Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

21 İyun

2018
1352
ŞORTUk

“Şortu” sözünün Azərbaycan dilinin izahlı lüğətində mənası “əxlaqsız”, “pozğun”, “son dərəcə həyasız”, “abırsız” kimi göstərilib.

Hardan yadıma düşdü bu söz?

Son günlər bir şortik kampaniyası başlayıb ölkədə, oradan.

Hadisənin qısa məğzi budur ki, olduqca qısa şortik geyinmiş bir xanım metroda ayağını-ayağının üstünə aşıraraq oturub. Buna bir oğlanın etirazı isə qalmaqal yaradır. Daha sonra başqa bir yaşlı xanımın etirazı əlbəyaxa dava səviyyəsinə qalxır.

Məsələnin gündəm olduğunu görən və özünü oxucu sayı üçün öldürən bəzi media orqanları isə dünyanın harasında metroda şortik geyinən qız tapdılarsa, “Bakı metrosunda şortikli qıza dəstək üçün şortikli etiraz” adlı yazılar paylaşdılar.

Amma bu da işin hamısı olmadı.

Özlərini azad vətəndaş hesab edən 3 xanım – Aytac Əhmədova, Aysel Umudova və Xəyalə Ağayeva (onlardan biri – Aytac Əhmədova Meydan TV-nin əməkdaşıdır) doğrudan-doğruya çox qısa şortik geyinərək metroda şəkil çəkdiriblər. Çəkdirdikləri fotonu da sosial şəbəkədə #short #metro haş taqları ilə paylaşıblar.

Bura qədər hər şey aydındır.

Qızlar niyə belə edib, məqsədləri nədir, bununla kimə etiraz edirlər, kimə dəstək verirlər kimi suallar çoxdur və bunlara cavab axtarmaq niyyətim də yoxdur.

Bildiyim sadəcə bir şey var ki, bu cür fikirdə olan insanların, yəni özlərini çöldə qoyanların sayı Azərbaycan əhalisi arasında heç 0.1 faiz də deyil.

Amma aydın olmayan başqa məsələlər var.

İllər öncə tanıdığım qocaman yazar Xaliq Bahadır bu şortik aksiyasına dəstək verənlər sırasındadır. 2000-ci illərin əvvəllərində İsgəndər Həmidovun “Turan” qəzetində işləmişdik bir neçə ay. Bəlkə də onun yadına gəlməz, mən onda çox gənc idim. Yazılarını təqdim edəndə deyirdi ki, bir dənə də ərəb-fars sözü işlətməyib: “Biz türkük, türk qeyrətimiz var, ona görə də yazılarımızda türk sözlərindən istifadə etməliyik”.

Türklükdən, türk qeyrətindən dəm vuran bir şəxsin, “Hamı şortik geyinsin. Sonra metroya minsin. Xalalar paxıllıqdan deyindikcə deyinsin!” yazmasını başa düşmürəm.

Xaliq bəy! Paylaşdığınız status onun göstəricisidir ki, siz inandığınız əqidəni təbliğ edirsiniz? Yəni onu təbliğ edirsiniz ki, kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, nəvələri şortikdə çıxıb gəzsinlər. Təklif sizdən gəldiyi üçün gərək qabağa düşən də siz olasınız. İnşallah, gözləyirik.

Şortik aksiyasını dəstəkləyən şəxslərdən biri də uzun müddət bir yerdə “külüng” vurduğumuz İdrak Abbasovdur. “İmpuls” qəzetində tanıdım onu. Necə vətənpərvər, milli-mənəvi dəyərlərimizə bağlı olduğunu gördüm. Amma bu gün İdrak bəy, “Halaldır sizə qızlar, fəxr edirəm!”, - deyə şortikli qızlara dəstək verir. 

İdrak bəy, sizin nümayəndəsi olduğunuz, mənimsə çox böyük hörmət göstərdiyim talış xalqı heç zaman bu cür addımları dəstəkləməyib və dəstəkləməz də. Çünki köklərinə bağlı, adət-ənənələrə, milli-mənəvi dəyərlərə bağlı bir xalqdırlar. Deqradasiyaya qarşı mübarizə aparan bir xalqdırlar. Bu gün Avropada yaşamaq o demək deyil ki, sözügedən xalqın mühafizə etdiyi dəyərləri ayaq altına atılmasına cəhd göstərənlərə “layk” qoyasınız?! Düzdür, deyə bilərsiniz ki, “hər bir kəsin söz demək haqqı, azad geyim hüququ, sərbəst gəzmək istəyi var, onlar da istifadə edirlər.” Elə bu sözləri Xaliq bəy də, şortikli fləşmob keçirməyi təklif edən Çingiz Sultansoy da deyə bilər.

Söyləyə bilərsiniz ki, “bu mənəviyyat pozuntusu deyil, hər kəsin baxışında mənəviyyat başqa cürdür.” Bəli, razıyam. Nə şortik mənəviyyatsızlıq göstəricisi deyil, nə də qapalı geyinmək mənəviyyat. Amma gəlin qəbul edək ki, özünü kişi hesab edən şəxs xanımını bu cür geyimlə küçəyə çıxarmaz. Ona görə yox ki, şortik geyinmək mənəviyyatsızlıq göstəricisidir, ona görə ki, küçədəki hər 100 kişi cinsindən olan şəxsin 99-u ağzını ayırıb ona baxacaq. Bəs hansı qeyrəti olan kişi küçədə onun xanımına baxanların baxışını peysərə verərər? Məncə heç kəs.

Deməli bu regionda, əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkədə şortikə şortu geyimi kimi baxırlar. İstər onu namuslu qadın geyinsin, istərsə də namussuz.

Və yadda saxlamaq lazımdır ki, hər bir xanımın incisi yalnız öz kişisi üçündür. İncini isə qapalı saxlayanda dəyərli olur.

Aqil Mehdi

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 18:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com