Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar


Vüqar Bayramov

17 Aprel

2014
1700
Yeni fərman aqrar sektorda nəyi dəyişəcək?

Azərbaycan Prezidenti aprelin 16-da “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Sənəddə əsas məqsədin kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirməkdən ibarət olduğu göstərilir.

 

Bəs, sənəddə hansı məsələlər əksini tapıb və onların tətbiqi imkanları necədir?

 

Əvvəla, sənədə görə, Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılması nəzərdə tutulur. Burada məqsəd, nazirliyinin yerli aqrar məsələlərə müdaxilə və nəzarət imkanlarını artırmaqdır. Nazirliyinin strukturunun genişləndirilməsi sadəcə bölgələrdə aqrar siyasətinin həyata keçirilməsi, eyni zamanda fermerlərə birbaşa məsləhətlərin o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalının öncədən planlaşdırılması üzərində qurulmalıdır. Son illərin praktikası göstərir ki, bəzi hallarda, məsələn, soğan məhsulları bir il baha olur, növbəti il o qədər soğan əkən olur ki, hətta soğanların kisəsini belə manata deyil, qəpiyə almaq olur. Və çoxlu sayda məhsul xarab olur. Təəssüf ki, bu planlaşdırmamanın səbəbidir. O baxımdan aqrar sektorda kənd təsərrüfatında planlaşdırılmanın aparılmasına ehtiyac var. Kənd Təsərrüfatı Nazirliyi yalnız aqrar siyasət həyata keçirməməlidir. Eyni zamanda yerli şöbələr fermerlərə birbaşa məsləhətlərin verilməsi və ölkənin tələbatını, ixrac potensialının nəzərə almaqla məhsul istehsalının planlaşdırılmasını həyata keçirməlidir. Bu zaman dünya bazarında baş verən iqtisadi dəyişikliklər də nəzərə alınmalıdır. Çünki, Azərbaycan hələ də xaricdən məhsul idxal edir və bu plansızlıq nəticədə hətta ölkə daxilində məhsulların qiymətinin aşağı düşməsinə səbəb olur. Eyni zamanda xaricdən yerli bazarlara ucuz məhsulların daxil olmasına və yerli məhsulların qiymətlərinin aşağı düşməsinə gətirib çıxarır. Bəzi strateji məhsulların qiymətini öncədən təyin etmək mümkündür. Məsələn, Azərbaycan taxıl məhsullarını qiymətini öncədən müəyyənləşdirmək mümkündür. Və ya pambığın alış qiymətini zavodlar müəyyənləşdirir. Amma kütləvi istehsal olunan məhsulların qiymətini öncədən müəyyənləşdirmək mümkün deyil. Pomidor, xiyar, kartofun o baxımdan daha məqsədə uyğundur ki, strateji olmayan məhsulların qiymətini öncədən müəyyənləşdirmək deyil, istehsal həcmi ilə bağlı dövlət, eləcə də Kənd Təsərrüfatı Nazirliyi öncədən fermer təsərrüfatlarına məlumat versinlər. Yəni qarşıdakı il hər hansı kənd təsərrüfatı məhsuluna olan tələbat müəyyənləşdirilsin və həmin tələbata uyğun olaraq fermer təsərrüfatlarına məlumat verilsin. Nəticədə əsas strateji olmayan məhsullardan həm az, həm də tələbatdan çox istehsal edilməsinin qarşısı alınar və məhsul itkisi baş verməz.

 

İkincisi, fərmanda diqqəti çəkən əsas məqamlarından biri Azərbaycanda aqroparkların yaradılmasıdır. Qeyd edək ki, aqroparklar aqrar və emaledici biznes və təhsil müəssisələrinin birgə klaster formasında fəaliyyətini nəzərdə tutur. Aqroparklar üçün də ən əlverişli bölgələr Gəncə və Gəncəətrafı bölgələr, Lənkəran və Xızı və Xaçmaz rayonları hesab edilir. Lakin ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün əlverişli şərait var. Kadr çatışmazlığı ilə yanaşı sərmayələr məsələsinin də həll edilməsinə ehtiyac var. Eyni zamanda, müvafiq icra qurumları hansı bölgələrdə qarışıq, hansı rayonlarda ixtisaslaşmış aqroparkların yaradılmaslna ehtiyac var.

