Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar


Orxan Hüseyn

05 Oktyabr

2015
633
5 oktyabr - Müqəddəs insanların bayramı

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib.Azərbaycanda isə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Bəs görəsən Azərbaycanda müəllim statusuna malik insanlar bu gündə həqiqətən bayram keçirə bilirlərmi? Müəllimlərin sosial rifahı, iqtisadi və psixoloji durumu onlara bayram keçirməyə imkan verirmi? Bu suallar məni daima narahat edib. Çünki müəllimlərin durumunun yaxşı olmaması və onların işlərinə həvəslə yanaşmaması, ümumilikdə təhsilin səviyyəsinin aşağı olması həmin cəmiyyətin acınacaqlı vəziyyətdə olmasının göstəricisidir. İstənilən cəmiyyət və ya ölkənin sütunu 3 struktur üzərində formalaşır. Bunlar təhsil, səhiyyə və ordudur. Bunların hər üçü isə təhsildən asılı vəziyyətdədir. Elm, təhsil və savad inkişaf etməyən cəmiyyətdə nə güclü həkim, nə hərbçi, nə iqtisadçı və nə də başqa bir mütəxəssis yetişə bilər.

Heç kim sözümü qəribçiliyə salmasın. Mən bu sözlərimlə demək istəmirəm ki, Azərbaycanda vəziyyət bərbaddır. Etiraf etmək lazımdır ki, Azərbaycanın həmişə peşəkar, pedaqoq və işini sevən müəllimləri və mütəxəssisləri olub. Lakin mövcud durum bunu deməyə əsas verir ki, bizdə ümumilikdə təhsilin səviyyəsi o qədər də yaxşı deyil. Bunun ən başlıca səbəblərindən biri təhsil sistemindəki boşluqlar, müəllimlərin əmək haqlarının aşağı olması və məktəblərin hamısının durumunun yaxşı olmamasıdır. Bayram günündə pessimizmə qapılmaq və müəllimlərin qanını qaraltmaq istəmirəm. Sadəcə ümid etmək istəyirəm ki, bizim ölkədə müəllimlər həqiqətən öz bayramlarını layiq olduqları tərzdə keçirəcəklər. Mənə görə isə bu gün həmin gün olacaq ki, hansısa müəllim öz şagirdinin ona hədiyyə alacağını gözləməyəcək, pedaqoqun əmək haqqı onun repititor kimi fəaliyyət göstərməsinə sürükləməyəcək.

Sonda bir daha müəllimləri təbrik edir və onlara dərin minnətdarlığımı bildirirəm. Onlar həqiqətən müqəddəs peşənin davamçılarıdır. Bizim bu gün əldə etdiklərimizin böyük hissəsi məhz müəllimlərimizin bizlərə öyrətdikləri sayəsində qazanılıb. Odur ki, gəlin bu müqəddəs insanlara hörmət edək, sevək və onları daima uca məqamda qalmaları üçün əlimizdən gələni əsirgəməyək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2018 21:47

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru