Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

04 Sentyabr

2018
339
Hasarlar bizlərdən nələri aldı

Bugünlərdə bir tanışımızla Bakı bağları barədə söhbət edirdik. O, uşaqlığını Maştağada gilas və vişnə ağaclarının başında keçirdiyini deyir, hazırda isə həmin ağaclardan əsər-əlamət qalmadığından təəssüfünü bildirirdi. Bunun səbəbini həmin kənddə yaşayan ağsaqqallardan birindən soruşub və bunun səbəbinin "hasarlar oduğu" cavabını alıb:

"Əvvəllər hasarlar yarım metri aşmırdı. Küləklər şəhərində də hava daim ağacların başında sirkulyasiya edir, bərəkətini bir-birinə ötürürdü. İndi hasarların hündürlüyü 3-4 metri keçib. Külək dövr edə bilmir, ağaclar da barını qurudub."

Bəs görəsən bu hasarlar təkcə ağaclardakı barlaramı təsir edib?

Mənim uşaqlığım da Masallıda, ana-babam gildə keçib. O zamanlar evlər arasında daş hasarlar deyil, çəpərlər olurdu. Buna görə də qonşular daim bir-birlərini görür, hal-əhval tutur, sevinclərini-kədərlərini bölüşürdülər. Daim göz qabağında olduqları üçün evin, həyətin səliqəsinə, özlərinin geyim-keçiminə, oturuş-duruşlarına fikir verirdilər. Ədəb-ərkan həyat tərzi idi. Yadıma gəlmir ki, biz kənddə ailəlikcə harasa gedəndə qapıya qıfıl vuraydıq. Sadəcə, qonşuya deyirdik ki, həyət-bacada toyuq-cücələrə dən töksün, varsa, mal-qaranı yemləsin...

Bildiyim qədər doğma Azərbaycanın bütün şəhərlərində, rayonlarında, kəndlərində belə idi.

Bəs bu gün nə görürük? 

Hər kəsin həyətində daş divarlar ucalıb, darvazalar bərk-bərk bağlanıb... Daha qonşular-bir-birlərini görmürlər, güvənmirlər, evdən çıxanda qapını 5 yerdən qıfıllayırlar.

Bundan başqa hər tərəf qapalı olduğu üçün insanlar öz həyətlərində sərbəstləşdilər. Öz evində rahatlıq yaxşı şey olsa da, buna alışmaq əks təsir göstərir. Belə ki, artıq kimsə müsafirliyə gedəndə ev sahibi narahat olmağa başlayır: necə olsa da, onun yanında alışdığı kimi sərbəst ola bilməyəcək. Eyni zamanda, özü də qonaq getməyi azaldır. Çünki başqasının da eyni hislər keçirdiyini düşünür və onu narahat etmək istəmir.

Beləliklə, ucalan daş hasarlar ağaclar arasında dövr edən küləyin qarşısını kəsərək, onun insanların qəlblərinə yönəltdi. Bir zamanlar bir süfrədə çörək kəsən qonşular, qohumlar arasında soyuq yellər əsməyə başladı. Daha insanlar bir-birlərini, ancaq xeyir-şərdə görməyə başlayıblar.

Yaxşı yadımdadır, rəhmətlik atam ayda 1-2 dəfə bizim əlimizdən tutub qohumlara aparırdı. Elə bizim evimiz də həmişə qonaqlı-qaralı olurdu. Kiminsə bizə müsafirliyə gələcəyini eşidəndə sevinir, səbirsizliklə onların gəlməsini gözləyərdik…

Ancaq məsələ bununla bitmir: ədəb-ərkanı ancaq qonaq gələndən-gələnə göstərmək bir müddətdən sonra, xüsusən gəncləri bezdirməyə başlayıb. Onlar "mən beləyəm" mahnısını oxuya-oxuya, böyüklərə qarşı kobudluq edir və bunu müasirlik adlandırırlar.

Utanmaq hissi, "ayıbdır, el-oba nə deyər" sözü keçmişin qalığı kimi arxaikləşib, lağlağı hədəfi olub.

Bunun ən yüngül forması ilə hər gün rastlaşırıq - gənc oğlanlar hər kəsin gözü qarşısında ağsaqqala, ağbirçəyə əl qaldırmağa utanmırlar. Elə xanımlığı unutmağa başlayan qızlarımız da: bütün dövrlərdə, bütün dinlərdə iffət nümunəsi olan qızlarımızın özlərindən böyüklərə kobud cavablar verməsi, danışıqlarında vulqar ifadələr, küçə sözləri işlətməsi adi hal almağa başlayıb. Təəssüf ki, xanımlarımıza yaraşmayan bu hərəkət cəmiyyətdə, sosial şəbəkələrdə özgüvən kimi tanımlanır və hər gün özünə daha böyük dəstək yığır.

Ədəb-ərkanı unutmağın ağır formasını isə yaşadığımız qəsəbələrdə, kəndlərdə, şəhərlərdə görürük: nəvə nənə-babasını, xala-bibisini qarət edir, pul üstündə əmisinə, dayısına bıçaq çəkir, qız üstündə dostunu qətlə yetirir və sair...

Qəlblər sərtləşib, qaralıb. 

Çünki artıq bu hasarlar həyətlərdə deyil, insanlar arasında hörülüb... 

Bəs neyləmək lazımdır? İlk olaraq aramızda ucalan hasarları uçurtmalı, dörd divar arasnda yer tapmayaraq, özünə insanların könlünü məskən eləyən küləklərin azadlığa çıxmasına, yenidən ağacların başında dövr etməsinə şərait yaratmalıyıq. Bu mümkündürmü? Mənə, ancaq arzulamaq qalır...

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz...

Şərhlər
Vidadi Badalov tərəfindən 05-09-2018 11:32:10 tarixində yazıldı
Hasarlar
Nə qədər ki,itirilmiş topraqlarımiza hasarlar cəkilməyib dönməmiz lazım
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 12:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com