Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

19 Dekabr

2012
2859
Mələkdən üstün, ya heyvandan aşağı?

Təqribən 1998-cu illərdə «Mələklər şəhəri» adlı film dünyaya ün saldı. Fantastik janrda çəkilən kinonun mövzusu belə idi: Can almağa gələn mələklərdən biri təsadüfən xəstəni əməliyyat edən həkimə vurulur. Sonradan öyrənir ki, Yaradan hər kəsə seçim verdiyi kimi, mələklərə də seçim verib - yəni insan ola bilər. Mələk bu deyilənləri edir və insan olur, sevdiyi qızla ailə qurur. Evliliyindən bir gün sonra qız ölür. Mələk əvvəlcə düşünür ki, Allah onu cəzalandırır. Sonra dostu olan başqa bir mələk deyir ki, Yaradan istəməsəydi bu seçimi verməzdi. Sadəcə insan həyatının qanunu belədi. Dünyaya gələn insan hər bir ağrını- acını dadmalıdır.

Film o qədər bizə təsir etmişdi ki, dəfələrlə izləyirdik. Bir dəfə atam təsadüfən yenə bizim o filmə baxdığımızı gördü. Gəlib 1-2 dəqiqə tamaşa etdikdən sonra üzünü bizə tutub soruşdu: «Film nədən gedir?» Biz də romantik duyğular içində bir-birimizə aman vermədən kinonun mahiyyətini danışdıq. Atam gülüb dedi: «Siz dəfələrlə bu filmə baxsanız da, əsl mahiyyəti anlamayıbsız. Müəllif demək istəyir ki, nə qədər əziyyətli həyatı olsa da, insan hətta mələklərdən də üstün varlıqdır. Və mələklər nə qədər asudə həyat keçirsələr də, insanlara qibtə edirlər. Onlar da qəhvənin ətrini, meyvənin dadını, gülün iyini, hətta kəsilmiş barmağın acısını hiss etmək istərdilər. Bunun üçün mələk daimi həyatından vaz keçib, ölümlü insan olmağa razılıq verir». Bizim təəccüb və maraqla baxdığımızı görüb dedi ki, əlbəttə film fantastik janrda çəkilib, buna baxmayaraq mahiyyətdə həqiqətə uyğunluq var». Sonra atam yaradılış barədə danışmağa başladı. Dedi ki, Allahın yaratdığı insan istəsə mələklərdən də üstün səviyyəyə qalxa bilər: «Əgər əzablarla, çətinliklərlə dolu olan ölümlü-itimli dünyada öz xeyirxahlığını itirməsə və  Allaha şükr etməyə davam etsə,  onda mələklərdən də üstün varlıq olar. Çünki mələklər heç bir dünya əzabı dadmadığı halda şükür edir, sən isə bütün çətinliklərə rəğmən Allaha zikr edir, onun buyurduqlarını yerinə yetirirsən. Amma bəzi insanlar da var ki, onlar heyvandan da aşağı səviyyədə olur. Çünki Allah heyvana ağıl verməyib. Ona görə də onun həyatı yemək-içmək, və balalamaq üzərində qurulur. Şüurlu insanın da bu cür həyat tərzi sürməsi onu heyvandan aşağı səviyyəyə salır».

Rəhmətlik atamla aramızda olan bu söhbəti xatırladan isə xəbər hazırlayarkən əlimə keçən bir məqalə oldu. Belə ki, bu yaxınlarda Şotlandiyada zürafə geyimində altruist peyda olub. İlk öncə qeyd edim ki, alturist - başqa adamlara təmənnasız xidmət göstərən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verən şəxsə deyilir. Zürafə geyimdə olan bu şəxs də şəhərləri gəzərək insanlara gülümsəməyə kömək edir və onların kiçik problemlərini həllinə çalışır.

İdeyanın müəllifi  Armstronq Beyli özü işsizdir və hesab edir ki, bu böhranlı günlərdə insanların xeyirxahlığa və dəstəyə ehtiyacı var. O xoş ovqat yaratmaq üçün təbil çalır, yoldan keçən qaşqabaqlı insanlara konfet, idmançılara su verir, uşaqlara oyuncaq hədiyyə edir, küçələrdən zibilləri götürür, ac heyvanlara yemək verir və sair.

Mənə maraqlı gələn isə Armstronqun bütün bu xeyirxah işləri heyvan geyimində etməsi idi. Yəni gör dünyamız nə günə qalıb ki, heyvanlar mələklərin həsəd apardığı insanlardan üstün olaraq mərhəmət simvoluna çevrilib. Və burada həqiqət çoxdur. Sözümün doğruluğu üçün hakimiyyət uğrunda aparılan müharibələri, insanların evlərinin talanmasını, körpələrin oğurlanmasını, onların müxtəlif məqsədlərlə əlil-şikəst edilməsini, yaxud da orqanlarının satılmasının, qadın, uşaq qaçaqçılığını, fosforlu bombalar nəticəsində diri-diri yanan körpələri, ancaq insan tərəfindən ixtira olunan müxtəlif işgəncələri, şüarı «ədalət» olan məhkəmələrdəki göz-görəsi ədalətsizlikləri, şərləri, böhtanları, yalançı şahidlikləri, xəyanəti…. göz qabağına gətirmək kifayətdir.

Görəsən harada səhv etdik. Elmin, texnikanın inkişaf ilə insanlıq mərtəbəsində ucalmaq əvəzinə, niyə heyvanlara həsəd aparacaq səviyyə düşdük? Bu gün hamı 21 dekabrdan qorxa-qorxa danışır. Mən isə avtobuslarda, metrolarda, marketlərdə, hətta bərbərxanalarda bu haqda danışanlara təəccüb edirəm. Axı insanların nəinki dekabrın 21-nə, hətta bir saat sonrasına kim təminat verib? Bəs görəsən, bu labüd ölümə hazırıqmı? Sabah Yaradan məhşər ayağında soruşsa ki, ey yaratdığımdan sonra kmilliyinə görə Özümə «əhsən» dediyim, insan! Mən sənə verdiyim həyatda adına layiq hansı  hərəkəti görmüsən, nə ilə qarşıma gəlmisən? Ac qonşundan xəbərin olubmu, xəstə qohumunu ziyarət etmisənmi,  yetimxanadan uşaq götürməyə imkanın olmasa belə, heç olmasa, ömründə bir dəfə ora gedib kimsəsizləri ziyarət eləmisənmi, onları gücün çatdığı ilə sevindirmisənmi, yaxud hansısa abadlıq işi görmüsənmi? Heç olmasa yanında ədalətsizlik, haqsızlıq olanda səsini çıxartmısanmı, məzlumu müdafiə edibsənmi?

Gəlin nə qədər gec deyil, bu suallara özümüzdə cavab axtaraq. Yaradan qarşısına mələklərin həsəd apardığı insan kimi çıxaq.

Şərhlər
Məşədi Natavan tərəfindən 28-12-2012 09:21:07 tarixində yazıldı
Mənəviyyat
Bəli,Məşədixanım. bugünkü vaxtda belə yazılara,mənəvi çağırışlara ehtiyac vardır.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com