Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

08 Aprel

2015
4136
Nəfəsi almaq da var, alıb verməmək də …

Bu yaxınlarda guya Musa Peyğəmbər barədə çəkilmiş yeni bir filmə baxdım. Filmin nə çəkiliş keyfiyyəti, nə effektlər, nə təhrif olunmuş tarixi faktlar, nə də bəsit ssenarisi barədə danışmaq istəmirəm. Sadəcə neçə gündür fikrimi məşğul edən bir epizod haqqında söz açacam. Kadrda ölümün kölgəsinin uşaqların üstündə gəzdikcə alınıb verilməyən, verilib də alınmayan nəfəslər çox gözəl təsvir olunmuşdu. Sözün doğrusu lap uşaq vaxtından böyüklərimdən eşitmişəm ki, ölüm nəfəs almaqla vermək arasında gizlənib. Bu epizoda baxanda  həmin sözlər yadıma düşdü və düşündüm: Biz nəfəs alıb da verməməyə nə qədər hazırıq?

Məsələ təkcə namazda, orucda, həcdə və sair ibadətlərdə deyil. Pis, yaxşı bunu özümüz üçün, axirətimiz üçün etmişik. Bəs İslamla bağlı hansı addımı atmışıq?

Gündəlik dünya mediasında xəbərləri izləyəndə təəssüflənməyə bilmirəm. Hər yerdə vəhabi terrorçular, istər «Əl-Qaidə» olsun, istər «İŞİD», «Taliban», «Əş-Şəbab», «Boko haram» və sair silahlı qruplaşmaların üzvləri islamçılar kimi qeyd olunur: Filan yeri islamçılar partlatdı, islamçılar filan qədər əsir götürdü və sair. Hətta İŞİD terror qruplaşması da  adını dəyişib İslam Dövləti qoydu. Sizcə bu təsadüfüdürmü? Artıq bir yerdə İslam adı gələndə hər kəsin canına, nənəm demiş vicvicə düşür. Yolda  «Allahu Əkbər» deməyə bəndsən. Hamı qorxaraq üzünü həmin tərəfə çevirir.

Bəli, hətta yüz illərlə çəkən səlib yürüşləri belə, son 30 ildə  baş verən vəhabi terrorları qədər İslama  zərər vurmayıb. Medianı açırsan «islamçılar» filankəsin başını kəsdi, filan qədər qadını əsir götürdü, filan uşaqdan kamikadze kimi istifadə elədi, kəlmeyi-şəhadəti bilmədilər deyə bir universitetdə qətliam törətdi… Əsl İslam budumu?  Peyğəmbərimiz, onun balaları olan məsumlarımız beləmi davranıblar? Əlbəttə xeyir. Hədisləri qoyuram bir kənara. Onların hər birinin mənbəyi barədə uzun-uzadı mübahisələr edilir. Bəs Quranın «Kafirun» surəsi; axı, orda açıq aydın deyilir: «Sizin dininiz sizə, mənim dinim mənə». Bəs bu qəddarcasına tökülən qanlar nədir? Deməli, məqsəd İslamı yaymaq deyil, əksinə, başqalarının gözündən salmaqdır. Artıq vəhabilik cəmi 3 əsr yaşı olmasına baxmayaraq virus sürəti ilə bütün dünyaya yayılıb. Qərbin səlib yürüşlərinin, daha sonra ateizmin edə bilmədiyini vəhabiliyin əli ilə etdilər. Bu, onların nailiyyətidir. Bəs biz İslamı qorumaq üçün hansı addımı atmışıq?

Gecə yatanda düşünürükmü ki, bu gün İslam yolunda  bir çöpü bir çöpün üstünə qoydummu? İndi deyə bilərsiniz ki, belə danışma, filan möminə xanım, ya mömin qardaş çətinlikdə idi, ona hər ay toplaşıb filan qədər yardım edirik. Əlbəttə, bu təqdirəlayiq addımdır. Ancaq yardımların bir qismi də mömin olmayan qonşularımıza, yaxınlarımıza, tanışlarımıza da edilməlidir. Hamımız bilirik ki, məsumların gecə çiyinlərində daşıdığı torbalar təkcə müsəlmanların qapısına getmirdi. Qoy qeyri-möminlər də İslamın əslində necə bir din olduğunu anlasınlar.

Bir müddət araşdırdıqdan sonra öyrəndim ki, vəhabiliyn bu qədər sürətlə yayılmağının bir səbəbi də elmdir. Fikir verin, onların başda oturanlarının hamısı Qərbin böyük-böyük universitetlərinin məzunlarıdır.  Bundan əlavə, təbliğat işlərində də təhsilli gənclərdən istifadə edirlər. Əslində bu mənada «loyal» vəhabi, əlinə silah alıb döyüşən vəhabidən daha təhlükəlidir…

Məhz buna görə də nəyin bahasına olursa-olsun istər qızlarımız, istərsə də oğlanlarımız təhsil almalıdırlar. Bir az az yeyək, bir paltarla qışı keçirək, ancaq övladlarımız oxusun. Və bu, təkcə İslam maarifi ilə məhdudlaşmasın. Qoy bizim uşaqlarımızın arasından da, tərcüməçilər, vəkillər, mühəndislər, həkimlər, hakimlər və sair peşə sahibləri çıxsın.

Hamımız bilirik ki, ilk kameranı, avtoqələmi, peyvəndi, cərrah alətlərini, sabunu, şampunu və s. müsəlmanlar kəşf edib, bu gün dünyada keçirilən kimya, biologiya, anatomiya, fizika, astronomiya, riyaziyyatda bir çox nəzəriyyənin banisi, coğrafi kəşflərin əsası  İslam alimləri  tərəfinən qoyulub. Qərbin elm adamlarının bu gün də masasının üstündə müsəlman alimlərin kitabları durur.

 Bəs bu gün biz hansı nailiyyətlərimizlə fəxr edə bilərik?..

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com