Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar


Aqil Mehdi

04 İyun

2013
1744
Siyasətçiləri siyasətçi edən medianın `ENTER`idir

Düz 3 aydan sonra mətbuata, jurnalistika sahəsinə qədəm qoymağımın 16 ili tamam olur. Az qala bir igidin ömrü deməkdir. “Vətəndaş” qəzetində Şirzad Məmmədli baş redaktorluğunda işə başlarkən hələ 17 yaşım var idi.

Kollektivin ən gənc üzvü idim. Həm Neft Akademiyasında oxuyur, həm də dərsdən çıxandan sonra işə gəlirdim.

Kimləri görmədim o redaksiyada. Hamı gəlirdi, siyasətçilər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar. Səhv etmirəmsə Azərbaycan Demokratik İslahat Partiyasının qərargahında yerləşirdi.

Bu günün tanınımş politoloqlarını həmin qəzetdə işləyəndən tanıdım. Həmin dövrdə indiki kimi qəzet bolluğu yox idi, bazar boşdu. Söhbət 1997-ci ildən gedir. İlk müsahibim Əli Kərimli idi. Onda AXCP-də Elçibəy dönəmi idi. Əli Kərimli isə “Yurd” fraksiyasına rəhbərlik edirdi. Elə söhbətin mövzusu da bu fraksiya ilə bağlıydı.

Qəzetin ömrü çox olmadı. Və kollektiv hərə bir tərəfə dağıldı. Mən isə 2 aylıq fasilədən sonra Fəxri Uğurlunun baş redaktoru olduğu “İntibah” qəzetinə getdim. Tanınmış jurnalist Səbuhi Məmmədlinin müsbət rəyi ilə. Burada da çox tərəf müqabillərim oldu. Qəzet ilk əvvəl həftədə bir dəfə çıxırdı və kollektivin hər bir üzvü kimi mənim də 5-10 min işarəlik yazı öhdəçiliyim var idi. İxtisasıma uyğun olaraq yazıların yarısı iqtisadiyyat sahəsinə aid olurdu, qalan hissəsini isə siyasət səhnəsinə və beynəlxalq xəbərlərə ayırırdım. Müsahiblərdə limit yox idi, kimdən istəyirdik münasibət öyrənə, müsahibə ala bilərdik. Demək olar zəngimizə cavab verməyən yox idi. Kimə üz tuturduqsa, həmən cavab verirdi və ya üzr istəyib bir qədər sonra zəng vurmamızı rica edirdi.

Artıq o zamandan 14 il keçib. İndi FaktXəbər kimi öz dəsti-xətti olan, müsahiblərində seçim etməyən, qapılarını hər kəsin üzünə açıq saxlayan bir kollektivdəyəm. Bilənlər bilir, bilməyənlər isə bilənlərdən soruşsunlar, bu media orqanında indiyə qədər heç kəsin söylədiyi “A” hərfi, “B” kimi yazılmayıb, kiminsə söylədiyi təhrif olunmayıb, hər bir şəxsin ağzından çıxanı olduğu kimi ictimaiyyətə çatdırmışıq. Müsahiblərin fikirlərinin audio-yazı şəklində təqdimi də obyektivliyimizin şahididir.

Mən mediaya qədəm qoyanda XX əsr idi, indi guya bir qədər də irəli getmişik, XXI əsrdəyik. Amma gəlin görək zaman qədər insanlar da irəli gediblərmi. Yazıya təsadüfən işə başladığım müddəti, müsahiblərin çeşidini və əlaqə qurmağın necə asan olmasını sadalamadım. Demək istədiyim odur ki, bu günün tanınmış siyasilərinin hamısı ilə yaxından-uzaqdan salam etmişəm, heç bir çətinlik də olmayıb. Təsəvvür edin ki, indinin mənəm-mənəm deyən siyasilərinin böyük əksəriyyətini onda heç kim tanımırdı, yumşaq desək, heç onlar siyasətçi də deyildilər. Onda müsahibə alının şəxslər barmaqla sayılacaq qədər idilər, amma daim də telefonlara özləri cavab verirdilər. Bu gün isə vəziyyət dəyişib. İndi özlərini siyasətçi hesab edənlərin sayı çoxalıb. O vaxtın siyasətçiləri isə lap böyüyüblər. Artıq biz sadə media işçilərinin onlara əlləri çatmır.

Məsələn dəfələrlə Müsavat başqanı İsa Qəmbərə zəng vurub hər hansı bir məsələyə münasibət almaq istəsək də, telefonu qaldırmayıb. Ya da köməkçisi cavab verib ki, “qonağı var.”
AXCP sədri də eynən. Heç zaman telefonu qaldırmır. Evdən söyləyirlər ki, “evdə yoxdur”, köməkçisi də deyir, “qonağı var.”

Maraqlıdır ki, bu cür olay sadəcə nazirlər və bu iki partiya sədri ilə yaşanır. Bəlkə doğrudan da onların o qədər işi var ki, telefona cavab verməyə vaxtları yoxdur. Əgər bir partiya sədri bu qədər məşğuldursa, onda biz məmurları niyə qınayaq ki? Məgər bu siyasilər medianın vasitəsiylə bu mövqeyə çatmayıblarmı, məgər onlar daim çıxışlarında mediaya açıq olduqlarını söyləmirlərmi, bəlkə nazirlər kimi onlar da media deyəndə ancaq özlərininkini nəzərdə tuturlar?

Təkcə bu sahəyə partiya sədrləri aid olsaydılar nə vardı ki! Təsəvvür edin ki, siyasət səhnəsinə yeni qədəm qoyan İctimai Birlik sədrləri var, özlərini artıq hansısa nazir postunda görürlər, dediyimiz sözə inanmırlar, bizi yalançılıqda ittiham edirlər. Bəziləri isə ədalarından, “mən siz müsahibə vermirəm” söyləyir. Əgər bir şəxs media nümayəndəsini bilərəkdən yalançı adlandırırsa, onun söylədiyinin cəmiyyətdə heç bir çəkisi yoxdur deməkdir. Çünki onun yalançı adlandırdığı media güzgüdür, güzgüdə isə o özünü görəcək.

Bəylər ən azından çıxdığınız yerdən qalxdığınız pilləkənə baxın. Vallahi sizləri biz media çıxarmışıq ora. Çox demirəm, bir həftə sizi yada salmasaq heç kəsin marağında deyilsiniz.

Bir maraqlanın, görün millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadənin, ADP sədri Sərdar Cəlaloğlunun, millət vəkili, VHP sədri Sabir Rüstəmxanlının, Prezident Aparatının İctimai Siyasi şöbəsinin sədri Əli Həsənovun, ilin 3-4 ayını xarici ölkələrdə səfərdə olan Qubad İbadoğlunun, Vüqar Bayramovun, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun, millət vəkili Vahid Əhmədovun, Baş Prokurorluq, Daxili İşlər, Xarici İşlər və Müdafiə nazirliklərinin mətbuat xidmətlərinin rəhbərlərinin, “Turan”ın direktoru Mehman Əliyevin və eləcə də bu kimi şəxslərin telefonlarına zəng vuranda kim cavab verir? Sizin işləriniz bu şəxslərin işlərindən bu qədərmi çoxdur? Siz müxalifətdəykən telefona məşğulluqdan cavab verə bilmirsinizsə, köməkçiləriniz “qonağı var, görüşdədir”, - deyirsə, şayət hakimiyyətə gəlsəniz, yəqin telefonlarınıza icra başçılarının köməkçiləri cavab verəcəklər.

Amma hər kəsin bilməsi lazım olan bir auksioma var: siyasətçiləri siyasətçi edən mediadır. Şübhə edən varsa, bilənlərdən soruşsunlar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2018 11:19

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru