Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

28 Oktyabr

2013
3439
Kim zəmanət verə bilər?

Anamla Neftçilər metrosunun yaxınlığında durmuşduq. Nə barədə isə qızğın söhbət gedirdi. Bir qoca qadın yaxınlaşdı bizə. Əvvəl düşündüm ki, yəqin pul istəyir. Əlimi çantama uzadanda qadın üzümə baxıb dedi: «Qızım, bir oğulu ki, özün gənc yaşda dul qalmağına baxmayaraq, təkbaşına böyüdəsən, sonra da o, evlənəndə gəlinin sözü ilə səni ata, onda neyləyərsən?» Əlim çantamda qaldı. Anam da duruxdu. Söz tapmadıq deməyə. Nə edəydik, təsəllimi verəydik ki, hər şey yaxşı olacaq, səbir eləmi deyəydik? Yoxsa taleh belə gətirib, Allaha tapşır söyləyəydik?

Qadın bizim yerimizdə donub qaldığımızı görüb, əlavə elədi: «Eh, bir də üstəgəl, evindən çıxarıb…»

Bunu deyib getdi… Getdi, elə bil ki, ruhumuzu da özüylə apardı. Mən anama baxdım, anam da mənə. Bilmədim gözləri ilə nə demək istəyir. Bəlkə gələcəyindən əndişəliydi? Bəlkə də əksinə, belə övladları olduğu üçün Allaha şükr edirdi… Bilmirəm. Heç nə demədi.

Mən də çox pis olmuşdum. Axı mən də anayam. Üç övladım var. Axı o qadının da övladı var idi. Mən uşaqlara baxdığım kimi, o ana da ürəyinin yağını övladına yedirtmişdi. Bəs niyə belə oldu? Gələcəyimizə, bizi də aşağı-yuxarı belə tale gözləməyəcəyinə kim zəmanət verə bilər? Bunun kimi sonsuz suallar yarandı beynimdə. Ətrafıma boylandım. Yəni cəmiyyətimizdə mənəvi aşınma bu qədərmi kök atıb?

Ümumiyyətlə, cəmiyyətin əxlaqı barədə konkret misallarla hökm çıxarmaq çətindir. Lakin bəzən bu misallar göstərici olur.

Təsadüfən internetdə maraqlı bir şəkillə rastlaşmışdım. Bir yaponiyalı gənc ictimai yerdə qucağında tutduğu anasını yedizdirir. Özü də anası, indi gənclərin çoxunun uşaqları saxlamaq üçün istifadə elədikləri «kenquru» adlanan nənnidə idi.

Bu foto insanda ən gözəl hissləri yaratsa da, digər tərəfdən düşünməyə vadar edir: Bəs Azərbaycanda valideynə münasibət necədir?

Valideynlərini öz mənzillərindən çıxaran, ən yaxşı halda isə onların təqaüdləri ilə dolanıb, halları ilə maraqlanmayan insanların sayı təəssüf ki, günü–gündən çoxalır. O gün televiziyada qocalar evini göstərirlər. Bir qadın deyir ki, 5 uşağım var. Aparıcı şoka düşür və soruşur ki, sən bu qədər övladın ola-ola burada neynirsən? Qadın çiynini çəkir. Bu an məşhur türk filmi «Bəyaz mələk»də bir ananın dediyi söz yadıma düşdü: «Biz onlarca çocuğumuza yüreğimizde yer bulabilirken, onlar kocaman apartman dairelerinde bizlere yer bulamadıkları için biz huzur(!) evindeyiz».
Halbuki, hamımız qürurla deyirik ki, əhalimizin 90 faizi müsəlmandır. Bəs Quran bizə bunumu öyrədib?  Axı Quranın bir çox surələrində tövhiddən sonra bu məsələyə xüsusi yer verilib:
"Allahdan başqasına ibadət etməyin və valideynlərə yaxşılıq edin!" («İsra», 23).
"Mənə və ata-anana şükr et!"(deyə insana əmr etdik)" («Loğman», 14)

Bu iki mühüm məsələnin eyni sırada olması bir daha onu göstərir ki, İslam nə qədər ana və ataya ehtiram edir. Dinimiz ata və anaya hətta kiçik ehtiramsızlıq edilməsinə belə icazə vermir. İmam Sadiq buyurub: «Əgər "uf" dan da kiçik şey olsaydı, belə Allah ona da icazə verməzdi. ("uf" narahatlığı bildirən ən kiçik sözdür). Bu ata-anaya edilən ən kiçik ehtiramsızlıqdır və eyni zamanda bu kəlmə ata-anaya qarşı qəzəb göstərmək kimi də hesab edilir».

Ümumiyətlə, istənilən dində valideynə, böyüyə ehtiram barədə tövsiyələr olur. Məsələn, bir çox Asiya ölkələrində, Taylandda, yaxud Çində, hansı ki, yaşayış səviyyəsi çox aşağıdır, təqaüd yoxdur, övladlar öz valideynlərini saxlamalıdırlar. Özü də bu məcburi deyil, əksinə uşaqlar bunu şərəf hesab edirlər. Niyə belədir? Bizdən daha çox İslama bağlıdırlar, yoxsa onların öz tanrılarına məhəbbəti bizim Allaha olan məhəbbətimizdən çoxdur? Bəlkə əksinə, biz daha müasirləşmişik və valideynə, qocaya ehtiram geridə qalmışlıqdır? Yox, bu da düz gəlmir. Ona qalsa, Yaponiya dünyanın ən inkişaf etmiş ölkəsidir. Buna baxmayaraq orada da valideynə ehtiram şərəf sayılır...
Deməli, belə çıxır ki, nə ondanıq, nə bundan. Dad da ki, yarımçıq əlindən.

Sözümə yekun olaraq son günlərdə sözləri ilə insanları silkələyə bilən yaşlı biri kişinin əhvalatını danışmaq istəyirəm. Bu qoca ömrünün sonuna kimi Avstraliyanın ucqar bir şəhərində «Qocalar evində» yaşadı. Ölümündən sonra, hamı onun həyatda qiymətli bir iz qoymadan getdiyini düşünsə də, tibb bacıları kişinin yoxsul avadanlıqlarını yığışdırarkən, öz mənası ilə işçiləri son dərəcə hüznləndirən bir şeiri ilə rastlaşdılar. O zamandan bəri şeir ölkə jurnallarında öz yerini alıb.

Biz şeiri Azərbaycan dilinə hərfi mənada tərcümə edəcəyik. Əlbəttə şeir ingilis dilində daha poetik səslənir və fikirlərin dərinliyi, qafiyələrin gözəlliyi ilə heyran edir.

Tibb bacısı, sən nə görürsən…
Sən nə görürsən…
Mənə baxanda nə düşünürsən?
Şıltaq qarı, bir az da axmaq…
Anlaşılmaz həyat tərzli
Laqeyid gözlü
Boş yerə yemək gətirən…
Üstünə qışqıranda ki, «Cəld ol, səy et»
Hesab edirsən ki, o, nə etdiyini görmür?

Daim corablarını və ayaqqabılarını itirən
Heç nə üçün təkid etməyən,
bununla belə sənə onunla hər şey etməyə imkan verən
Gününü yemək və çimməkdən başqa heç nə ilə doldurmayan…
Sən bunu düşünürsən
Sən bunu görürsən.

Aç gözlərini tibb bacısı
Sən mənə baxmırsan.
Qoy sənə deyim mən kiməm.
Hətta burada sakit oturanda,
sizin sərəncamınıza tabe olanda
Sizin arzunuzla qidalananda
Mən hələ də uşağam
On yaşım var
Anam və atamla
Qardaş və bacılarımla yaşayıram
Və biz hamımız bir-birimizi sevirik

Ayaqlarında qanadları olan
On altı yaşında gənc qızam
Lap yaxınlarda
həyatımın məhəbbətini tapmağın xəyalındayam

İyirmi yaşında
Həyata keçirəcəyimi vəd verdiyim andları xatırlayan
Nişanlı qızam

İndi isə iyirmi beş yaşındayam
Bir övladım var
Mənim rəhbərliyimə, mühafizəmə və evə ehtiyaclı…

Otuz yaşlı insan!
Körpəm nə tez böyüdü
Biz-birimizlə ayrılmaz iplərlə bağlıyıq

Qırx yaşımda gənc oğlanlarım böyüdü
Və evi tərk etdi
Ancaq həyat yoldaşım yanımdadır
Və məni təsəlli etdi

Əlli yaş…
Evdən yenə uşaq səsi gəlir.
Yenə körpələrləyik
Sevgilim və mən.

Üzərimə zülmət çökdü:
- Ərim öldü…
Gələcəyə baxıram
Və dəhşətdən diksinirəm

İndi mən uşaqlarım üçün yaşayıram
Bir də onların uşaqları.
Əlimdə olan sevgi
Və illər haqqında düşünürəm

İndi qocalmışam…
Və həyat acımasızdır
İstehza edir və qocalığı axmaq görünməyə məcbur edir.
Bədən zəifləyir və haldan düşür
Qüdrət və güc gedir
Və indi vaxtilə ürəyin olduğu yerdə daş var
Lakin  bu zəif qılafin içində hələ də gənc biri var

Və yenə
və yenə ürək döyüntüləri ilə nəbz vurur
Mən hər bir sevinci xatırlayıram
Mən hər bir acını xatırlayıram
Və mən sevirəm
Və yaşayıram
Bu həyatda əvvəlki tək.
Mən illər haqqında düşünürəm
Hansı ki, çox az idi və sürətlə keçdi.
Və inadkar faktla razılaşıram:
Heç nə daimi deyil.
Bəs onda açın gözlərinizi, insanlar!
Açın və baxın!
Şıltaq qarını deyil,
Diqqətlə baxın və
MƏNİ görün!..

 

What do you see, nurse, what do you see?
What are you thinking when you're looking at me?
A crabby old woman, not very wise,
Uncertain of habit, with far away eyes.

Who dribbles her food and makes no reply
When you say in a loud voice, "I do wish you'd try?"
Who seems not to notice the things that you do,
And forever is losing a stocking or shoe.

Who, resisting or not, lets you do as you will.
With bathing and feeding, the long day to fill,
Is that what you're thinking? Is that what you see?
Then open your eyes, nurse, you're not looking at me.

I'll tell you who I am as I sit here so still,
As I use at your bidding, as I eat at your will.
I'm a small child of ten with a father and mother,
Brothers and sisters, who love one another.

A young girl of sixteen, with wings on her feet,
Dreaming that soon now a lover she'll meet.
A bride soon at twenty, my heart gives a leap,
Remembering the vows that I promised to keep.

At twenty-five now, I have young of my own,
Who need me to guide, and a secure happy home.
A woman of thirty, my young now grown fast,
Bound to each other with ties that should last.

At forty my young sons have grown and are gone,
But my man's beside me to see I don't mourn.
At fifty once more babies play around my knee,
Again we know children, my loved one and me.

Dark days are upon me, my husband is dead,
I look at the future, I shudder with dread.
For my young are all rearing young of their own,
And I think of the years and the love that I've known.

I'm now an old woman and nature is cruel,
'Tis just to make old age look like a fool.
The body, it crumbles, grace and vigor depart,
There is now a stone where I once had a heart.

But inside this old carcass a young girl still dwells,
And now and again my battered heart swells.
I remember the joys, I remember the pain,
And I'm loving and living life over again.

I think of the years, all too few, gone too fast,
And accept the stark fact that nothing can last.
So open your eyes, nurses, open and see,
Not a crabby old woman, look closer - see ME!!

Şərhlər
Coshqun Salmanli tərəfindən 29-10-2013 12:33:20 tarixində yazıldı
kim zemanet vere biler
o ogul deyil...
Murad Suleymanov tərəfindən 29-10-2013 12:36:53 tarixində yazıldı
kim zemanet vere biler
valıdeynını atan ovladı men heyatımboyu bır ınsan kımı cıddıye almaram.kım olur olsun.
Meryem tərəfindən 06-11-2013 14:40:45 tarixində yazıldı
Salam
Valdeyni atmaq elbetde duzgun deyil,amma bezi adamlar da gelin getirende eve ele duwunurler ki,xidmetchi getiribler,sonra da deyirler gelin mene baxmir,oqlum mene baxmir,axi bu qadin sene qulluq etmeye gelmeyib,o da evin xanimidir,o da hansisa ananin ovladidir.Yeni,valdeyn de gerek hormetin qoruya bilsin.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com