Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

06 Yanvar

2014
2971
“Ölürəm ay yetim!”

Ötən gün şəhər marşrutlarının birində maraqlı bir hadisə ilə, daha doğrusu mahnı ilə rastlaşmışam. Mahnı deməklə hansı bəstəkar və ya sənət adamının xətrinə dəydimsə də, hər-halda bu mövzu ilə bağlı fikirlərimi paylaşmaq istəyirəm.

Məqalənin başlığından da anlaşıldığı kimi, mövzu yetimlərə aid olacaq. Yox, hansısa kimsəsizin halından deyil, əslində kimsəsi olan, lakin özünü kimsəsiz kimi aparanlardan danışacam. Avtobuslarda gənc sürücülərin az qala hit mahnısına çevrilən “Ölürəm ay yetim”ə ictimai rəy verməyə çalışacam. Bu mahnının nəqarəti olan “Ölürəm ay yetim” əslində ölkədəki mövcud durumu ortaya qoyur. Gör zəmanə və güzəran nə həddə çatıb ki, camaatımız yetim mahnısı ilə özünə təskinlik tapmağa səy göstərir. Əslində bu hadisədə bir neçə maraqlı nüanslar mövcuddur.

İlk olaraq bu mahnıya daha çox avtobus sürücülərinin müraciət etməsini ürək ağrısı ilə qarşılamaq olar. Belə başa düşülür ki, sürücülərin ictimai, mənəvi və psixoloji durumu elə bir həddədir ki, onlar bu tip mahnılarla adrenalin əldə edirlər. Sanki gün ərzində üzləşdikləri iş qrafiki və çətinlikləri mahnıda tapmaqla təskinlik tapırlar. Ən pisi isə budur ki, mövcud halda sürücünün qulaq asdığı bayağı mahnıları sərnişinlər də dinləmək məcburiyyətində qalırlar. 

Mahnı ətrafında bir qədər fikirləşdikdə dinləyicilərin zövqünün korlanmasını da göstərmək olar ki, bu yolla da bayağı nəğmələr ortaya çıxır. Əslində hər kəs müstəqil zövqə və istədiyinə qulaq asmaq haqqına malikdir. Lakin bu o demək deyil ki, kimisə buna qulaq asmağa məcbur etmək lazımdır. Dolayısı ilə avtobus və taksilərdə ucadan qulaq asılan mahnılar bir növ ətrafındakıların hüququnun pozulması ilə nəticələnir. Əfsuslar olsun ki, bu tip halları nəzərə almaq çox vaxt mahnıya qulaq asanın kobud desək vecinə olmur. Belə bir vəziyyətdə isə tez-tez mübahisələr, bir az da dərinə getsək əlbəyaxa davalar yaranır.

Bəs mövcud vəziyyətdə nə etmək lazımdır. Bayağı mahnıları yasaqlamaq, sürücülərə qadağa qoymaq, yoxsa sərnişinlərə qulaqcıq paylamaq? Əslində bu problemin kökü ölkədə mövcud olan sosial rifahın aşağı olmasıdır. Əhalinin sosial rifahının aşağı olması, vətəndaşlar arasında təbəqələşmənin getməsi və zənginlərin kasıblardan dəfələrlə çoxluğu bayağılaşmanı sürətləndirir. Təklənmiş və imkansız şəraitdə əhalinin bir təbəqəsi özünə təskinlik üçün bayağılaşmanı seçir. Budur ki, “Ölürəm ay yetim” tipli mahnıların sayı günü-gündən artmağa doğru gedir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 19:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com