Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar


Aqil Mehdi

07 Fevral

2013
987
Ölməmmi gərək?!

Bu havanı da bilmək olmur. Bir gündə ədabaz müğənnilər kimi 3-4 dona girir. Bir sinoptikimiz var, hər gün soruşuram ki, hava necə olacaq, ya deyir qar yağacaq, ya da yağış. Odur ki, yanvar başlayandan qar gözləyə-gözləyə qalmışam. Bir yandan da fikirləşirəm, hansı üzümüzə yağsın qar.

Uşaqlar da evdə qar-qar deyə-deyə qalıblar. Oynamaq, sürüşmək istəyirlər.

Dədə-babadan deyirdilər qar yağanda bütün xəstəliklər gedir. Uşaqlardan fərqli olaraq ona görə gözləyirəm qarı.

Artıq son 2 ayda qripsiz olduğum günü xatırlamıram.

Yanvarın 7-də, dərslərin başladığı gündən bəri də uşaqların ardıcıl şəkildə bir həftə dərsə getdiyini yadımda deyil. Artıq müəllimlərdən icazə istəyib, üzr diləməkdən üzümdə su da qalmayıb.

Tanış həkimlərə müraciət etmişəm. Baş açmadıqlarını deyirlər. Verdikləri dərmanlar sadəcə 2-3 gün kömək edir. Sonra həmən həməndir. Uşaqlardan götürülən analizlər tər-təmizdir. Amma bu andıra qalmış qızdırmanın mənbəyini tapan və söyləyən yoxdur. Bütün uşaqların boğazları şişib.

Uşaq axşam sağlam yatır, səhər xəstə oyanır. Bədən temperaturu 38, 39 yarım. Dərsə sağlam gedir, qayıdanda xəstə gəlir. Bütün məktəblərdə xəstəlik tüğyan edir. Elə bir sinif yoxdur ki, 5-6 uşaq gəlməmiş olsun. Artıq müəllimlər də öyrəşiblər, bilirlər ki, davamiyyətli uşaq gəlməyibsə, demək mərəzi var.

Bunun isə bir adı var. Yəni bu xəstəliyin - EPİDEMİYA. Bizim epidemioloqlar isə deyirlər ki, heç bir epidemiyadan söz gedə bilməz. Adi haldır. Hər il belə olur. Amma milyonları avam yerinə qoyanlara, “... özünüzsünüz” deməkdən başqa çarəm yoxdur.

Başa düşə bilmirəm ki, epidemiya necə olur. Əgər hər evdə ən azından bir xəstə varsa, onda buyurun adını siz qoyun. Yaşadığım blokda 6 azyaşlı uşaq var, 4-ü xəstədir. Hamısı da eyni tip. Dostların ailəsi də eyni cür. Daha bu qızdırma əldən salıb uşaqları. Nə qədər dərman vermək olar uşaqlara? Bu xəstəlikdən bir təhər qurtaracağıq, sonra da içdikləri dərmanların zibilləri çıxacaq ortaya.

Cənab səhiyyə naziri! Bəlkə çıxıb bir açıqlama verəsiniz ki, bu nə mərəzdir. İnsanlar nə etsinlər. Axı bu ölkənin əhalisinin sağlamlığından siz məsulsunuz. Buna görə dövlət büdcəsindən sizə hər il 18 min manat ödənilir. Bilmirsinizsə, bir biləndən soruşun. Buyurun bir müddət əvvəl Moskvada epidemiyanın ən yüksək səviyyəsini elan etmiş rusiyalı həmkarlarınıza müraciət edin. Burada qəbahətli iş yoxdur. Öyrənin, görün onlar epidemiya ilə necə mübarizə apardılar.

Ölkədə qızdırma epidemiyasının tüğyan etdiyini açıqlamaq üçün mütləq kiminsə və kimlərinsə ölməsimi lazımdır? Bəlkə də ölürlər, heç xəbərimiz yoxdur.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2018 11:18

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru