Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

25 Aprel

2018
5365
Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...

Ermənistanda yenə də qarışıqlıqdır. Keçmiş prezident, daha sonra baş nazir olan Serj Sarqsynan xalqın təzyiqindən sonra istefa vermək məcburiyyətində qalsa da, gərginlik hələ də qalmaqdadır. Etirazçı kütləyə rəhbərliyi öz üzərinə götürən millət vəkili Nikol Paşinyan hökumətlə aparılan danışıqlar zamanı sərt mövqeyini ortaya qoyub: Eks-prezident, baş nazirlikdən istefa vermiş Serj Sarqsaynın partiyasından hökumətdə heç kəs təmsil olunmamalıdır!

Ermənistanda, Rusiyada və Azərbaycanda da keçirilən prezident seçkiləri 1994-cü ilin 12 mayında Bişkekdə imzalanan “Bişkek protokolu”ndan, başqa adla desək atəşkəs müqaviləsindən sonra 24 ildir aparılan Qarabağ danışıqlarını təxirə salmışdı.

Ermənistan və Rusiyada prezident seçkilərinin keçirildiyi bir ərəfədə rəsmi Bakı da növbədənkənar prezident seçkiləri qərarı verdi. Bu, ölkədə bir qədər çaşqınlıq yaratsa da, analitiklərin ümumi fikri belə idi: Ermənistanda və Rusiyada prezident seçkiləri keçirilir və bundan 5-6 ay sonra Azərbaycanda da prezident seçkilərinə hazırlıq başlayır. Bu aralıq müddətdə Ermənistanda siyasi proseslər tənzimlənir və Azərbaycanda da seçkilərdən sonra eyni proses gedir. Təbii ki, bir ilə yaxın keçən bu müddət ərzində də Qarabağ danışıqları təxirə düşür. Amma seçkilərin eyni vaxtda keçirilməsi Qarabağ barədə proseslərin də eyni zamanda başlamasına səbəb olacaq.

Ancaq tarixə nəzər saldıqda Qarabağ barədə danışıqlarda daim Ermənistanın bir ayağının qaçaraq olduğunu görürük. Elə Ermənistanda baş verən son proseslər də bunun göstəricisidir.

Başlayaq ondan ki, Ermənistan Parlament respublikasına keçdi və prezidentin səlahiyyətləri azaldılaraq baş nazirə verildi. Baş nazir isə Putin variantı gedən eks-prezident Serj Sarqsyan oldu.

Serj Sarqsyan prezident postuna namizədi uzaqdan – Avropadan çağırdı. Armen Sarkisyanı siyasətdən uzaq adam sayırlar. O, Kembric və İrəvan universitetlərində müəllim işləyib. 1992-ci ildən diplomatik sahədə çalışır. Avropa Birliyində, Belçikada, Niderlandda, Vatikanda, Lüksemburqda səfir olub. 1997-ci ilin əvvəlinə kimi üç ay müddətinə Ermənistanın baş naziri də olub.

Amma Serj Sarqsyanın da daxil olduğu Qarabağ klanı onu vəzifədən getməyə məcbur edib və baş nazir vəzifəsini hərbi çevriliş yolu ilə Robert Koçaryan tutub. Robert Koçaryan daha sonra prezident Levon Ter-Petrosyanı da hakimiyyətdən getməyə məcbur edib. Həmin vaxt hərbçilərin həm Armen Sarkisyanın, həm də Levon Ter-Petrosyanın üzərinə hücumu onların Qarabağdan Ermənistan qoşunlarını çıxarmaq istəyi ilə bağlı idi.

Həmin komanda heç bir şərt qoymadan 5 rayondan Ermənistan qoşunlarını çıxarmağa qərar vermişdi. Daha sonra Dağlıq Qarabağın statusu məsələsinə baxılacaqdı. Bu çərçivədə Bakıdan Ceyhana çəkilməsi nəzərdə tutulan neft kəməri, həmçinin Avropaya çəkilməsi nəzərdə tutulan qaz kəməri də Ermənistandan keçəcəkdi. Amma hadisələr onların fikirləşdiyi kimi cərəyan etmədi. Ermənistanı idarə edən diasporalar hakimiyyət dəyişikliyinə getdilər.

Ekspertlər bildirirdilər ki, Armen Sarkisyanın prezidentliyi sadəcə formal bir şey olacaq. Qanunvericilik də bunu deyirdi. Ölkəni səlahiyyətləri artırılmış baş nazir idarə edəcəkdi, yəni Sarqsyan, Yəni Rusiya. 