 

Üçüncüsü, sənəddə “elektron kənd təsərrüfatı” informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılmasının təmin edilməsi müvafiq icra qurumlarına tapşırılır. Bu sistemdə aqrar sektor üzrə məlumatların əks etdirilməsi ilə yanaşı eyni zamanda subsidiayaların verilməsi mexanizmlərinin və proseduraların əks etdirilməsinə ehtiyac var. Maliyyə Nazirliyinin apardığı yoxlamalar da subsidiyaların verilməsində nöqsanların olduğunu aşkar etdiyini nəzərə aldıqda fərmanın tələblərinə uyğun olaraq bu prosesdə şəffaflığın artırılmasının ciddi əhəmiyyəti vardır.

 

Dördüncüsü, sənəd fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsini nəzərdə tutur. Burada da əsas məqsəd dövlət xərclərinə qənaət etməklə yanaşı, sözügedən sektorda bazar münasibətlərini genişləndirməkdən ibarət olmalıdır. Eyni zamanda, özəlləşdirmə prosesində də şəffaflığın gücləndirilməsi olduqca vacibdir.

 

Beşincisi, sənədin ən mühüm tərəflərdən biri xarici investorlar ilə birlikdə ölkəmizdə kənd təsərrüfatı texnika və avadanlıqlarının istehsalının həyata keçirilməsidir. Əslində, bu sahədə yerli istehsalın formalaşdırılması olduqca vacibdir. Çünki, bu sözügedən istiqamətdə idxaldan asılılığı aradan qaldırmaqla yanaşı eyni zamanda yeni iş yerlərinin yaradılmasına nail olmağa imkan verər. Bu məqsəd ilə ən uyğun bölgə Gəncə şəhəri hesab edilir.

 

Altıncısı, sənəd aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını təmin edilməsi üçün aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilini nəzərdə tutur. Bu sahədə peşə yönümlü təhsil müəssisələrinin yaradılması olduqca vacibdir. Keçmiş ittifaq dövründə belə məktəblər fəaliyyət göstərsə də təəssüf ki, müstəqillik illərində onların işi dayandırıldı. Bu baxımdan, qısa müddətlə peşə ixtisaslarının təşkil edilməsinə ehtiyac var. Belə peşə məktəbləri Lənkəran, Şəki, Gəncə kimi bu sahədə ənənəsi olan şəhərlərdə formalaşdırıla bilər.

 

Yeddincisi, fərmanla “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin və anti-kartel fəaliyyətini tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlanmasını nəzərdə tutur. Kənd təsərrüfatı kooperasiyaların yaradılması sərmayənin birləşdiriməsi, investisiya və ixrac imkanlarının genişləndirilməsi baxımdan əhəmiyyətlidir. Bu həmin müəssisələrə yalnız daxili deyil, eyni zamanda xarici bazarlara çıxmaq imkanı da verə bilər. Bununla yanaşı, fermerlərin stimullaşdırılması üçün yaradılıcaq kooperasiyalar üçün təşviqedici metodlar kimi vergi güzəştləri və ya dolayı subsidiya mexanizminin tətbiqini həyata keçirmək mümkündür. Antikartel fəaliyyətini tənzimləyən normativ hüquqi aktların qəbulu və icrası isə birbaşa istehlak bazarında qiymətlərin tənzimlənməsi baxımdan əhəmiyyətlidir. Bu bazarda kartel sövdələşmələrinin qarşısını alınmasına xidmət edir.

 

Səkkizinci, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin beynəlxalq lizinq standartlarına uyğunlaşdırılması, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılması, kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsinə və bu sahədə prosedurların sadələşdirilməsi sənəddə öz əksini tapıb. “Aqrolizinq”in fəaliyyətinin təkmilləşdirilməsi olduqca vacibdir. Təəssüf ki, sözügedən qurum hal-hazırda sadəcə sadə funksiyaları yerinə yetirir. Halbuki, bu xidmət aqrar sektorun inkişaf etdirilməsi baxımdan əsas bazalardan birini oynamalıdır. Aqrar sektorda sığortanın inkişafına nail olmaq üçün isə prosesduraların sayının azaldılması ilə yanaşı, sığorta ödənişlərində dövlətin payının artırılması, fermerlərin maarifləndirilməsinin həyata keçirilməsi və eyni zamanda bu sahədəki qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var.

 

Nəhayət, aqrar elmin inkişafı konsepsiyasının layihəsini hazırlanması, xarici investorların kənd təsərrüfatına cəlb edilməsi məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin iştirakını təmin edilməsi kimi məsələlər də fərmanda öz əksini tapıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2018 21:58

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru