Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Vüqar Bayramov

19 Aprel

2014
2675
`Avropa Birliyi Azərbaycana dəstək verməlidir`

Martın 19-u Budapeştdə, Macarıstan Xarici İşlər Nazirliyində Azərbaycan, Gürcüstan, Moldovadan dəvət edilən müstəqil ekspertlər və Qərbi Avropadan olan nümayəndələrin iştirakı ilə görüş keçirilib. Məqsəd apreldə Praqada keçiriləcək Şərq tərəfdaşlığı proqramı sammiti zamanı planlaşdırılan Vişeqrad ölkələri (Çexiya, Macarıstan, Slovak Respublikası və Polşa) xarici işlər nazirlərinin görüşü üçün təkliflər paketi hazırlamaqdır. Sammitdə Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramını təmsil edən bəzi ölkələrin dövlət başçılarının, o cümlədən Azərbaycan prezidentinin iştirakı gözlənilir.

19 mart görüşündə iştirak edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib ki, diqqəti çəkən məqam Ermənistan və Belarus ekspertlərinin Budapeştə dəvət edilməməsidir. “Media forum” saytının məlumatına görə, Vüqar Bayramov görüşdə Avropa Birliyinin hansı istiqamətlər üzrə fəaliyyətinin gücləndirilməli olduğu məqamlar barədə danışıb: “Ukrayna məğlub olacaqsa, o zaman bütövlükdə Şərq tərəfdaşlığı proqramı iflasa uğrayacaq və Avropa Birliyi regionda Rusiyaya uduzacaq. Bu baxımdan Ukrayna problemi regionun gələcəyi üçün ciddi əhəmiyyət daşıyır. Azərbaycan və Ukrayna regionun gələcək taleyinin müəyyənləşdirilməsi baxımdan çox əhəmiyyətlidir. Ukrayna Avropada ərazisinə görə ən böyük ölkədir, Azərbaycan isə Qafqaz iqtisadiyyatının 75 faizinə sahibdir. Moskva gözəl anlayır ki, bu iki ölkə üzərində təsirlərini itirsə, bütün regiondan çəkilməli olacaq.

Qarabağ münaqişəsinin həll edilməməsi Azərbaycanın Avropaya inteqrasiya istiqamətində balanslı siyasət aparmasına gətirib çıxarıb. Bakı Moskvanın xətrinə dəymədən mərhələli inteqrasiya siyasəti həyata keçirir. Avropa Birliyi regiondakı münaqişələrin, xüsusən də Qarabağ probleminin həllində ciddi siyasi dəstək yürütməlidir. Mövcud status-kvo Rusiyanın regionda möhkəmlənməsinə gətirib çıxarır”.

Vüqar Bayramov əlavə edib ki, Azərbaycanın Gömrük İttifaqına qoşulmaması Moskvanın Bakıya təzyiqlərini artıracaq: “Brüssel bu təzyiqlərin minimumlaşdırılması üçün geniş fəaliyyətlər həyata keçirməlidir. Azərbaycanın isə Dünya Ticarət Təşkilatına üzvlüyünün sürətləndirilməsi vacibdir. Avropa Birliyi bu məsələdə ölkənin statusu, subsidiyalarla bağlı məsələlərdə Azərbaycana dəstək verməlidir”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 19:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com