Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar


Aqil Mehdi

23 Avqust

2013
2032
17 saniyəlik Qarabağ hayqırtısı

Dünən futbol orucumu sındırdım. Bir neçə il idi futbola canlı baxmağa getmirdim. Hələ Azərbaycan komandalarının oynadığı futbola baxmağa vaxtımı heç sərf etmək istəmirəm. Çünki artıq bu bir aksioma halını alıb ki, Azərbaycanda futbol qohumluq prinsipi əsasında fəaliyyət göstərir. Yəni adamın varsa, səni qabağa çəkəcəklər. Amma söhbətimin mövzusu bu deyil.

Dünən “Qarabağ” komandası meydana yaxşı hazırlıq vəziyyətində çıxmışdı. Qələbə üçün hər şeyi etdilər. Oyunun ikinci hissəsində “Ayntraxt” qapısında azından 4 təhlükəli qol vəziyyəti gördü. Amma nəticə dəyişmədi, sevinən tərəf almanlar oldu.

Dünən alman azarkeşlər də var idi stadionda. Oyunun sonuna kimi komandalarına dəstək verdilər. Saylarının azərbaycanlı azarkeşlərdən azından 25 dəfə az olmasına baxmayaraq, 90 dəqiqə ərzində hayqırdılar. Amma bizlər sadəcə komentatorun göstərişiylə şüarlar qışqırır, həyacanlanırdıq.

Dünən meydanda alman azarkeşlər də var idi. Hətta zaman-zaman daha ucadan qışqıraraq, komandalarını hesabda irəlidə olmasına baxmayaraq, qələbəyə həvəsləndirdilər, heç yorulmadılar da. Bizim səsimiz az gəldi, ev sahibi onlarmış kimi. Amma biz tum çırtladıq, hakimi söydük, sanki tora topu hakim göndərəcəkmiş kimi.

Dünən alman azarkeşlərin əlindəki bayrağı da yəqin gördünüz. Böyük bayraq idi. Hətta o qədər böyük ki, stadionun əks tərəfində oturmağıma baxmayaraq, o bayrağı çox rahat şəkildə görə bilirdim. Bəs deyin qədər yellədilər, sanki bizə acıq verirmiş kimi. Bizim də bayraq var idi, ancaq  yelləyə bilmirdik, polislər hamısının sapını almışdılar. Amma almanlar əllərindəki bayrağı sapından tutub yelləyirdilər, sanki qadağa onlara aid deyilmiş kimi.

Dünən bir şeyi də müşahidə etdim; biz istəyəndə bir yerə cəm ola bilərmişik, hətta şüar da qışqırarmışıq. Qa-ra-bağ. Çox əzəmətli səslənirdi. Möhtəşəmdi. Əslən qarabğlı olub, oranı görməsəm də, özümü Qarabağda hiss etdim. 30 min insan Qarabağ qışqırırdı. Amma bu hayqırtının ən çoxu sadəcə 17 saniyə çəkdi.

Görəsən Qarabağ işğal altında olandan bu günə kimi sonuncu dəfə nə vaxt bu qədər insan “Qarabağ” deyə səslənib? Mənim yadıma gəlmir. Həm də ona görə yadıma gəlmir ki, 30 min insan bu günə kimi “Qarabağ” deyib səslənsəydi, İTV-nin təbiriycə desək, dünya birliyi bu ədalətsizliyə dözməzdi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2018 11:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru