Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

18 İyul

2009
1761
NATO-nun demarşı çalınır
İkinci Cahan savaşından sonra yaranan vəziyyət soyuq müharibənin başlanmasına start verdi. Əslində "soyuq müharibə"nin simptomları ötən əsrin 20-ci illərindən formalaşmağa başlamışdı. Rusiya imperiyasının xarabalıqları üzərində qurulan keçmiş SSRİ kapitalist olkələrini ciddi qayğılandırırdı. Kommunizm təhlükəsi İkinci Cahan müharibəsindən sonra daha da aktuallaşmağa başladı. Çünki bu zaman kommunizm kabusu təkcə SSRİ ilə məhdudlaşmırdı. Müharibədən qalib çıxan kommunistlər Şərqi Avropa ölkələrini də öz ağuşuna alaraq analoji rejimlər qurdular. Bu zaman Qərbi Avropanı edən təhdid sovet təhlükəsi daha da artmış oldu.

Müharibə dövründə antihitler koalisiyasında SSRİ ilə əməkdaşlıq edən aparıcı kapitalist ölkələri savaşdan sonra çıxılmaz vəziyyətə düşmüşdülər. Lakin yaranan qeyri-müəyyən durum çox da uzun sürmədi. Belə ki, ABŞ-ın Corciya ştatında istirahətdə olan Uinston Çörçillin 1946-cı ildə Fulton Universiteti tələbələri qarşısında çıxışı qeyri-müəyyənliyi kökündən dəyişdi. U.Çörçill genişlənməkdə olan kommunizmin qarşısını almaqdan ötrü Qərb ölkələrinin öz hərbi və iqtisadi imkanlarının birgə əlaqələndirilməsinin vacib olduğunu açıqladı. Bununla da "soyuq müharibə" start götürdü. "Soyuq müharibə"nin ilk 10 ilində bir neçə hərbi blokun əsası qoyuldu. Bunlar NATO, ANZYUS, SENTO, SEATO blokları idi. 70-ci illərdə NATO-nu çıxmaq şərti ilə digər adıçəkilən bloklar dağılaraq dünyanın hərbi-siyasi səhnəsindən silindilər. İndiyə qədər yalnız NATO öz mövcudluğunu və monolitliyini qoruyub saxlaya bilmişdir. Blokun əsas yaradıcıçsı və aparıcısı olan ABŞ sovet təhlükəsini əsas gətirməklə yanaşı, həm də Qərbi Avropa ölkələrini öz təsir dairəsində saxlamaqdan ötrü qurumdan bir vasitə kimi istifadə edirdi.

1991-ci ildə SSRİ dağılandan sonra "soyuq müharibə" bitdi. Həmçinin sosialist ölkələrinin bir neçəsini özündə birləşdirən Varşava Müqaviləsi hərbi bloku dağıldı. O zaman NATO-nun saxlanıb-saxlanmaması haqda müxtəlif fikirlər səslənirdi. Bəziləri "soyuq müharibə"nin bitməsiylə bərabər NATO-nun da mövcudluğuna xitam verilməsinin vaxtının çatdığını iddia edirdilər. Digərləri isə blokun strukturunda ciddi islahatlar aparmaqla saxlanmasını və fəaliyyət profilini dəyişməsini tövsiyə edirdi. Bütün bu deyilənlərə baxmayaraq, qurumun fəaliyyətinə nəinki xitam verildi, əksinə, bloka yeni üzvlər qəbul edildi. 1991-ci ildə "soyuq müharibə" bitərkən qurumun 16 üzvü vardısa, hazırda onların sayı 30-a yaxındır. Sonralar blokun sıralarına qəbul edilən ölkələrin tam əksəriyyəti keçmiş sosialist düşərgəsindən olan ölkələr olmuşdur.

Əlbəttə, bütün bunlar heç də o demək deyil ki, Şimali Atlantika Alyansı problemlərdən xalidir. Təbii ki, yox. Qurum yarandıqdan sonra, zaman-zaman müxtəlif problemlər yaşamış, 1967-ci ildə Fransa blokun hərbi qanadını tərk etmişdir. Yaşanan ən mühüm problem maliyyə problemidir ki, indiyə qədər həll olunmamış qalır. Məsələ ondadır ki, NATO yarandığı zamandan indiyə qədər blokun əsas maliyyə donoru ABŞ olmuşdur. Bu, təkcə ABŞ-ın blok üzvü olan digər ölkələrlə müqayisədə geniş maliyyə imkanlarına malik olmasından irəli gəlmir. Burda Qərbi Avropa ölkələrinin hərbi proqramları maliyyələşdirməkdə maraqlı olmaması da mühüm rol oynayır. Qərbi Avropa ölkələri daha çox iqtisadi layihələrə önəm verməklə ABŞ-dan asılılığını azaltmağa və rəqabət aparmağa çalışırdılar. Qeyd etdiyimiz kimi, NATO bloku öz funksiyaları ilə yanaşı, həm də üzv ölkələrin ABŞ-ın təsir dairəsində saxlanmasına xidmət edir. Baxmayaraq ki, "soyuq müharibə" bitəndən sonra ABŞ qurumun terrorizmə və ultramillətçi qüvvələrin baş qaldıra biləcəyinə qarşı mübarizə aparacığını bəyan edirdi.

Başqa bir maraqlı məqam ondan ibarətdir ki, kommunizmin çöküşündən sonra blokun hərbi xərcləri azalmaq əvəzinə, ilbəil artmaqda davam edir. Bunun da böyük qismi məhz ABŞ-ın üzərinə düşür. Məsələn 2003-cü ildə ABŞ-ın müdafiə xərcləri 500 milyard civarında olduğu halda, digər üzv dövlətlərin bütövlükdə hərbi xərcləri 170 milyard dollar təşkil edirdi. Göründüyü kimi, əlavə izahata ehtiyac qalmır. Dəfələrlə NATO-nun keçirilən sammitlərində ABŞ tərəfindən üzv dövlətlərin maliyyə ayırmalarını artırmaq məsələsi müzakirəyə çıxarılsa da, heç bir nəticə hasil olmayıb.

Digər tərəfdən, Avropada ABŞ-ın təsirini heçə endirməkdən ötrü başda Fransa və Almaniya olmaqla məhdud Avropa ordusunun yaradılması ideyasını tezliklə reallaşmasına çalışırlar. Hələlik bu istiqamətdə müəyyən qərarlar qəbul olunsa da, bəzi problemlər qalmaqdadır. Ancaq sözügedən ideyanın reallaşacağı şəksizdir. Xatırladaq ki, NATO blokunda böhran İraq müharibəsi ərəfəsində yaranan fikir ayrılıqları fonunda ortaya çıxıb. Bütün bu problemlər blokun get-gedə amorf quruma çevrilməsindən xəbər verir.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-07-2019 02:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru