Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar


Aqil Mehdi

07 Dekabr

2017
358
Mikayıl Cabbarov təhsili pis günə qoydumu?

Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin edildi. Vergilər naziri Fazil Məmmədov isə işsiz qaldı. Deyim gözlənilən idi, xeyr, sadə camaat bunu gözləmirdi. Düzdür, Vergilər Nazirliyindən kifayət qədər şikayət var idi və sahibkarlar vergi müfəttişlərinin əlindən dad-aman diləyirdilər. Dəfələrlə president səviyyəsində sahibkarlara dəstək verilməsinin vacibliyi vurğulanırdı. Dünən də Mikayıl Cabbarov yeni kollektivə təqdim olunarkən, Prezident Admistrasiyasının rəhbəri Ramiz Mehdiyev Fazil Məmmədovun fəaliyyətini tənqid etmişdi.

Nədənsə Mikayıl Cabbarovu tənqid edənlər də var və “təhsili nə günə qoydu, indi də vergiləri düzəldər”, - deyirlər. Amma və lakin…

İlk öncə onu qeyd edim ki, Mikayıl Cabbarov 1992-1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində oxuyub və oranı fərqlənmə diplomu ilə bitirib. Daha sonra təhsilini ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq sahəsi üzrə davam etdirib, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Yəqin ki, bu yazılanlar və Cabbarovun “Çto? Qde? Koqda” verilişdə göstərdiyi məntiqi mübarizə onun savadı barədə əlavə nəsə danışmağa yer qoymur.

Bəs onda, “təhsili nə günə qoydu?”, - deyənlərin arqumentləri nədir? Onlar bildirirlər ki, təhsildə rüşvət baş alıb gedir, uşaqlar hələ də imtahanlardan 2 alır və sair…

Özlüyümdə Mikayıl Cabbarov barədə deyilənləri qəbul etməməklə bərabər, həm də onun təhsildə etdiklərini sadalamaq istəyirəm, hansı ki, barəsində, “nə günə qoydu”, - deyirlər.

Əvvəla ondan başlayım ki, təhsilə rüşvəti Mikayıl Cabbarov gətirməyib. O, 2013-cü ildə təhsil naziri təyin ediləndə rüşvət var idi, bu gün də var, olacaq da. Bu, Cabbarovdan asılı bir məsələ deyil. Məsələnin əsl kökü biz valideynlərdədir. Axı, hansımız bizdən məktəbdə rüşvət istəniləndə gedib şikayət etmişik, rüşvətin kökünün kəsilməsi üçün? 10 manat istənilib, “cəhənnəmə”, - deyib, aparıb vermişik. (3 övladım oxuyur orta məktəbdə, amma hələ məndən pul istəyən olmayıb – A.M.) Niyə, çünki övladımızın necə dərs oxumasını çox yaxşı bilirik, “birdən problem yaradarlar”, - deyə düşünmüşük. Amma övladımız əla oxusa idi, hər kəsin gözünün içinə dik baxardıq, heç kəs də bizdən pul istəməyə cürət etməzdi. Övladımızın məktəbdə dərslərinə, davamiyətinə də diqqət etmirik, sonra yaxşı qiymət yazması üçün özümüz müəllimə elçi düşürük. Məgər müəllim o pulu Mikayıl Cabbarovamı verir? Amma heç kəs demir ki, M.Cabbarov təhsil naziri olduğu müddətdə son zəng, müəllimlər günü, 8 Mart və sair bayramlar üçün pul yığılmasını rəsmi şəkildə qadağan etmişdi. Ancaq yenə valideynlər əl altdan istədiklərini edirlər, edəcəklər də.

Bir qsimi deyir ki, “uşaqlar hələ də 2 alır”. Bəli, uşaqlar hələ də 2 alır. 2 vermirlər e, alırlar. Uşaq dərslərini oxumursa, müəllim ona neçə verməlidir ki? Beş? Bəs Təhsil Nazirliyi və ya Təhsil İdarəsi qiymətləndirmə keçəndə, uşaq həmin qiymətləndirmədən 2 alanda, müəllim nəyə görə kiminsə uşağına görə söz eşitməlidirlər? Axı niyə valideynlər gündəlik olaraq uşaqlarının dərslərinə nəzarət etmirlər? Uşaq, “dərs keçməmişik, üstə qalmışıq” sözünü həftə ərzində bir neçə dəfə təkrar edəndə, niyə gedib məktəbin qapısını dabanından çıxarmırlar? Niyə gedib uşaqlarının dərsdə necə cavab verməsi ilə maraqlanmırlar? Amma uşağın ad günü yaxınlaşan kimi, təzə telefon almaq üçün mağazaların vitrinlərini gəzirlər bir-bir. Və heç maraqlanmırlar da, uşaq o telefonda nə işlə məşğuldur. Bu sadaladıqlarımı Mikayıl Cabbarovmu eləməlidir bizim əvəzimizə?

Amma istəyirsiz, Cabbarovun təhsildə nə etdiklərini mən ondan narazı olanlar üçün sayım, vicdanları varsa, təsdiqləsinlər.

Cabbarov təhsil naziri olduqda ilk öncə ondan başladı ki, bütün müəllimlərin diaqnostik qiymətləndirilməsini keçirdi. İnstitutu pulla qurtarıb diplom alanlar, baytarlığı qurtarıb tarixdən dərs keçənlər dərhal ortaya çıxdı. Çünki qıcqırmış savadları ilə təhsilə yaramadıqları ortaya çıxdı. Ona görə ortaya çıxdı ki, o əvvəl verdikləri rüşvət Cabbarovun diaqnostikasına keçmədi. İşlər şəffaf olanda, rüşvətin balası ağlar qalır.

Diaqnostikadan yüksək balla keçən müəllimlər yüksək əməkhaqqı ilə təmin olundu. Aşağı bal yığanlar isə vəziyyətin nə yerdə olduğunu anlayıb, öz üzərlərində işləyib, qabağa getməyə başladılar.

Sual edirəm, nəyinə lazım idi Cabbarovun diaqnostik qiymətləndirmə? Mən cavabını verim: istəyirdi bizim uşaqlarımıza daha savadlı müəllimlər dərs desin, daha baytar yox.

Bir neçə fənn üzrə Olimpiada Mərkəzləri yaradıldı. Bu Mərkəzlərdə oxuyacaq uşaqlar tapşırıqla, rüşvətlə keçməməsi üçün bir neçə mərhələdən ibarət imtahanlar keçirilməsinə göstəriş verdi və həyata da keçirdi. İndi Azərbaycanın gələcəyi olacaq uşaqlar həmin Mərkəzlərdə təhsil alırlar, pulsuz-parasız.

Bir zamanlar rüşvətlə həyata keçirilən tələbə köçürülməsinin qarşısını aldı və bu işin şəffaflaşdırılması üçün elektron sistem tətbiq edildi. Valideynlərin, tələbələrin vaxtını, pulunu alan özəl ali məktəbləri bağladı. Ali təhsil sahəsində müasir ixtisasların tədrisinə başlanmasına göstəriş verdi.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant Müsabiqəsinin keçirilməsinə başlandı, məktəb və müəllimlərə müstəqil layihə işləmək və icra etmək imkanı yaradıldı.

Müəllimlik ixtisasını seçən tələbələrə təqaüd ayrıldı. Şagirdlərin isə mütaliə vərdişlərinin artırılması istiqamətində davamlı layihələr icra edildi.

Yüz minlərlə şagirdi əhatə edən Fənn Müsabiqələrinin keçirilməsinin əsası qoyuldu.

Bütün bunların nəticəsi olaraq Beynəlxalq Olimpiadalarda Azərbaycan məktəblilərinin uğurları artmağa başladı.

Bunlar hələ qısa müddətdə yada düşənlərdir. Biz ümid edək ki, Cabbarov təhsildə olduğu kimi vergi işində də kimlərinsə görmək istəmədiyi yeniliklər edəcək.

Sonda bir məsələni də qeyd etmək yerinə düşərdi. Bu gün Cabbarov barədə anti-təbliğat aparanların çoxu bir zamanlar orta məktəbdə müəllim işləyən, amma müsabiqədən keçə bilməyənlərdir. Bir də övladının təhsil sisteminə nəzarət edə bilməyib, yaxşı qiymət almayan şagirdlərin valideynləri.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru