Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

05 İyul

2013
3680
Atasızlığın yaşı olmurmuş

Yatmışdım. Yuxuda gördüm ki, atam qapıdan içəri girir. Dedim, ay ata, bu dəfə səninlə görüşməyəcəyəm, yuxuda görüşmək ayrılıqdı, mən səndən ayrılmaq istəmirəm. Atam mənə baxdı, baxdı... Sonra çıxıb getdi. Yuxudan dik atıldım. Atam hələ onda sağ idi. Həbsxanaya yeni köçürmüşdülər. Bununla belə ürəyim səksəkədə oldu. Yaman narahatlıq keçirdim: Niyə qoymadım onu yaxınlaşmağa? Sonra öz-özümə təsəlli verdim: nənələrimiz deyib ki, yuxuda qucaqlaşmaq ayrılıqdı. Yaxşı ki, qucaqlaşmamışam. Bəs o gözlərindəki kədər nə idi elə? Qapının yanında durub mənə məhzun halda baxırdı...

Ürəyim rahat olmadı. Əlimi qaldırdım yuxarı, başladım dua eləməyə...

O gündən düz bir il keçib. Hər dəfə atamla son görüşü xatırlamaq istəyərkən, məhz həmin an gəlir yadıma. Niyə, heç özüm də bilmirəm.

Atam həmin gündən az sonra heç birimizin gözləmədiyi halda həbsxanada dünyasını dəyişdi. Ona şəhid adını verdilər:  İlk hicab şəhidi - Vaqif Abdullayev. Çünki o, müqəddəs amal uğrunda sözün həqiqi mənasında canından keçdi. Dəfnində minlərlə insan iştirak etdi, yasına Azərbaycanın müxtəlif  bölgələrindən tanımadığımız adamlar qatıldı. Bu mənə güc verdi, sınmağa qoymadı. Çox ağır idi. Amma ətrafıma boylananda beli bükülmüş anamı, şoka düşmüş bacımı, özünü itirmiş qardaşımı görəndə, bütün yükün çiynimdə olduğunu anladım. Özüm təsəlliyə ehtiyaclıykən, hamıya təsəlli verməyə başladım.

Bir haşiyə: Atam hər zaman cibində möhürlə gəzirdi. Allah yolunda, din uğrunda şəhid olmaq onun ən böyük arzusu idi. Bunu onun yaxınları da, dostları da təsdiqləyə bilər. Və hər zaman bizi buna hazırlamışdı. Əlbəttə, ayrılıq ağrıdırdı. Ancaq bunu Allahdan gələn bir nemət kimi qiymətləndirmişdik. Ailəmin yıxılmağına səbəb insanlardan gələn bəla olmuşdu...  Atamın son nəfəsində görə bilməməsi olmuşdu. Bəlkə də xatırlayarsınız, o zaman iyulun 11-də həkim bizə zəng edərək atamın can verdiyini demişdi, bu barədə mediada da yazılmışdı. Lakin qapıda duran mühafizəçilər bütün səylərimizə baxmayaraq bizi atamın yanına buraxmadılar, sabah gəlməyimizi söylədilər.
Atam üçün isə bir daha sabah olmadı... Dünyasını dəyişərkən tək oldu. Nə yanında son nəfəsində öpüb qucaqlaya biləcəkləri övladları, nə də vəsiyyət edəcəyi kimsəsi yox idi. Bu idi ailəmi yandıran. Nə qədər çalışsalar da bu ədalətsizliyə, haqsızlığa dözə bilmirdilər.

3, 7, 40 ötdü... Zaman keçdi... Kədər yerini həsrətə verdi.

Çox darıxdım. Deyib-gülən yerdə birdən ürəyimin dərin yerində ağrı hiss etdim. Bu sancının adı ata həsrəti idi. Mənə, “böyümüsən, ailəlisən, uşaqların var”, - deyirlər. Amma atasızlığın yaşı olmurmuş... Ağrı elə həmin ağrıdı.

Çox hörmət etdiyim psixoloq dostum bu yaxınlarda tamam başqa bir məsələdən söhbət edərkən dedi: “Bəzən görürsən ki, insanlar bir hadisə baş verərkən özlərini itirirlər. Belə bir fürsəti səbirsizliklə gözləyən şeytan da ona yaxınlaşır və başlayır onunla söhbət eləməyə: “Hanı bəs gecə-gündüz ibadət etdiyin Allah. Axı istəsəydi sənin bu müşkülünü həll edərdi. Onun üçün ki, problemin böyüyü-kiçiyi yoxdu...” Beləliklə, insan şəkkə düşür”.

Dostumun fikrincə, insanın şeytanın toruna düşməməsi üçün hadisəyə təkcə baxması yox, həm də görməsi lazımdır. Belə bir misal çəkim. Bir də görürsən qol saatının üstündə nə isə ləkə var. Dəsmalı götürüb, onu diqqətlə təmizləyib kənara qoyursan. Üstündən heç bir dəqiqə keçməmiş başqası gəlib vaxtı səndən soruşanda, saatı götürüb bir də baxırsan. Çünki bayaq baxmışdın, amma görməmişdin. Hadisələr də belədir. Gərək nəinki baxasan, həm də görəsən. O zaman hadisənin mahiyyətini başa düşür, qayəsini anlayırsan.
Mən də bu hadisəyə baxdım, baxdım və nəhayət gördüm.

Gördüm ki, ölüm var imiş. Müqəddəslərdən biri deyir ki, “mən insanların, yəqin bildiyi şeyə inanmamasına  çox təəccüblənirəm. İnsanların yəqin bildiyi, ancaq özünə aid etmədiyi şey ölümdür.” Mən də bunu gördüm və... dərk etdim.

Gördüm ki, hamı Allahdan gəlib və Ona tərəf də qayıdacaq. Lakin Yaradanın yanına üzüağ qayıtmaq hər insana nəsib deyil.

Gördüm ki, Bərzəx aləmindəki həyat bütün insanlara aid olsa da, Allah yolunda çalışanlar bu aləmin ən ali mərtəbəsində qərar tuturlar: “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. (“Ali-İmran” 169). Deməli, atam inşəallah ki, səadəti əldə edib.

Gördüm ki, ölüm Axirətin xəbərçisidir. Həmin günü kafirlər də, möminlər də peşman olacaq.  Kafirlər başlarına vuracaqlar ki, niyə heç olmasa bircə dəfə əlimi qaldırıb Allaha dua eləmədim. Möminlər isə imkan var ikən daha çox ibadət etməməyin peşmançılığını çəkəcəklər. Mən indidən peşman oldum...

Doğrudan da bəzən xoşlamadığınız bir şey bizim üçün xeyirli, bəzən də xoşladığınız bir şey zərərli ola bilər...

Bəli, atamın haqq dünyasına qovuşmasından bir il keçir...

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com