzil-qərargahını, məhkəmənin binasını yandırdılar. 

Qərb dövlətləri və Fars körfəzindəki monarxiyalar Suriyada adını “müxalifət” qoyduqları “Azad Suriya Ordusu”, “Nusra Cəbhəsi”, “Quhraba əl-Şam”, “Əhrar əl-Şam” və İŞİD kimi bir çox terror təşkilatına çoxlu miqdarda silah və pul yardımı etməyə başladılar. Azərbaycanda və dünyanın müxtəlif ölkələrindən gedən muzdlu terrorçular Türkiyə ərazisində qurulmuş xüsusi hərbi bazalarda təlim keçdikdən sonra Suriya ərazisinə göndərildilər. 2011-ci ilin sonundan etibarən Türkiyə ərazisindən Suriyaya keçən silahlıların sayı çoxalmağa başladı. Onlar Suriya şəhərlərində dağıntılar törədir, əhalini pul qarşılığında girov qaçırır, hərbi və polis məntəqələrinə hücumlar təşkil edirdilər. 

2012-ci ilin dekabrın sonlarında müxalif silahlı qruplar və onlarla birlikdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin dörd pilotu Hələb şəhəri yaxınlığındakı aviabazaya hücum edərək qırıcı təyyarələri ələ keçirməyə cəhd göstərdilər. Lakin Suriya ordusu hücum edən terrorçuların bir çoxunu öldürdü, türkiyəli pilotlar da daxil olmaqla onların bir neçəsini həbs etdi.

Bir neçə gün əvvəl dəfn edilən Respublikaçı senator Con Makkeynin Suriyada terrorçularla görüşərək onlara dəstək verməsini də yaddan çıxarmaq lazım deyil. “Əl-Qaidə” terrorçuları ilə görüşdən çıxdıqdan sonra mediaya gülərək poz verən Makkeyn Qəddafinin getdiyini, növbənin Bəşşar Əsəddə olduğunu söyləmişdi. 2011-ci ilin avqustunda söylənən bu sözdən 7 il sonra Makkeynin özü Qəddafinin arxasınca getdi.

2011-ci ilin martından ötən 7 il ərzində Suriyada çox şey dəyişdi. Bəşşar Əsədin əlində belə demək mümkündürsə, sadəcə Dəməşq qalmışdı. Yuxarıda adlarını çəkdiyimiz terror qruplaşmaları hər cür müasir silahlarla Suriyanın 80 faizini işğal etmişdilər. Suriyanın paytaxtı Dəməşqin 17 km-lik məsafəsində yerləşən Duma məntəqəsindən hər gün paytaxt raket atəşinə tutulur, insanlar qətliam edilir, dövlət binaları dağıdılır, ictimai asayiş pozulurdu və bu, bütün dünyanın gözü qarşısında baş verirdi. Amma Suriya ordusu terrorçuların Dumada özlərinə sığınacaq etdikləri və uzun illərdir təyinatı üzrə istifadə edilməyən, içərisi terrorçuların qərargahına, silah anbarlarına çevrilən xəstəxana binaları, məscidlər vurulduqda isə, “Əsəd rejimi Dumada qətliam törədir” kimi etirazlar başladı. Terrorçuların meyitlərini isə dinc sakinlərin meyitləri kimi mediaya ötürdülər. Çəkilişləri aparan isə “Ağ dəbilqəlilər” adı verilən, guya insanlara müstəqil yardım təşkilatı kimi fəaliyyət göstərən, Avropa və ABŞ tərəfindən maliyyələşdirilən və hər cür texniki dəstək alan, əslində isə işləri Suriyada terrorçuların meyitlərindən və diri insanlardan qətliam görüntüləri səhnələşdirmək olan bir təşkilatdır. Bu təşkilatın saxtakarlıqları ilə bağlı, Suriyada quraşdırdıqları studiyalarla bağlı internet məkanında kifayət qədər ifşaedici video-görüntülər var. Amma yenə də özünü demokrat adlandıranlar, insan haqlarını qoruduqlarını iddia edənlər bu gülünc mənzərə qarşısında, ortada olan faktlar  qarşısında susmaqdansa, “Ağ dəbilqəlilər”i müdafiə edirlər. ABŞ XİN-nin sözçüsü Hizer Nauert görüntülərin hamısının dezinformasiya olduğunu bildirir. Lakin həmin görüntülərin nə olduğunun izahını vermir. Bircə, “mən belə deyirəm, inanmmalısınız, vəssalam”, - deməsi qalır.

Burada bir maraqlı nüansı da qeyd etmək yerinə düşərdi ki, işğal zamanı şəhərləri xarabazara çevirən terrorçular barəsində susan media orqanları, dövlət başçıları Suriya ordusunun havaya qaldırdığı təyyarənin atdığı 2 bombanı dünyaya az qala atom bombası kimi təqdim edirdilər. Amma sual edən yox idi ki, dəstəklədikləri terror təşkilatları eramızdan əvvəl II minillikdə tikildiyi bildirilən və dünyada analoqu olmayan qədim Palmira şəhərini niyə məhv etdilər?

 

İndi tarix olub 2018-ci ilin sentyabr ayı.

Suriyada Qərbin işğal planlarının qarşısını alan Rusiya və İran cütlüyü terrorçuların son qalası olan İdlib vilayətinin azad edilməsi planının icrasına başlayıblar. Bu şəhərin böyük hissəsi “Nusra-Cəbhəsi”nın, qalan hissələri isə İŞİD, “Azad Suriya ordusu” kimi digər terror qruplaşmalarının nəzarəti altındadır.

2012-ci ildə İdlibi işğal edən koalisiyası daxilində yer alan "Əhraruş Şam" dəstəsi adı çəkilən əməliyyatın Türkiyədə planlaşdırıldığını, Səudiyyənin və Qətərin də dəstəyi ilə 5 min yaraqlının sərhəddən Suriyaya daxil edildiyini açıqlamışdı.

Bir müddət əvvəl isə rəsmi Ankara “Nusra Cəbhəsi”ni terror təşkilatı kimi tanıdığını açıqladı. Tehranda keçirilən sammitdə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında İŞİD, “Nusra-Cəbhəsi”, “Əl-Qaidə” və digər terror təşkilatları ilə mübarizə başa çatanadək əməkdaşlıqlarını davam etdirəcəklərini söylədi.

Amma bu açıqlamalara baxmayaraq, Avropa və ABŞ-la birgə rəsmi Türkiyə də İdlibin terrorçulardan təmizlənməsinə “dinc sakin qətliamı olacaq” açıqlamaları ilə etiraz edirlər. 6 ildir terrorçuların baş kəsmələrinə, insanları əsarət altında saxlamalarına, kütləvi edamlara səs çıxarmayanlar indi İdlib xalqının qeydinə qalırmış kimi mövqe göstərirlər. 

Səbəb?!

Səbəb budur ki, İdlib son qaladır. Bu qalada oturan “Nusra Cəbhəsi” və “Azad Suriya Ordusu” terror təşkilatları Türkiyə tərəfindən, İŞİD isə Avropa və ABŞ tərəfindən dəstəklənir. İdlib vilayətinin bu qruplaşmalardan təmizlənməsi Suriyaya nəzarətin tamamilə itirilməsi demək olacaq. Yəni çibanın kökü buradır və Rusiyanın XİN rəhbəri Sergey Lavrovun təbiri ilə desək, “çibanın kökü qazılmalıdır”.

Hazırda İdlib 300 minlik bir ordu ilə mühasirəyə alınıb və digər vilayətlər azad edilərkən yaradılan koridorlar vasitəsi ilə qaçan və ya çıxmasına icazə verilən terrorçular bura toplaşıblar. İdlibdə atəşkəs çağırışı da səsləndirilir. Sanki kimlərsə terrorçularla bazarlığa getməyə yollar axtarır. Amma Rusiya illərdir oynanan “atəşkəs oyunu”nu başa düşüb və atəşkəsi qəti surətdə rədd edir. Putin terrorçuların koridor vasitəsi ilə İdlibdən çıxarılmasını “qəbuledilməz” adlandırıb.  Putinin bu açıqlamasından bir neçə saat sonra isə Ərdoğan tvitter səhifəsindən baş verənlərə seyrci qalmayacaqlarını söylədi.  Və bu açıqlamadan sonra da Türkiyə ordusunu tank və toplardan ibarət konvoyları İdliblə sərhəd rayonlarına cəmləşdirilməyə başladı.

İdlibin Rusiya tərəfindən bombalanmasından təxminən 1 ay əvvəl isə Suriya və Rusiya mənbələri İdlibdə hərəkətlilik müşahidə etdiklərini, “kimyəvi silah istifadə edildi” görüntüsünə hazırlıqların aparıldığını açıqladılar. Amma hər zaman olduğu kimi Qərb ölkələrindəki rəsmilər susdular. Bu açıqlamalardan 1 ay sonra Rusiya əməliyyatlara başladıqda isə indi hər gün bir rəsmi çıxaraq İdlibdə Suriya ordusunun kimyəvi silah istifadə etməyə hazırlaşdığını, kütləvi insan qətliamı olacağı açıqlamasını verirlər. BMT rəhbəri Qeteres danışır, Avropa Birliyinin başçısı Jan Klod Yunker danışır, ABŞ prezidenti Tramp danışır. 

Nədən qaynaqlanır sizin içinizdəki bu insan sevgisi? Bu qədər insan sevənsinizsə, 20 milyon artıq insanı Yəməndə 3 ildir dəstəyinizlə Səudiyyə rejimi blokadada saxlayır, niyə ona göz ağartmırsınız? 500 minə yaxın uşaq Yəməndə vəbaya yoluxub, hər gün 150 nəfər vəbadan dünyasını dəyişir, niyə danışmırsınız? Sonuncu dəfə 40 məktəbli uşağı olduğu avtobusun Səudiyyə rejiminin təyyarələri tərəfindən bombalanaraq qətlə yetirilməsi yaşayan insani faciənin həddini göstərir.

Görünür, siz insan sevmirsiniz. Siz terrorçuları sevirsiniz. İşğalçılıq siyasətlərinizin icrasını həyata keçirən “Nusra Cəbhəsi”, “Əl-Qaidə”, İŞİD, “Azad Suriya Ordusu” və “Quhraba əl-Şam” kimi terror təşkilatlarını. İnsan sevsəydiniz, bu adı çəkilən terror şəbəkələrini maliyyələşdirməzdiniz. İstehsal etdiyiniz ən müasir silahları verib insanların qətliamını izləməzdiniz. Onların aşkar edilən anbarlarından sizin silahlarınız çıxanda gizlənməyə yer axtarardınız. Amma yox, siz bu hissi itirmisiniz. Ona görə də, indi İdlibdə onların məhvinin qarşısını hər yolla almağa çalışırsınız.

Lənət olsun sizin içinizdəki terrorçu sevgisinə.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 12:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com