Rusiya onun baş nazir olmasına qərar vermişdi və əksər rus ekspertləri də Sarqsyanın təbliğatı ilə məşğul idilər, özü də təkcə Rusiyada yox, həm də Ermənistanda. Məsələn, rusiyalı politoloq Modest Kolerov Ermənistanda dərc olunan “Joxovurd” qəzeti ilə müsahibəsində apreldə baş nazirin mütləq Serj Sarkisyan olacağını deyirdi. Erməni politoloq Levon Şirinyan “Lragir”ə müsaşhibəsində Serj Sarkisyanın baş nazir seçilməsinə yalnız fors-majorun mane ola biləcəyini söyləyərək, həmin fors-majorun da ictimai təzyiq nəticəsində Rusiya ordusunun Ermənistanı tərk etməsi olduğunu deyirdi.

Amma daha doğru proqnozu, daha doğrusu fors-majoru “Lragir”in baş redaktoru Haykazn Qaqriyan söyləmişdi. O qeyd edirdi ki, Ermənistanda 9-17 aprel aralığında hakimiyyətsizlik dövrü başlayır və nə olacaqsa, həmin günlərdə baş verəcək. Qaqriyan bu barədə yazdığı  “Sarkisyanın 7 ağır günü: çevrilişi kabusu” məqaləsində vurğulayırdı ki, 1995-ci ildən Qarabağ klanının qoyduğu ənənə sayəsində Ermənistanda hakimiyyət yalnız çevriliş nəticəsində dəyişir. Yəni həmin 8 gün ərzində Ermənistanda çevriliş olması üçün yetərincə əlverişli şərait var.

Oldu da. 10 günlük aksiyaların sonunda hədə-qorxularına, həbsli təzyiqlərinə baxmayaraq, Sarqsyan baş nazirlik postundan istefa vermək məcburiyyətində qaldı. Prezident Armen Sarkisyan da baş nazirin istefasından bir gün qabaq aksiyaçılara dəstək xarakterli, “ölkədə vəziyyət çox gərgindir”, - deyə bildirmişdi.

Baş verən proseslərin fonunda Azərbaycan olaraq bizi düşündürən ən böyük məsələ Qarabağ problemidir. Daim Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların intensivliyinin artması zamanı, münaqişənin həlli yönündə Azərbaycanın xeyrinə baş verə biləcək dəyişikliklərin gözlənildiyi bir zamanda (Bunu sadə vətəndaş daha sonralar başa düşür. Amma siyasi dairələr danışıqlarda nələrin baş verdiyini daha dəqiq bilirlər – red.) Ermənistanda maraqlı olaylar yaşanır. 

Son zamanlar rəsmi Bakı güc yolu ilə problemin çözümünü açıq bəyan edir. Yaranmış durumda isə beynəlxalq vasitəçilərin Ermənistana təzyiqləri artıb və belə vəziyyətdə Ermənistanın Qarabağ güzəştlərinə getməsi qaçılmaz sayılır. 

Yada salaq ki, Serj Sarqsyan daim müsahibələrində Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasının çətin məsələ olduğunu iddia edir. Erməni mediasının yazdığına görə isə reallıqda başqa addımlar atılır. Misal üçün Ermənistanın "lragir" saytı yazır ki, hakimiyyət cəmiyyəti Qarabağ münaqişəsində güzəştlərin məcburi olduğuna inandırmağa çalışır. Məqalənin müəllifi Naira Ayrumyan qeyd edir ki, hazırda Ermənistanda siyasi və ekspert dairələri ərazi güzəştlərinin zəruriliyindən kimin daha çox danışması uğrunda yarışa giriblər: "Hakimiyyət nümayəndələri cəmiyyəti güzəştlərin məcburi və zəruri olmasına daha yumşaq şəkildə inandırmağa çalışır". Müəllif ərazilərin qaytarılması planlarının mövcud olduğunu bildirib: "Rəsmi şəxslər kulislərdə danışır ki, Serj Sarqsyan rayonların qaytarılmasına hələ 2011-ci ildə hazır idi. 

Ötən ilin 4 günlük aprel müharibəsindən sonra Sarqsyan ərazilərin itirildiyini açıq şəkildə bəyan etdi. O hətta dedi ki, kimsə əraziləri yenidən nəzarət altına qaytarmaq istəyirsə, bu məsələdə azaddır. Lakin heç kim tərpənmədi. 

