Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

15 Aprel

2013
1682
Əmi canı, qorxusu var!

Son bir neçə gündə qarşılaşdığım hadisələrin ardıcıllığı beynimi yaman məşğul edib. Düşüncə tərzimdə ziddiyyətlər yaranıb. Optimizmlə pessimizmin mübarizəsi gedir. Gah bu, gah da o birisi meydan sulayır. Özüm də qalmışam ortada, lap ingilis bayrağına dönmüşəm.

Səhər rastlaşdığım hadisə ilə axşam gördüyümü müqayisə etdikdə, bir dənə də cin atı çıxıb alır məni tərkinə, başlayır çapmağa.

Deyim, bir qədər də siz düşünün. Bəlkə yol tapıb, mənə də işıq gələn qapını göstərə bildiniz.

Fikirləşdim ki, yaz gəlib, gedim bir qədər əyin-baş alıb qışa əlvida deyim, payıza kimi. Başladım şalvar axtarmağa. Hansı dükana baş çəkdim, alınmadı, atamın sözü olmasın hamısı “dudka” şalvarı (geyimindən səviyyəsiz forma almış şəxs – A.M) satırdı. Hərə öz satdığını tərifləyirdi; balağı cırıq, dizi cibli, rəngi solmuş, dar-düdük, əyiləndə alt paltarının yarısı çöldə qalan beli balaca şalvarlar və sair və ilaxır. Fikirləşdim ki, görün cəmiyyət nə günə düşüb ki, artıq mağazalar da kişini kişilikdən kənar məxluqa bənzədən geyimləri sırımaqla məşğuldurlar. Amma elə bu düşüncədəykən, başqa bir dükanın qarşısına “kişi şalvarı satılır” yazılmış lövhə gördüm. Həmən atdım özümü içəri. Əcəb. Doğrudan da kişi şalvarı satırdılar. Bir nurani də sahibi var idi. O deyirlər e, ağsaqqal, bax onlardan. Düzdür, saqqalı yox idi, amma ədəb-ərkanına, söylədiyi sözə, davranışına söz deyə bilməzdin. Nə isə, uzun sözün qısası, bu ağsaqqalla bir az söhbət etdim, sevindim, yüngülləşdim, ölçümə uyğun şalvar tapmasam belə.

Başladım yenə axtarmağa. Bazarın lap sonunda bir dükana da girdim. Cavan oğlan idi, 21-22 yaşı ancaq olardı. “Buyurun dayı”, - deyə başladı söhbətinə. Düzü bir qədər utandım, yaş fərqimiz 10 il olarda, amma hələ mənə “dayı” deyən olmamışdı. “Dayı” da dedi, istədiyimi də verdi. “Əhsən” dedim, təkcə şalvara görə yox, yaş fərqini nəzərə alıb, böyüyə etdiyi müraciət formasına nəzərən.

Səhəri gün gözəl bir mövzuya futbol dili ilə desək “ev sahibliyi” etdim. Əməkdaşımıza, “ağsaqqalın cəmiyyətdə yeri” barədə mövzuya bir ictimai xadimdən münasibət öyrənməsini istədim. “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılovu aradı, gözəl açıqlama verdi, ağsaqqalın el içində yerindən, sözündən danışdı. Və axşam evə qayıtdıqda özümdən 4-5 yaş kiçik bir cavan metroda oturduğu yerdən qalxaraq, “əmi, gəlin oturun” söylədi. Eldar İsmayılovun “özündən böyüklərin hörmətinin saxlanmasının vacibliyi” barədəki fikirlərinin bariz nümunəsi ilə qarşılaşmışdım. Ona görə yox ki, iki gündür mənə “əmi” və “dayı” deyə müraciət edirdilər, ona görə ki, gəncliyimizdə etik qaydaları gözləyənlərin varlığı yox deyildi.

Di gəl, axşam sosial şəbəkədə gördüklərim, əvvəldə dediyim optimizm və pessimizmin mübarizəsinə şərait yaratdı. Cəmiyyətimizin “Teymur əmi” kimi tanıdığı ağsaqqal yaşında -  özüm ağsaqqal yazmadım ki, 74 yaşlı bu şəxsin baş nahiyyəsində ağ adına nə saqqalında, nə qaşında, nə bığında, nə də saçında bir şey yoxdur, dişlərindən başqa - xanəndə Teymur Mustafayev ATV kanalının efirində yayımlanan “Gün keçir” verilişində bir hoqqadan çıxıb, gəl görəsən. Nəticəsi yaşında qızla vals fırlanmağındanmı deyim, qol qaldırıb “Ciğatayı” oynamağındanmı söyləyim, ya da əli ilə “Gangnam style” oynamaq istədiyinə işarə vurmasındanmı, daha sonra isə səslənən həmin mahnıya tullanıb-düşməsindənmi?

Eldar müəllimin ağsaqqallarla bağlı fikirləri düşdü yadıma, cavanların “əmi”, “dayı” demələri gəldi gözümün qabağına. Bir də, beynimin uzaq bir küncündə oğlunun faciəvi şəkildə maşında yanaraq dünyasını dəyişməsindən bir qədər sonra Teymur əminin televiziyaya çıxıb oxuması.

İndi qalmışam Azərbaycan gəncliyinin gələcəyi barədə optimisit və pessimist düşüncə tərzi arasında. Fikirləşirəm, vay o günə ki, Azərbaycan gəncliyini bu gün təmsil edən və “Gangnam style” oynayan 74 yaşlı xanəndəyə studiyada oturub əl çalan şəxslər vəzifə sahibi olalar. Siz də düşünün, necə olar bu məmləkətin halı? Həmin o xanəndənin öz dili ilə, amma əksinə söyləsək, “əmi canı, qorxusu var!”

Və paralel olaraq da özündən bir neçə yaş yuxarı şəxsə müraciət formasını xatırlayıram, hələ hər şeyin itirilmədiyini güman edirəm, optimist baxıram gələcəyimizə, sayımız az olsa da.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 02:27



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com