Tarixə nəzər salsaq görərik ki, hərbi xunta, yəni Köçəryan və Sarqsyanın rəhbərlik etdiyi Qarabağ klanı hakimiyyətin Qarabağı satdığını söyləyərək dövlət çevrilişi etdi. 1998-ci ilin fevralında Ter-Petrosyan Ermənistanın o vaxtkı Müdafiə naziri Vazqen Sərkisyanın başçılığı ilə keçirilən hərbi çevriliş zamanı istefaya göndərildi. Sözügedən dövrdə Vazqen Sərkisyan müdafiə naziri, Serj Sarqsyan isə Daxili İşlər və Milli Təhlükəsizlik naziri vəzifəsində idi. Dövrün baş naziri Robert Köçəryanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi prezident Ter-Petrosiyanın mövqeyindən fərqlənirdi. Həmin ərəfədə isə dövlət başçısı Levon Ter-Petrosyan "mərhələli həll” planını qəbul etməyə hazır idi.

Levon Ter-Petrosyan Ermənistan siyahlı qüvvələrinin işğal etdiyi ərazidən çıxması və Dağlıq Qarabağa ən yüksək muxtar statusun verilməsi barədə müzakirələri dəstəkləyirdi. Lakin "Qarabağ klanı” bunu təslimçi saziş kimi qələmə verərək, etiraz edirdi.

Prezidentlikdən devrilərkən, 1998-ci ildə Ter-Petrosyan gələcəkdə Azərbaycanın çox güclənəcəyini və indiki şərtləri qəbul etmək üçün ermənilərin yalvaracağını bildirmişdi. "Vaxt gələcək ermənilər azərbaycanlılara yalvaracaq"-deyə Ter-Petrosyan istefaya məcburən göndərilərkən bildirmişdi. 

Görünür həmin dövr gəlib çatdığı üçün yazının əvvəlində də qeyd etdiyimiz kimi erməni diasporası Sarqsyanın devrilməsinə və Qarabağ məsələsində daha radikal olan Nikol Paşinyanın hakimiyyətə gəlməsi üçün düyməni basdı.

"Güc balansının pozulması baş verib. Azərbaycan 7 milyardlıq silahı ona görə almayıb ki, güzəştə getsin. Və bizə dəfələrlə deyirlər, əziz xalq, bir halda ki, Azərbaycan 7 milyardlıq silah alıb, gəlin təslim olaq. Biz isə deyirik, yox, elə deyil, biz orduya çəkilən xərclərin strukturunun dəyişikliyi, hərbi sənaye kompleksinin formalaşdırılması hesabına hərbi güc balansını bərpa etməliyik. Bu gün vəziyyət hərbi həlli ehtiva edir, sülh yolu ilə həll təsəvvür edilmir", - deyə Paşinyan vurğulayır.

Sarqsyanın, “Ermənistan əks-təsir üçün çox resurslara malik deyil” fikrinə isə Paşinyan daha sərt reaksiya verib: "Niyə malik deyilik? Serj Sarqsyan, Levon Ter-Petrosyan, Robert Koçaryan, niyə bizdə resurs yoxdur, siz 25 il ərzində nə ilə məşğul olmusunuz ki, bizdə resurs yoxdur?! İnsan resursu hara yox oldu? Mühacirət etdi! Mən soruşuram, necə olur ki, bizdə qırıcı aviasiya yoxdur, amma sizdə "qırıcı" evlər, "qırıcı" maşınlar var? Bu insanlar böyük resursları xərclədilər, hansı ki, Üçüncü respublikanı qüdrətli dövlətə çevirə bilərdi".

Bu həmin Paşinyandır ki, 2008-ci və 2012-ci il seçkilərində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla əməkdaşlıq edirdi, amma onun sülh planını tənqid etdi.

Bax belə. Yəqin ki, Ermənistanda baş verən proseslərə tam aydınlıq gətirə bildim. Orada mübarizə hakimiyyətin bir qrup korrupsioner və quldur tərəfindən yağmalanmasına etiraz yox, Qarabağ məsələsidir. Və sadə kütlə də buna alət edilib. O kütlə ki, illərdir Qarabağda övladlarının nəyə görə ölməsini anlaya bilmirlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-11-2018 20:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com